İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti
Səhifə 2 / 26 · 4%
İlk dəfə 1971-ci ilin 12 fevralında göstərilən bu tamaşada Böyük bəyin (Bayram bəyin!) obrazı İlyas Əfəndiyevin düşündüyü kimi də alındı və o dövrün ədəbi təsnifatı ilə desəm, Böyük bəy Azərbaycan sovet teatr sənətinin tarixinə «müsbət» bəy kimi düşdü. Bura orasını da əlavə edim ki, tamaşanın müvəffəqiyyəti o qədər böyük oldu və tamaşaçılar da, nüfuzlu tənqidçilər də onu elə yüksək qiymətləndirdilər ki, əsər Dövlət Mükafatı aldı.
Sonralar mən «Mahnı dağlarda qaldı»nın əsasında «Mən hələ qayıdacağam» adlı kinossenari yazdım və rəhmətlik Kamil Rüstəmbəyov o ssenari əsasında eyniadlı film çəkdi və o film bir o qədər uğurlu alınmasa da, Həsənağa Turabovun ifasında Böyük bəy surəti filmdə də yaxşı çıxmışdı.
Amma mən, deyəsən, mövzumdan bir az uzaqlaşıram...
Məhəmmədlə Bilqeyis xanımın yeddi uşağı olur: ilk övlad İlyas, sonra Məhbub, Mustafa, Tofiq, Məhluqə, Arif, Nəzihə.
Və bolşeviklər gəldikdən sonra, bu ailənin başına gətirilən məşəqqət, onların düçar olduğu min bir əzab-əziyyət barədə İlyas Əfəndiyev yuxarıda adını çəkdiyim əsərlərində, müsahibələrində bəhs edib, amma o məşəqqətə, o əziyyətlərə baxmayaraq, o yeddi uşağın yeddisi də («səsi alınmış»– yəni hakimiyyət tərəfindən bütün vətəndaş hüquqlarından məhrum edilmiş keçmiş tacir Məhəmməd 1933-cü ildə 46 yaşında vəfat etmişdi, nənəm Bilqeyis xanımın sözü ilə desəm, «bolşeviklər kişini çərlədib öldürdülər») böyüyüb təhsil aldı və cəmiyyətdə öz nəsillərinə layiq yer tutdu. Burada Bilqeyis xanımın sərt (düzdü, bəzi məqamlarda çox kövrək olurdu), məğrur xarakteri böyük rol oynamışdı.
Təbiəti (və nəsli!) etibarilə zadəgan olan, mütaliəni çox sevən (axşamlar eynəyini taxıb həm əski – ərəb əlifbasında, həm də latın və kiril əlifbalarında kitablar oxuyurdu, ən çox sevdiyi romanlardan biri Mayn Ridin «Başsız atlı»sı, biri də Rəşad Nuri Güntəkinin «Çalı quşu» idi.) Bilqeyis xanım bütün canı ilə, qanı ilə sovet hökumətinə nifrət edirdi. Mənim bir çox təsirli uşaqlıq xatirələrim nənəmin Stalinə, başqa sovet rəhbərlərinə, komsomola, pionerə hədsiz kin-küdurəti ilə bağlıdır və çox zaman o, həmin nifrəti, kin-küdurəti gizlədə bilmirdi.
Heç vaxt yadımdan çıxmayacaq bir epizodu xatırlayıram: 7 saylı məktəbin 3-cü sinifində oxuyurdum və bir gün bizi təntənəli surətdə pionerə keçirdilər, boynumuza qırmızı qalstuk bağladılar və biz pioner andı içdik. Məktəbə gəlmiş bəzi valideynlər bu münasibətlə uşaqlarını öpür, bir-birini təbrik edirdilər. O zaman biz Mirzə Fətəli küçəsi № 117 ünvanında yaşayırdıq və mən də ilk dəfə boynuma bağlanmış o qırmızı ipək pioner qalstukunun sevinci ilə evə gəldim, şəstlə qapımızı döydüm. Qapını nənəm açdı və boynumdakı o ilk pioner qalstukunu görüb:
– O nədi elə, taxmısan boynuna?– çımxırdı.– Çıxart, tulla o tərəfə!..
İlyas Əfəndiyevin uşaqlıq yoldaşı, sonralar tarixçi olmuş Əhəd Bağırzadə 40-cı illərdə Azərbaycan KQB-sinin partiya təşkilatı katibi işləmişdi və İlyas Əfəndiyevə belə bir qəribə əhvalat danışmışdı: 40-cı illərin sonunda Moskvanın göstərişi ilə növbəti dəfə ifşa olunacağı nəzərdə tutulan «xalq düşmənləri»nin, yəni potensial repressiya qurbanlarının siyahısı tutulur və İlyas Əfəndiyevin də adı o siyahıda olur. Siyahını nəzərdən keçirən Mir Cəfər Bağırov öz əli ilə onun adını pozur və deyir:
– Bu cavan yazıçıda işiniz olmasın. Neftçilərin həyatından yaxşı pyes yazıb («İşıqlı yollar»ı nəzərdə tutur). Qoyun qalsın. Ancaq bunun anası Azərbaycanda sovet hökumətinin ən qatı düşmənidir.
Amma biz yenə Məhəmmədlə Bilqeyis xanımın övladlarına qayıdaq.
İlyas Əfəndiyevin özündən sonrakı qardaşı Mustafa Əfəndiyev (Məhəmməd ikinci oğluna babası Axund Hacı Molla Ağaməhəmmədin atası Xoca Mustafa Əfəndinin adını qoymuşdu) fin müharibəsində, sonra II Dünya müharibəsində iştirak etdi, ağır yaralandı, müharibədən sonra isə Moskvada M.Lomonosov adına Universitetin jurnalistika fakültəsini bitirdi, görkəmli tərcüməçi və naşir kimi tanındı, 1982-ci ildə 63 yaşında ikən vəfatına qədər uzun müddət Azərnəşrin direktoru oldu. Onun bir çox tərcümələri, o cümlədən, Lev Tolstoydan tərcümə etdiyi «Hacı Murad» bizim tərcümə ədəbiyyatımızın gözəl nümunələrindəndir.
Üçüncü qardaş Tofiq Əfəndiyev Xarici Dillər İnstitutunu bitirmişdi, tanınmış yazıçı, bir çox hekayə, povest və romanların, o cümlədən, məşhur «Prokuror»
romanının müəllifi idi.
Məhbub xanım və Məhluqə xanım (şair Çingiz Əlioğlunun anası) – müəllimə idilər, Arif Əfəndiyev – hüquqşünas, Nəzihə xanım – həkimdir.
Orasını da deyim ki, ən kiçik bacısı Nəzihənin adını 17 yaşlı gənc ikən İlyas Əfəndiyev özü qoymuşdu və sonralar bu barədə yazırdı: «Bir aciz iynə ilə bir cəbəl nasıl qazılır?» misrası yadımda qalan şerin müəllifi gənc türk şairəsi Yişar Nəzihənin... şəklini məşhur türk ədəbiyyatşünası və şairi İsmayıl Hikmətin «Türk ədəbiyyatı» kitabında görmüşdüm... Mən təzə doğulan bacımın adını da Nəzihə qoymuşdum».
Yəqin, qəribə cəhətlərdən biri odur ki, İlyas Əfəndiyevin həm ata, həm ana tərəfdən nəslində ədəbiyyatçılar, ümumiyyətlə, sənət adamları olmamışdı (yalnız dayısı, yəni Bilqeyis xanımın böyük qardaşı Cəlil bəy Bağdadbəyov tanınmış teatr xadimi, bir sıra pyeslərin, eləcə də çox maraqlı xatirələrin müəllifi idi, amma bu, – artıq onuncu illərin və sonraların hadisəsi idi), ancaq bu yeni nəsildə İlyas Əfəndiyevdən başqa, qardaşları da, artıq yazdığım kimi, ədəbiyyatçı idi. Sonrakı nəsildə də mən, qardaşım, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyev, bibim oğlu, şair Çingiz Əlioğlu...
Kitabxana.az · https://kitabxana.az/works/elcin-ilyas-efendiyev-sexsiyyeti-ve-seneti
Müəllifin digər əsərləri
Klarnetçalan yenə də zilə qalxıb mikrofonun qabağında qan eləyirdi və Səlim Sürəyya ilə Əlipaşa yenə də restoranın meydançasında klarnetin o qan eləyən sürətindən geri qalmırdı, oynayırdı; yavaş-yavaş başqa oynayanlar kənara çəkildi, ortada şair qaldı, Əlipaşa qaldı və bir də sürməli gözlərini süzə-süzə işvə-naz ilə oynayan gözəl bir qız qaldı; bu qız üç nəfər ilə birlikdə başqa mizdə oturmuşdu, çalğı başlayanda hamısı qalxıb rəqs elədi, sonra o birilər yoruldu, meydançadan çıxdı, amma bu qız çıxmadı, Səlim Sürəyya ilə Əlipaşanın arasında oynamağa başladı.Əlipaşa o gözəl qızın qabağında daha cidd-cəhdlə oynadı, döşünü irəli verib meydança boyu o baş-bu başa gedib gəldi, sonra o gözəl qızı müşayiət eləyə-eləyə başını dik tutub meydançada dövrə vurdu.
Beşinci fəsilHesab 803 manat elədi.Əlipaşa bufetdən baxan Mürsəlin bərəlmiş gözlərinin qabağında xörəkpaylayana düz 800 manat pul saydı, sonra Züleyxaya baxdı.
Altinci və sonuncu fəsilAyaqlarının altındakı qarı xırçıldada-xırçıldada, topuğacan qara bata-bata tamam bomboş, tamam sakit bir küçə ilə gedirdilər; avtomat telefonla evə zəng eləyib qızlara demişdilər ki, nigaran qalmasınlar, bir az havada gəzib gələcəklər. «Gül dedi bülbülə: – «Bağıma gəlmə...».– Yaman güldən, bülbüldən deyirsən a!..
Mənlə mən arasında1 fəsilMən bu kitaba son 32 ildə yazdığım hekayələri daxil etmişəm.
Başqa şairlərin şeirləri
Ol qoçaq iranlılar,Ol igit osmanlılar,
Gəraylı: Mən oldum hüsnünə heyranMən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sanma, ey dust, sən tək afət canə olmuş, olmamışSanma, ey dust, sən tək afət canə olmuş, olmamış,Gözlərin tək nərgisi-məstanə olmuş, olmamış.