Ağagül həyətin ortasındakı talvarın üstündə uzanıb ağcaqanadın əlindən soruğu başına çəkmişdi və bu gecəyarısı yuxuya gedə bilmirdi, soruğun altında gözlərini yumub fikirləşirdi ki, nahaq qırmızı çil toyuğu aparıb Zübeydəyə verdi, onsuz da, Zübeydə toyuğu yeyib üstündən də yaxşıca sərin su içəndən sonra, gördüyünün üstünə yüzünü də qoyub kəndin arvadlarına danışacaqdı; Zübeydə olmazdı o, kölgəsi olardı ki, söz saxlasın ürəyində; elə indinin özündə yatmayıbsa, quyunun yanında oturub «İsgəndərin buynuzu var, buynuzu!..» deyir... Özünü saxlaya bilməz bu arvad, ifritənin biridi.

Zübeydənin o bir anlıq yazıq görkəmi indi çıxıb getmişdi işinin dalınca və bu saat Ağagülün gözlərinin qabağına, doğrudan da, bir ifritənin surəti gəlirdi; bu ifritə, doğrudan da, Zübeydə idi, amma saçları pırpızaqlıydı, dodaqları sallanırdı, dırnaqları qırmızı çil toyuğun dırnağına oxşayırdı.

Hayıf o toyuqdan.

Məsələ, əlbəttə, təkcə toyuqda deyildi; toyuqları çox idi və bir qırmızı çil toyuğun azlığı ilə kasıb düşməyəcəkdilər; uzaqbaşı, Ağagül anasına deyəcəkdi ki, toyuğu Bakıdakı yoldaşlarından birigilə pay aparıb; məsələ onda da deyildi ki, Ağagül yalan danışacaqdı və yalan danışmaq yaxşı iş deyildi, kişiyə yaraşmazdı – bir yalan ki, Nisə kimi bir qızın təmiz adını təmiz də saxlamaq üçün idi, o yalanın eybi yox idi; məsələ onda idi ki, toyuq da gedəcəkdi, Nisə də bədnam olacaqdı kənd içində...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci fəsil

Qar yağırdı.Altı gündən sonra, təzə – 1985-ci il gəlirdi, bayaq televizorda deyirdilər ki, Tomsk vilayətinin Kolpaşeva rayonunda 38 dərəcə şaxta var, Yakutiyada isə şaxta 55-i keçib, amma Bakıda bu qış birinci dəfə idi ki, qar yağırdı, o da əməlli-başlı qar deyildi, səki boyu düzülmüş tut ağaclarının budaqlarına düşüb su damcısı olurdu, yerdə, yəni asfaltın üstündə də qalmırdı, təkcə ağacların dibindəki torpaqda bir qat çox narın qar ağarırdı.

15 dəq
İkinci fəsil

Şair Səlim Sürəyya keçən il Türkiyədən gətirdiyi (ora yaradıcılıq ezamiyyətinə getmişdi) kürkü çiyninə salıb «Sağlamlıq» restoranının qabağında var-gəl edirdi; beş dəqiqə bundan əvvəl məclisdən qalxıb su başına çıxmışdı və təzədən məclisə qayıtdığı zaman restoran dəhlizinin geniş pəncərəsindən get-gedə bərkiyən qarı görəndə, neçə müddətdən bəri təbiətin qoynunda olmadığı üçün özünü saxlaya bilmədi, asqıdan kürkünü götürüb çiyninə saldı və isti yeməklərin, konyakın, gözəl sağlıqların səbəbindən içəridən buğlana-buğlana küçəyə çıxdı.Səlim Sürəyya hələ lap balaca ikən atası onu və anasını atıb, gedib başqa bir rayonda arvad almışdı və anası Səlim Sürəyyanı təkbaşına böyütmüş və Səlim Sürəyya da böyüyüb şer yazmağa başlayanda heç sifətini də yadına gətirmədiyi atasının yox, anası Sürəyyanın adını özünə təxəllüs götürmüşdü. Əlbəttə, arvad adını özünə təxəllüs götürmək çoxunun gülüşünə səbəb olurdu, amma Səlim Sürəyya həmin istehzalardan, gülüşlərdən, yuxarıda dayanırdı, çünki əsl sənətkar həmişə dedi-qodu söhbətlərindən, hisslərindən yüksəkdə dayanmağı bacarmalıyıdı və bu minval ilə bir müddət keçəndən sonra oxucuların və ən başlıcası isə, həmkarlarının qulağı bu ada öyrəşdi.

26 dəq
Üçüncü fəsil

Eyvanı, aşağı tərəflərdə görünən binaların damını, həyətdəki ağacların budaqlarını qar bürümüşdü və o qarın ağlığı gecə vaxtı pəncərələrdən düşən, həyətdə yanan işığın altında, nəsə, bir arxayınçılıqdan xəbər verirdi; düzdü, möhkəm qar yağırdı, külək bərkimişdi, amma elə bil ki, hər tərəfi bürümüş o qarın ağlığında heç bir pis iş ola bilməzdi.Bütün bunlar belə idi, o soyuq havanın təmizliyi Züleyxanın içinə bir təzəlik hissi gətirirdi, o qar ağlığında nəsə bir sevinc, bir nikbinlik var idi, amma bütün bunlarla bərabər, Züleyxanın ürəyində yüngül bir nigarançılıq baş qaldırmışdı: Əlipaşa iki saatdan artıq idi ki, evdən çıxmışdı, hesabla rəngli televizoru çoxdan gətirməli idilər, indi dükanlar da daha bağlanmışdı. Gülzar da, Süsən də, məktəbdən qayıdıb gəlmiş Sona da, Suğra da dəqiqədə bir: – «Bu papa harda qaldı e, belə?..» – deyə-deyə rəngli televizoru gözləyirdi və Züleyxa tez-tez başına şal salıb, həyət eyvanına çıxıb aşağı boylanırdı ki, görsün Əlipaşagil gəldilər, yoxsa yox?

4 dəq
Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 dəq

Başqa şairlərin şeirləri