Səhifə 2 / 4 · 25%

Taleyimin üzü sərtdir,

Eşqindən dönən namərddi.

Unudulmaq yaman dərddi,

Gülüm, başına gəlməsin.

Bu sözləri radioda məlahətli səslə şer oxuyan qızın dilindən təzədən eşidəndə varımdan yox oldum və o anlarda həqiqətən unudulmağın yaman, dözülməz dərd olduğunu dərindən-dərinə bir daha başa düşdüm və bədənim, ürəyim gözəgörünməz bir odun içində zəbanə çəkib yandı. Ancaq, mənmi unutmuşdum, omu? Eh, Simin, nə isə...

– O şer də bu kitabda var.

– Yox a?

– Hə.

Əfsanə gözləri dolmuş halda ah çəkdi və qəhərdən boğula-boğula astadan söylədi:

– Mən çox şadam, bacı. — O, kitabı vərəqləmək istəyəndə Simin yalvarıcı səslə:

– Sonra oxuyarsan, — dedi. — Danış, sən allah. Elə maraqlı danışırsan ki, elə bilirəm nağıla qulaq asıram.

Əfsanə yenə kitabı sinəsinin üstünə qoyub özünü ələ alandan sonra təbəssümlə davam etdi;

– Onu deyirdim axı. Elməddindən ürəkdən küsdüm, incidim. O zaman düşünürdüm ki, bu da məhəbbət. «Sevirəm, sənsiz dünya mənim üçün heç nədir!» — deyən adam indi mənə belə etinasızlıq göstərir, mən soyunmuşam, yerimə girmişəm, bu isə gəlmir. Təhqir olunmuş hesab elədim özümü. Təhqir edilmiş qadın, sevən-sevilən bir qadın heysiyyətinin tapdandığının nə demək olduğun anlamaq üçün o hissləri, allah göstərməsin, gərək adam özü yaşasın. Həyat gözlərimdə bütün mənasını itirdi; ruhən, qəlbən öldüm. O gecələrdə Elməddin məni oda atıb diri-diri yandırsaydı, bundan min dəfə yaxşı olardı, Utandığımdan Səbihə arvada da heç nə deyə bilmirdim. Dərdimi içimdə çəkirdim, yana-yana, qovrula-qovrula. O qürur məni Elməddinə yanaşmağa da qoymurdu. O vaxt Elməddinin bu hərəkəti mənə qəribə və anlaşılmaz görünürdü. Ancaq sonralar başa düşdüm ki, məhəbbətdən də böyük, müqəddəs hisslər varmış. Bu, qardaş namusu, ana-bacı namusu, insan ləyaqəti imiş. Nə isə, təhqir olunmuş qadın mənliyimi alçaltmamaq üçün ürəyimdə hər şeylə vidalaşdım; həyatla, arzularımla... Özümü Daşlı çaya atıb məhv eləmək, birdəfəlik bu dünyanın əzablarından — axı mən gözümü açandan nə gün görmüşdüm ki? — qurtarmaq qərarına gəldim və Elməddinə əl boyda bir kağız yazıb səhəngi götürərək coşub-daşan, qurbanlıq istəyən Daşlının sahilinə gəldim. Ağlayırdım, göz yaşlarım yanaqlarımı yandırırdı. Çayın qırağında səhəngi yerə qoyub oturdum. Qıjıltı ilə axan, iri daşları baş-başa vurub şaqqıltı ilə aparan lilli sulara baxdım. Su elə sürətlə axırdı ki, baxışlarımı aparırdı. Göz yaşı tökə-tökə bir neçə andan sonra vücudumun o quduz suların ağuşunda olacağını təsəvvür eləyib hönkürtü vuranda... arxa tərəfdən səs eşidib qanrıldım. Başım üstə ucaboylu, uzun tumanlı, başına altdan araqçın qoyub üstdən cuna bağlamış tanımadığım bir qadın dayanmışdı. Yaşı altmışı haqlamış olardı, üzü qırışlarla örtülmüşdü, araqçının altından çıxmış birçəkləri dümağ idi. Bizim qəryənin adamı deyildi. Ondan azca aralı bir xırda araba dayanmışdı. Arabaya hündür, boz rəngli Həmədan ulağı qoşulmuşdu. Arabada 13—14 yaşlı bir oğlan oturub bizə sarı baxırdı. Arvadın əlində paxır, qara satıl vardı. Görünür, çaydan su götürüb ulağa vermək istəyirdi. O, ağladığımı görüb üzümə diqqətlə baxdı: yəqin görkəmimdəki biçarəlik, yazıqlıq ona təsir eləmiş olmalı idi ki, həlim bir səslə:.

– Niyə ağlayırsan, qızım? — deyə xəbər aldı. Mən hıçqırığımda davam edərək cavab vermədim. İki-üç saniyə susub heç nə söyləmədi, çayın sahilinə enib satılı su ilə dolduraraq geri qayıdanda yenə yanımda ayaq saxladı, yaş əlləri ilə qaşlarını sığalladı və arabada oturmuş uşağı səslədi:

– Ay bala, ay Şahin, gəl suyu apar ver o heyvan içsin...

Oğlan arabadan atılaraq qaça-qaça yanımıza gəldi, satılı götürərək mənə ötəri nəzər salıb geri qayıtdı.

Arvad məni diqqətlə süzdükdən sonra:

– O gözlərinə heyfin gəlsin, qızım, ağlama! — dedi. —Bu dünyanın işi ağlamaqla düzələn deyil, bala.

Tanımadığım bu yad qadının sözləri elə bil məni silkələdi, ayıltdı, Özümü öldürmək istəyirəm? Ağlayıram? Guya mən ölsəm dünya qara keyəcək? Ağlasam, xoşbəxt olacağam? Və birdən beynimdə, ürəyimdə belə bir fikir yarandı ki, başımın üstündə dayanan qadın Allah-taala tərəfindən məni bu dözülməz həyatın, çəkilməz işkəncələrin əlindən xilas etmək üçün göndərilmiş bir məxluqdur. Səsindən, danışığından yaxşı adama oxşayırdı. Hər halda o ilk anlarda mənə belə gəlirdi və sonrakı hadisələr də mənim birinci təəssüratımın yanlış olmadığını sübuta yetirdi. Fikirləşdim ki, qıjıltı ilə axan o suların qoynunda ölməkdənsə, daşlara çırpılıb parça-parça olmaqdansa, bu qəryədən çıxıb getmək, uzaqlaşmaq min-dəfə yaxşıdı, Həzrətgülün ocağının başına qayıtmaqdan, Elməddinin o rəhmsizliyinə, dönüklüyünə, biganəliyinə dözməkdən çox-çox yaxşıdı. Qoy axtarsın Elməddin məni, qoy axtarıb tapmayandan sonra yanıb-yaxılsın, bir dizinə, bir başına vursun, əli heç yerə çatmasın. Gedəcəyəm, bu qarı məni aparsa gedəcəyəm, qulluqçusu olaram, bircə qarın çörəyi yəqin ki, məndən əsirgəməz. Ağlıma gələn bu fikri nə zaman dilimə gətirdim, heç bilmirəm:

– Xala, — dedim — mən yetim bir qızam, dünyada kimimkimsənəm yoxdu, məni özünlə apar, xala. Mən burda qalsam, öldürəcəyəm özümü, xala. — Bir an sonra belə söylədiyimə təəccüb elədim, ancaq daha demişdim, ürəyimin sözünü demişdim. Arvad göz yaşları içində dediyim bu sözləri eşitdikdə qarşımda çömbəldi, uzun, arıq, qara damarlı görünən əlini başıma çəkib:

– Ağlama, qızım! — söylədi və mən o səsdə qəribə bir doğmalıq, mehribanlıq duydum; elə bildim, möcüzə oldu, bu, tutqun bir xatirə kimi yaddaşıma həkk olunub qalmış anamdı — hardansa ağır gündə olduğumu hiss eləyib dadıma çatmaq üçün gəlib. Düzdü, qocalıb; saçları ağarıb, mənim xatırladığım anamdan onda zahirən heç bir əsər-əlamət yoxdu — təkcə səsi... səsində bir analıq vardı. Başqa bir dünyadan gəlmiş adama oxşayırdı həqiqətən. O öz qəribə səsilə təkrar elədi:

– Ağlama, qızım. Adam canına qəsd eləməz. O canı sənə verən kişi var, nə vaxt lazım bilsə, onda da o canı səndən alacaq. İntihar acizlərin işidi, qızım, dözümsüzlərin işidi. Deyirsən bu qəryədə heç kəsin yoxdu? Bəs sən burda neyləyirsən, bala? Bu səhəng nədir bəs?

Mən ani olaraq duruxdum və qarının nə demək istədiyini o dəqiqə başa düşdüm, başıma gələnləri çox qısa şəkildə ona söylədim. Arvad fikrə getdi, baxışlarını qaldırıb qəryəyə sarı boylandı və:

– Hə, belə-belə işlər, qızım. Sənin başın bəlalı imiş, — dedi.

– Bəs səni axtarmazlar?

– Axtarmazlar, xala. Kim axtaracaq məni, kimə lazımam? Ən çox istədiyim adamım o idi — mən Elməddinin adını da dilimə gətirmədim — o idi, o da mənimlə belə rəftar elədi. Mən ona lazım deyildim daha. Lazım olsaydım... — Mən təzədən hönkürtü vurub ağlamağa başladım. O, elə bil, hər şeyi ölçüb-biçirdi, düşünüb götür-qoy eləyirdi. Bu anlar mənə nədənsə çox uzun və üzücü göründü. Nəhayət, qarı dilləndi:

– Razısansa, bizimlə gedək. Səni saxlaram bala, qalarsan bizdə, sən də olarsan mənim balam.

Sevincimdən:

– Çox sağ ol, ay xala! — sözlərini necə dediyimi indi də xatırlamıram.

– Amma çox uzaqda oluruq, qızım.

– Eybi yoxdur, bu yerlərdən nə qədər uzaq alsaq, o qədər yaxşı olar.

– Hə, onda dur, dur gedək, yolçu yolda gərək.

Biz ayağa qalxaraq arabaya sarı gəldik. Oğlan satılı uzunqulağın qabağından götürdü və dal təkərin üstündəki dirsəyə keçirtdi. Mənim də arvadla bərabər arabaya mindiyimi görəndə nə isə heyrətlənmiş halda qəşəng, uzun kirpikli qonur gözlərini dolandırıb mənə ötəri nəzər saldı, ancaq heç nə demədi.

– Sür, bala, — dedi arvad, — bu qız da bizimlə gedəcək. Kimsəsizdi.

Oğlan dönüb təzədən mənə baxdı; mənə deyəndə, təkcə yaşlı gözlərimə baxdı və tez də üzünü çevirib uzunqulağa şaqqıltılı bir qırmanc çəkdi.

Arvad arabada, dizlərinin yanında mənə yer verəndən sonra:

– Nəvəmdi, — dedi, — yanımda qalır...

– Allah saxlasın! — dedim.

..Adı Reyhan olan bu qadının danışığı qəribə idi, elə bil, bizim millətdən deyil. Özbək də deyildi, türkmən də deyildi, onlardan bizim tərəflərdə çox görmüşdüm, bəzi sözlərini də öyrənmişdim. Reyhan arvadın danışığı tamam ayrı cür idi, sözləri xüsusi ləhcə ilə tələffüz eləyirdi, kəlmələri axtara-axtara danışırdı. Nəvəsi ilə hərdən öz dillərində söhbət eləyəndə, mən zənnimdə yanılmadığımı başa düşdüm. Reyhan anamın — doğrudan da o, mənə ana oldu sonralar

– uzun, iki gündən çox çəkən yolumuzda elədiyi söhbətdərdən məlum oldu ki, o əslən türkdü, dediyinə görə ulu babaları Qarabağın Şişə şəhərindən köçüb gəliblər. Qarabağ deyilən qəryəni də onlar salıblar. Qəryə çox səfalı, bağ-bağatlı bir qəryədi. Yol qırağında yerləşir. O qəryədən başqa burda iki başqa türk qəryəsi də var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 dəq
İkinci hissə, on dördüncü fəsil

Günəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.

34 dəq
İkinci hissə, on beşinci fəsil

Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

10 dəq
İkinci hissə, on altıncı fəsil

Yüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.

12 dəq

Başqa şairlərin şeirləri