Prokuror Dadaşlı sobanın qarşısında əyilib maşa ilə ocaqda yanan odunları yerbəyer elədi. İsti dəydikcə onun ətli sifəti daha da pörtür, qızarırdı; sonra maşanı sobaya söykəyib belini düzəltdi və hər dəfə adamın heyrət etdiyi yüngül addımlarla mizin arxasına keçib əyləşdi.

Gündüz Kərimbəyli kürkünü dizlərinin üstünə salıb yumşaq kürsüdə oturmuşdu və Fəttah dayının bankaları da öz işini görmüşdü; mühüm işlər müstəntiqinin görkəmi indi yenə sağlamlıqdan və cavanlıqdan xəbər verirdi.

Cinayət axtarışı üzrə baş inspektor, kapitan Cabbarov arıq, uzun kişi idi, yuxarı başı prokurorun mizinin tən ortasına söykədilmiş uzun stolun arxasında oturmuşdu və qarşısındakı qovluğun içindəki kağızlara baxırdı. Sonra o, araya çökmüş sükutu pozdu:

– Altı ildi mən bu rayonda işləyirəm. Elə bilirdim ki, bura, dünyanın ən sakit guşəsidi. Oğurluq olub, dava-dalaş olub, alver olub, amma ölüm hadisəsi olmayıb. Balaca rayondu, adamlar bir-birini tanıyır, mehribandı... Birdən-birə bu cür soyğunçuluq...

Gündüz Kərimbəyli ayağa qalxıb kürkü kürsünün üstünə atdı və:

– Bunları eşitmişəm! – dedi, sonra pəncərəyə tərəf yaxınlaşıb dayandı.

Yenə yavaş-yavaş sulu qar yağırdı və bir dəstə uşaq bunun fərqinə varmayıb suya, palçığa bata-bata futbol oynayırdı.

Gündüz Kərimbəyli gözlərini futbol oynayan uşaqlardan çəkməyərək dedi:

– Soyğunçuluğa oxşamır bu...

Araya sükut çökdü və kapitan Cabbarov gözlərini qovluqdakı kağızlardan çəkib prokurora baxdı. Prokuror Dadaşlı mizə dirsəklənib ətli çənəsini hər iki ovcuna söykədi və altdan-yuxarı mühüm işlər müstəntiqinə baxdı.

Küçədən bir yük maşını keçib səkiyə çıxmış uşaqların üst-başını, üz-gözünü tamam lığ elədi. Uşaqlar maşının ardınca əllərini-qollarını oynada-oynada yəqin ki, sürücünün qarasına deyindilər və sonra yenə də küçənin ortasına düşüb oynamağa başladılar.

Gündüz Kərimbəyli pəncərədən aralanıb kapitan Cabbarovla üzbəüz oturdu:

– Mən Mahmud Qəmərlinskinin soyğunçuluq məqsədilə öldürülməsini tamam inkar etmirəm. Hər şey ola bilər... Amma bir məsələ məni çox düşündürür. O, nəfəsini dərməmiş nə üçün evdən çıxıb, özü də tək? Ürəyi qısılıb? Ola bilər. Bəs, niyə həyətdə, evin qabağında gəzişməyib, gəldiyi yolla düz geri qayıdıb? Deyirsiniz ki, Mahmud Qəmərlinski gəzməyə çıxıb. Şübhə edirəm buna. Fazil müəllimin evi ilə hadisə baş verən yer arasında xeyli məsafə var. Palçıqlı, sulu bir yoldu. Arada isə, Fazil müəllimgilin evlərinin yaxınlığında, lap yolun üstündə parkdı. Niyə orada gəzişməyib? Palçıq yox, su yox... Vağzala qayıdırmış? Nə üçün? Bakıya qayıtmaq istəyirmiş?

Kapitan Cabbarov dedi:

– Gecə vaxtı burdan Bakıya gedən qatar yoxdu.

Gündüz Kərimbəyli onun sözlərini təsdiq etdi:

– Elədir, mən də yoxladım bunu. İkincisi, bu cür tələsik Bakıya qayıtmaq üçün bir səbəb olmalı idi. Nə ola bilərdi? Nəvəsi ilə sözləşib? Belə tezliklə? Bəlkə Fazil müəllim düz demir?

Prokuror Dadaşlı nəyəsə etiraz etmək istədi. Gündüz Kərimbəyli ona macal vermədi:

– Bütün bunların hamısı rəvayətlərdir, yoldaş prokuror. Əgər Fazil müəllim düz demirsə, daha məntiqli bir yalan uydurmaq olmazdı? Olardı... Özü də Fazil müəllim küt adama oxşamır... Bu saat, mənim fikrimcə, ən əsas məsələ budu: Qəmərlinski nə üçün tələsik evdən çıxıb, nə üçün birbaş vağzala tərəf qayıdıb, yəni nə üçün gəldiyi yolla da geri qayıdıb?

Prokuror Dadaşlı mizin orta gözünü çəkib siqaret çıxartdı və Gündüz Kərimbəyliyə təklif etdi.

Gündüz Kərimbəyli:

– Çox sağ olun, – dedi. – Çəkən deyiləm.

Prokuror Dadaşlı siqareti yenidən mizin üstünə qoyub:

– Mən də çəkən deyiləm, – dedi və ayağa qalxıb sobaya yaxınlaşdı, yenə maşanı götürüb ocağın közünü qarışdırdı, sonra belini düzəldib mühüm işlər müstəntiqinə baxdı. – Deməli, Qəmərlinski başqa bir məqsədlə öldürülüb. İzi də yayındırmaqdan ötrü cibindən saatını, portmanatını çıxarıblar...

Bir müddət yenə araya sükut çökdü. Prokuror Dadaşlının sözlərindəki rişxəndi sezmək üçün Tarix - Nadiri yarısına kimi oxumaq lazım deyildi. Sükutu Dadaşlının özü pozdu:

– Bu ki, lap standart oldu, yoldaş mühüm işlər müstəntiqi...

Gündüz Kərimbəyli prokuror Dadaşlının pörtmüş sifətinə baxıb gülümsədi:

– Standart nədi? Standart da, şablon da, trafet də gündə gördüyümüz, gündə təsadüf etdiyimiz şeylərdi, elə deyil?

Prokuror Dadaşlı mühüm işlər müstəntiqinin sualına cavab vermədi; pərtliyi hələ keçib getməmişdi və o, həmişəki yüngül və ahəstə addımları ilə öz mizinə tərəf gələ-gələ:

– Əlbəttə, – dedi, – sizin «nə üçün?» – sualınızda bir həqiqət var. Bunun üstündən elə-belə keçmək olmaz. Amma, axı, bu tərəfdən də bir «nə üçün?» – çıxır. Oğru İmaşın ki, bu işlərdə bir barmağı yoxdu, niyə danır ki, vağzalda olub? Bir səbəb var ki, danır də...

Prokuror Dadaşlı iki əlini də mizə söykəyib mühüm işlər müstəntiqinə tərəf əyildi və bu dəfə rəsmi yox, yana-yana dedi:

– Adamtanıyanam mən! İmaş kimilərini yaxşı tanıyıram, dabbaqda gönlərinə bələdəm bu köpəkuşağının! Bağışlayın... Canavar ac olanda kəndin, rayonun həndəvərində dolanar... Gəlib sümsünüb vağzalda, görüb ki, Bakıdan gələn adamdı, qolunda da qızıl saat, nə bilsin ki, kişi pensiya ilə dolanandı, portmanatında da otuz manat pul... Qaralayır onu, özü də bilirsiniz, o fikirlə yox ki, bu saat öldürəcək bunu, var-dövlətinə sahib olacaq, yox, elə-belə, necə deyim, sövq-təbii... Kişinin evdə ürəyi qısılıb... Sizin «nə üçün?»ünüz burada başlayır. Hər halda, Qəmərlinski evdən çıxıb. Oğru İmaş soyuqdan büzüşə-büzüşə, cibində siçanlar oynaya-oynaya, öyrəncəli əlləri də gicişə-gicişə yenə onunla rastlaşır. Bəlkə elə söhbətə başlayır onunla, dünyanın dərdindən-sərindən danışır... Sonra da bitirir kişinin işini! Ola bilər bu cür, vicdan haqqı ola bilər! Mən yaxşı tanıyıram bu... – Prokuror Dadaşlı demək istədiyi açıq-aşkar yağlı bir sözü udub soruşdu. – Ola bilməz belə, hə?

Mühüm işlər müstəntiqi Gündüz Kərimbəyli gülümsədi və:

– Bütün bunlar hamısı rəvayətlərdir, – dedi. – Sizin söylədikləriniz də, mənim mülahizələrim də... – Sonra ayağa qalxıb telefon aparatına yaxınlaşdı. – Buradan Bakını avtomatla yığmaq olur?

Müstəntiq Cabbarov:

– Yox, – dedi. – Gərək sifariş edəsiniz. Bizi tez calaşdırırlar.

Prokuror Dadaşlı yenə bir balaca rişxəndlə soruşdu:

– Yenə konsperasiya?

– Yox, konsperasiya üçün bir əsas yoxdu. Evlə danışmaq istəyirəm, uşaqlarla. O, telefonun dəstəyini götürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

«Aləm olduqca...»

Qara Qarayev vəfat edib...Bizim böyük müasirimiz əbədi yuxuya gedib və bir də heç vaxt oyanmayacaq.

2 dəq
Alma əhvalatı

Vəfatından təxminən dörd-beş il əvvəl Rəsul Rza ilə Moskvadan Bakıya gəlirdik. Qatarla gəlirdik, ikimiz bir kupe götürmüşdük. Mən indi bu sətirləri yazanda, elə bil ki, gecənin içi ilə yol gedən o qatarın səsini eşidirəm və həmin qatar elə bil ki, Rəsul müəllimlə yol yoldaşı olduğumuz o uzaq iki günü daha da uzaqlara aparır...Təbii ki, yol boyu biz çox söhbət etdik. Rəsul müəllim şerində olduğu kimi, həyatda da ciddi adam idi, bəlkə də bir az sərt adam idi və mənə həmişə elə gəlirdi ki, onun bu sərtliyi əslində daxili kövrəkliyinin göstəricisi idi. Bu ciddilik və zahiri sərtliklə bərabər, Rəsul müəllim yumoru sevən, başa düşən və yumordan ləzzət almağı bacaran adam idi.

1 dəq
Bədbəxt şir

İnsan təbiətdən nə qədər uzaq düşüb...Yazıçı Emil Ağayev, mən və altı yaşlı Humay Göygöl sanatoriyasının həyətində gəzişə-gəzişə söhbət edirik. Emil hər gün göbələk yığmağa gedir, bu gün səhər də getmişdi və mən ondan soruşuram:

1 dəq
Yandırır bu ölüm...

Fikrət Əmirov vəfat etdi...Düzdür, illər keçəcək, «Şur» da, «Kürd ovşarı» da, «Gülüstan Bayatı-Şiraz» da dünən və bu gün olduğu kimi, ürəkləri ovsunlayacaq, həyatdan söz açacaq, hisslərin saflığından, təmizliyindən deyəcək.

2 dəq

Başqa şairlərin şeirləri