Dördüncü hissə, ikinci fəsil
Səhifə 2 / 2 · 50%
– Nə qədər susmaq olar, qardaş! Daha bıçaq sümüyə dayanıb,
– deyirdi və hirsindən az qalırdı ağlasın. Komandanlıq, irtica, hakimiyyət başında olanlar Mir Əkbərin günü-gündən artan şöhrətindən ehtiyat eləyib gözlənilmədən, müəmmalı bir şəkildə onu Kabildən Paktiyaya «ezam» etdilər. O, tələsik, arvadı və dörd körpəsiylə birlikdə, demək olar ki, zorla Kabildən uzaqlaşdırıldı.
Mir Əkbər o kedən getdi — düz bir il yarım onun Kabilə gəlməsinə, əlaqə saxlamasına, hətta, məktublaşmasına belə icazə vermədilər. Dostlar beləcə ayrı düşdülər...
İndi budur, Mir Əkbər gəlib. Özü də... mülki paltarda...
...Qabaq-qənşər oturmuşdular. Bir-birinə baxıb gülümsünürdülər. Mir Əkbərin qara, cod saçlarına dən düşmüşdü. İri, girdə sifəti qaralmış, alnındakı qırışların sayı çoxalmışdı. Bəbir bu qəşəng, gözəgəlimli oğlanın yavaş-yavaş qocaldığını ürək ağrısı ilə hiss edir, qəlbində halına acıyırdı. Bütün yoldaşlarının içində ən çox mənəvi zülm çəkəni Mir Əkbər idi — buna baxmayaraq o, ruhdan düşməmişdi, sarsılıb sınmamışdı, inamını-ümidini itirməmişdi. Bu, Bəbirin xoşuna gəlirdi.
– Mən çox şadam, Miri, sən, nəhayət, qayıdıb gəlmisən, qardaşım.
– Hə, axır ki, əjdahanın əlindən yaxamı qurtara bildim — istefa kağızıma qol çəkdilər. İndi mülki adamam, azad adamam, Bəbir can.
– Çox şadam, Miri. Necə oldu ki, buraxdılar?
– Vəzarətdə işləyən məmurla dil tapdım axır ki. Bir az da maya qoydum. Sənədimi imzaladı.
– Hə, hə. Başa düşdüm. Demək rüşvət vermisən?
– Neyləyim, ömür verməkdənsə, rüşvət vermək yaxşıdı, qardaş! Mənim ömrümün ən yaxşı vaxtlarını bu qansızlar zay elədilər, yelə verdilər.
– Keçən keçib. Keçənə təəssüflənmə, Miri. Min təəssüf bir gününü geri qaytara bilməz.
– Elədir.
– Haçan gəlmisən?
– Elə bu gün.
– Uşaqları da gətirmisən?
– Hə.
– Bəs hara düşmüsən?
– Elə öz köhnə daxmama.
– Bəs buranı necə tapdın, Miri?
– Əvvəl sizə getdim. Qibləgahınla görüşdüm. Kişi qocalıb yaman.
– Hə.
– Məni görüb çox sevindi. Xeyli söhbət elədik. Danışıqlarından elə başa düşdüm ki, kişi dönüb bizim adam olub!
– Bəs nə bilmisən? O bizi döndərə bilmədi, amma biz onu döndərdik. İndi, necə deyərlər, bizim məsləhətçimizdi qibləgahım.
– Onun təcrübəsi, biliyi bizim karımıza gələcək, məncə!
– Mən də elə düşünürəm, Miri. Çayını iç, soyutma. Ya bəlkə qəhvə dəmləyim sənin üçün? Birdən ac olarsan, ha!!
– Yox, yox. General həzrətləri ilə şam eləmişəm. Haçandı kişi ilə çörək kəsmirdim — zorla yedirtdi. Elə çay içəcəyəm.
– Necə istəyirsən, qardaş. Yaxşı, Paktiyada nə var, nə yox? Bizim puştu qardaşlarımız neyləyirlər?
– Eh, Paktiyada xanlar, məliklər, qəryədarlar bir tufan qoparır, bir zülm eləyir ki, ağla gəlməz. Kimsədən qorxmurlar, çəkinmirlər, bir sözlə, zülm ərşə dayanıb!
– Bəs camaat? Camaat susur elə?
– Hələ ki, susur.
– Bəli, hələ ki... Amma bir az sonra susmayacaq. Daha dözməyəcək. Bizim mətbuatı necə, oxuyurlarmı?
– Oxuyurlar. Az gəlir ora bizim ruznamələrimiz. Ancaq oxuyurlar. Bu yaxında Kərdizdə «Pərçəm»i satan uşağı, elə bazarın ortasında şəhər valisi o ki var, döydürmüşdü, həbs elətdirmişdi, gətirib zirzəmiyə salmışdılar. Təşkil, elədim, qaçırtdım — getdi. Bir sözlə, Paktiyada qanundan-filandan əsər qalmayıb, qardaş.
– Eh, qanun. Nə qanun? Qanun indi, su kimi bir şeydir, Miri, qanun həmişə üzü aşağı axar, yuxarı axmaz. Yəni qanun həmişə aşağı təbəqəni sıxmağa, əzməyə, nəfəs çəkməyə qoymamağa xidmət edib.
– Bəbir can, burda nə yenilik var, işləriniz necə gedir? Mənim demək olar ki, ruznamələrdə yazılanlardan başqa, heç nədən xəbərim yoxdur. Bir ətraflı danış, sən canın.
Bəbir piyalələrə təzə çay süzüb təxminən bir saata qədər Kabildəki yeniliklərdən, hezbin işindən, Şəfidən, Elməddindən Mir Əkbər üçün söhbət elədi. Belə məlum oldu ki, vəziyyət gərgindir, işləri yaxşılaşdırmaq, təkmilləşdirmək günün ən vacib və təxirəsalınmaz vəzifələrindəndir. Axırda dedi:
– Sənin gəlməyin lap yerinə düşdü, Miri. Mənim bəzi planlarım var, yoldaşları yığarıq bir yerə, məsləhətləşərik, görək neyləmək olar!!
– Lap yaxşı, Bəbir.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-dorduncu-hisse-ikinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zərrintac eyvandakı kresloda əyləşmişdi. Qarşısındakı dördkünc, alçaq jurnal stolunun üstündəki piyalədə məxməri çay buğlanırdı. Əyninə güllü parçadan isti xalat geymiş qız əllərini qoynuna qoyub fikrə getmişdi, gözləri yol çəkirdi. Nigaran idi, Elməddin dünən axşam gəlməli idi, amma gəlib çıxmamışdı. Nədənsə Zərrintac keçən gün çox istəyirdi ki, onunla görüşsün, söhbət eləsin. Söhbət də olmasa, elə-belə otursunlar, baxsınlar bir-birinə, — bu istək qəlbini elə sarmışdı ki, vaxt keçdikcə, oğlan gəlib çıxmadıqca qız bir yerdə qərar tutmamış, gah evə girmiş, gah eyvana çıxmış, yollara baxmaqdan darıxmışdı. Onun bu narahatlığını atası da hiss eləmişdi, ancaq üzünə vurmayıb bir söz deməmişdi.İki-üç dəfə evə zəng çalmışdı, ancaq dəstəyi götürən olmamışdı. Demək yox idi, harasa getmişdi. Bəs hara? Gecə keçəndən sonra da ondan bir xəbər çıxmadı. Bu gün isə bütün gecəni narahat yatan Zərrintac yuxudan ayılanda gördü ki, Elməddindən küsüb. Ona görə səhər də zəng eləmədi, harda olduğunun, niyə gəlmədiyinin səbəbi ilə maraqlanmadı.
Birinci hissə, dördüncü fəsilNəcməddin Dünyanı çox istəyirdi. Buna, bəlkə də, indiki cavanların xeyli hissəsinin başa düşdüyü mənada, sevgi demək olmazdı. Ömrünun odunu söndürüb külü ilə oynayan ahıl, saç-saqqalı çoxdan ağarmış bir kişi ilə həyatının güllü-çiçəkli yazını yaşayan, cazibəli, gözəl gəlini bir-birilə bağlayan tellər, əlbəttə hamının anladığı, hiss edə biləcəyi məhəbbət deyildi və ola da bilməzdi. Bəli, Dünya qəşəngdi, təsəvvür olunacağından qat-qat qəşəngdi; bu qəşənglik təkcə cavanlıqla, təravətlə bağlı deyildi; bu, eyni zamanda onun hisslərinin coşğunluğu, təbiətinin qaynarlığı, həssaslığı, şuxluğu ilə əlaqədar idi, gündən-günə də baxıldıqca, sevildikcə daha da cilalanır, göz-könül oxşayır, çiskinli payızı, qarlı-çovğunlu qışı da Nəcməddinin közündə bahara döndərirdi. Zahiri qəşəngliyini doğulub böyüdüyü «hurilər dərəsinin» həzin, kədərli, bəzən isə şən və oynaq mahnıları, şirin, sümük titrədən rəqsləri tamamlayır, kamilləşdirir, ilahiləşdirirdi. Ömrünün qurub çağında heç vaxt narazı olmadığı taleyiilə bəxş etdiyi bu səadət üçün kişi, yaradanına qəlbən minnətdar olur, qalan günlərini, illərini sevilə-sevilə, sevinə-sevinə, şükranlıqla yaşayırdı. Nəcməddini dünyaya bağlayan cavanlıq eşqindən daha çox, piranilik məhəbbəti idi. Bəzən, tək qalan vaxtlarında xəyalən, fikrən keçmiş çağlarına, cavanlıq illərinə qayıdır və öz-özünə iqrar eləyirdi ki, heç vaxt heç kəsi belə dərin, kövrək bir məhəbbətlə sevməyib. Və bu sevgi ona qol-qanad verirdi, gümrahlaşdırırdı. Xarici görkəmi və yaşı ilə daxili aləmi, hissləri, mənəvi qüdrəti arasındakı kəskin fərqi özü lap aydın duyurdu. Dünyaya bir həyat, gənclik çeşməsi kimi baxırdı, ürəyində onu allahlaşdırırdı. Bədəni süd kimi ağappaq, ipək kimi yupyumşaq, saçları yer üzünün ətirləri ilə müəttərlənmiş Dünyanın hər təmasından Nəcməddinin qəlbi nanə yarpağı kimi titrəyir, o boyda, o yaşda kişi, ilk eşqə düşən cavanlar, uzun illərin ayrılığını dadıb hicran odunda qovrulan həsrətlilər kimi ləzzətdən, bəxtəvərlikdən məst olur, sözünü, danışığını itirir, sərrast nitq qabiliyyətinə malik olmağına baxmayaraq, dili dolaşır, fikri qırılırdı, Bu zaman Dünya özünəməxsus şən bir ədayla uğunub gedir, onun ağ saçlarından, pırpız qaşları altında yaşarıb parıldayan gözlərindən öpür, övladını əzizləyən ana sayağı, kişini şirin nəvazişlər içində itirib batırırdı.Dünya həssas idi, Nəcməddinin hər arzusunu, istəyini gözlərindən oxumağı bacarırdı, kədərli olanda sınayıcı nəzərlərlə üzünə baxıb bunun səbəbini tapır, işvəsi, nazı, mahnısı ilə sevgilisinin fikrini dağıdır, az bir müddətdə əhvali-ruhiyyəsini tamamilə dəyişir, hər şeyi unutdurur və beləliklə, onu özünə daha möhkəm tellərlə bağlaya bilirdi.
Birinci hissə, beşinci fəsilƏbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:
Birinci hissə, altıncı fəsilƏbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi: