İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Səhifə 9 / 26 · 31%
İlyas Əfəndiyev bədii əsərləri ilə ideologiyaya yox, ədəbiyyata xidmət etmişdir.
Bu sözlərin həqiqət olduğunu, burada qətiyyən heç bir mübaliğəyə yol verilmədiyini, elə bilirəm ki, həmin yeddicildlik yaxşı təsdiq edir, İlyas Əfəndiyevin bəyəndiyi bədii surətlərdən birinin – Şərifin dediyi kimi, «subutalnı, dokumentalnı».
Bir kitabı da ayrıca qeyd etmək istəyirəm: İlyas Əfəndiyev vəfat etdikdən sonra, mətbuatda onun haqqında çox yazılar çap olundu və mən hər gün sübh tezdən öz yazı-pozu işlərimi onunla başladım ki, İlyas Əfəndiyev haqqında mətbuatda dərc edilmiş həmin yazılardan səciyyəvi hesab etdiyim kiçik hissələri (bəzən yalnız bircə cümləni...) olduğu kimi kompüterə köçürdüm və beləliklə, İlyas Əfəndiyev haqqında, mənim düşüncəmə görə, maraqlı bir kitab yarandı.
Salnamə səciyyəli bu kitab – «Sənətkarın ikinci ömrü. (İlyas Əfəndiyev. Beş ilin salnaməsi)» onun vəfatının beşinci ildönümündə nəşr olundu (Bakı, «Çinar- Çap», 2002).
Həmin kitaba mən belə bir kiçicik ön söz yazmışdım:
«1996-cı il.
3 oktyabr. Cümə axşamı.
Saat 13.45.
İlyas Əfəndiyevin dünyasını dəyişdiyi il, gün, saat, dəqiqə...
Bu tarixdən sonra İlyas Əfəndiyevin – yazıçının, mütəfəkkirin, vətəndaşın – ikinci ömrü (sənət ömrü! yaradıcılıq ömrü! əməllər ömrü!) başlanır...
Bu ömrün – sənətkarın ikinci ömrünün – müddəti (davamlığı, uzunluğu) insan ömrünün çərçivəsi ilə müqayisəyə belə gəlmir və sənətkarın bu dünyada qoyub getdiyi Sözün əhəmiyyəti, əslində, o ikinci ömrün zaman vahidinə çevrilir...
İlyas Əfəndiyev ömrü davam edir...
İlyas Əfəndiyev haqq dünyasına köçdüyü bu beş ildə – 1996-cı ilin oktyabrından 2001-ci ilin oktyabrınacan – sənət adamları, yazıçılar, alimlər, jurnalistlər, adi oxucular mətbuat səhifələrində onun haqqında məxsusi qələmə alınmış bir çox xatirələrdən, məqalələrdən başqa, müxtəlif mövzulu yazılarında, müsahibələrində də tez-tez onu nisgil dolu bir səmimiyyətlə xatırlamış, İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı haqqında, bu yaradıcılığın XX əsr Azərbaycan ədəbiyyatının inkişafındakı rolu barədə ürəkdolusu bir hərarətlə söz demiş, onunla bağlı tarixi faktlara diqqət yetirmiş, müxtəlif məlumatlar vermişlər.
Mətbuatdakı, nəşr olunan kitablardakı həmin yazıların, məlumatların hamısını izləmək praktiki cəhətdən mümkün deyil.
Bu beş ildə İlyas Əfəndiyev yaradıcılığı haqqında nəşr olunmuş monoqrafiyaları, «Sən həmişə bizimləsən» adlı xatirələr kitabını, onun şəxsiyyətindən və yaradıcılığından bəhs edən məqalələri, xatirələri, deyilən fikirləri, mülahizələri, açıqlanan faktları bir yerə toplasan, neçə cilddən ibarət bir nəşr ola bilər.
Mən, salnamə xarakterli bu kitabda, həmin yazılardan elə kiçicik hissələr seçib oxucuya təqdim etməyə çalışdım ki, mövzunun ehtiva dairəsi imkan daxilində əhatəli olsun, İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı, eləcə də, onun müasir Azərbaycan ictimai fikrindəki yeri barədə dəqiq təsəvvür yaratsın.
Yazılardan seçdiyim nümunələrdə, mən, təbii ki, müəlliflərin üslubuna toxunmamışam. Həmin nümunələr mətbuatda necə getmişdirsə, bu kitabda da eləcə verilmişdir.
1 noyabr 2001-ci il.
Bu kitabı da oxucular hərarətlə qarşıladı.
Bəli, bu müddət ərzində mətbuat İlyas Əfəndiyevdən çox yazdı...
Onu xatırladılar, onu alqışladılar, ona məşhur pyesinin adına uyğun, «sən həmişə bizimləsən» dedilər...
Və yeganə çatışmayan cəhət isə o oldu ki, daha onun özünə oxucu məktubları yazılmadı, onun iş kabinetində onun özünə ünvanlanmış telefon zəngləri daha səslənmədi...
4
Bu gün mənim üçün əlamətdar görünən bir cəhət də odur ki, İlyas Əfəndiyevin dostları da, eyni zamanda, onun oxucuları idi və onların həm İlyas Əfəndiyevin şəxsiyyətinə, həm də yaradıcılığına böyük hörmət və məhəbbətləri var idi. Əslində bu, eyni zamanda, ədəbiyyatla, sənətlə bağlı mövqelərin, zövqlərin, istəklərin birliyi idi.
Onun dostları elə də çox deyildi (Molla Cumanın məşhur misrası, elə bilirəm ki, burada yerinə düşür: «Dərdi qanan ya bir ola, ya iki...»), amma düşməni isə, ümumiyyətlə, yox idi. Paxıllıq edən, ədəbi qısqanclıq hissini boğa bilməyən, gözü götürməyən, əlbəttə, var idi, amma – düşməni – yox idi və elə bilirəm ki, yazıçılar aləmindəki, – xüsusən, 40 – 50 – 60-cı illərdə – intriqalar burulğanını nəzərə alsaq və bura onu da əlavə etsək ki, dövrün, hakim ideologiyanın, sistemin yaratdığı ab-hava həmin «intriqalar burulğanının» daha da qızışması üçün gözəl münbit zəmin, əlverişli şərait yaradırdı, bu fakt, yəni İlyas Əfəndiyev «düşmənsizliyi» onun şəxsiyyəti haqqında az söz demir.
Bununla əlaqədar orasını da xüsusi qeyd etmək istəyirəm ki, İlyas Əfəndiyev ötkəm adam idi, sözü şax üzə deyən və heç kimdən çəkinməyən, öz sərbəstliyini, ləyaqətini qiymətləndirməyi və qorumağı bacaran bir şəxsiyyət idi.
Yenə Bəxtiyar Vahabzadədən bir sitat gətirmək istəyirəm, çünki İlyas Əfəndiyevlə bağlı bu da dəqiq bir müşahidədir: İlyas Əfəndiyev «hər adamla ünsiyyət bağlamaz, onun öz ətrafı, öz həmsöhbətləri olardı. O, istedadsız, sırtıq, mütaliəsiz, dayaz adamlardan qaçardı. Amma istedadlı, mütaliəli və ziyalı adamlarla... söhbətdən ləzzət alardı. Çünki özü daxilən ziyalı adam idi. Dərin mütaliəsi var idi. Mən cəsarətlə deyə bilərəm ki, yazıçılar içərisində Qərb və rus ədəbiyyatını onun qədər dərindən bilən qələm sahiblərini barmaqla saymaq olar».
Mən, indi əlçatmaz, ünyetməz bir uzaqlıqda qalmış 60-cı illərin ikinci yarısında namizədlik dissertasiyası yazırdım və o zaman M.F.Axundov adına Dövlət kitabxanasında həmin 30-40-50-ci illərin bütün respublika mətbuatını səhifə-səhifə vərəqləmişdim: bir çox görkəmli yazıçı və şairlərimizdən fərqli olaraq, İlyas Əfəndiyevin kimisə «ifşa» etməsinə, sonralar peşmançılığını çəkəcəyi, cürbəcür bəraət bəhanələri gətirməyə məcbur olacağı hansısa bir «ifşa» məktubuna (o zamanın geniş yayılmış «ədəbi janrına»!) imza atmasına rast gəlməmişəm, çünki belə hadisə olmayıb.
O dövrün ədəbi-ictimai həyatını öyrənənlər bu faktın nə demək olduğunu daha yaxşı qiymətləndirə bilərlər (və qiymətləndirirlər!).
Amma onu «ifşa» edən yazılar var...
İlyas Əfəndiyevin uşaqlıq dostlarından mən, ancaq heykəltəraş Cəlal Qaryağdını və tarixçi, professor Əhəd Bağırzadəni tanıyırdım və onlar sonralar da hərdənbir əlaqə saxlayırdılar, bəzən görüşürdülər, bəzən də uzun illər görüşmürdülər. Buna görə də İlyas Əfəndiyev vəfat edəndə və Cəlal Qaryağdı başsağlığı verməyə gələndə (Əhəd Bağırzadə isə daha əvvəl vəfat etmişdi), məni qucaqlayıb uşaq kimi ağlaması və:
– İlyasın ölümü mənim belimi sındırdı,– deməsi, bu sözləri dedirdən kədərin təbiiliyi, doğrusu, mənim üçün bir az gözlənilməz oldu və hətta mən, nədənsə, elə bil ki, onun qarşısında özümü bir az günahkar hiss etdim.
Beş ildən sonra, 2001-ci ildə Cəlal Qaryağdı da rəhmətə getdi və bu sözləri yazarkən bu uşaqlıq dostlarının haqq dünyasındakı ruhları qarşısında indi özümü bir balaca rahat hiss edirəm: Cəlal müəllim uzun illərdən bəri üzərində işlədiyi Cəfər Cabbarlı heykəlini bitirmişdi və o heykəl Xızıda ucaldılmalı idi, ancaq bunun üçün vəsait çatışmırdı. Mən BMT-nin Azərbaycandakı nümayəndəliyini bu işə cəlb edə bildim və o heykəlin açılış mərasimində onunla birlikdə iştirak etdim. İndi Cəlal Qaryağdının əsl sənətkarlıqla yaratdığı o heykəl Cəfərin ana yurdunda ucalmaqdadı.
İlyas Əfəndiyevin daima xatırladığı ən yaxın uşaqlıq və yeniyetməlik dostu haqqında da yazmaq istəyirəm: Məhəmməd adlı o oğlanla Füzulidə bir məktəbdə oxuyublar, Məhəmməd iki sinif irəlidə imiş və təxminən 16-17 yaşları olanda – 30- 31-ci illərdə – yeni hakimiyyəti, yerli bolşeviklərin rəhbərliyini və əməllərini heç cürə qəbul etmədikləri üçün, İlyasla Məhəmməd qərar veriblər ki, İrana qaçıb, oradan Türkiyəyə gedib Azərbaycan uğrunda mübarizə aparacaqlar, həmfikirlərini başlarına toplayıb yenidən Azərbaycana qayıdacaqlar. Nəhayət, bir gün sözləşirlər ki, səhər tezdən görüşüb Arazı keçsinlər. Sübh tezdən sözləşdikləri yerdə görüşürlər.
İlyas Əfəndiyev deyirdi: «Çayı keçməyə hazırlaşırdıq ki, birdən-birə anam, atam, balaca qardaşlarım, bacılarım yadıma düşdü. Fikirləşdim ki, bunları burda qoyub gedirəm, axırları necə olacaq? Bolşeviklər atama, anama, bütün ailəmizə zülm edirdilər, fikirləşdim ki, bu zülmə necə tab gətirəcəklər? Bunlar bu vəziyyətdə qalır burda, mən Türkiyədə necə rahat yaşaya bilərəm? Məhəmmədə dedim ki, yox, mən getmirəm. Nə qədər elədisə də, getmədim. Məhəmmədlə vidalaşdıq, onu ötürdüm, üzüb Arazı keçdi, mən geri qayıtdım».
İlyas Əfəndiyev, dediyim kimi, Məhəmmədi tez-tez xatırlayırdı, onun çox ağıllı və bacarıqlı olduğunu deyirdi və şübhə etmirdi ki, əgər, salamat qalıbsa, hörmətli bir adam olub.
Sonralar mən Türkiyə səfərlərim zamanı həmişə bu adamı axtarırdım, onun haqqında soraqlaşırdım və nəhayət 90-cı illərin əvvəllərində Türkiyədə yaşayan mühacirlərimizin köməkliyi ilə onun kimliyini müəyyənləşdirə bildim:
mühacirətdəki Azərbaycan milli azadlıq hərəkatının görkəmli xadimlərindən biri – Məmməd Azər Aran.
52-53 illik xəbərsizlikdən sonra gələn bu soraq İlyas Əfəndiyevi çox sevindirdi və ona çox da təsir etdi. Atam, Məmməd Azər Arana məktub yazdı və mən o məktubu ünvanına çatdıra bildim. Mənə deyilənə görə, Məmməd Azər Aran da bu məktuba çox sevinib, sovet rejimindən İlyas Əfəndiyevlə birlikdə qaçmaq istədiklərini təfərrüatı ilə xatırlayıb, ancaq çox da təəssüf ki, o zaman o, artıq ağır Parkenson xəstəliyinə tutulmuşdu və azacıq sonra da vəfat etdi.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Müəllifin digər əsərləri
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.