Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Səhifə 1 / 26

(Sənədli romandan fraqmentlər)

1

İlyas Əfəndiyev ən dəruni hisslər ilə Azərbaycana, Azərbaycanın içində – Qarabağa, Qarabağın içində isə – Füzuliyə, öz nəsil-nəcabətinə bağlı bir adam idi və onun, hərdən uşaqlıq illəri haqqında danışdığı xatirələr, o xatirələrdəki etnoqrafik detalların zənginliyi, müşahidələrin dərinliyi, çoxdan haqq dünyasına köçüb getmiş insanlara, o dövrün mənəvi dəyərlərinə ehtiramı, üç cümlə ilə uşaqlıq dövrünün koloritini, onu əhatə edən adamların xarakterini verə bilmək bacarığı adama elə təsir edirdi ki, elə bil, özün bütün vaxt, zaman qanunlarını pozub, onunla birlikdə onun o uşaqlıq dövrünə getmisən.

Mən deyə bilmərəm ki, İlyas Əfəndiyev keçmişlə yaşayırdı, çünki belə deyildi, bəlkə də, əksinə idi, o, gələcəklə yaşayan bir adam idi və onun yaradıcılığındakı daimi yenilik meyli də, şəxsiyyətindəki xüsusiyyət – həmişə təzəlik, yenilik sorağında olması da, güman ki, elə buradan gəlirdi, amma bir cəhət də həqiqət idi: keçmiş həmişə İlyas Əfəndiyevin içində idi, həmişə onunla birlikdə idi.

İlyas Əfəndiyevin «Geriyə baxma, qoca» və «Üçatılan» romanları, əslində, avtobioqrafik əsərlərdir və o romanlarda, eləcə də 80-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində yazdığı bir sıra xatirə-esselərdə, xüsusən, «Çovğunlu bir qış günündə», «Orfey quyudan çıxandan sonra nə gördü?..», «Axund Molla Şükürün cənnət bağı necə oldu?»da həyatının ilkin mərhələləri, soyu-kökü haqqında ətraflı yazıb və bu əsərlər yalnız onun özünün həyatının yox, ümumiyyətlə, xalqımızın yaxın keçmişdəki güzəranının, məişətinin, psixologiyasının, Qarabağ elatının etnoqrafik xüsusiyyətlərinin öyrənilməsi baxımından zəngin bir mənbədir.

Bizim görkəmli tənqidçimiz Yaşar Qarayev yazırdı: «Azərbaycan tarixi barədə klassik sənədlər – yeddi «Qarabağnamə» var. Bütünlükdə, İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci «Qarabağnamə» hesab edirəm».

İlyas Əfəndiyevin ulu babası Xoca Əhməd Əfəndi XVIII yüzilin sonlarında Ərzurumun Kars mahalından gəlib Qarabağda, indiki Füzuli (o zamankı Qarabulaq, sonralar isə, orada öldürülmüş çar palkovniki Koryaginin şərəfinə «Qaryagin»

adlandırılıb) rayonunun Saracıq deyilən obasında yurd salıb, orada evlənib, görkəmli din xadimi, islamşünas alim kimi məşhurlaşıb və onun nəsli «Əfəndi uşağı» kimi hörmət və nüfuz qazanıb.

«Əfəndi uşağı» Xoca Əhməd Əfəndidən gələn dini ənənələri davam etdirib və o nəslin nümayəndələri bütün Arazboyu Qarabağın tanınmış, savadlı və nüfuzlu din xadimləri olublar.

Ancaq təxminin yüz ildən sonra – XIX əsrin sonlarında «Əfəndi uşağı»

nəslinin bu ənənəsi pozulub: Xoca Əhməd Əfəndinin nəticəsi Hacı Axund Molla Ağaməhəmmədin böyük oğlu Məhəmməd, həmin ənənəyə uyğun, nəsillikcə din xadimi olmaq əvəzinə, ilkin dini təhsilini başa vurduqdan sonra, ticarətə meyl edib və gənc yaşlarından etibarən, bacarıqlı, işgüzar, geniş əlaqələrə malik, ziyalı bir tacir kimi bütün Füzuli və ümumiyyətlə, Qarabağ camaatının hörmətini qazanıb. O, həm də igid, qabağından yeməyən, sərt xarakterə malik, at çapan, nişan vuran bir adam idi.

İlyas Əfəndiyev 1993-cü ildə uşaqlıq çağlarını xatırlayaraq yazırdı: «Mənim dünyada fərəhləndiyim, fəxr etdiyim iki şey var idi: bunun biri Göydəmir atımızın Füzulidə, Şuşada heç bir cıdırda məğlub olmaması, ikincisi, atamın tapanca ilə sərrast nişan vurması idi. Novruz bayramında atamın, dostları ilə mərcləşib neçə metr hündürlüyə atılan almanı, yumurtanı havada necə vurduğunu çox görmüşdüm».

Tacir Məhəmmədin Füzulidə müxtəlif mallar satılan doqquz dükanı, Şuşada, Ağdamda, Bərdədə, Yevlaxda, Tərtərdə, Ağcəbədidə qumaş dükanları, Bakıda, Həştərxanda, Vladiqafqazda, Tehranda, Təbrizdə şərikləri var idi və Füzulidə tikilən ilk ikimərtəbəli böyük daş bina da onunku idi. Bolşeviklər gələndə soldatlar o binada yerləşdirilmişdi və sonralar bu barədə İlyas Əfəndiyev yazırdı: «On birinci ordu Azərbaycanı istila edəndə atamın mağazaları, bütün var-yoxu əlindən çıxmışdı. Biz qorxub Qaryagin şəhərindən kəndə qaçmışdıq. Evlərimiz xalça-gəbəylə, mebellə dolu qalmışdı. On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi. Aralıq düzələndə, biz şəhərə – öz evimizə qayıdanda gördük ki, var-yoxumuzdan heç nə qalmayıb. Əsgərlər atamın Peterburqdan gətirdiyi mebelləri sındırıb taxtalarını ocaqda yandırmış, məxmərlərini də atlarına çul etmişdilər».

Məhəmmədin elə gənc yaşlarında da ailə qurduğu Bilqeyis xanım isə, əsli-nəcabəti ilə bütün Qarabağda məşhur olan Bayram bəyin qızı idi və o, «Əfəndi uşağı»ndan fərqli olaraq, tamam dünyəvi bir nəslin nümayəndəsi idi. Orasını da deyim ki, bu iki müxtəlif təmayüllü nəslin qohumluğunun da maraqlı bir tarixçəsi var idi: gənc Məhəmməd, 16 yaşlı Bilqeyis xanımı qaçırmışdı və yeniyetməlik vaxtlarımda babamla nənəmin bu tarixçəsi Romeo və Cülyettanın hisslər aləmindən xəbər verən çox romantik bir əhvalat kimi mənə təsir edirdi...

1988-ci ildə çap etdirdiyi «Çovğunlu bir qış günündə» adlı sənədli hekayəsində İlyas Əfəndiyev, 1934-cü ildə Pedaqoji İnstitutun tələbəsi ikən, qış vaxtı ata-anasının, bacı-qardaşlarının öz evlərindən çıxarıldığını, çadır qurub suyun-palçığın içində həyətdə yaşadıqlarını, üstəlik, atasının da xəstə olduğunu eşidib Füzuliyə qayıtmasını təsvir edir və yazır ki, onu Horadiz stansiyasından evlərinə köhnə tanışları – Həbib kişi öz faytonunda aparır.

«Qədim Xorasan kürkünə bürünərək faytonun qozlasında əyləşmiş Həbib dayı keçən günlərdən, özünün cavan vaxtlarından danışırdı:

– O vaxt atan (tacir Məhəmməd– E.) cavan, gözəl bir oğlan idi. Bilqeyis xanımı götürüb mənim faytonumda Ağdama qaçıranda, Pirağbulaq dərəsində Qaçaq Xanmuradın (XX əsrin onuncu illərindlə bütün Qarabağ mahalında məşhur bir qaçaq olub– E.) dəstəsinə rast gəldik... Atanın kimlərdən olduğunu, kiminlə qaçdıqlarını mən danışandan sonra, qaçaq Xanmurad barmağındakı brilyant üzüyü çıxarıb Bilqeyis xanıma verib dedi:

– Bacı, bunu sənə boy görüncəyi verirəm.

İnqilabdan sonra tez-tez gəlib, evimizi axtarıb, bizdən əsassız olaraq qızıl, tapanca tələb eləyən başabəla inzibati işçilər anamın dədə-babadan qalma ziynət şeyləri ilə birlikdə, Xanmuradın bağışladığı o üzüyü də aparmışdılar.»

Şuşadakı rus gimnaziyasını bitirmiş Bayram bəy yalnız Füzuli tərəflərin deyil, bütün Qarabağın çox sayılan adamlarından biri idi və bu nüfuzuna, hörmət-izzətinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqda, onu Ağdam qəzasının rəisi (naçalniki) təyin edirlər.

Ağdam qəzası o zaman Gəncə quberniyasına daxil idi və Bayram bəylə qubernator Xudadat bəy arasında səmimi və məhrəm bir münasibət var idi. Yadıma gəlir, nənəm Bilqeyis xanım tez-tez xatırlayırdı ki, «Xudadat bəy dədəmə (yəni Bayram bəyə) demişdi ki, qoy İsfəndiyar bəy Şuşa realnı məktəbini bitirsin, onu Parisə oxumağa göndərəcəyik, Teymur bəyi də Fransada diplomatiya məktəbinə göndərəcəyik.»

İsfəndiyar bəy – Bilqeyis xanımın kiçik qardaşı idi, amma tale ona başqa bir həyat yolu hazırlayıbmış: o, Şuşa realnı məktəbini qurtarandan sonra, XI rus-bolşevik ordusu Azərbaycanı istila etdi və gümüş xəncəri belinə bağlayıb köhlən atın belində həmişə cıdır yarışlarını udan, davranışı, geyim-kecimi, igidliyi ilə «plov yemirəm ki, bığım yağa batar» deyən, eyni zamanda, rus ədəbiyyatını dərindən bilən, ümumiyyətlə, dünya mədəniyyətinə yaxşı bələd olan İsfəndiyar bəyin başına dünyanın min bir müsibəti gəldi və onun ömrü 1956-cı ildə Bakının keçmiş Poluxin küçəsində, Axund hamamının yanındakı birmərtəbəli binanın ikiotaqlı darısqal mənzilində sona yetdi.

Teymuru isə – Bilqeyis xanımın dayısı oğlu Teymur bəy Bağdadbəyov idi və o yaraşıqlı, savadlı gəncə də diplomatlıq qismət olmadı – 1919-cu ildə erməni millətçiləri Şuşada xaincəsinə qətlə yetirdi və aradan nə qədər illər ötüb keçsə də, o qətlin ağrısı-acısı bizim evdəki xatirələrdən çəkilib getməmişdi...

İlyas Əfəndiyev bütün bunlar barədə Nigar Rəfibəylidən bəhs etdiyi «Şairənin qisməti» adlı essesində yazıb və ümumiyyətlə, İlyas Əfəndiyev, ömrünün sonuna qədər Bayram bəyi tez-tez və xüsusi bir hərarətlə xatırlayırdı.

Babası rəhmətə gedəndə (Əfəndiyevlər ailəsinə sonralar da çox zülm çəkdirmiş yerli bolşeviklər 1923-cü ildə onu zəhərləyib öldürmüşdülər) İlyas Əfəndiyevin doqquz yaşı var idi, amma onun Bayram bəylə bağlı xatirələri çox səlis və ən kiçik detallarına qədər təfərrüatlı idi, mən, hətta mat qalırdım ki, o yaşda uşaq bütün bunları necə yadında saxlayıb.

Orasını da deyim ki, İlyas Əfəndiyev 1971-ci ildə tamaşaya qoyulmuş «Mahnı dağlarda qaldı» dramında Böyük bəy adı ilə Bayram bəyin obrazını yaratmışdı və bu surətin xarakteristikası ilə bağlı hər gün tamaşanın quruluşçu rejissoru Əliheydər Ələkbərovla danışması ilə kifayətlənməyib, günorta teatrdakı məşqlərdən sonra, hər axşam da telefonla bu rolun ilk ifaçısı İsmayıl Dağıstanlıya zəng edirdi, rolu təhlil edirdi, nüanslarını çatdırırdı.

İlyas Əfəndiyevi narahat edən cəhət o idi ki, Böyük bəy – o dövrün ibarələri ilə desək, «sinfi düşmən» idi, amma müəllif onu ləyaqət, mərdlik, ağayanalıq, vətənpərvərlik, ailəcanlılıq timsalı kimi təsvir etmişdi və bütün bunları, necə deyərlər, akvarellə canlandırmaq lazım idi, çünki bu obraz və ümumiyyətlə, bu əsər, sovet yazıçısı tərəfindən, özü də dövrün hakim ideologiyası üçün çox mühüm olan bir mövzu ilə bağlı, gəmidə oturub gəmiçi ilə dava eləmək demək idi.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 dəq
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 dəq
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 dəq
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 dəq

Başqa şairlərin şeirləri