Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5
  6. 6
  7. 7
  8. 8
  9. 9
  10. 10

Səhifə 7 / 26 · 23%

Onun son əsəri – bu gün sizin təqdim etdiyiniz əsər həyatımız üçün çox əhəmiyyətlidir. Bu gün salonda üç saatdan artıq vaxt çox tez gəlib keçdi. Yeni tamaşa o qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız o dərəcədə gözəl ifa etdiniz, salonda oturanlara bu əsəri gözəl çatdırdınız,– o cümlədən mənə də, – heç hiss etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki, birincisi – əsərin həsr olunduğu mövzu çox aktualdır, çox vacib bir mövzudur. Bu əsərlə İlyas Əfəndiyev yeni bir xidmət edibdir, bizim tariximizin o dövrünü açıb xalqımıza göstəribdir...» («Azərbaycan» qəzeti, 23 sentyabr 1997.)

Mən, yenə də bayaqkı mövzuma qayıdıram.

Yadıma gəlir, «Körpüsalanlar» povestini İlyas Əfəndiyev 1959-cu ilin sonunda yazıb bitirmişdi və unudulmaz Sona xanımın – mən gözümü açandan Yazıçılar İttifaqında işləyən və İlyas Əfəndiyevin ərəb əlifbası ilə xəttini oxuyan yeganə makinaçının çap etdiyi əlyazmanın ilk oxucusu mən oldum. O zaman 10-cu sinifdə oxuyurdum və «Körpüsalanlar»ın romantikası, o əsərdəki lirika, psixoloji məqamlar mənə çox təsir etmişdi, hətta o qədər təsir etmişdi ki, bunu atamdan gizlətməyə çalışırdım...

İlyas Əfəndiyev «Körpüsalanlar»ı da, başqa əsərləri kimi, əvvəlcə «Azərbaycan» jurnalına vermək istəyirdi.

Ancaq hər şey başqa cür oldu.

O zaman ən nüfuzlu qəzet Azərbaycan Kommunist Partiyasının orqanı olan «Kommunist» qəzeti idi və o qəzetin redaktoru rəhmətlik İsrafil Nəzərov həmin ərəfədə İlyas Əfəndiyevdən qəzet üçün bir yazı istədi. İlyas Əfəndiyev isə ayrıca bir yazı yazmağa vaxtı və həvəsi olmadığı üçün, «Körpüsalanlar»dan kiçik bir parça seçib ona göndərdi (orası da yadımdadı ki, həmin parçanı mən aparıb İsrafil Nəzərovun katibəsinə verdim).

Bir gündən sonra, İsrafil Nəzərov dedi ki, parça çox xoşuna gəlib və povestin hamısını oxumaq istəyir. İlyas Əfəndiyev əsəri ona göndərdi və təxminən on-on beş gündən sonra İsrafil Nəzərov İlyas Əfəndiyevə telefon açdı, dedi ki, bütün redaksiya heyəti povesti oxuyub, çox xoşlarına gəlib və qərara alıblar ki, əsəri nömrədən nömrəyə əvvəldən axıracan çap etsinlər.

Bu, o zaman üçün çox əlamətdar bir hadisə idi, çünki «Kommunist» qəzeti o vaxta qədər belə böyük əsər dərc etməmişdi, belə bir ənənə yox idi.

Beləliklə, 1960-ci ilin 7 sentyabrından başlayaraq, «Körpüsalanlar»

«Kommunist» qəzetində çap olunmağa başladı və oxucular arasında geniş əks-səda doğurdu.

İlyas Əfəndiyev Füzulidə coğrafiya müəllimi işləyəndə, onunla birlikdə Qulam adlı bir müəllim də eyni məktəbdə dərs deyib və onlar yaxın dost olublar. Sonra rayonun «təşəbbüskar bolşevikləri» Qulam müəllimi «xalq düşməni» kimi ifşa edir və onu Sibirə göndərirlər. Mən uşaq vaxtı evimizdə Qulam müəllim haqqında çox eşitmişdim: «Görəsən, başına nə iş gəldi? Sağdı? Yoxsa güllələyiblər?» – nənəmin, atamın, Qulam müəllimin şagirdi olmuş kiçik bibim Nəzihənin o pıçıltısını, elə bil, indi də eləcə eşidirəm. 1956-cı ilin mənim üçün tamam heyrətamiz bir günündə Sibirdən sağ-salamat qayıtmış Qulam müəllim birdən-birə bizim qapımızı döydü...

Deyəsən, qələm məni yenə başqa istiqamətə aparır...

Uzun sözün qısası, Sibirdə sağlamlığını tamam itirmiş, çox zəifləmiş Qulam müəllim uzun müddət özünə bab bir iş tapa bilmədi, atam o zaman Mədəniyyət naziri işləyən Məmməd Qurbanovdan xahiş etdi, Qulam müəllim nəsə bir işə düzəldi, amma orada da çox işləyə bilmədi, axırda Bakıdakı qəzet köşklərindən birində satıcı işləməyə başladı və o rəhmətlik həmişəki kimi, həmin 1961-ci ilin sentyabr ayında da fasilə vaxtı tez-tez bizə gəlirdi və Bilqeyis xanımın açdığı balaca nahar süfrəsinin arxasında oturub «Körpüsalanlar»a qədər köşkdə yatıb qalan «Kommunist» qəzetinin səhər-səhər yarım saatın içində satılıb qurtardığını, camaatın isə, elə hey «Kommunist» qəzeti istədiklərini xüsusi bir ləzzətlə danışırdı.

Ancaq on üç nömrədən sonra, əsər yarıya çatmış, sentyabrın 21-də qəzet birdən-birə elan dərc etdi ki, povestin çapını dayandırır.

Bu – İlyas Əfəndiyev üçün həm gözlənilməz oldu, həm də əsərin beləcə yarımçıq qalması, təbiidir ki, ona ağır təsir etdi.

Sonra məlum oldu ki, povestin çapı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun tapşırığı ilə dayandırılıb və bu hadisə İsrafil Nəzərovun özünü də çox pərt edib. Orasını da deyim ki, İlyas Əfəndiyevlə İsrafil Nəzərovun cavan yaşlarından etibarən istiqanlı münasibətləri var idi.

Yadıma gəlir, həmin sentyabr axşamlarından birində İsrafil Nəzərov, İlyas Əfəndiyevə ürək-dirək vermək üçün bizə gəldi, oturub bir az yeyib-içdilər və iş elə gətirdi, söhbət elə alındı ki, İlyas Əfəndiyev özü İsrafil Nəzərova ürək-dirək verməyə başladı...

Bir müddət keçdikdən sonra, Azərbaycan mətbuatında «Körpüsalanlar»a qarşı Stalinin ölümündən sonra Azərbaycan ədəbi həyatında misli görünməmiş bir cəhalət hücumu kompaniyası və həmin kompaniyanın yaratdığı ajiotaj başladı: əsərin bədii-estetik cəhətləri qaldı bir tərəfdə və Stalin dövrünə məxsus bir vulqar-sosioloji cəbhədən, sovet cəmiyyətinin mənəvi qələbələr əldə etdiyi bir zamanda bu povestdə «əxlaq normaları pozulur», «müasir əxlaq normasından kənara çıxan sərbəst hərəkətlərə» yol verilir, «Səriyyə Qəribcanla hadisələrin əvvəlindən sonuna qədər açıq-saçıq bir şəkildə, təsəvvürə sığışmayan (!– E.) bir tərzdə davranır» (Səriyyə haqlıdırmı? «Ədəbiyyat və İncəsənət» qəzeti, 17 iyun 1961; «Sevil»dən «Saçlı»ya», «Azərbaycan jurnalı, 1962. və s.) deyə, povest nadan mülahizələrlə «ifşa» edilirdi, hətta iş o yerə gəlib çıxmışdı ki, misal üçün, «Azərbaycan qadını» jurnalı «Körpüsalanlar»ı «ifşa» edən xüsusi rubrika açmışdı və nömrədən-nömrəyə təşkil etdiyi «hiddətlənmiş oxucu məktubları» çap edirdi.

Müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidini və ümumiyyətlə, ictimai fikrini tədqiq edərkən, elə bilirəm ki, həmin illərdə ortaya çıxmış «Səriyyə məsələsi» xüsusi əhəmiyyət kəsb edir və ən başlıcası isə, bir tərəfdən vulqar-sosioloji təfəkkür tərzində, digər tərəfdən isə, yalançı xəlqilik konsepsiyasının süqutu üçün dönüş mərhələsi təşkil edir.

«Körpüsalanlar» və bu povestin qəhrəmanı Səriyyə obrazı həm bədii-estetik cəhətdən, həm də mövzu baxımından Azərbaycan nəsrində tamam yeni bir hadisə idi və özü ilə keyfiyyət dəyişikliyi gətirdi, ədəbi mərhələyə çevrildi, eyni zamanda, ədəbi tənqiddə həmin dediyim dönüş mərhələsinin yaranmasına səbəb oldu.

İlyas Əfəndiyev yaradıcılığının ən səriştəli tədqiqatçılarından biri, bizim gözəl tənqidçimiz Yaşar Qarayev yazırdı: «Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963) – bu əsərlərdə ifadə olunan yenilik, hər şeydən əvvəl, müəllifin «müsbət qəhrəman» və «mənəvi gözəllik» anlayışını o illərin stereotip ölçü, qəlib və normalarından fərqləndirən cəhətlərdən idi. Belə ki, müəllif bilavasitə mövcud ədəbi ənənədən yox, həyatdan, ictimai və mənəvi-əxlaqi inkişafda yeni mərhələnin formalaşdırdığı nəslin üzərində müşahidələrdən çıxış edərək, müasir insan, məişət və əxlaq haqqında öz anlayışlarını irəli sürürdü.» («Xarı bülbülün nağılı», Bakı, 1995, səh. 19.)

Mən «Körpüsalanlar»a qarşı həmin qaragüruh hücumunun təfərrüatına varmaq istəmirəm, onsuz da, aradan keçən bu qırx il hər şeyi yerbəyer etdi, bu gün oxucular ən müxtəlif dillərdə «Körpüsalanlar»ı oxuyurlar, onun haqqında o vaxt Azərbaycan mətbuatını dolduran o cahil və nadan mülahizələr isə, indi yalnız acı təbəssüm doğurur,– bundan artıq deyil.

Maraqlananlar isə, o dövrün mətbuatına baxa bilərlər və mən özüm də vaxtilə ədəbiyyatımız üçün bu prinsipial məsələ ilə bağlı ətraflı yazmışam. (Ədəbi tənqid və xarakter məsələsi, ADU-nun elmi əsərləri, Dil və ədəbiyyat seriyası, 1968, 2; Tənqid və ədəbiyyatımızın problemləri. Bakı, 1981, səh. 174 – 189.)

Yuxarıda dediyim ədəbi tənqiddəki həmin «dönüş mərhələsi»nin prinsipial xarakterini göstərən cəhətlərdən biri bu idi ki, Məmməd Arif (Keçən ilin nəsri haqqında qeydlər. «Ədəbiyyat və incəsənət» qəzeti, 25 mart 1961), Məmməd Cəfər (Həyatın romantikası. Bakı, 1968, səh.149) və başqaları kimi nüfuzlu qələm sahibləri «Körpüsalanlar»a qarşı nadan hücumlara tutarlı çavablar verdilər.

Yalnız bir misal gətirmək istəyirəm: Cəfər Cəfərov Azərbaycan yazıçılarının IV qurultayında «Ədəbi tənqid haqqında» söylədiyi məruzəsində, bu tənqidçiyə xas olan bir açıqlıqla deyirdi: «Körpüsalanlar» povesti ilə əlaqədar olaraq özünü göstərən avamlıqlara yol verilməməli, vaxtilə Mustafa Quliyevin dediyi «müsəlman tənqidinin» qalıqları ilə mübarizə edilməlidir». (Əsərləri. İki cilddə, 2-ci cild, Bakı, 1968, səh. 388-389.)

Mən «Körpüsalanlar»a qarşı bu qaraguruh hücumunu ona görə xatırladım ki, İlyas Əfəndiyev belə gərgin bir vaxtda da o yazılara xüsusi əhəmiyyət vermirdi və onun üçün yenə də oxucuların məktubları qat-qat artıq dərəcədə maraqlı idi.

Oxucular isə, «Körpüsalanlar»la bağlı ard-arası kəsilmədən məktublar yazırdı və qəribə bir ehtirasla Səriyyəni müdafiə edirdi.

Əlbəttə, onlar «Azərbaycan qadını» jurnalının «təşkil etdiyi» oxucular deyildi...

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü fəsil

Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.

13 dəq
Beşinci fəsil

Hesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.

1 dəq
Altinci və sonuncu fəsil

Ayaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..

1 dəq
Mənlə mən arasında

1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.

3 dəq

Başqa şairlərin şeirləri