Nifrət və məhəbbət
Heyranam qəlbinə insanların mən,Orda nifrət də var, məhəbbət də var.Dalıb xəyallara deyirəm bəzən:Necə qərar tutur bir yerdə onlar?
Axı, necə olur sevən bir ürəkNifrət də yaşadır isti qoynunda?Çalxanıb köpürən coşqun dəniztəkÜzü birdən-birə dönür onun da?
Yox, qəzəb ürəyin sükutundadır,Oyansa özünsən demək günahkar.Yağış da göylərin buludundadır –Şimşəklər çaxmasa leysanmı yağar?
İnsanlar nə etsə, ürəkdən edir,Bir qəlbdə yaşayır nifrət, məhəbbət.Hansını qazansan demək sənindir,Tələsmə, əzizim, yaxşı seç fəqət.
Sən nifrət qazansan öz əməlinçünƏlindən tutmazlar darda, çətində.Məhəbbət qazansan səbəb özünsənOnlar nə “tale”də, nə “qismət”də var.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-nifret-ve-mehebbet
← → düymələri ilə keçid, R — təsadüfi şeir