O mənə danışdı ki
Kurortdayıq. Bağdayıq,
Oturub dincəlirik.
Axır göy meşələrdən
Dalğa-dalğa sərinlik.
Xoşdur burda hər kəsin,
Zarafatı, söhbəti.
İş budur, pozulmasın
İnsanların səhhəti.
Bir gün bizə ortaboy,
Qarayanız bir kişi
Elə burda başına
Gələnləri söylədi.
Ayaqlar
Qəribəydi... Dediyim bu mehriban adam
Söyləyəndə - bu yerlərdən ayrılammaram,
Çox da bura Bakı deyil, xeyli xırdadır,
Ayağımın biri buradadır.
Onu süzdüm: ayağının yox idi biri,
Aldı mənim baxışımı iri gözləri.
Mən utandım...
O utandı...
Nə isə andı;
Gəlib keçən bir əsrdi,
yoxsa ki andı.
Baş açmadım...
Birdən dinən o oldu yenə...
Nə olaydı, söhbətimiz düşəydi yönə.
Dönə-dönə,
baxdı mənə
üzündə duman.
O tutuldu.
Düz çıxmışdı qəlbimə daman...
Yağdı sanki gözlərindən kədər yağışı.
Dedi ki: - Yaxşı,
Fikrə dalma,
dilxor olma,
təqsirin nədir?
Buna bircə səbəb varsa, müharibədir.
Ayrılıq
Dostum, o yay onilliyi
Bitirmişdim təzəcə mən.
Deyirdim ali məktəbə
Nə cür olsa girəcəyəm.
Müharibə bizim üçün
Çətin, ağır sınaq oldu.
Faşist xaçı sinələrə
Çalın-çarpaz bir dağ oldu.
Anam, atam, qonşular
Məni yola saldılar
Kiçik vağzala kimi.
Nələr yoxdu gözlərdə:
Acı qəmdən, kədərdən
Şirin vüsala kimi...
O gözlərdə görürdüm
Davaya qarşı dava,
Ölümə qarşı ölüm,
Həsrətə qarşı həsrət.
Dünya boyda, işıqlı,
Böyük, odlu məhəbbət.
Hey yağdı üz-gözümə
Ata, ana öpüşü
Tufanlı bir havada
Payız yarpağı kimi.
Vaxt necə tez ötüşdü,
Sevinc sorağı kimi...
Qalstuklu uşaqlar
Vaqonların böyrünə
Yazırdılar: - Qana qan!
Deyirdilər: - Qoy ölsün,
Ürəkləri qanadan!
Adsız fəsil
Hələ bələd olmamışdım,
Bombaların nəfəsinə.
Mən alova, oda girdim
İnstitut əvəzinə.
Açılmamış güllələrin yarası
Mən piyada bir əsgərəm,
Mən təzəyəm.
Bilirəm ki, hələ gərək
Alov görəm, dava görəm,
Qorxulara sinə gərəm,
Neçə kərə
oda girəm.
Heç öyünüb döymə döşə,
Demə ki, bir aslan kimi
Girə billəm ilk döyüşə...
Həddi nədir əhvalımı
Ölüm poza, od dəyişə.
Bu ilk döyüş, döyüşlərin
Ən yüngülü olsa belə,
Yenə də ən ağırıdır.
Deyirsən ki, bu ilk döyüş
Həyatımın axırıdır.
Səngərlərdə uzanmışıq,
Uzanmaqdan usanmışıq.
Messerşmit səsi gəlir...
Bir az keçir...
özü gəlir...
Kölgəsi də ötüb keçir,
Başımızın üzərindən
Ölümün öz kölgəsitək.
Sürünür bu qara kölgə
Təyyarənin kölgəsitək.
Alır çölü, dağı, daşı
O gör hardan hara kimi.
O, qaradır,
Anaların bağladığı
qara kimi.
Tutub yırtmaq, parçalamaq
İstəyirəm bu kölgəni,
bu kəlməni.
Birdən yağır üstümüzə,
Arzumuza,
Qəlbimizə
Gurultular...
Bu bombalar...
Parçalanır, hava, sükut,
Torpaq, ömür və hər nə var,
Qalxır göyə
daşın, tozun,
İnsanların, ümidlərin
Paçraları - qarışığı.
Biraz sükut...
Əmr gəlir:
– Düşmənlərə qarşı şığı!
Şığıyırıq...
İrəlidə tüstü-duman boğanağı.
Kimdir indi
Belə şeyə baxan axı?!.
Yüyürürük... Atlanırıq
Yiyələri görünməyən
İniltilər üzərindən.
Nələr, nələr üzərindən!
Xəyali bir son görüşün,
Məlallı bir son öpüşün,
Min nidanın üzərindən,
"Əlvida!"nın üzərindən!
Tapdayırıq bəlkə də biz
Son kəlməni, son nidanı.
Bura gələn bir ananı.
Nə yandırır bir gör məni;
Bəlkə elə tapdayırıq
Dil bilməyən bir köpəni.
Varmı bunu olduğutək
Fikirləşib tapanımız?
Görən neçə son görüşə
Nöqtə qoyub dabanımız?!
Yüyürük enə-enə,
Yana-yana,
sönə-sönə!
Düşmən vurur...
Düşmən biçir.
Güllələri qulağımın
Lap dibindən gəlib keçir.
Bu dəymədi...
Daha gecdir...
Yenə gəldi...
Sanki dilə gəlib deyir:
Bil ki, səni yeyəsiyəm.
Əl çəkməyir,
Aşıq olub, mənə nədir,
Yoxsa onun yiyəsiyəm?!
Nədir görən bədənimdə,
Ürəyimdə küt ağrılar?
Sonra bildim hələ sənə
Toxunmamış güllənin də
Yarası var, ağrısı var.
Duyarsan o güllələri,
Bədənində
Qalmasa da güllə yeri.
Sol qoluma nəsə dəyir,
İsti-isti nəsə axır,
Qolum düşür ağır-ağır.
Qorxuram ki, qolum sına.
İlk hücumum,
İlk döyüşüm
Qolum üstə yetir sona.
Biz Şimali Qafqazdayıq.
Bir təpənin arxasında.
Qanlı-qanlı susur yağı,
Ağır-ağır
Qar dayağır...
Yerə düşüb
partlamamış
Bomba kimi
hava gərgin,
Sükut gərgin.
"Qonşusuyuq" faşistlərin.
Yuxarını onlar tutub,
Aşağıdan biz baxırıq.
Güllə yağır,
Faşist susur;
O gözləyir ov vaxtını.
Necə olsa pozmalıyıq
Bizsə onun ovqatını.
Sol qolum da qaydasında,
Bərkimişdir, sağalmışdır.
Əlbəyaxa bir döyüşdə
Məni yaxşı saxlamışdır.
Yanımdadır bizim Vano,
Ən sevimli dostumdur o.
Cəbhəyə də bir gəlmişik,
Halal duzu, çörəyi də,
Ölümü də tən bölmüşük.
O, təmkində bir dağ kimi,
Coşqunluqda Kür kimidir.
Görkəmisə çox sadəcə,
Bir əsgərin görkəmidir.
Hücum əmri!
Atəş əmri!
Sürünürük...
yüyürürük...
Tüstü... Duman...
Od görürük!
Bomba düşür, arx yarılır,
Bölünür tən ortasından.
Qisas,
Qisas almalıyıq
Düşmənin sərt ordusundan!
Fürer qızıb, quduz olub,
İstəyir ki, bundan belə
Hələ
Min-min qan törədə.
Yeriyirik,
yıxılırıq,
Gah təpədə,
gah dərədə.
Birdən duyduq; dörd yan düşmən.
Görməmişdim
Bundan qorxunc mühasirə.
Komandirin qaşı çatıq:
– Yaxşı yerdə axşamladıq...
Amma bircə yol var, baxın,
Sinəsində qarşı dağın
Fikir verin dar yarğana;
Sarılaraq yarağına
Biri keçib ordan gərək,
Xəbər verə hissəmizə.
Kömək edə hissə bizə,
Vano dostum çıxdı önə.
Gözlərilə: - "Gedim!" - dedi.
Bizə baxdı...
çıxdı,
getdi...
Eşidildi güllə səsi,
Yuvarlandı Vano yerə,
Tez yüyürdüm, qucaqladım,
Əllərimdə uçub getdi
Son nəfəsi.
Qucaqladım birdən onu,
Öpdüm onun gözlərində
Həsrəti də,
Möhnəti də,
Həyatı da, ölümü də.
Elə bildim
Əziz dostun gözlərindən
Baxdığıyçün
Bir an mənə doğma gəldi
hətta ölüm özü belə...
Mən ilk dəfə tanış oldum
Qardan soyuq, gözdən odlu,
O öpdüyüm boz sifətli ölüm ilə.
Öpdüm, bir də öpdüm onu.
Qucağımda saxlasam da mən Vanonu,
Milyon yaşlı keçmişdəydi,
Milyon ağac uzaqlıqda.
Mən yadigar kimi aldım
Bir az ölüm qarışıqlı
Kədər rəngli təbəssümü,
Ana adlı son sözünü,
Əlindəki son istini,
Son həyatı, teleqramı.
– Kimdəndir bu?
Sonra onu açıb baxdım.
Az qaldı ki, yana bağrım.
Az qaldı ki, lap bağırım!
Vano gizli saxlayırmış;
Anam uçub getmiş imiş.
O, məni tərk etmiş imiş.
Eh, nə fayda, gecə-gündüz
Səndən deyəm, səni anam.
Səni burda qoruyurdum,
Orda niyə öldün, anam?!
İki ölüm hücum etdi,
Bir əsgərin üzərinə,
Eh, ölümlər nə edəcək,
Alvolamb-közərənə!
Neçə dostum qarlı dağa
Diri qalxdı, ölü endi.
Nə tərpəndi,
nə də dindi,
Baxdı mənə komandirim,
Bildim çatıb növbəm mənim.
Qalxdım dağa...
İrəliyə baxa-baxa,
Qəzəbimi boğa-boğa
Dişlərimlə
Nifrətimi sıxa-sıxa,
Sürünürəm yavaş-yavaş
Güllə döyən yerə sarı.
Başım üstə od hasarı.
Snayperdir yəqin orda,
Qırır bir-bir,
Tökür bir-bir,
Ağlıma bir fikir gəldi:
Yanıb-sönən iti fikir.
Aldım başdan kaçskanı mən,
Tez qaldırdım...
Tez vurdular.
Elə o an mən aşrıldım
Dağ döşündən
Dar yarğana,
Daha nə var?
Yenə dərə,
Dərin dərə,
Yenə, yenə yerim dərə!..
Çiynimdəsə bir küt ağrı
Yüyürürəm dərə boyu.
Çiynimdə qan – yüyürürəm,
Sanıram ki,
Uşaqlıqdan yüyürürəm
Gərək indi bu xəbəri,
Hissəmizə gedib deyəm, yüyürəm.
Mən dostların ümidiyəm.
Deməyin ki, çiynimdəki bir çantadır.
İndi görün neçə həyat bir candadır.
Çiynimdəki bu ağır yük
Dostlarıma həsrət çəkən,
Böyüklərin, uşaqların həyatıdır,
Neçə evdə gizli yanan,
İşıqların həyatıdır.
İndi xırda körpələr var,
Çoxu yatır,
Qəmə yaddır.
Bilmirlər ki,
Mənimlə bir yüyürürlər
Yıxılıram, yıxılırlar.
Bilmirlər ki, hamısının çiynində də,
Mənimkitək bir yara var.
Yağır mərmi;
Dağ düz olur,
Düz dağ olur.
Mənim yolum irəlidir,
Necə olsa,
Ölüm neçə-neçə olsa,
Mən ümidəm.
Uşaqların təbəssümü,
Sözü mənəm.
Ey dərədə qalan dostlar!
Yüyürürəm!
Yüyürürəm!
Şəhər... Çatdım...
Qolsuz ağac...
Kor binalar...
Görürəm ki, bizimkilər
Tərk eləyir bu yerləri.
Gəlməyimin yoxmuş xeyri.
Qışqırıram, çatmır səsim,
Kəsilibdir lap nəfəsim.
Gurultular yenə qopur...
Birdən-birə yıxılıram...
Ayağımın birini mən
İtirmişəm elə orda.
Bu arada
Məni görüb
Şəhərin mərd sakinləri,
Aparırlar,
Gizlədirlər xeyli zaman.
Gecə-gündüz keşik çəkib
Bir ağ saçlı gürcü ana.
Gah açaram gözlərimi,
Gah da yumub sayıqlaram.
Ana, hardasan?!
"Mən indi hardayam?!"
Duman içində,
Məni yırğalayan ümman içində.
Bu nədir alnıma toxunur, bu nə?
Bu kimdir?
Nəçidir?
Nə deyir mənə?
Qadın səsidir ki...
Anammı? Axı...
Axı, ölüb anam.
Yalanmı? Axı...
De sağsan, yoxsa ki... Söndünmü, ana!
Sənə yalvarıram, susma, ana can!
Başına gələni danış sonacan.
Söylə, səsi gələn səndinmi, ana?!
Dözməyib bunlara o gürcü ana,
Mərhəmət ucundan keçib yalana.
Söyləyib: - Ananam, ay oğul, mənəm!
Ay oğul, mənəm!
– Gəlmisən?
-Gəlmişəm! Bəli, gəlmişəm!
-Bəs axı...
-Nə olub?
-Ölməmişdinmi?
Tez ol de...
-Çəkmə qəm,
Yalan demirəm.
-Sən ayağı yalın,
Sən başı açıq
Tapdayıb davanı
Ölümü,
qarı,
Sən qoca qarı
Qoşa addımlayıb qəmlə, kədərlə,
Topları susduran qəhqəhələrlə,
Keçib alov dolu qanlı yolları,
Keçib gəlmisən.
Uçub gəlmisən!
Durub gəlmisən,
Ana, gəlmisən...
Sən...
Sən...
Ölümün əbədi sərt qanununa
Ağ saçlı başını əyməyən ana,
Bəs səsin bir cürdür...
-Soyuqlamışam.
-Əlin kiçikdir ki...
-Arıqlamışam.
-Axır ki, gəlmisən, tapmısan məni.
Ana, tanımadım amma səsini,
Bir də əllərini...
-Sakit ol, bala.
-Kimin nə haqqı var, bir özün de sən;
Mən səni qoymaram bir də öləsən!
Sonra dostlarıma bir sözüm də var:
Məni vurdular!
Ayıldım bir səhər
Ayıldım bir səhər...
İlk sözüm: - Ana!
Başımın üstündə durmuş bir qadın.
Az-az xatırladım olub-keçəni.
Görəsən,
görəsən, nəçidir qadın?
Bəlkə də öldürmək
İstəyir məni?
Susuram xəyala gedib nə vaxtdır.
Baxıram diqqətlə:
Bu ki otaqdır,
Divarda şəkli var
Rustavelinin...
Seretelinin.
Baxıram qadına.
Qadın da baxır.
– Bəs bura haradır?
– Bizim otaqdır.
Tez düşür yadıma o dostum Vano.
Mənə elə gəlir, bax, bu qadının
Sevimli, doğmaca balasıdır o.
Sanki qadın bilir Vanoyla dostuq,
Odur, xilas edib məni bu qadın.
Vano, a qardaşım, harada qaldın?
Toplar guruldayır, divarlar əsir,
Qəlbimi bir acı xatirə əzir.
Qalxmaq istəyirəm,
Dayan, bu nədir?
Yoxsa sol ayağım uyuşub nədir?
Tapa da bilmirəm,
Yoxdur o!
Hanı?
Anladım... Dərdiniz yanında dostlar,
Heç ayaq itirmək dərdi dərdmidir?
İndi təkayaqlı ümidiniz var.
Dörd yanda düşmənsə dərya kimidir.
İndi həsrət kimi hava soyuqdur,
İndi çantanızda bəlkə su yoxdur.
Söyləyin, qəlbiniz donmuşdu indi?
Sus, yaddaş...
Gözümə qaranlıq endi.
Bəlkə də vurdular təkbətək sizi,
Bəlkə də hamınız bir vuruldunuz.
Bəlkə qucaqlayıb bir-birinizi
O namərd ölümə ortaq oldunuz!
-Oğlum, az fikir et...
Süd içsən azca...
Yaxın pəncərənin qabağındaca
Balaca bir güzgü vardı
Götürdüm,
Baxdım.
Amma başqa adamı gördüm.
De, niyə düşmüsən, niyə bu günə?
Atdım o adamı otaq küncünə.
Qalxmaq istəyirəm.
– Bir ayaqla sən...
-Baxsaydım xəlvəti pəncərədən mən.
– Bıy, nə danışırsan?
Hələ gərək biz
Padvala köçürək tələsik səni.
-Elədir.
-Hər tində bir alman durub.
Boz-yaşıl paltarlı, qolları xaçlı,
Hərəsi nə qədər günahsız vurub.
Bu gün lap acıqlı, lap hirslidirlər.
Parkın ağ sütunlu girəcəyində -
Meydanda kimisə dəfn eləyirlər.
Böyüklərindəndir ölən deyirlər.
-Uzan, genatsvali, bir xəta olar.
-Nəvədən, oğuldan
nə var, ana can?
-Oğlum davadadır,
Körpə qız nəvəm,
Bir də mənə həyan bir gəlinim var.
Oğul, Quram idi oğlumun adı.
"Bəlkə də görmüsən?" - deyə soruşdu.
– Mən çox gürcü ilə birgə vuruşdum,
Bu adlı adama rast gəlməmişəm.
Xeyli söhbət etdik.
Danışdı ana
Ərinin iş yeri dəyişilərkən
Buraya könülsüz köçdüklərindən,
Eh, nədən, nədən...
Könlümdə əbədi qalmış o günlər...
Yurdumuz davadan çıxdı müzəffər!
Qalib gəldik...
Döndü geri,
Ananın oğlu,
Gəlinin əri.
Ana indi lap qocadır,
Qarıdır, qarı.
Yay oldumu, görməliyəm gəlib onları.
Qız böyüyüb... Ərə gedir o gözəl bu gün,
Toyudur qızın,
Sən də gəl, bu gün!
Söhbətini tamamlayıb üzümə baxdı
Oturmuşduq, məskənimiz yenə o bağdı.
Kislovodsk, 1964
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-o-mene-danisdi-ki
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Başına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.