Səhifə 1 / 3

Zübeydə uzun gecə köynəyini geyib artırmadakı miçətkənin içində uzanmışdı və fikirləşirdi ki, bütün bu gözəl Abşeronun bircə ayıbı vardısa, o da ağcaqanad idi, özü də ağcaqanad burda, bu kənddə belə fironluq eləyirdi, amma bir az yuxarıda, Bilgəhdə, ya o tərəfdə, Nardaranda biri də yox idi.

İndi neynəyək, duraq köçək Bilgəhə, ya Nardarana? Yat, atalar deyib ki, hər gözəlin bir eybi var... Bəs, bir gözəlin yüz eybi olanda necə olsun? Əşşi, çor olsun, zəhrimar olsun, yat, vəssalam... Niyə yata bilmirdi, balam? Nə idi axı, bayaqdan yadına sala bilmədiyi, nə idi o? Bu, başqa bir xatirə idi, işıqlı idi, işığı lap zəif də olsa, o uzaq illərdən süzülüb gəlirdi, təmiz idi, özü də elə bil ki, bir az Ağagüllə Nisənin vağzal bağında öpüşməyinə oxşayırdı, nə idi o? Bu xatirədə şampan tıxacının partlaması yox idi, ətir iyi, pudra iyi yox idi, ləzzətli yeməklər, aşiq sağlıqları, vurğun baxışlar yox idi. Çox sadə idi, dama-dama məktəbli dəftərinə oxşayırdı...

Miçətkənin içinə, deyəsən, bir ağcaqanad girmişdi və Zübeydə yenə ağcaqanadların qarasına deyinə-deyinə qalxıb artırmanın işığını yandırmaq istədi, amma miçətkənin içinə girmiş ağcaqanadın vızıltısı həyətin aşağı başında indi yəqin mürgü döyən qırmızı çil toyuğu təzədən arvadın yadına saldı və Zübeydə birdən-birə fikirləşdi ki, Ağabacı səhər durub görəndə ki, qırmızı çil toyuq hində yoxdu, neçə olacaq və səhər-səhər də biri gəlib bu qırmızı çil toyuğu onun həyətində görəndə nə olacaqdı?

O toyuğu elə indicə durub kəsib, yolub, təmizləyib, yaxşıca ütüb qoymaq lazımdı evə, onsuz da, nə olmuşdusa ona bu gecə, yata bilmirdi, elə bil bütün dünyanın dərdi-səri bu gecə Zübeydəyə qalmışdı.

Zübeydə ayağa qalxıb miçətkəndən çıxdı, otağa girib dolabdan iti bir bıçaq götürdü, elə gecə köynəyindəcə həyətə düşdü və yavaş-yavaş ürəyində baş qaldıran bir nigarançılıqla qırmızı çil toyuğa tərəf getdi.

Qırmızı çil toyuq hənirti eşidib gözlərini açdı, birdən-birə bu gecə vaxtı ağ

köynəkdə peyda olan təzə sahibinə baxdı, bir balaca yerində qurcalanıb təzədən

gözlərini yumdu.

Zübeydə ürəyindəki daha artıq bir narahatlıqla gah əlindəki bıçağa, bıçağın ay işığında işıldayan iti tiyəsinə baxdı, gah o biri dəqiqəsindən xəbəri olmayan qırmızı çil toyuğa baxdı və fikirləşdi ki, yəni, doğrudan da, bu toyuğu özü kəsəcək? Başını Qibləyə tərəf uzadıb qanadlarını bir ayağının altına, ayaqlarını da o biri ayaqlarının altına alıb, dilini ağzından çıxarıb bıçaqla başını üzəcək? Arvad işidi bəyəm bu, a imansız? Arvad da toyuq kəsər? Camaat yatıb, bütün kənd şirin yuxudadı indi, bu nə gündü sən düşmüsən, bu nə qara gündü belə?

Əlbəttə, Zübeydə ömründə toyuq kəsməmişdi, kişi işiydi bu, lap əvvəldən, dədə-babadan belə olmuşdu. İndi bəs neyləsin, hansı kişi köpək oğluna gedib desin ki, Ağabacının oğlu Ağagül mənə pay gətirib, guya ki, pay gətirib, bunun zəhmətini çək, kəs mənimçün? Gərək gədəni bayaq qoymayaydım getsin, kəsdirəydim bu toyuğu, lap yoldurub ütdürəydim də ona. Yaman şeysən... Bunu Zübeydə özü özünə dedi: «Yaman şeysən...»

Kənd isə, doğrudan da, yatmışdı, təkcə küçə şalbanlarındakı elektrik lampaları yanırdı və bir də dənizdəki o tənha mayak yanıb-sönürdü. Həmin yay gecəsinin bürküsü, elə bil, bu mayakın da işığını soldurmuşdu, yanıb-sönməsini, canlılığını ölgünləşdirmişdi və bu saat, elə bil ki, bu mayak da ömrün tənhalığından, adamın təkliyindən söhbət açırdı və Zübeydə üçün lap beş barmağı kimi aydın oldu ki, bu qırmızı çil toyuğu kəsə bilməyəcək və ən başlıcası isə, birdən-birə yaman pərt oldu Zübeydə, təkcə gecə köynəyində, bu ayın, bu ulduzların altında, bu ağacların arasında, bu dənizin qabağında əlində bıçaq tutub qırmızı çil toyuqla üzbəsurət dayanmağına pərt oldu Zibeydə.

Toyuğun işi asan idi, toyuğu bir yeşiyə salıb evə qoya bilərdi, sabahda, birigündə onu kəsdirməyin çarəsini tapardı, bircə ölümə çarə yoxdu, amma məsələ burasındaydı ki, Zübeydənin gecəyarısı əlində bıçaq beləcə dayanması səhərdən bəri yadına salmaq istədiyi, amma yadına sala bilmədiyi o xatirənin əhvali-ruhiyyəsi ilə, o xatirənin ürəyindən keçən sorağı ilə heç cürə uyuşmurdu – burasını Zübeydə lap dəqiq bilirdi və bu zaman çox qəribə oldu, birdən-birə, bircə anın içində həmin xatirə Zübeydənin yadına düşdü, həmin cavan oğlanın sifəti də əvvəlcə tutqun, sonra tamam dumandan çıxıb lap aydınca gəldi durdu gözlərinin qabağında. Bu xatirə illərdən bəri kirəc bağlamışdı, illərdən bəri yada düşməmişdi.

Zübeydə əyilib əlindən yerə düşmüş bıçağı götürdü və süst addımlarla evə getdi, artırmanın işığını yandırdı, stolun üstündə oturub əllərini dizlərinin üstünə qoydu, elə bil, birdən-birə o uzaq illərin bütün hay-küyü, qayğısızlığı, sərbəstliyi arasındakı bir təmizlik, bir paklıq, bir şəffaflıq üzə çıxdı, bir cəsurluq, bir igidlik, kişilik üzə çıxdı, indiyə qədər hardasa ört-basdır olub, on illərlə xatırlanmayan bir təbəssümün, özü də sərt bir təbəssümün ilıqlığı indi gəlib Zübeydəyə yetişdi.

Hardaydı o məktublar? Harda saxlamışdı onları?

İki dənə idi, iki dənə, ikisini də Bakıdakı mərkəzi poçtdan götürmüşdü, «Do vostrebovaniya» idi, iki dənə üçkünc əsgər məktubu, Zakirin məktubları... Və Zübeydənin yadına düşdü ki, o iki məktubdan birini, çox təsirlisini, çox ağıllısını elə müharibə vaxtı Dürdanə ondan götürmüşdü, yadigar saxladı özündə, «Belə məktubu da cavabsız qoyarlar, az?» – dedi. «– Dəyişmərəm, – dedi, – yüz Qızıldiş Adil kimilərini beləsinin bir dırnağına». Belə demişdi Dürdanə və Dürdanə elə o vaxtlar yavaş-yavaş ağıllanmağa başlamışdı. Belə demişdi Dürdanə və o ikinci məktubu, o gözəl sözlər yazılmış təsirli məktubu götürmüşdü özü üçün yadigar, görəsən saxlayır indi? Amma ikinci məktub dursun gərək.

Zübeydə ayağa qalxıb otağa girdi, işığı yandırıb, azı, əlli-altmış yaşlı, amma yaxşı qalmış, qoz ağacından düzəldilmiş və vaxtilə yəqin ki, evlər yaraşığı olmuş hündür, enli və ağır dolabın (bu dolabı hələ müharibə vaxtı Qızıldiş Adil hansı bir əsgər ailəsindənsə çox ucuz qiymətə Zübeydə üçün hədiyyə almışdı və Zübeydə də bu dolabı gətirib qoymuşdu kənddəki bu evinə) lap alt gözünün açarını ayağının altına kətil qoyub lap yuxarı gözdən tapdı, aşağı düşüb alt gözü açdı və yeşiyi irəli çəkib köhnə şəkillər, cürbəcür köhnə «otkrıtka»lar (ürəkşəkilli güzgünün içində bir qızla bir oğlan fotoobyektivə baxıb gülürdü; ürəyin hər tərəfinə güllər düzülmüşdü, güzgünün ətrafındakı güllər də, qızın paltarı və dodaqları da qırmızı boyayla boyanmışdı, aşağı tərəfdə bir bülbül dimdiyində çələng tutmuşdu və çələngdə bu sözlər yazılmışdı:

Lyublyu vas i vı poverte

Koqda mne serdse qovorit.

Lyubit budu do samoy smerti

Poka oqon v qrudi qorit.

Bu sözlərdən sonra yenə kiçik bir ürək və kamanda tarım dartılmış bir ox şəkli çəkilmişdi), kino artistlərinin, cavan Rəşid Behbudovun cürbəcür şəkilləri bükülmüş və uzun illərdən bəri açılmayan bağlamanı açdı.

Bu bağlamadan, sapsarı saralmış köhnə qəzetə bükülü bağlamadan bir çürüntü iyi gəlirdi və bütün qışı qarın altında qalıb yaza çıxmış, təzədən yarpaq açan, çiçəkləyən ağacların dibindəki xəzəl, nədənsə, Zübeydənin yadına düşdü və birdən-birə onun ağzına da bir cür təm gəldi, elə bil, çürük meyvə yeyirdi.

Bu çürüntü iyi, bu təm arvadı lap kövrəltdi və ümumiyyətlə, çox az-az kövrələn Zübeydənin gözləri doldu.

Üçkünc əsgər məktubu burada idi, bu bağlamanın içində, Zakirin məktubu.

Zübeydə məktubu götürüb açdı və illərdən bəri saralıb-solmuş, tələsik yazılmış o qısa məktubu oxumağa başladı; birnəfəsə oxudu, elə bil, illərin acı idi, çörək tapmışdı birdən-birə, təpişdirirdi gözünə.

«Zübeydə!

Bu məktubu sənə ön cəbhədən yazıram. Atışma kəsib indi, bir azdan yenə başlayacaq. Düzünü deyim ki, yazmaq istəmirdim sənə bu məktubu, amma yarım saat bundan qabaq güllə yağış kimi üstümüzə yağanda, bildim ki, gərək yazam sənə bu məktubu. Adam bu güllə yağışının altında olanda hər şeyi yaddan çıxarır, bütün pisliklər yaddan çıxır, ancaq yaxşısı yadda qalır. Sən məni istəyə də bilərsən, istəməyə də bilərsən, ancaq özünü istə. Mən müəllim deyiləm, sən də şagird deyilsən. Nəsihət eləməyəcəyəm sənə, ancaq o evə gedib-gəlmə. İşə gir. Özünü hayıf eləmə. Sən də bir kişinin qızısan. Həmin kişinin papağını yerə soxma. Yenə başladı atışma. Xudahafiz. Sağ qalsam, yenə yazaram sənə. Sən də bir söz yaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

16. Mürşüd Gülcahanı

Ömründə mənə zəng eləyən deyil, o gün gördüm ki, zəng eləyib: «– Nə var, nə yox, ay Mürşüd məllim? Heç görükmürsən...» Guya ki, məni görməkdən ötrü gözünün ucu axır... «– Sağlığın. – dedim. – iş-güc qoyur ki...» « – Əşşi, – dedi, – bəsdi bu qədər yazdın-pozdun da, başuva dönüm sənin!.. Hara baxırsan, maşallah, elə sənin kitablarındı... Fəxrimizsən də!.. Amma bir az istirahət elə, ay Mürşüd, canına bax!» Gərək mütləq bir işarə vursun, heç olmasa, bir balaca sancsın, yoxsa Əbdül Qafarzadə olmaz axı... Bizim nəşriyyatın müdiri İslamzadə ki, var, bunun dostudu, özü də tamahkarın, əliəyrinin biridir, lakin iyirmi ildir o boyda nəşriyyata rəhbərlik eləyir. Əvvəllər heç beş ildə bir dəfə mənim kitabımı plana salmırdı, sarı, seyrək dişlərinin arasından tüpürcək sıçrada-sıçrada: « – Yaxşı deyil! – deyirdi. – Özün nəşriyyatda redaktor işləyirsən. Sonra deyəcəklər ki, özünüz özünüzü çap eləyirsiniz. Yazıların da, bilirsən də, camaatı cəlb eləmir, alan olmur. – Lap elə üzümə beləcə deyirdi vicdansız. – Çıxanda da gözlərinə döndüyüm tənqidçilər başlayırlar bizi tənqid eləməyə ki, istedadlar qalıb bir tərəfdə, nəşriyyatlar Mürşüd Gülcahaninin romanını çap eləyir... İncimə e, sən də kommunistsən, mən də. Sənnən bir kommunist kimi danışıram!» Yalançının atasına lənət! Səndən kommunist olar, ay alçaq?! Əxlaq pozğunusan, bu, day, bütün Bakıya məlumdur, rüşvətxorsan, rüşvətlə kitab buraxırsan, bunu da ki, Allaha şükür, Bakıda bilməyən yoxdur! Lakin nə edəsən, deyəcəkdim bunları üzünə, heç olmasa, yenə beş ildən-bir kitabımı buraxırdı, vicdansız onu da buraxmayacaqdı, özümü də nəşriyyatda pisikdirəcəkdi. Bir qırmızı sifəti var ki, nə abır-həya bilir, nə yaşa baxır. Bir dəfə düz gözlərimin içinə dedi: « – Bilirsən nə var, Mürşüd Gülcahani, istəyirsən sənin kitabını buraxım, onda nəşriyyatdan işdən çıx, bir də buralara gəlmə!» Lakin, elə ki, bununla, bu Əbdül Qafarzadəylə qohum oldum (Allah kəssin belə qohumluğu!), o boyda İslamzadə ki, böyük-böyük yazıçılar əlindən qan ağlayırdı (elə indi də ağlayır!), çönüb oldu başqa adam, hər il kitabımı salır plana. İndi bəs nə olub, ay vicdansız, bəs niyə qorxmursan ki, deyərlər özünüz özünüzü çap eləyirsiniz? Hə? Noldu bəs sənin kommunistliyin, ay riyakar?! İşə bax də, nəşriyyat müdiri hara, qəbiristanlıq müdiri hara, lakin vicdanım haqqı, elə ki, o Ömər binəva Əbdül Qafarzadənin bu atbalaxanım qızına rast gəldi, elə ki, bununla qohum olduq, gördüm ki, o İslamzadə ilə bu Qafarzadə canbir qəlbdirlər, çünki ikisi də bir yuvanın quşudur. Özü də dünyanın işinə bax ki, İslamzadə Qafarzadəyə yaltaqlanır, öz nazirindən elə çəkinmir ki, Qafarzadədən çəkinir. Hərdən görürsən ki, çağırdı məni, İslamzadəni deyirəm, yalandan hal-əhval tutdu, bilirəm axı, fırıldaqdı, gözləyirəm görüm sözünün canı nədi, o da keçir mətləbə, qızımı institutda filan müəllim kəsib, daha mənim üzüm gəlmir (səndə üz varıydı ki, gəlməsin?!), sən Allah, Mürşüd müəllim (əvvəllər mənə müəllim-zad deməzdi, elə-eləcə Mürşüd deyərdi, vicdansız), de Əbdül qardaşımıza, qızı tapşırsın. Mən də gəlib deyirəm. Neyləyim. Neyləyim, özümü alçaldıram, lakin əlac nədir, zəmanə pis zəmanədir, mənim kimi adamı, mənim kimi yazıçını belələrinə möhtac eləyir. Bizdə adını cavan yazıçı qoymuş sırtığın biri var, adı Səlim Bədbindir (bir adam ki, təxəllüsünü «Bədbin» qoysun, daha ondan nə gözləyəsən?), utanıb-qızarmır, üzümə hırıldaya-hırıldaya deyir ki, Mürşüd müəllim, Azərbaycanda ən böyük vəzifə nazir-zad deyil, hamısı boş şeydir, ən böyük vəzifə Əbdül Qafarzadənin qohumu olmaqdı. Nə deyəsən bu vicdansıza? Eh, deyirəm, çölüm yandırır, demirəm, içim. Viranə qalsın belə vəzifə! Mən boyda adamın gedib oğlumun – yeganə ovladımın evində bir stəkan çay içməyə ixtiyarı yoxdur. Gedib otururam, o saat bunun o atbalaxanım qızı: « – Tixo, – deyir. – Abdulçik zanimaetsə!» Özü də yanımızda oturub başlayır kitab oxumağa. Kitab da bir kitab ola, dərd yarıdı! Hamısı cuhudların yazdıqlarıdı... Ömər yazıq cıqqırığını çıxartmağa qorxur, məlul-məlul mənə baxır, mən də ona, sonra da durub çıxıb gedirəm evimə. Uşağa da bunun adını qoyublar, hər dəfə «Abdulçik» eşidəndə, vicdan haqqı, elə bil, başıma bir vedrə qaynar su tökürlər. Kimə deyəsən?.. İş o yerə çatıb ki, heç uşaq da məni vecinə almır, məni görəndə heç oturduğu yerdən tərpənmir də, lakin elə ki, bunu görür: «–Dedulya!» – deyib cumur üstünə. Uşaqda nə təqsir var?.. Bir dəfə uşağın saqqızını oğurladım, aldım qucağıma, oturduq pəncərənin qabağında. Axşam idi, göydə ulduzlar bərq vururdu. Mənim daxili aləmimdə lirik hisslər baş qaldırdı. Uşağa da istədim romantika aşılayım. Dedim: « – Bax, balası, o ulduzları görürsən? O ulduzlardan hansını istəyirsən, göydən götürüm, verim sənə!.. Olsun sənin ulduzun!..» Uşaq ağzını açmağa macal tapmamış, o saat ifritə anası çımxırdı: « – Yaxşı olardı ki, Mürşüd əmi, siz özünüz hökumətdən bir ulduz alıb taxaydınız döşünüzə! Nəvəniz də fəxr eləyərdi ki, babası başqa yazıçılar kimi, geroydur! Heç Allahın medalı da yoxunuzdur! Ona görə də heç kim tanımır sizi!» Uşağın əlindən dartıb götürüb apardı o biri otağa. İfritədir də, ifritə!.. Əbdül Qafarzadənin qızı nə bilir ki, romantika nədir?! İkinci budur ki, düz demir, dörd dənə medalım var, bir dəfə də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanını almışam. Üçüncüsü də, indi mənim kimi adamlara, mənim kimi sənətkarlara qiymət qoyan kimdir? Brejnev deyiləm ki, əlimi salım torbaya, ulduz çıxarıb taxım döşümə, ay ifritə! Nə gedib Moskvada oturub redaktorları qonaq edirəm, nə burdan onlara başqaları kimi ərməğanlar göndərirəm, nə də MK-da dostum, tanışım var! Öz vicdanımla və istedadımla yazıram! Lakin indi kimdi vicdana və istedada qiymət qoyan?! Bir ölkədə ki, Stalin boyda bir dahini gorbagor eləyələr, daha kimə nə deyəsən? O Stalin ki, bu ölkəni yaratdı! Bir də ki, niyə məni heç kim tanımır?! Özüm təvazökaram, lakin bunu Əbdül Qafarzadənin qızı hardan başa düşsün? Uşağın istedadını da Ömərdə görmür, atasında görür. Deyir, bu uşaq ki, çalğıya bu qədər meyl göstərir, guya, babasına, yəni Əbdül Qafarzadəyə çəkib, ona görə: «Moy papa oçen muzıkalnıy çelovek! Mı vse v neqo poşli!.. I Abdulçik toje!» Uşağın familini də, deyəsən, dəyişdirib Qafarzadə eləmək istəyir, Ömər bizdən gizlədir. Yazıq Ömər... Bu atbalaxanım, Öməri hər üzünə aldada bilər, bunlardan nə desən çıxar, bəlkə də elə aldadır... Görmürsən gözlərindən cin yağır? O gün o sırtıq Səlim Bədbin nəşriyyatda, camaatın içində mənə deyir: «– Mürşüd müəllim, gəlinivi gördüm...» Özü də çox mənalı-mənalı deyirdi. Mən də daha camaatın içində ucundan tutub, ucuzluğa getmədim. Soruşacağam harda gördün? Nə bilim nə deyəcək? Allah bilir, harda görüb, o ifritədən nə desən çıxar, atasının qızıdır! Soruşacağam sən hardan tanıyırsan mənim gəlinimi, nə bilim nə cavab verəcək?! Üstündən keçdim, guya, mənə heç nə demədi... Yazıq Ömər... Gül kimi tərtəmiz, başıaşağı, üzüyola, fağır uşaqdı, incə qəlblidi, düşüb bu canavarların cənginə... Bunların da, Əbdül Qafarzadəgili deyirəm, bir oğlu varıydı Orduxan adında. Cavan oğlanıydı, lakin arvadbazın biriydi. İşi-peşəsi camaatın arvadını əlindən almaq idi, camaatın arvadına sataşmaq idi. Əbdül İraq konsulunun «Mersedes»ini mənim adıma alıb – beləcə mənim adımdan o qədər istifadə edir ki, heç özümün də xəbərim olmur – vermişdi oğluna, o da maşını Bakının küçələrində 100-lə sürürdü, özü də idmançı idi, voleyboldu – nədi, onnan oynayırdı. Əbdül onu yığma komandaya saldırmışdı, həftə səkkiz, mən doqquz – Türkiyədə idi, Braziliyada idi, Yaponiyada idi. Mən boyda yazıçı ömrümdə bircə dəfə Bolqarıstanda turist olmuşam, lakin bunun o Orduxan oğlu Hindistandan vurub ABŞ-dan çıxırdı. Bir həftənin içində qripdən getdi, çünki göydə Allah gördü bu ədalətsizliyi, atanın da, oğulun da pozğunluğunu, cəzalandırdı onları. Düzdür, mən ateistəm, lakin görünür, hansı bir qüvvəsə var, cəzalandırır... Başımda onun ölməyi haqqında bir roman var, lap hazırdı, oturub qələmə almaq lazımdı, lakin qorxuram, yazaram, Əbdül də oxuyub başa düşə, ondan sonra di gəl də... Lakin daha oxuya bilməyəcək... Orduxan öləndən sonra, Yeni il ərəfəsində ölmüşdü, o atbalaxanım qız, yəni mənim o gəlinim hər il Yeni ildə yazıq Öməri məcbur eləyir ki, yeddi gün səhərdən axşamacan pianinoda ölü havaları çalsın. Kimə deyəsən?.. Nə isə... Hə, o gün zəng eləyib deyir ki, «–Hara baxırsan, sənin kitablarındı». Yəni ki, mənə görə nəşr eləyirlər sənin kitablarını. Mən də yaxşı cavab verdim, belə lap möhkəm cavab verdim, özümün də xoşuma gəldi, dedim: «–Yazıçının gərək kitabı olsun də!»Güldü, lakin budəfəki gülməyində nəsə bir sınıqlıq var idi, yazıçıyam axı, o saat tutdum. «– Mürşüd, – dedi, – axı, sənə bir işim düşüb...» Qulaqlarıma inanmadım, yəni bunun da mənə işi düşə bilər?.. Bu qədər müddətdə birinci dəfəydi mənə belə söz deyirdi... Fikirləşdim ki, yəqin indi bu da bir fırıldaqdı. «– Buyur» – dedim. « – O sənin bir dostun var e, professor...» «– Hansı professor?» – soruşdum. «– Əşşi, Səmədbəylidi, Əhmədbəylidi, nədi?» «– Mürsəlbəylini deyirsən bəlkə?» «– Hə, – dedi. – Mürsəlbəyli. İstəyirəm bir səninlə gedək, özümü ona göstərim». At kimi sağlam adamdı, toyuğun budunu sümüyüylə bir yerdə yeyir, buna nə olub belə? « – Sən hara, həkim hara, ay Əbdül?» – dedim. Güldü, lakin yenə də sınıq güldü – yazıçıyam də!.. « – Yox, – dedi, – elə, bir şey yoxdu. Dünən həkim Bronşteynin yanına getmişdim, məsləhət gördü ki, özümü bir yaxşı mütəxəssisə göstərim...» Şahların saray həkimi olan kimi, həkim Bronşteyn də bunların ev həkimidi. Harayhəşirçinin biridi. Ömərgilə də on beş gündə bir dəfə gəlib o baxır. Tanıyıram, tərifləyirlər, nədi, nədi, yəhudidi... Yəhudi ki, oldu, deməli, yaxşı həkimdi...

198423 dəq
17. Kak dela?

Xədicə arvadı Tülkü Gəldi Qəbiristanlığında yox, Bakıdan xeyli aralıdakı Təzə qəbiristanlıqda dəfn elədilər və çörəkçi Ağabalanın arvadı birinci dəfəydi ki, Təzə qəbiristanlığı görürdü, yana-yana:– Vay, vay, vay!.. – dedi. – Ağəz, bura lap mikrorayondu ki!

19847 dəq
18. İntihar

Axşam düşhadüş idi və o aprel axşamı kimsəsiz çimərlikdəki talvarların, uzun kətillərin qışdan sonra hələ də rəngini itirməmiş rəngbərəng taxtaları, dəmir dirəkləri, iri və rəngbərəng brezent çətirlər yağışın altında tamam islanmışdı, qərbə tərəf axan topa-topa yaz buludlarının arasından hərdən bu yerlərə gün işığı düşürdü və o zaman o rəngbərəng brezent də, talvarların və uzun kətillərin rəngbərəng dəmir dirəkləri, taxtaları da, elə bil, o gün işığına sevinib parıldayırdı; sahilə cuman dalğalar ağappaq köpüklənmişdi və Gicbəsər qara gözlərini dənizin və topa-topa axan buludların bozluğu içində o ağlığa dikmişdi, sahilə çırpılan o dalğalara baxırdı.Sonra yağış birdən-birə başladığı kimi, birdən-birə də kəsdi və uzaqda güclə sezilən üfüq xəttindən buludların arası ilə yavaş-yavaş qövsi-qüzeh görünməyə başladı və o qövsi-qüzehin yaşıl, sarı, göy, qırmızı rəngi get-gedə lap aydınlaşdı. Çimərliyin düz qarşısında üfüq xəttindən qalxmış o qövsi-qüzeh buludların arası ilə dövrə vurub buralardan xeyli uzaqlarda yenə də üfüq xəttində qurtarırdı.

19847 dəq
İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti

(Sənədli romandan fraqmentlər)*1

20022 saat 40 dəq

Başqa şairlərin şeirləri