X fəsil
Yağmırdı, amma yenə də hər tərəf bomboz idi və bu bozluq içində taxtapuşlardakı bacalardan çıxan tüstü güclə seçilirdi. Tüstü bir az yuxarı qalxıb rayonun üstündən gəlib-keçən topa-topa buludlara qatışırdı; buludlar az qala bacaların üzərindən axıb gedirdi.
Rayonun yuxarısındakı dağların ətəyi də duman içində idi.
Bu yaş taxtapuşlar da, bu dumanlı dağlar da, bu yerlərdə gözə görünən hər şey bu saat gün həsrətində idi.
İmaş həyətin aşağı başında diz çöküb, təzə düzəltdiyi qapının kənarlarını rəndələyirdi və bir müddətdən sonra o, Gündüz Kərimbəylinin böyürtkən kollarından salınmış çəpərin yanında dayandığını görəndə, halına təfavüt etmədi. Gündüz Kərimbəyli:
– İşiniz irəli! – dedi.
İmaş cavab vermədi və daha artıq bir cidd-cəhdlə işinə davam elədi.
Gündüz Kərimbəyli yaxınlaşıb həyətin qapısını açdı:
– Olar?
İmaş dönüb bu üzlü qonağa tərəf baxdı, başını tərpətdi, yəni ki, olar.
– Salaməleyküm. – Bunu da mühüm işlər müstəntiqi dedi.
Və İmaş yenə də başını tərpətdi, yəni ki, əleyküməssalam.
Gündüz Kərimbəyli əvvəlcə axurun qabağında qapını iki dizləri arasına alıb rəndələyən İmaşa baxdı, sonra hər şeyi yerli-yerində olan bu səliqəli həyəti nəzərdən keçirdi və dedi:
– Əgər bu gün danışmaq fikriniz yoxdursa, mən gedim.
İmaş işinə davam edə-edə:
– Bu gün gedib, sabah qayıdacaqsan də, naçalnik! – dedi.
Gündüz Kərimbəyli:
– Qayıdacağam yox, sizi çağırtdıracağam! – dedi. – Sonra öz xüsusi təbəssümüylə gülümsədi. – Nə bildiniz ki, «naçalnik»əm?
İmaş:
– Sizlərlə çox rastlaşmışam, – dedi. – Görən kimi tanıyıram. O avçarkalar var ha, naçalnik, iyləyib iz tapırlar e, mən də bir dəfə burnumu çəkən kimi o saat sizləri tanıyıram.
Görünür, mühüm işlər müstəntiqi də belələrini yaxşı tanıyırdı və onlarla danışmağın qaydasını da bilirdi. O, əlini kürkün döş cibinə salıb vəsiqəsini çıxartdı və İmaşın gözlərinin qabağında tutub birbaş məsələyə keçdi:
– Ayın iyirmi beşində gecə siz halda idiniz?
İmaş hələ də işinə davam edirdi.
– İyirmi beşində?.. Nə bilim mən, naçalnik, işsiz-gücsüz adamam, görəsən, harada veyillənirdim...
– Yadınıza salın.
– Nədi axı, naçalnik, yenə keçisi, buzovu oğurlanan var?
Gündüz Kərimbəyli İmaşın sözlərindəki açıq-aşkar lağlağıya fikir verməyib daha artıq təfsilatla təkrar etdi:
– Ayın iyirmi beşində, müəllim Fazil Qəmərlinskinin babası öldürüldüyü gecə, siz harda idiniz?
İmaşın əli işdən dayandı və onun damarları çıxmış arıq boğazının iri hülqumu enib-qalxdı.
– Nə demək istəyirsən, naçalnik?
Mühüm işlər müstəntiqi bu dəfə səsini qaldırıb daha artıq bir sərtliklə dedi:
– Onu demək istəyirəm ki, tanımadığınız adamla «sən»lə danışmayın! Biz yoldaş olmuşuq?
İmaş cavab vermədi.
– Soruşuram sizdən, yoldaş olmuşuq biz? Cavab verin!
İmaş özü də bilmədi ki, necə ayağa qalxdı və cavab verdi:
– Yox.
– Onda zəhmət çəkin «Siz»lə danışın!
İmaş şalvarının dizlərini çırpa-çırpa:
– Bağışlayın, – dedi.
– Ayın iyirmi beşində gecə hardaydınız?
İmaş sırıqlısının cibindən siqaret çıxarıb yandırdı və bir-iki qullab vurandan sonra bir az özünə gəlib dedi:
– Həmin gecə... iyirmi beşində mən evdə idim... yatmışdım...
– Evinizdəkilər bunu təsdiq edə bilər?
İmaş cavab vermədi.
– Bacınız necə? Təsdiq edər bunu?
İmaş təzə yandırdığı siqareti hirslə yerə çırpdı:
– Onunla işiniz olmasın! – dedi. – Mənim tayım deyil o! Təmiz adamdı...
Gündüz Kərimbəyli həyətin qapısına tərəf addımlaya-addımlaya:
– Sağ olun, – dedi. – Hələ görüşəcəyik yəqin. – Sonra bir an ayaq saxlayıb əlavə etdi. – Dünyada ən xoşuma gəlməyən şey yalan danışmaqdı. Yadınızda saxlayın bunu...
İmaş onun ardınca gedə-gedə:
– O vaxt ki, adam gözükölgəli oldu, – dedi, – onda da batdı...
Gündüz Kərimbəyli ona tərəf döndü:
– Niyə işləmirsiniz?
Nədənsə, İmaş daha bu cavan «naçalnik»in gözlərinin içinə baxa bilmirdi və bu dəfə də gözlərini yayındırıb:
– Bizim bu rayonda adamın adı çıxınca, canı çıxsa yaxşıdı! – dedi. – Adımın yanına «oğru» ləqəbi qoyublar. Kimdi indi burada oğru İmaşa iş verən? Kimdi oğru İmaşla bir yerdə işləmək istəyən? Eh... – İmaş əlini yellədi və yenə də sırıqlısının cibindən bir siqaret çıxarıb yandırdı. – Deyirəm çölüm yanır, demirəm içim... – Sonra yəqin bu dərəcədə açıqlıq elədiyinə görə özünün də özünə acığı tutdu. – Bilirəm, o müəllimin işləridi bu! O göndərib sizi mənim üstümə! Amma bir şey çıxmaz bundan! – İmaş yavaş-yavaş səsini qaldırırdı. – Demişəm ona! – Sonra əyilib axurun qabağında yerə atılmış iri paslı bıçağı götürüb zərblə qapıya atdı; bıçaq qapıya sancıldı və paslı-palçıqlı dəstəsi bir müddət titrədi. – Demişəm ki...
Mühüm işlər müstəntiqi onun sözünü yarımçıq kəsdi:
– Neçə yaşınız var?
İmaş susub gözlərini döydü, yəqin fikirləşdi ki, görəsən bu sualın da arxasında bir biclik durur, ya yox? Sonra cavab verdi:
– Əllini ötüb...
Gündüz Kərimbəyli həyət qapısından çıxa-çıxa:
– Bəs nə vaxt özünüzə bir gün ağlayacaqsınız? – dedi. – Vaxtdı.
Gündüz Kərimbəyli sağollaşmadan uzaqlaşıb getdi.
İmaş bir müddət dayanıb onun ardınca baxdı, sonra geri dönüb axura tərəf gəldi və yenə də siqareti ağzından alıb hirslə palçığa çırpdı.
Qapıya sancılmış bıçağın dəstəsi isə hələ də titrəyirdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ox-kimi-bicaq-x-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
... sonra uzaqdan elektrik qatarının çarxlarının səsi eşidildi...Bakıdan gələn elektrik qatarı Buzovnadan keçib Mərdəkana, Şüvəlana, oradan da Hidro-Elektrik Stansiyası qəsəbəsinə gedib, eyni marşrutla da geri qayıdırdı və hər dəfə Buzovnadakı fəhlə yataqxanasında o elektrik qatarının uzaqdan gələn səsi eşidiləndə həyatında birinci dəfə Bakıya gəlməyi Cümünün yadına düşürdü və içmiş vaxtı olanda bir loxma qəhər onun boğazında tıxanıb qalırdı, içməmiş vaxtı olanda isə, durub gedib haradansa araq tapıb içmək istəyirdi.
Iı fəsilİzabel Xanukoff biləndə ki, Azərbaycana gedəcək, elə həmin an anası gözlərinin qabağına gəldi və elə həmin anda da ürəyindən bir sızıltı keçdi, elə bil, içində səssiz-səmirsiz, yumşaq bir şimşək çaxdı və o səssiz şimşəyin İzabelin bütün bədəninə yayılan əyri-üyrü xətləri eləcə əyri-üyrü xətlər boyunca da qızın ürəyini sızıldatdı.Ziba – İzabelin anası – on dörd il idi ki, ağ ciyər xərçəngindən vəfat etmişdi və həmin 1989-cu ildə İzabelin on səkkiz yaşı var idi və aradan keçən bu on dörd ildə İzabelin ürəyində çox həzin, çox kədərli bir nostalgiya hissi var idi, o nostalgiya Ziba nostalgiyası idi, bəzən üzə çıxırdı, yandırıb yaxırdı, bəzən də, çaxır çöküntüsü şüşənin dibinə yatan kimi, qızın ürəyinin dibinə çökürdü, amma heç vaxt yox olmurdu.
Iıı fəsilXəzərin sahilində, Buzovna ilə Zuğulbanın arasında sal qayalıq var idi və yüngül meh əsən sakit gecələr, xüsusən səhərə yaxın, dəniz uğuldayanda, elə bil, bu qayalar da dənizin uğultusuna səs verib uğuldayırdı və evləri sahildən təxminən bir yarım-iki kilometr aralıda olan Ağadadaş elə yuxuda ikən o dəniz-qayalıq uğultusunu eşidirdi – bu, təhtəlşüur bir hissiyyat idi və həyatının ən gərgin, ən qayğılı, ən yorğun günlərində belə, səhərə yaxın yuxuda eşitdiyi (hiss etdiyi?) o müştərək uğultu Ağadadaşın bütün vücuduna bir rahatlıq gətirirdi, hətta, Ağadadaşa elə gəlirdi ki, səhərə yaxın dəniz o kiçik qayalığın uğultusunu gözləyir və uğultusu qayalıqdan geri qayıtmalıdı ki, Abşeronda, Buzovna sahillərində dəniz üçün səhər açılsın.Bəzən Ağadadaş fikirləşirdi ki, dənizlə qayalığın o müştərək uğultusunu əlli il, yüz il, iki yüz il bundan əvvəl onun atası, babaları da beləcə eşidib və bu fikir, elə bil, həmin uğultunu Ağadadaşa daha doğma, daha məhrəm edirdi, yay aylarında səhərə yaxın onun vücuduna yayılan rahatlıq özü ilə bərabər yüngül bir sərinlik də gətirirdi və həmin sentyabr səhəri də, həmişəki kimi, qırx illik arvadı Balacaxanımla bərabər, kürsülü evinin üzü dənizə olan artırmasında, taxta döşəmədə salınmış yerində yatmış Ağadadaş o gözəl rahatlıq içinə təzəcə girmişdi ki, Qırmızı xoruzun vaxtından əvvəl banlaması bütün həyəti başına götürdü.
Iv fəsilO zaman Cümü universitetə imtahan verə bilmədi, əvvəlcə bir «3» aldı, sonra da «2» və həmin qatarla da Bakıdan Yevlaxa qayıtdı, amma Cümünün yadında qalan qatar çarxlarının səsi Yevlaxdan Bakıya gedən həmin qatarın səsi idi və həmişəlik də belə olacaqdı.O səsi təkcə xatırlatmaq olardı, təkrar etmək isə mümkün deyildi və Buzovnadakı fəhlə yataqxanasının yarım kilometrliyindən keçən elektrik qatarının səsi də Yevlaxdan Bakıya gedən o qatarın səsini ancaq xatırladırdı və bu xatirədəki kədər Cümünün ürəyinin əlçatmaz, ünyetməz bir dərinliyində idi. Nə üçün belə idi?– Cümü bunun səbəbini bilmirdi, amma o kədər əvvəllər kəpənək kimi yüngül idi, bir gülüşə, Ağadədəli məhəlləsindəki orta məktəbin on birinci sinfinə gedib-gələn, elə o vaxtlar hərdən oğrun-oğrun eyvandan baxan Sonanın bir təbəssümünə bənd idi, uçub gedirdi və indiki zindan ağırlığında deyildi.
Başqa şairlərin şeirləri
Başına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Xəbər verBadi-səba, apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Tapılmazİsmi münəvvərsən, mahi münəvvər,Gah sühasan, gah süheyli tapılmaz.