İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Səhifə 16 / 26 · 58%
İlyas Əfəndiyevin uşaqlıq dövründə gördüyü və dediyim kimi, sonralar tez-tez xatırladığı həvəskar teatr fədailərinin böyük əksəriyyəti repressiyaların qurbanı olmuş, güllələnmiş, Sibir çöllərinin gedib-qayıtmazlarında itib-batmışdı, salamat qalanlar isə müharibədən qayıtmamışdı və həmin 48-49-cu illərdə o «köhnə qvardiya»dan yanlız Mürşüd Haşımlı – artıq professional əməkdar artist 20-25 il əvvəllərdə olduğu kimi, Qara Keşişi oynayırdı.
Əlbəttə, İlyas Əfəndiyevin teatrla bağlılığı öz başlanğıcını Füzulidəki o kiçik dram dərnəyindən götürmüşdü, amma, eyni zamanda, mən düşünürəm ki, «İlyas Əfəndiyev teatrı»nı yaradan bədii-estetik xüsusiyyətlərin də bünövrəsi elə o dərnəyin sənət ehtirasında, daimi yenilik axtarışlarında, eksperimentlərdən çəkinməməsində qoyulmuşdur.
«İlyas Əfəndiyev teatrı» uzun fasilədən sonra, Azərbaycan teatrına insani hisshəyəcanların bədii ifadəsini gətirdi və yalnız gətirmədi, onları ön plana çəkdi, hər cürə ideoloji şüarçılığı insan psixologiyasının lirik təqdimatı ilə əvəz etdi, sovet dövründəki hakim ideologiyanın yaratdığı sosializm realizmi estetik təmayülünün ziddinə olaraq yaxşıya şirə qatmadı və pisi də gizlətmədi, həyatı bünün mürəkkəbliyi, ziddiyyəti ilə səhnəyə çıxartdı və parlaq istedada malik aktyor nəsillərini yetişdirdi.
Azərbaycan teatrının 37-ci ilin cəhənnəmindən (İlyas Əfəndiyev bu «teatr cəhənnəmini» «Sevgililərin cəhənnəmdə vüsalı» faciəsində təsvir edib) salamat qurtarmış Azərbaycan səhnəsinin, demək olar ki, bütün böyük aktyorları, yaşlı nəslin nümayəndələri İlyas Əfəndiyevin əsərlərində oynamışlar və yəqin ki, oxucular üçün maraqlı olacağını düşünüb, mən, aşağıdakı siyahını tərtib etdim:
Mirzəağa Əliyev – Zeyniş («İntizar»), Babadayı («İşıqlı yollar»), Sidqi Ruhulla – Alxasbəy («İntizar»), Ağasadıq Gəraybəyli – Alxasbəy («İntizar»), Vasilyev («İşıqlı yollar»), Nəcəf («Bahar suları»), Qoca knyaz («Xurşid banu Natəvan»), Əli Qurbanov – Fərrux Haşımzadə («İntizar»), Babadayı («İşıqlı yollar»), Qalmağal Mədəd («Bahar suları»), Mustafa Mərdanov – Cəfər («İntizar»), Kərim («İşıqlı yollar»), Sadıq Sadıqov («Atayevlər ailəsi»), Əjdər Sultanov – Tofiq («İntizar»), Zəfər («Bahar suları»), Xosrov Atayev («Atayevlər ailəsi»), İsmayıl Osmanlı – Fərrux Haşımzadə («İntizar»), Kefli Bəşir («Bahar suları»), Səxavət («Mənim günahım»), Məmmədəli Vəlixanlı – Zeyniş («İntizar»), Hökumə Qurbanova – Sürəyya («İntizar»), Gülara («İşıqlı yollar»), Şəfəq («Bahar suları»), Lətifə («Atayevlər ailəsi»), Möhsün Sənani – Cəfərqulu («İşıqlı yollar»), Xan Murad («Bahar suları»), Q.Topuriya – Göhər xanım («İntizar»), Süleyman Tağızadə – Qambay («İntizar»), İsmayıl Dağıstanlı – Qambay («İntizar»), Elmar («İşıqlı yollar»), Tahir («Mənim günahım»), Böyük bəy («Mahnı dağlarda qaldı»), Ələsgər Ələkbərov – Alxan («Bahar suları»), Sona Hacıyeva – Gülyaz («İntizar»), Səadət (Bahar suları»), Əli Zeynalov – Səlim («İşıqlı yollar»), İldırım Atayev («Atayevlər ailəsi»), Həsənzadə («Sən həmişə mənimləsən»), Sahib («Mənim günahım»), Leyla Bədirbəyli – Lalə («İşıqlı yollar»), Mehriban («Atayevlər ailəsi»), Nurcahan («Mənim günahım»), Fəxrəndə xanım («Mahnı dağlarda qaldı»), Barat Şəkinskaya – Turac («Bahar suları»), Dilşad («Atayevlər ailəsi»), Mirvari Novruzova – Gülyaz («İntizar»), Turac («Bahar suları»), Gözəl («Mənim günahım»), Yeva Olenskaya – Narıngül («Bahar suları»), Əminə Sultanova – Göhər xala («İntizar), Ballı xala («Bahar suları»), Məlik Dadaşov – Ziya Şahsuvarov («Atayevlər ailəsi»), Həsənağa Salayev – Laçın («İşıqlı yollar»), Ağahüseyn Cavadov – Usta Fayiz («İşıqlı yollar»), Almurad («Mənim günahım»), Sofa Bəsirzadə – Reyhan («Atayevlər ailəsi»), Səadət xanım («Unuda bilmirəm»), Cəvahir xanım («Büllur sarayda»), Məmmədrza Şeyxzamanov – Mövsümzadə («Unuda bilmirəm»), Barsuq («Qəribə oğlan»), Həsənalı («Mahnı dağlarda qaldı»), Əliağa Ağayev – Dadaş («Qəribə oğlan»), Nəcibə Məlikova – Məlahət («Qəribə oğlan»), Qönçə («Büllur sarayda») və başqa sənətkarlar.
Və aktyor oyunu baxımından belə bir zəngin təcrübəyə malik «İlyas Əfəndiyev teatrı», yuxarıda yazdığım kimi, yeni sənətkarlar nəsli yetişdirdi.
Ədəbi tənqidin də, bu sənətkarların özlərinin də dəfələrlə yazdıqları, dedikləri kimi, 60-cı illərdə və sonralar sənətə gəlmiş Həsənağa Turabov, Amalya Pənahova, Şəfiqə Məmmədova, Əlabbas Qədirov, Kamal Xudaverdiyev, Hamlet Xanızadə, Səməndər Rzayev, Hamlet Qurbanov, Səyavuş Aslan, Mikayıl Mirzə, Səfurə İbrahimova, Vəfa Fətullayeva, Fuad Poladov, Yaşar Nuri, Bəsti Cəfərova, Rəfael Dadaşov, Firəngiz Mütəllimova, Nurəddin Mehdixanlı, Ramiz Məlikov və başqa istedadlı aktyorlarımızın yetişməsində, onların sənətinin formalaşmasında, eləcə də Azərbaycan teatr rejissorluğunun, teatr tərtibatının, teatr musiqisinin inkişafında «İlyas Əfəndiyev teatrı»nın böyük, bir çox məqamlarda isə həlledici rolu olmuşdur.
Və bu proses bu gün də davam edir.
Vaqif Yusifli 2002-ci ildə yazır: «Bu gün belə bir etiraf bəlkə daha ucadan səslənməlidir: İlyas Əfəndiyev Cəfər Cabbarlıdan sonra Azərbaycan dramaturgiyasına yeni bir üslub və nəfəs gətirdi, onun pyesləri uzun illər teatrımızın repertuar siyasətində mühüm rol oynadı. «İlyas Əfəndiyev teatr məktəbi» öz missiyasını indi də davam etdirir: lirik-psixoloji üslub tərzi, həyatın, gerçəkliyin zərif, incə hisslərlə təqdimi, gözəlliyin, həyat poeziyasının bədii-estetik təsdiqi İlyas Əfəndiyevdən sonra da davam edir. «İlyas Əfəndiyev teatr məktəbi» məkanında formalaşan rejissorlar, onun pyeslərinin «qəhrəmanı» olan aktyorlar indi də o böyük sənətkarı minnətdarlıqla xatırlayırlar».
Bu yerdə mən, bir unikal faktı xatırlamaq istəyirəm: İlyas Əfəndiyevin təkcə bir teatrın – Akademik Milli Dram Teatrının səhnəsində 19 pyesi tamaşaya qoyulmuşdur və bu, müasir dünya teatr tarixində analoqu olmayan bir hadisədir.
Həmin tamaşalar bunlardır:
«İntizar» (Mehdi Hüseynlə birlikdə yazılıb) – ilk tamaşası 26 dekabr 1944-cü ildə oynanılıb. Quruluşçu rejissoru Səftər Turabov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Əfrasiyab Bədəlbəyli idi.
«İşıqlı yollar» – ilk tamaşası 19 iyul 1947-ci ildə oynanılıb. Quruluşçu rejissoru Adil İsgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Bədurə Əfqanlı, bəstəkarı Fikrət Əmirov idi.
«Bahar suları» – ilk tamaşası 11 dekabr 1948-ci ildə oynanılıb. Quruluşçu rejissoru Adil İsgəndərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, geyim eskizlərinin müəllifi Bədurə Əfqanlı, bəstəkarı Səid Rüstəmov idi.
«Atayevlər ailəsi» – (ilk tamaşası 9 oktyabr 1954-cü ildə oynanılıb).
Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sadıq Şərifzadə, bəstəkarı Niyazi idi. (Həmin tamaşa yenidən bərpa olundu və 4 dekabr 1960-cı ildə ilk tamaşası göstərildi.)
«Sən həmişə mənimləsən» – 14 noyabr 1964-cü ildə oynanıldı. Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Elçin Aslanov, bəstəkarı Fikrət Əmirov idi.
«Mənim günahım» – ilk tamaşası 5 may 1967-ci ildə oynanıldı. Quruluşçu rejissoru Əşrəf Quliyev, quruluşçu rəssamı Böyükağa Mirzəzadə, bəstəkarı Sultan Hacıbəyov idi.
«Unuda bilmirəm» – ilk tamaşası 1 noyabr 1968-ci ildə oynanıldı. Quruluşçu rejissoru – Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı Emin Sabitoğlu idi.
«Məhv olmuş gündəliklər» – ilk tamaşası 29 noyabr 1969-cu ildə oynanıldı. Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Sənan Qurbanov, bəstəkarı Emin Sabitoğlu idi.
«Mahnı dağlarda qaldı» – ilk tamaşası 12 fevral 1971-cti ildə oynanılıb.
Quruluşçu rejissoru Əliheydər Ələkbərov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Süleyman Ələsgərov idi.
«Qəribə oğlan» – ilk tamaşası 17 fevral 1973-cü ildə oynanılıb. Quruluşçu rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı Nüsrət Fətullayev, bəstəkarı Emin Sabitoğlu idi.
«Bağlardan gələn səs» – ilk tamaşası 1 oktyabr 1975-ci ildə oynanılıb.
Quruluşçu rejissoru Tofiq Kazımov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi.
«Xurşid banu Natəvan» – ilk tamaşası 11 sentyabr 1981-ci ildə oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Elçin Aslanov, bəstəkarı Arif Məlikov idi.
«Büllur sarayda» – ilk tamaşası 17 sentyabr 1983-cü ildə oynanılıb. Quruluşçu rejissoru Ağakişi Kazımov, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Oqtay Kazımov idi.
«Şeyx Məhəmməd Xiyabani» – ilk tamaşası 20 dekabr 1986-cı ildə oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, musiqisi isə seçmə tərtibatlı idi.
«Bizim qəribə taleyimiz» – ilk tamaşası 9 aprel 1988-ci ildə oynanılıb.
Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Solmaz Haqverdiyeva, bəstəkarı Emin Sabitoğlu idi.
«Sevgililərin cəhənnəmdə vüsalı» – ilk tamaşası 21 aprel 1989-cu ildə oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rasim Nəzirov, bəstəkarı Cavanşir Quliyev idi.
«Tənha iydə ağacı» – Akademik Milli Dram Teatrı təmirdə olduğu üçün, ilk tamaşa 6 mart 1991-ci ildə Respublika Sarayında oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Cavanşir Quliyev.
«Dəlilər və ağıllılar» – Akademik Milli Dram Teatrının təmiri uzandığı üçün, ilk tamaşa 9 noyabr 1992-ci ildə Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində oynanılıb. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı Rafiq Abdullayev, bəstəkarı Vasif Adıgözəlov idi. Bu tamaşa İlyas Əfəndiyevin özünün gördüyü sonuncu premyera idi.
«Hökmdar və qızı» – altı il çəkən təmirdən sonra Akademik Milli Dram Teatrı 1996-1997-ci il teatr mövsümünü ilk tamaşası 17 noyabr 1996-cı ildə oynanılan bu əsərlə açdı. Quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqisinin tərtibatında isə Vasif Adıgözəlovun və Polad Bülbüloğlunun əsərlərindən istifadə olunmuşdu.
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Müəllifin digər əsərləri
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.