Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Səhifə 10 / 26 · 35%

Mən onun vəfat etdiyini atama demədim və məktubuna cavabın gəlməməyinə belə bir bəhanə gətirdim ki, ağır xəstədir, deyir, belə bir vəziyyətdə mən İlyasa cavab yazmaq istəmirəm, sağalan kimi Bakıya gedib özüm İlyasla görüşəcəyəm. İlyas Əfəndiyev sidq-ürəkdən gələn bir pərişanlıqla:

– Bəs həkimləri nə deyir?– soruşurdu.

Mən də:

– Deyirlər sağalacaq,– deyirdim.

Sonra İlyas Əfəndiyev özü vəfat etdi...

Türk Kültur Dərgisi «Azərbaycan» 1996-cı il oktyabr nömrəsində yazırdı:

«Bakıdan aldığımız acı xəbər Azərbaycan Kültur Dərnəyi Yönetimi və mənsublarını acılara boğdu.

Azərbaycan Cümhuriyyətinin olduğu qədər, Türk Dünyasının da ən böyük dram yazarlarından biri olan İlyas Əfəndiyev Bakıda Tanrının rəhmətinə qovuşdu.

İlyas Əfəndiyev 72 illik kommunist rus işğalı dönəmində Kommunist partiyasına üzv olmağı rədd edən görkəmli şəxsiyyətlərdən biri idi. O, sovet ordusunun Azərbaycanı işğal etdiyini, Azərbaycan xalqının bir müstəmləkə həyatı yaşadığını gördükdən sonra, mühacirətdə Müsavat Partiyasının rəhbəri olmuş Məmməd Azər Aranla birlikdə Türkiyəyə qaçmağa qərar vermişdir. Lakin son anda atası onun qaçmasına mane olmuşdur».

Bu hadisənin əslində necə olduğunu mən yazdım. «Azərbaycan» dərgisi isə, İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş həmin yazıda Məmməd Azər Aran haqqında da məlumat verir: «Məmməd Azər Aran İrandan keçməklə Türkiyəyə gəlmiş, Hərbi tibb fakültəsinə daxil olmuş və buranı bitirdikən sonra türk ordusunda hərbi həkim kimi xidmət etmişdir. Əsəb xəstəlikləri üzrə mütəxəssis olan Məmməd Azər Aran polkovnik rütbəsinə kimi yüksəlmişdir. O, Türkiyəyə gəldikdən sonra, Müsavat Partiyası sıralarına üzv yazılmış və Məhəmməd Əmin Rəsulzadənin ən mötəbər silahdaşlarından biri olmuşdur. Məmməd Azər Aran, Kərim Odər rəhmətə getdikdən sonra Müsavat Partiyasına rəhbərlik etmişdir».

Orası da yadıma gəlir ki, 60-cı illərin əvvəllərində Türkiyəyə getməyə hazırlaşan Mehdi Hüseyn bir axşam bizə gəlmişdi. O zaman Türkiyəyə getmək, az qala, aya uçmaq kimi bir şey idi, amma atam üçün də, Mehdi Hüseyn üçün də, aya uçmaqdan daha maraqlı və daha arzulanan bir səfər idi. Onda Mehdi Hüseyn zarafatla atama dedi:

– Bəlkə orada sənin o Məhəmmədini də tapdım...

İlyas Əfəndiyev:

– Sən elə özün sağ-salamat qayıt gəl, bəsdi,– dedi.– O boyda Türkiyədə sən Məhəmmədi haradan tapacaqsan?

Sən demə, «o boyda Türkiyədə» Məhəmmədi tapmaq mümkün imiş...

Mən artıq yazdım ki, atamın Mehdi Hüseynlə xüsusi dostluğu var idi (mən ona «Mehdi əmi» deyirdim) və İlyas Əfəndiyev sonralar yazdığı xatirəsində 1939-cu ildə Yazıçılar İttifaqında, elə indiki «Xaqani» 25-dəki binada onunla ilk görüşlərini xatırlayaraq belə yazırdı:

«Mehdi o zaman tanınmış, məşhur yazıçı idi. Mən onun məqalələrini çox oxumuşdum və etiraf eləyim ki, onu (xüsusən, Cəfər Cabbarlı haqqındakı məlum məqalələrinə görə) quru, amansız bir adam kimi təsəvvür edirdim, hətta şəklini qəzetlərdə görəndə onun sərt ifadəli simasına baxıb fikirləşirdim ki, «görəsən bu adam heç gülümsəyirmi»?

İndisə o, açıq, səmimi ifadə ilə gülümsəyən iri qara gözlərilə, şən zarafatıyla birdən-birə mənə başqa cür təsir bağışladı və onda heç bir xudbinlik, yekəxanalıq əlaməti hiss eləməməyim mənə xoş gəldi. İnsanın istər müsbət və istərsə də mənfi hərəkətlərində elə anlar, elə çalarlar olur ki, onlar heç bir zaman unudulmur... Və sanki həmin adamın ruhi aləminə pəncərə açır.

Mehdi Hüseynlə gələcəyin iyirmi beş illik dostluğuna çevriləcək ilk tanıqşlığımız belə oldu».

İlyas Əfəndiyev həmin xatirəsini belə bitirirdi:

«Heyf ki, ədəbiyyatımızın bu unudulmaz xadimi çox yaşamadı. O, bir anın içində qartal kimi uçub əbədiyyətə getdi.

Rəyasət heyətinin iclasında idik. Yazıçılar qurultayına hazırlıq işlərini müzakirə edirdik. Mehdi sədr stolu arxasında ayaq üstə dayanaraq papiros çəkə-çəkə çıxış eləyən hansı yazıçını isə dinləyirdi. Birdən stula əyləşərək başını mizə əyib hərəkətsiz dayandı və Hüseyn Abbaszadə dəhşətlə səsləndi:

– Mehdi getdi ki!

Mən hər dəfə Mehdinin dəniz kənarındakı evinin qabağından keçəndə onun yazda-yayda əyləşib söhbət elədiyimiz balkonuna baxıram və o balkon mənə o qədər kədərli, o qədər kimsəsiz, o qədər yazıq görünür ki, elə bil Mehdi ilə orada keçirdiyimiz vaxtlardan yüz il keçir... Min il keçir...»

İlyas Əfəndiyevin bu cümlələri yazdığı 1988-ci ildə «o vaxtdan» düz iyirmi üç il keçirdi...

Onun üçün dost ayrılığının yüz ilə, min ilə bərabər cəmi iyirmi üç ili...

İlyas Əfəndiyev hərdən söhbət əsnasında bir anlıq fikrə gedib, elə bil ki, özü özündən soruşurdu:

– Mehdinin vəfatından neçə il keçib?

– Beş il...– deyirdim.

Sonra on il.. On beş il... İyirmi il...

Və hər dəfə də İlyas Əfəndiyev aradan keçən bu illərin sürətinə heyrət edirdi... ... İllər eyni sürətlə ötüb gedir...

Və illərin bu ildırım sürətini mən indi Fəxri Xiyabana – İlyas Əfəndiyevin məzarını ziyarətə gedəndə, lap çox, hətta elə bil ki, cismimlə hiss edirəm.

Nə tez gəlib keçdi bu bir il... Bu iki il... Üç il... Dörd il... Beş, altı, yeddi, səkkiz il...

Və o Fəxri Xiyabanda İlyas Əfəndiyevlə Mehdi Hüseyn qonşudu.

Onların arasında təkcə Abdulla Şaiqin məzarıdı və İlyas Əfəndiyev həyatda da Abdulla Şaiqlə qonşu yaşamışdı – «Hüsü Hacıyev» 19 saylı binada eyni blokda: Abdulla Şaiq ikinci mərtəbədə, İlyas Əfəndiyev üçüncü mərtəbədə və fikirləşirəm, nə yaxşı ki, İlyas Əfəndiyev də, Mehdi Hüseyn də Abdulla Şaiqə sidq-ürəkdən gələn bir ehtiram bəsləyirdilər.

İlyas Əfəndiyev 1971-ci ildə Abdulla Şaiq haqqında «Unudulmaz yazıçı, böyük humanist» adlı bir esse yazmışdı (Bax: «Kommunist» qəzeti, 5 may 1971), bir ildən sonra yenə həmin essenin üzərinə qayıtdı (adətən, heç vaxt haçansa yazdığını təzədən işləməzdi, heç təzədən oxumazdı da), onu tamam yenidən işləyib, əlavələr edib çap etdirdi («Böyük humanist», «Azərbaycan» jurnalı, №3, 1972).

O essedə İlyas Əfəndiyev yazırdı:

«Vəfatından bir qədər əvvəl bir dəfə mən küçədə təsadüfən ona rast gəldim. Salamdan sonra:

– Necəsiz, Şaiq müəllim?– deyə soruşdum.

O özünəməxsus bir mülayimliklə gülümsəyərək:

– Qocalıqla, xəstəliklərlə mübarizə aparıram,– dedi.

Mən:

– Həmişə qalib olun,– dedim,– görünüşünüz yaxşıdır.

– Təki olsun,– deyə zarafatla cavab verib öz xatirələrini yazmaqda olduğunu söylədi.

Mən onun arıq, nurlu çöhrəsinə baxaraq hiss edirdim ki, yarım əsrdən artıq öz xalqı üçün böyük işlər görmüş bu şərəfli insan yenə nə isə, xeyirli bir iş görmək, oxucularına lazımlı bir söz demək istəyir. Onun artıq geridə qalmış ləyaqətli ömrünün bir daha geriyə qayıtmayacağı məni kədərləndirirdi.»

Həmin «şərəfli insan», «ləyaqətli ömür» sahibi indi İlyas Əfəndiyevlə Mehdi Hüseynin arasında, onlarla eləcə kədərli bir qonşuluqdadı...

Heç nə geriyə qayıtmayacaq...

...İlyas Əfəndiyevin yaxın dostlarından biri də Adil İsgəndərov idi.

«İntizar»dan sonra İlyas Əfəndiyev ilk müstəqil pyesini – «İşıqlı yollar»ı yazmışdı və 1947-ci ildə Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş bu tamaşanın quruluşçu rejissoru Adil İsgəndərov idi, bir il sonra, 1948-ci ildə Adil İsgəndərov həmin teatrda «Bahar suları»na quruluş verdi və ümumiyyətlə, İlyas Əfəndiyev həmişə deyirdi ki, məni teatra Adil gətirdi. İlyas Əfəndiyev yazırdı:

«Mən neftçilərin həyatından yazacağım pyesin (söhbət «İşıqlı yollar»dan gedir.– E.) süjetini təxmini olaraq Adilə nağıl elədim. O diqqətlə qulaq asıb, öz qeydlərini, arzularını da dedi. Mən birinci dəfəydi ki, Adil İsgəndərovla müstəqil yaradıcılıq işinə başlayırdım. Mənim düşündüyüm, qısa ştrixlərlə təsvir elədiyim surətləri onun dərhal necə aydın duyduğunu, hətta bəzən onun necə vəcdə gəldiyini hiss edirdim. Və bu cəhət, yaradıcılıqda təbiətən vasvası olan məni ruhlandırdı. Mən onun necə gözəl tamaşalar verdiyini görmüşdüm. Buna görə də, indi fikirlərimin onu necə maraqlandırdığını hiss etməyim mənim dramaturgiya sahəsində özümə inamımı artırırdı».

Görünür, onların gələcək dostluğunun da bünövrəsində bir-birilərini beləcə «dərhal» anlamaq dayanırdı və bu dostluq zamanın sınağından çıxmış bir dostluq idi.

İş belə gətirmişdi ki, Adil İsgəndərov «Bahar suları»ndan sonra İlyas Əfəndiyevin başqa bir əsərinə quruluş verməmişdi. 1948-ci ildən sonra «Atayevlər ailəsi» pyesini 1954-cü ildə Adil İsgəndərovun razılığı ilə o zaman yeni fəaliyyətə başlamış Tofiq Kazımov tamaşaya qoymuşdu, onillik fasilədən sonra «Sən həmişə mənimləsən» yazılanda isə, Adil İsgəndərov artıq çox haqsız bir surətdə teatrdan uzaqlaşdırılmışdı.

Ancaq Adil İsgəndərov teatrda olanda da, olmayanda da, İlyas Əfəndiyevin Sona xanımın makinasından çıxmış yeni əsərlərinin əlyazmalarının ilk oxucularından biri olurdu. Və vacib deyildi ki, pyes olsun,– İlyas Əfəndiyev yeni hekayələrini, povest və romanlarını da hələ çapdan əvvəl oxuyub fikir deməsi üçün Adil İsgəndərova verirdi və Adil müəllim də o əlyazmalarını həmişə maraqla qarşılayırdı, onları çox ciddi oxuyurdu, axşam bizdə çay içə-içə fikrini deyirdi, qeydlərini bildirirdi və belə bir ənənə yaranmışdı ki, sonra da köhnə «İnturist»in restoranına gedirdilər. İlyas Əfəndiyev evdən çıxanda deyirdi:

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 dəq
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 dəq
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 dəq
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 dəq

Başqa şairlərin şeirləri