Güldəstə birinci mərtəbənin artırmasında ocaq qalamışdı.

Fəttah dayı qəlyanını tüstülədə-tüstülədə həyətdə yekə bir xoruzun dalınca qaçan Mürşüdə deyirdi:

– Allahın bir xoruzunu da tuta bilmirsən!

Güldəstə içi su dolu mis qazanı ocağın üstünə qoya-qoya:

– Allahın xoruzu yox, Allahın bəlasıdı bu! – dedi. – Uşaq neyləsin buna?

Sol qolu hələ də bədəninə bağlanmış balaca qız Fəttah dayının yanına gəlib:

– Qolumu aç, – dedi. – Mən tutum.

Fəttah dayı uşağın başını sığallayıb:

– Bicin birisən, – dedi. – Kimə oxşamısan belə?

Güldəstə gülə-gülə:

– Kimə oxşayacaq, ay kişi? – dedi. – Bilmirsən kimə oxşayıb?

Balaca qız dedi:

– Cırtdana oxşamışam.

Fəttah dayı uşağı qucağına aldı:

– Cırtdana oxşamamısan e, elə özüsən Cırtdanın!..

Mürşüd atılıb xoruzun quyruğundan tutdu, amma bu dəfə də əlində saxlaya bilmədi. Xoruz qaqqıldaya-qaqqıldaya əldən çıxıb qaçdı.

Fəttah dayının səbr kasası daşdı:

– Tez elə, ə, a bivec, günorta keçir, qonaq gələcək indi!..

Mürşüd yenə də xoruzun dalınca yüyürdü.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

2. «Əzizimin cəfası» romanı

Elə ki, həmin aprel səhəri açıldı, elə ki, sübh tezdən məhəllənin qapıları cırıldadı, çayniklər su ilə doldurulub qazın üstünə qoyuldu, camaat həyətlərdəki ayaqyoluna girib-çıxmağa başladı, həyət adamları bir-birilə salamlaşdı, uşaqlar çörək dalınca Ağabalanın dükanına qaçdılar, o saat da bütün məhəlləyə xəbər yayıldı: gecə Xədicə arvad rəhmətə gedib və həmişə belə bəd xəbərli vaxtlarda olduğu kimi, arvadlar qara kəlağayılarını tələm-tələsik başlarına salıb Xədicə arvadın evinə getdilər, kişilər də yazıq Xədicə arvadın birmərtəbəli, üçotaqlı evinin qabağındakı balaca həyətə yığışmağa başladılar.Adamlar bir-bir o balaca həyətə doluşduqca Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dördüncü kursunda təhsil alan tələbə Murad İldırımlı sentyabrın 1-dən bu tərəfə səkkiz ay yaşadığı bu məhəllənin gözə görünməyən teleqram sisteminə məəttəl qalırdı – elə bil ki, məhəllədəki dalanların, evlərin divarları, qapıları, pəncərələri, küçəyə düzülmüş qənbərlər bir-birinə xəbər verirdi və nə olurdusa, bütün bu ətrafda nə hadisə baş verirdisə, gecə, ya gündüz, fərqi yox idi, bircə anın içində bütün məhəlləyə yayılırdı. Tələbə Murad İldırımlı sağ əlinin baş barmağının dırnağını çeynəyə-çeynəyə, həyətə toplaşmış məhəllə kişilərinə baxırdı, sonra birdən yadına düşürdü ki, dırnağını çeynəyir, tez əlini ağzından çəkirdi.

19841 saat 15 dəq
3. Əbdül Qafarzadə

Əbdül Qafarzadənin çarpayısı yataq otağının küçə pəncərəsi ilə üzbəüz idi və o, adəti üzrə sübh tezdən yuxudan duranda ilk növbədə bayırın işığını görürdü, daha doğrusu, bayırın rəngini görürdü və həmin rəng çox zaman bu adamın bütün gününün rənginə çevrilirdi; çarpayıda gözünü açıb bayırın rəngini tutqun görürdü və elə olurdu ki, həmin gününü başdan-başa qayğıların içində keçirirdi, mənfi emosiyalar bir-birini əvəz edirdi, bircə dənə də olsun, ürəkaçan şey olmurdu ki, ürəyi açılsın, üzü gülsün. Bunu bəlkə də özünə təlqin etmişdi, bilmirdi, amma, hər halda, bu belə idi, hətta qış zamanı sübh tezdən hələ hava qaranlıq olanda da onun üçün o qaranlığın tutqunu – ürək sıxanı və aydını – ürək açanı var idi.Uşaq bu dünyadan köçəndən sonra düz altı il idi ki, Qaratel nəinki əriylə bir çarpayıda, hətta Əbdül Qafarzadə ilə bir otaqda da yatmırdı və bütün bu altı ildə gecələr Qaratel nə çəkirdi, bunu bir Allah bilirdi, bir də ki, Əbdül Qafarzadə görürdü, hiss edirdi və belə vaxtlar Əbdül Qafarzadə özü öz köməksizliyindən, dünyanın beləcə əlacsız işlərindən o qədər sarsılıb, bədbinləşirdi ki, doğrusu, heç yaşamaq istəmirdi, bütün həyatı, bütün əzab-əziyyəti ona yaşayışın özü kimi mənasız görünürdü.

198459 dəq
4. Qanunla zarafat eləmək olmaz

Murad İldırımlı dörd illik tələbəliyi ərzində yalnız bir dəfə şəhər qəbiristanlığına gəlmişdi (onda «Hər şey keçib gedir...» adlı bir hekayə yazırdı – indiyə qədər Muxtar Xudavəndənin yeşiyindədi, – buna görə də qəbiristanlığı görmək lazım idi), bir küncdə dayanıb hansı bir dəfn mərasimini isə müşahidə etmişdi və o zaman qəbiristanlığı belə nəhəng, belə ucsuz-bucaqsız görməmişdi. Həmin aprel günü isə tələbə, Xosrov müəllimlə birlikdə Qəbiristanlıq İdarəsində oturub müdiri gözləyə-gözləyə Tülkü Gəldi Qəbiristanlığı barədə fikirləşirdi; tələbəyə elə gəlirdi ki, bu balaca gözləmə otağının havası da cürbəcür qazlardan yox, kiçicik qəbir daşlarından ibarətdir. Onuncu sinfi ki, bitirəndən sonra birinci dəfə kənddən çıxıb gəlib Bakını görmüşdü, o zaman bu şəhərin böyüklüyü, bu şəhərin soyuqqanlığı, bir-birini tanımayan, elə hey harasa tələsən adamların çoxluğu, avtobuslardakı, trolleybuslardakı, basa-bas Murad İldırımlını necə sarsıtmışdısa, necə təsir etmişdisə, Tülkü Gəldi Qəbiristanlığının da böyüklüyü, yan-yana düzülmüş və ucu-bucağı görünməyən qəbir daşlarının lal sükutu indi onu eləcə sarsıtmışdı, ona eləcə təsir etmişdi.Qəbiristanlıq İdarəsinin yolunu tanımadıqları üçün, Xosrov müəllimlə avtobusdan Tülkü Gəldi Qəbiristanlığının aşağı başında düşmüşdülər və qəbirlərin arası ilə də xeyli yol getdilər. Bütün qəbiristanlıq bomboş idi və Xosrov müəllimlə tələbə Murad İldırımlı Qəbiristanlıq İdarəsinin yerini heç kimdən soruşa bilmirdilər. Biri arıq, uzun və iri addımlı, o biri gödək, yöndəmsiz və yanındakı ilə ayaqlaşmaqdan ötrü, az qala, yüyürən bu iki nəfəri – bu cavanı və qocanı nimdaş əyin-başlarının kasıbçılığı eyniləşdirirdi, ikisinin də baxışında, sifətində, hərəkətlərində bir köməksizlik, əlacsızlıq, acizlik var idi və bu da onları o bomboş Tülkü Gəldi Qəbiristanlığında daha artıq miskin göstərirdi və bu dəm onların o miskinliyi ilə o qəbirlərin də arasında, elə bil ki, bir oxşarlıq var idi.

198413 dəq
5. Tonqal

Həyətdəki qoca armud ağacının budağına qonmuş o rəngbərəng, o zəhmli böyük xoruz qaz boğazı kimi, yoğun boğazını uzadıb qart səsiylə bir də banlayandan sonra, faytonçu Ovanes oturduğu yerdə qurcalandı, əlində tutduğu yüyəni oynada-oynada və qurumuş böyürtkən kollarından salınmış çəpərin üstündən həmin rəngbərəng xoruza da baxa-baxa həyətə tərəf qışqırdı:– Gün günortanı keçdi ki, ara uçitel!.. Ara, tez elə də!.. – Sonra faytonçu Ovanes öz-özünə deyindi: – Ara musurman qonşu kəndə gedəndə də evdən elə ayrılır, elə bil, Amerikaya gedir!..

198456 dəq

Başqa şairlərin şeirləri