Səhifə 3 / 4 · 50%

1 2

Birinin adı Nənəkçidi , o birinin Təpə . Bu üç qəryənin camaatı eyni millət olduğuna görə axtarıb bir-birini tapıblar. Gəl-getləri, qohumluqları var.

Bu qəryələrin camaatı çox təmiz, qeyrətli, qonaqpərvər bir camaat idi. Birinin toyu hamının toyu idi, birinin yası hamının yası idi. Qızlarını öz oğlanlarına verərdilər, bizimkilərdən qız almazdılar. Qarabağ qəryəsinin bir ağsaqqalı vardı — ucaboy, saqqalı, dümağ-saçlı bir kişi idi. Adına Adışirin ağa deyərdilər. Onun sözü qarabağlıların böyüyü üçün də, kiçiyi üçün də qanun idi. Reyhan anamın palçıqdan tikilmiş iki çeşməli bir evi, beş-on qoyun-keçisi, bir uzunqulağı, bir çəribə qədər də torpağı vardı. Əri yoxdu, lap cavan vaxtı ölmüşdü. Saçının birini ağ, birini qara hörüb ərə getməmiş, tək oğlunu böyütmüşdü: üç il əvvəl oğlu Talıb sil xəstəliyindən vəfat etmiş, gəlini Sona isə çox sevdiyi ərinin ölümündən sonra havalanmış, özünü yandırmışdı. Reyhan arvad nəvəsi Şahinlə bir damın altında tək qalmışdı. Güzəranları babat idi — südü, yağı, pendiri, qaymağı olardı Reyhan arvadın həmişə. Qarabağ camaatının acı-toxu bilinməzdi. Kimin nəyi yoxdusa, olanlar verərdi.

Mən Reyhan arvadı ömrüm boyu unutmayacağam, Simin. Gözəl, mehriban insan idi — öz yaxşılığı ilə, qayğıkeşliyi ilə o, mənə Səbihə arvadı da unutdurmuşdu. Mənə qızım deyirdi həmişə. Onlarda qaldığım illər ərzində bircə dəfə də xətrimə dəyən söz çıxartmadı dilindən. Mən də ona övladlıq elədim, evin, həyat-bacanın bütün işini özüm görürdüm, əlini ağdan-qaraya vurmağa qoymurdum. Şahinlə əl-ələ verib bütün işləri görürdük. Şahin də, uşaq olmağına baxmayaraq, çox ağıllı, xoşxasiyyət bir oğlan idi. Dərslərini yaxşı oxuyurdu şagirde-dərəcəye-əvvəl hesab olunurdu. Özü də qəşəng idi

– qapqara, şəvə kimi saçları, qonur gözləri vardı. Elə utancaq idi ki, heç olmayan kimi. Qızdan betər utancaq idi. Mənimlə danışanda tər tökərdi. Nənəsi onun bu xasiyyətindən söz düşəndə heyfsilənə-heyfsilənə deyərdi: «Bu uşağın axırı nə olacaq, heç bilmirəm. Xalqın uşağı gözdən tük qapır, bu isə, biri ilə danışanda az qalır üzünə ələk tutsun».

Orada yaşadığım müddətdə camaatla qaynayıb-qarışdım; hamı nədənsə mənə hörmət eləyirdi. Bilmirəm qərib olduğuma görə idi, nə idisə, uşaqdan-böyüyə bütün Qarabağ camaatı mənə bacısı, qızı kimi baxırdı. Dəlisov cavanlardan bir-ikisi adətləri xilafına, mənə evlənmək də istəmişdi razı olmamışdım. Demişdim mən ərə getməyəcəyəm, vəssalam. Çəkilib oturmuşdular yerlərində.

Reyhan arvad başıma gələn əhvalatı bilirdi deyə məni darıxmağa qoymurdu, söhbətlə başımı qatırdı, dərdimi unutdururdu. Əvvəllər çox darıxırdım, ürəyim hövl eləyirdi, istəyirdim ordan da baş götürüb qaçam. Ancaq hara, kimin yanına? Belə anlarda Reyhan arvad qəmimi-ələmimi gözümdən oxuyur təsəlli verirdi... Elə bilirdim anamdı — yanımdadı. Uşaq kimi ona sığınıb ağlayırdım, ürəyim boşalırdı, təskinlik tapırdım. Qərəz, beləcə yaşayırdım o mehriban ailədə, o mehriban camaatın arasında. Elə yaşayacaqdım da ömrümün axırına qədər. Ancaq gözlənilməz bir hadisə üz verdi, Simin!

– Amman allah, yenə nə oldu, bacım?

– Hə, gözəl günlərin birində, keçən il elə bu vaxtlar birdən hiss edədim ki, Reyhan arvadın gözəl nəvəsi, o qız kimi utancaq oğlan mənə vurulub.

– Elə şey olmaz! O ki səndən çox kiçikdi?

– Mən də onu həmişə uşaq hesab eləyirdim. Mən onlara gələndə onun on üç, on dörd yaşı ancaq olardı. Amma axı aradan illər keçmişdi, Bığ yeri qaralmışdı, səsi kallaşıb dəyişmişdi. On ikinci sinifdə oxuyurdu. Lakin mən yenə Şahini uşaq sanırdım, sən deyən kimi. Ancaq gördüm elə vurulub, elə vurulub ki, heç özündə-sözündə deyil. Bilirsən, sevmək adamın öz əlində deyil ki. Sevgi-məhəbbət xəbərsiz-ətərsiz, icazəsiz-filansız gəlir, bacım. Şahin mənim gözümdə uşaq idi, ağzından süd iyi gəlirdi hələ. Demək olar ki, gözümün qabağında böyümüşdü. Onu, kiçik qardaş hesab eləyirdim özümə. Ancaq onun mənə vurulduğunu hiss eləyəndə əvvəl gülmək tutdu məni, buna bir əyləncə kimi, başqarışdıran bir oyun kimi baxdım. Düzdü, üzünə heç nə vurmurdum, işarə belə eləmirdim. Lakin içəridə, ürəyimdə nə isə qəribə bir ləzzət duyurdum. Özümü elə əvvəlki kimi sərbəst aparırdım, deyirdim, gülürdüm. Mən dəyişməmişdim, necə vardımsa eləcə idim. Dəyişən o idi. İri, qonur gözləri tez-tez yol çəkirdi, sinəsindən odlu-alovlu ahlar qopurdu. Yeməyindən, yatmağından olmuşdu yazıq uşaq.. Dərsləri başına girmirdi, oxuyurdu, özünü öldürürdü, ancaq yadında heç nə qalmırdı. Bostanda şum eləyəndə, tağlara arxdan su verəndə, ot biçəndə... bir də gördüm ki, kənarda dayanıb həsrətlə mənə baxır. İlahi, o gözlərdə elə böyük və dərin bir həsrət vardı ki, onu heç nəylə, hətta mən özüm də yox eləyə bilməzdim, silə bilməzdim. Ürəyi sanki gözlərində yanırdı, qəlbinin yanğısı bəbəklərində şölələnirdi, səssiz-səmirsiz kirpiklərini isladan göz yaşları olmasaydı, bəlkə də... nə bilim, kor olardı yazıq. Sadəcə baxırdı, köks ötürürdü, hisslərini gizləməyə, ört-basdır etməyə çalışırdı, çünki utanırdı. Ancaq gözləri onu satırdı. Axı «göz ürəyin aynasıdı» deyirlər. Bu hikmətə mən onda inandım, bacı...

Məhəbbət dilini lal eləmişdi — mənə heç nə deyə bilmirdi. Elə içəridə közərə-közərə, tüstülənə-tüstülənə qalmışdı.. Nənəsi Reyhan da Şahinin nəsə gizli mərəzə tutulduğunu hiss eləyirdi, nigarançılıq çəkirdi, lakin ağlına gətirmirdi ki, o, bu hala eşqin ucundan düşüb. Mən də Reyhan nənəyə heç nə demirdim; arvad çox ciddi idi belə məsələlərdə, hətta çox sərt idi. Bilsəydi, Şahini yaxşıca kötəkləyərdi, gününü göy əskiyə düyərdi. Bunu isə mən istəmirdim. Şahinə yazığım gəlirdi. Bilirsən, sən özün də indi yaxşı başa düşərsən ki, sevən adamın ürəyi şüşə kimi kövrək olur, bir ehtiyatsız sözdən sına bilir. Mən artıq bu hikməti yaxşı başa düşmüşəm, anlamışam ki, səni çox, canından, gözündan, ömründən çox sevən adama gərək heç vaxt zülm eləməyəsən; zülm eləsən, onun ahı gec-tez səni tutar, heç zaman xoşbəxt ola bilməzsən, bacı. Bu, məhəbbətin yazılmamış, əsrarəngiz bir qanunudur, Simin. Şahin mənə qəlbini açmasa da bütün varlığımla hiss eləyirdim ki, o məni ilahi, qeyri-adi bir məhəbbətlə sevir; onun məhəbbətində şəhvani heç nə yox idi, bilirdim. O heç özü də anlamırdı ki, məni niyə sevir, nəyimi sevir və bu sevgi onu xoşbəxt eləyər, ya bədbəxt eləyər? Bunu da düşünmürdü o! Ancaq sevirdi, mən onun üçün əlçatmaz bir varlıq idim — yanında idim, ancaq nə əli çatırdı, nə də bir söz deyə bilirdi. Mən kim idim? Bədbəxt olmuş, sevdiyindən əli həmişəlik üzülmüş, sevdiyi tərəfindən rədd edilmiş nakam, sınıq ürəklə yaşamağa məcbur olmuş bir gəlin idim. Bir üzüm qız idi, bir üzüm gəlin. Mənim də ürəyim vardı, hisslərim vardı, mən də insan idim. Yer üzündəki bütün insanlar kimi, mənim də sevmək, sevilmək istəyim vardı ürəyimdə. Ancaq bu arzular, bu duyğular həyatın amansız əlləri ilə məhv edilmişdi, tar-mar olmuşdu, bacım. Şahinin mənə vurulduğunu bilən günəcən mən cansız cəsəd kimi, kölgə kimi yaşamışdım. Mənim ancaq dərdli, kədər dolu, göz yaşlarından ibarət bir keçmişim vardı, mən bu keçmişimlə yaşayırdım. Mənim sabahım yox idi, gələcəyim yox idi, bacı. İstəmirdim də. Həyatdan, dünyadan naümid olan bir insanın qəlbi təzədən bir də çətin dirilir, arzularla dolur, gözləri nurlanır! Ancaq Şahin — o anlaşılmaz hisslərinin əlində ixtiyarsız yanıb qovrulan Şahin, özüm də duymadan mənim qəlbimdə nə isə başaçılmaz, «qarışıq bir dünya yaratdı; məni təzədən bu aləmə qaytardı. Yetim olsam da, bu qəryədə doğma, munis bir adamım olmasa da, dünya gözlərimdə gözəlləşməyə başladı. Daha tez-tez keçmişimi yad edib göz yaşı tökmürdüm, qəmli, pərişan üzüm yavaş-yavaş gülmək öyrənirdi. Ona görə yox ki, mən də Şahini istəyirdim, onun mənim ömür-gün yoldaşım olacağını heç ağlıma belə gətirmirdim.. Yox, düzü, bu fikirlərdən çox uzaq idim. Sadəcə olaraq Şahin mənim üçün maraqlı bir sinema idi, kitab idi —baxırdım, oxuyurdum və dərdlərimi unudurdum. Səndən gizləmirəm: hərdən ürəyimdə ona qarşı sevgiyəbənzər bir hiss oyanırdı, istəyirdim onu bağrıma basıb öpəm, kədərli, nəmli gözlərini busələrə qərq

edəm. Çünki o, böyük məhəbbətin, istəyin mükafatı ancaq bu ola bilərdi. Lakin özümü saxlayırdım, «olmaz» — deyirdim o, uşaqdır, o başa düşməz məni, gözündə alçalaram, pis qadın təəssüratı yaranar onda mənə qarşı. Və sonra gərək mən ölüb yerə girəm. «Olmaz!» — deyirdim, Yusifin ruhu məndən inciyər. «Olmaz!» — deyirdim, mən Elməddinin kəbinli arvadıyam — baş yastığa qoymasaq da, o kişinin adı var üstümdə. «Olmaz!» — deyirdim, — məgər qadın namusunu çöldə qoymalıdı, hər «sevirəm» deyənin ayaqları altına atılmalıdı? Qadın, namusunu hər kəsdən artıq özü üçün qorumalıdı, çünki namusdu qadının ən böyük var-dövləti, mənliyi, qüruru. Alın açıqlığı namusudu qadının!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 dəq
İkinci hissə, on dördüncü fəsil

Günəş çoxdan başı nizəyə bənzər dağların dalında gizlənmişdi, zirvəyə səpələnmiş, sərilmiş axırıncı qızılı tellərini də asta-asta çəkib arxasınca aparmışdı. İlk axşamın qatı qaranlığı tarlaları, yolları, ağacları bağrına basıb udmuşdu ⎯ axşamın o vədəsiydi ki, hər şey qaynayıb bir-birinə qarışmışdı; bir az keçəcəkdi, qaranlıq adiləşəcək-di, göz qaranlığa alışacaqdı və sonra hər şey də öz tutqun, qara görkəmini alacaqdı.Göylər hələ qapqaraydı, orda-burda təkəm-seyrək közərən ulduzlar səmanın qara-boz sifətini işıqlandıra bilmirdi. Yerdə, çöllərdə, tarlalarda bir az əvvəl eşidilən hay-küy, səs-səmir çəkilib yox olmuşdu; hər yan dilsiz bir sükut içində, sanki bütün günü əlləşib-vuruşan, yorulmuş bir adam kimi, əl-ayağını yığışdırıb mürgüləməyə hazırlaşırdı. Bəli, təbiət dincəlmək istəyirdi.

34 dəq
İkinci hissə, on beşinci fəsil

Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

10 dəq
İkinci hissə, on altıncı fəsil

Yüngül yay mehi əsirdi, tut ağacının yaşıl yarpaqları həzin gecə nəğməsi pıçıldayırdı. Budaqdan asılmış beşyüzlük elektrik lampasının həndəvərində cücülər, kəpənəklər, pərvanələr bir-birinə toxuna-toxuna uçurdular. Həyət qəribə bir sakitlik içində mürgü vururdu.Nəzər mizin arxasında, öz yerində oturmuşdu, qara telefonu qabağına qoymuşdu. Bikə xanım da, Qərib də qarşı tərəfdə əyləşmişdi. Dinib-danışan yox idi, lal-dinməz hər kəs öz çayını içirdi.

12 dəq

Başqa şairlərin şeirləri