Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Səhifə 17 / 26 · 62%

Sonuncu tamaşa göstərilərkən, artıq İlyas Əfəndiyevin vəfatından 44 gün keçmişdi...

Bu tamaşaların, demək olar ki, hamısı tamaşaçılar tərəfindən böyük maraq və hərarətlə qarşılanıb və orasını da deyim ki, İlyas Əfəndiyevin tamaşaları, demək olar ki, həmişə anşlaqla gedirdi.

Akademik Milli Dram Teatrının arxivində qorunub saxlanmış məlumatlar əsasında İlyas Əfəndiyevin həmin teatrdakı tamaşalarının sayı barədə bəzi rəqəmləri oxuculara təqdim etmək istəyirəm:

«Unuda bilmirəm» – 424 dəfə (müxtəlif bölgələrə qastrollarla birlikdə 500-dən çox); «Büllur sarayda» – 304 dəfə (qastrollarla bərabər 400-dən çox); «Qəribə oğlan» – 285 dəfə (qastrollarla bərabər 300-dən çox); «Sən həmişə mənimləsən» – 143 dəfə (qastrollarla birlikdə 250-dən çox); «Xurşid banu Natəvan» – 106 dəfə (qastrollarla birlikdə 150-dən çox); «Bizim qəribə taleyimiz» – 103 dəfə (qastrollarla birlikdə 140-dan çox); «Dəlilər və ağıllılar» – 103 dəfə (qastrollarla birlikdə 130-dan çox)

Və s.

Bu tamaşaların səhnə ömrünə nəzər salaq:

«Unuda bilmirəm» – 1 noyabr 1968-ci ildə tamaşaya qoyulub, son tamaşası isə 4 iyul 1985-ci ildə göstərilib. 17 il fasiləsiz repertuarda olub.

«Qəribə oğlan» – 8 aprel 1973-cü ildə tamaşaya qoyulub, son tamaşası 8 yanvar 1988-ci ildə göstərilib. 15 il fasiləsiz repertuarda olub.

«Mahnı dağlarda qaldı» – 12 fevral 1972-ci ildə tamaşaya qoyulub, son tamaşası isə 23 sentyabr 1983-cü ildə göstərilib. 13 il fasiləsiz repertuarda olub.

Və s., onun 3-4 ildən az repertuarda olan tamaşası, demək olar ki, yoxdur.

Bir neçə il bundan əvvəl, «İlyas Əfəndiyev teatrı»nın istedadlı tədqiqatçılarından biri olan İlham Rəhimli yazırdı: «Azərbaycan teatrının 123 illik tarixində ona xidmət edən yüzlərlə milli dramaturqlarımız olub. Ancaq onların arasında öz teatrını yaradan, öz səhnə estetikasını müəyyənləşdirən, öz poetika göstəricilərini müəyyənləşdirən dramaturqlar çox azdır: Mirzə Fətəli, Mirzə Cəlil, Cəfər Cabbarlı, Əbdürrəhim bəy, Hüseyn Cavid... Bu siyahıda İlyas Əfəndiyevin adı ən ləyaqətli yerlərdən birini tutur. «İlyas Əfəndiyev teatrı» son otuz ilin milli səhnə fəaliyyətinin tənzimləyicisi, mənəvi-əxlaqi problemlərin bədii təcəssümçüsü, yeni teatr poetikasının müəyyənləşdiricisi, təzə aktyor nəslinin formalaşdırıcısı olub.»

İlyas Əfəndiyev və teatr mövzusu ilə bağlı bu kiçik qeydləri bitirmək istərkən bir epizod yadıma düşdü. Təxminən iki il bundan əvvəl, soyuq bir qış axşamı Akademik Milli Dram Teatrının o zamankı direktoru və bədii rəhbəri Həsənağa Turabovun iş kabinetində idim. Rəhmətlik Eldəniz Zeynalov kabinetə girdi və məni görəndə özünü saxlaya bilməyib qucaqladı və dolmuş bir halda:

– İlyas müəllimdən sonra, teatr yetim qalıb!.. Hamımız yetim qalmışıq!..– dedi.

Mən bu kiçik (amma heç vaxt mənim yadımdan çıxmayacaq!) epizodu ona görə xatırladım ki, əgər səhv etmirəmsə, Eldəniz Zeynalov İlyas Əfəndiyevin yalnız bir əsərinin – «Dəlilər və ağıllılar» – tamaşasında epizodik Ağadadaş Nəcəfov rolunda Hacı İsmayılovun dublyoru olub və o da İlyas Əfəndiyevsiz teatrda özünü yetim hiss edirdi...

Və nəhayət «İlyas Əfəndiyev və teatr» mövzusu ilə bağlı bir faktı da demək istəyirəm, çünki bu fakt da İlyas Əfəndiyevin şəxsiyyəti, xasiyyəti, düşüncənin hansı sferalarında yaşaması barədə az söz demir: o, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü deyildi...

Və həmin İttifaqa üzv olmaq üçün İlyas Əfəndiyevdən zəmanət almaq istəyən cavan (və qeyri-cavan!) dramaturqlar, ümumiyyətlə, teatr sənəti ilə bağlı olan adamlar bu faktı biləndə mat qalırdılar...

7

Oxucuların yaxşı tanıdığı nasir İlyas Əfəndiyevlə, dramaturq İlyas Əfəndiyevlə bərabər, uzun onilliklər boyu tənqidçi İlyas Əfəndiyev də daima Söz demiş, Sözün təəssübünü çəkmişdir.

Doğrusunu deyim ki, İlyas Əfəndiyevin məqalələrini müxtəlif illərdə ayrı-ayrılıqda oxusam da, onun «Seçilmiş əsərlər»inin yeni nəşrini çapa hazırlayarkən, həmin məqalələri bir yerdə, bir toplu şəklində oxuduqda, mən maraqlı bir faktla qarşılaşdım: söhbət ədəbiyyatın aktual problemləri ilə bağlı və ardıcıl surətdə məqalələr yazan yazıçı İlyas Əfəndiyevdən yox, professional nasir, professional dramaturq kimi, professional da tənqidçi İlyas Əfəndiyevdən gedir.

Bu məqalələrin elmi-nəzəri səviyyəsi, bədii-estetik maraqları güdmək ehtirası, mövzu genişliyi, təhlil obyekti seçilən əsərlərin janr müxtəlifliyi bu fikri söyləməyə əsas verir və bu mənada İlyas Əfəndiyev XX əsrdə bizim yazıçı-tənqidçi müştərəkliyini qələmində üzvi şəkildə birləşdirən sənətkarlarımızdan biridir.

İlyas Əfəndiyevin məqalələrini xronoloji ardıcıllıqla oxuduqda, professionallığa aparan elmi-nəzəri xəttin necə formalaşmasının, necə sabitləşməsinin əyani şahidi oluruq.

Onun ilk məqaləsi – «Bataqlıq soldatları» adlı film haqqında Ə.Bəbirlə birlikdə yazdığı resenziya «Yeni yol» qəzetinin 14 dekabr 1938-ci il sayında çap olunub və həmin məqalə, ümumiyyətlə, İlyas Əfəndiyevin mətbuatda çıxmış ilk yazısıdır.

Orası da, yəqin, maraqlı (və əlamətdar!) bir cəhətdir ki, bu ilk yazıdan sonra, İlyas Əfəndiyevin «Ədəbiyyat qəzeti»ndə dərc olunmuş ilk müstəqil məqaləsi Milli Dram Teatrımızın səhnəsində tamaşaya qoyulmuş «Müsibəti-Fəxrəddin» tamaşası haqqında resenziyadır; bu mənada maraqlıdır ki, gənc yazıçı ilk müstəqil tənqidi fikrini gələcək yaradıcılıq həyatının (və ümumiyyətlə, həyatının) 1944-cü ildə «İntizar»ın tamaşasından sonrakı 52 ili ilə ən sıxı surətdə bağlı olacaq bir sənət ocağı haqqında söyləmişdir.

Bu məqaləni mən 60-cı illərin ikinci yarısında mətbuatı araşdırarkən tapıb oxumuşdum və 30 ildən sonra – vəfatından bir-iki il əvvəl mən, «Müsibəti Fəxrəddin» tamaşası haqqında yazılmış bu ilk müstəqil məqaləsini İlyas Əfəndiyevin yadına saldım və soruşdum ki, necə oldu, bu ilk məqalə o teatrdan bəhs etdi?

İlyas Əfəndiyev:

– Yəqin təhtəlşüur olub... – dedi.

Və biz fikir versək, görərik ki, Akademik Milli Dram Teatrının, qismən də başqa teatrların tamaşaları haqqında, daha geniş götürsək isə, ümumiyyətlə, teatr, dramaturgiya və kino problematikası İlyas Əfəndiyevin ədəbi tənqidində çox mühüm yer tutur.

Yəqin bu da təsadüfi deyil ki, Azərbaycan yazıçılarının II Qurultayına (1954) və III Qurultayına (1958) dramaturgiya haqqında məruzələri İlyas Əfəndiyev etmişdir və onun, həmin məruzələrin əsasında yazdığı «Müasir dramaturgiyamız», «Son illərdəki dramaturgiyamız haqqında», eləcə də «Cavan dramaturqlar» və s. kimi sanballı məqalələri, «Yağışdan çıxdıq, yağmura düşdük»dən, yaxud «Kəndçi qızı»ndan tutmuş, «Antoni və Kleopatra», yaxud «Fırtına»yacan bir çox tamaşalar haqqında geniş və ciddi resenziyaları, teatr xadimləri barədə esseləri bir tərəfdən Azərbaycan teatr sənətinin, digər tərəfdən isə Azərbaycan sənətşünaslığının inkişafında, yüksək bədii-estetik meyarların formalaşmasında az rol oynamamışdır.

Ancaq eyni zamanda, Azərbaycan nəsri və poeziyası da, İlyas Əfəndiyev ədəbi tənqidinin əsas mövzuları idi və bu yerdə söhbət yalnız həmin məqalələrin kəmiyyət göstəricilərindən getmir – bu, öz yerində (onun 150-yə qədər məqaləsi və sırf ədəbiyyat və sənət problemlərindən bəhs edən 40-a yaxın müsahibəsi çap olunmuşdur), söhbət, bəlkə də, daha artıq dərəcədə ondan gedir ki, bütün bu janrlar İlyas Əfəndiyev üçün ədəbiyyat haqqında, sənət haqqında, daha geniş götürsək, mədəniyyət və mənəviyyat haqqında fikirlərini söyləmək üçün eyni dərəcədə münbit zəmin yaradırdı.

Tənqidçi Şamil Salmanov yazır: «Hər bir böyük yazıçı kimi, İlyas Əfəndiyev də öz dövrünün ədəbi prosesinə, ədəbi düşüncəsinə qüvvətli təsir göstərmiş sənətkarlardandır.»

Bu fikrə yalnız onu əlavə etmək olar ki, həmin «qüvvətli təsir»də İlyas Əfəndiyevin qələmi sırf tənqidçi qələmi kimi də ciddi rol oynamışdır.

İlyas Əfəndiyevin bədiiliyə münasibəti və bu münasibətdən doğan estetik tələbatı hələ gənc yaşlarından etibarən dəqiq və aydın idi.

O, 1945-ci ildə, müharibənin yenicə bitdiyi günlərdə «Ədəbiyyat qəzeti»ndə çap etdirdiyi «Yüksək sənət uğrunda» adlı məqaləsində dövrün (hakim və qorxunc sovet – Stalin ideologiyasının!) ən çox təbliğ etdiyi və bir çox istedadsız «yazıpozuçuların», sırf bədii-estetik tələblər qarşısında polad qalxanına, zirehli əbasına çevrilmiş müqəvva «müsbət qəhrəman»la bağlı yazırdı:

«Həyatda tez-tez, bəlkə də, hər gün təsadüf etdiyimiz adamı biz, təəssüf ki, hekayə və romanlarımızda ya heç görmürük və ya görsək də, sevə bilmirik. Çünki müəllif onu hadisələrin təbii gedişində deyil, havadan asılı vəziyyətdə saxlamağa, qəsdən «yaxşı» göstərməyə çalışır, başını tumarlayır, yerli-yersiz ona «həkimanə sözlər» dedirtməyə cəhd edir. Bu «həkimanə sözlər» neçə yüz il bundan qabaq dəfələrlə deyilmişdir. Müəllif insanın mürəkkəb daxili aləmini, onun saysız-hesabsız ziddiyyətlərini unudaraq, qəhrəmanın hər bir hərəkətini «yaxşılıq», «əlalıq» kimi qələmə verir. Yazıq adam, Balaşın ölü paltarı geymiş atasının vəziyyətinə düşür, quruyub qalır, boynunu belə tərpədə bilmir. Sonra müəllif, metaldan qayrılmış mexaniki adamı radio ilə idarə etdikləri kimi, öz qəhrəmanını başlayır hərəkət etdirməyə: «Sağa dön! Filankəsə bax! Burada əxlaq barəsində nitq irad et!»

Nəticədə belə olur ki, oxucu müəllifin hamıya çoxdan məlum olan çeynənmiş sözlərini «mexaniki qəhrəmanın» ağzından eşidərkən əsnəməyə başlayır və axırda yadında heç nə qalmır.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 dəq
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 dəq
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 dəq
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 dəq

Başqa şairlərin şeirləri