Xoruzun axırıncı banından xeyli keçmişdi.

Daha yağmırdı, amma göy tutqun idi və hər şey ondan xəbər verirdi ki, bu topa-topa buludlar bir azdan yenə qiyamət edəcəkdi.

Hər tərəf yaş idi – çılpaq alma, gilənar, alça ağacları da, həyətin aşağı başına gedən asfalt cığır da, ikinci mərtəbənin altındakı artırmanın sement döşəməsi də.

Fəttah dayı həyətdə odun yarırdı və Mürşüd də yarılmış odunu qucaq-qucaq götürüb ikinci mərtəbəyə qalxan taxta pilləkənin altına yığırdı.

Fəttah dayının arvadı Güldəstə artırmada samovar qaynadırdı. Onun qırx-qırx iki yaşı olardı və yeddi uşağın anası olmağına baxmayaraq, canının suyu hələ çəkilməmişdi, yaraşıqlı arvad idi.

Fəttah dayının böyük qızı taxta pilləkənlərin palçığını yuyurdu.

Səkkiz-doqquz yaşlarında bir qız artırmanın divarına söykədilmiş mizin üstündəki stəkan-nəlbəkini balaca ləyəndə isti suya salıb-çıxarıb qurulayırdı.

Üçyaşlı balaca qızın – yəqin ki, sonbeşiyin sol əli iplə bədəninə bağlanmışdı – tərpədə bilmirdi; dişlərində tutduğu çörəyi sağ əli ilə didişdirib həyətdəki toyuq-cücəyə atırdı.

Gündüz Kərimbəyli ikinci mərtəbənin şüşəbəndindən çıxanda, Fəttah dayı başını qaldırıb onu gördü və birinci salamlaşdı:

– Sabahın xeyir, bacıoğlu, nə var, nə yox?

Gündüz Kərimbəyli həyətə düşə-düşə:

– Sabahınız xeyir, – dedi. – İşlər düzəlib deyəsən.

Güldəstə sübhdən həyətə düşən qonağın yanında, deyəsən, özünü bir balaca naqolay hiss edib, yun şalının altından başına örtdüyü ipək yaylıqla yaşmaqlandı və yavaşdan onun salamını aldı.

Gündüz Kərimbəyli Fəttah dayıya yaxınlaşıb gülümsəyə-gülümsəyə:

– Həmişə işdə-gücdə, Fəttah dayı! – dedi.

Fəttah dayı iki əli ilə baltanın vələs sapından yapışıb yuxarı qaldırdı, kötüyün üstündəki oduna endirdi və bir zərbə ilə yoğun odun parçasını ikiyə böldü. Dedi:

– İş yiyəsi işdə gərək.

– Kömək eləyim?

Fəttah dayı:

– Dəmir döyən dəmirçi olar, – dedi və güldü. – İnciyib eləyərsən ha birdən sözümdən... Yəni deyirəm ki, hər iş öz ustasının əlində asandı.

Gündüz Kərimbəyli də gülümsəyib:

– İncimək nədi, a Fəttah dayı? – dedi və yanında dayanmış Mürşüdün qıvrım saçlarını qatışdırıb başını sinəsinə tərəf sıxdı. – Yadında saxla atanın bu sözlərini. Hikmətdi bunlar...

Fəttah dayı dedi:

– Atasının sözləri yox, elin-obanın sözüdü bunlar. Milyon-milyon mənim kimi Fəttah dayılar gəlib, Fəttah dayılar gedib, Süleymana qalmayan dünyadı... Elin sözüsə qalıb... – Fəttah dayı baltanı yenə başının üstünə qaldırdı və: – Dərslərini yaxşı oxusunlar, özlərinə bir gün qazansınlar, vaxt gələcək bu sözlər öz-özünə gəlib düşəcək yadlarına – deyib zərbəni vurdu; kötüyün üstündəki yoğun odun yenə bir zərbəyə ikiyə bölündü.

Balaca qız gəlib onların yanında dayandı və maraqla tanımadığı əmiyə baxdı. Gündüz Kərimbəyli soruşdu:

– Sənin adın nədi?

Qız cavab vermədi.

– Dilin yoxdu sənin, hə?

Qız dilini çıxarıb göstərdi.

– Varıymış ki!.. – Və yalnız bundan sonra Gündüz Kərimbəyli uşağın sol qolunun bədəninə sarıldığına fikir verdi.

– Bu qızın qoluna nə olub belə?

Güldəstə başındakı şalı düzəldə-düzəldə:

– Solaxaydı, – dedi. – Bağlamışam ki, sağ əlini işlətsin.

Qız anasına tərəf baxdı, sonra üzünü qonağa tutub bağlı əlini tərpətdi və sübh tezdən düşdüyü bu bəladan xilas olmaq üçün ondan imdad istədi:

– Mən istəyirəm ki, sağ əlim bu olsun. – Yenə sol əlini tərpətdi.

Gündüz Kərimbəyli güldü. Güldəstə də gülümsəyib başını buladı, yəni ki, bunun belə balacalığına baxmayın, şeytana papış tikər.

Fəttah dayı dedi:

– Gör bir nə istəyir ha! – və o da güldü, sonra üzünü qonağa tutub soruşdu:

– Əl-üzünü yumusanmı?

– Şüşəbənddəki əlüzyuyanda yudum.

– Əşşi, o yuyunmaq deyil ki... Mürşüd, yeri su tök, əmin üzünü yusun.

Mürşüd birinci mərtəbədəki otağa girib bir dolça su gətirdi və elə həyətin ortasındaca Gündüz Kərimbəylinin əlinə tökdü. Gündüz Kərimbəyli suyu üz-gözündə şappıldada-şappıldada:

– Bu lap qiyamət iş oldu!.. Borclu borclunun sağlığını istər, a Fəttah dayı! – dedi.

Fəttah dayı da sırıqlısının döş cibindən çıxartdığı qəlyanı ağzına qoyub:

– Borc almaq başlanan yerdə dostluq pozular, – dedi. – Nə borc? Öz evin bil buranı. Nə qədər ki, buradasan, gözümüz üstə yerin var. Özünü möhkəm tutasan gərək, vaxtında yeyib-içəsən. İşin sənin ağır işdi...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri