Səhifə 3 / 3 · 67%

⎯ Sən əsgər gedən gün mən də gəlmişdim səni yola salmağa, ancaq sən bircə dəfə də üzümə baxmadın…

⎯ Mən hardan biləydim… Düzü, ancaq orda, odun-alovun içində gözlərin yadıma düşdü.

Bikə incik səslə:

⎯ Onda da heç fikirləşmədin, özümü yada sala bilmədin, hə? ⎯ deyə astadan xəbər aldı.

⎯ Mənim yalanla aram yoxdu. Doğrusu, yadıma sala bilmədim.

Susdular. Xeyli gedəndən sonra Bikə dedi:

⎯ Hər halda şadam ki, gözlərim səni qoruyub heç olmasa! Xoşbəxtəm ki, sağ-salamat gəlmisən. Allah yalvarışlarımı eşitdi, sənə qıymadı, mənə yazığı gəldi.

Bikənin bu sözləri Nəzərin qəlbini titrətdi, istədi onu qucaqlayıb belə ağıllı sözlər deyən dodaqlarından öpsün, ancaq özünü saxladı. Yalnız:

⎯ Sağ ol, Bikəm mənim, ⎯ deyə pıçıldaya bildi. Qurumuş dodaqlarını diliylə islatdı və ürəyindəki əsas mətləbi aydınlaşdırmağın məqamı çatdığını duyub davam etdi: ⎯ Mən bayaq dedim ki, açıq danışacayıq, Bikəm. Mənə düzünü de… ⎯ duruxdu.

⎯ Nəyi? ⎯ Bikə təəccüblə çevrilib Nəzəri süzdü.

Nəzər susdu. Hiss olunurdu ki, çətinlik çəkir fikrini deməyə. Bikə köməyinə gəldi və bu, Nəzəri daha çox heyrətləndirdi:

⎯ Bilirəm, soruşmaq istəyirsən ki, gözləməm-gözaltım var, olub, ya yox? Düzdü? Bunu soruşmaq istəyirsən?

⎯ Hə, hardan bildin, ay mənim həssasım?

⎯ Ağzında deyirsən «həssasım». Həssasamsa, sənin ürəyindən keçənləri, gözlərinə yazılanları bilməliyəm, oxumalıyam, Nəzər mü… e, çaşdım…

Nəzər bəxtiyarlıq içində güldü, gözləri işıqlandı, sifəti gül kimi açıldı:

⎯ Eybi yoxdu, çaşıb-çaşıb axırda öyrəşəcəksən.

Bikə ciddiləşib söylədi:

⎯ Mənim özümdən də xəbərsiz ürəyimi əlimdən alıb aparan bir oğlan vardı, ⎯ Bikə birdən-birə belə başlayanda Nəzərin ayaqları süründü, qəlbi çırpındı, nəsə xəbər almaq istədi, ancaq səsi çıxmadı. ⎯ Onu əsgər yola saldım, getdi, qayıdıb gəldi… O gedib-gələnəcən mən nələr çəkmişəm, bir allah bilir, bir də özüm.

Nəzər daha tablaya bilmədi:

⎯ Kim idi o?

⎯ Kim idi? Bilmirsən?

⎯ …

⎯ O oğlan indi mənimlə yanaşı addımlayır, o sənsən, Nəzər! Nəzər dayandı, qəfildən əlini atıb qızın sağ qolundan yapışdı, özünə tərəf çəkib hərarətlə qucaqladı.

⎯ Yavaş! Neyniyirsən?!

⎯ …

Bir-birindən utandıqlarındanmı, danışmağa söz tapmadıqlarındanmı, on-on beş addım səssiz-səmirsiz getdilər. Handan-hana Nəzər özünə gəlib, fikrini izah elədi:

⎯ Bilirsən bunu niyə soruşuram?

Yenə Bikənin cavabı onu təəccübləndirdi:

⎯ Bilirəm, Nəzər! Sən yaxşı eləyirsən. Sən gərək mənim barəmdə hər şeyi biləsən.

⎯ Sağ ol, sən lap peyğəmbər kimi danışırsan. Məni düzgün başa düş, qınama. Çünki mən, yaşım çox olmasa da, dünyanın isti-soyuğunu dadmışam. Müharibə görmüşəm mən. Müharibə insanı hardasa filosof eləyir, müdrikləşdirir, həyata, insanlara ayıq gözlə baxmağı öyrədir.

⎯ Elədir.

⎯ Mən bayaq nahaq demirdim ki, müharibənin ürəklərə vurduğu yaralar, sinələrə çəkdiyi çalın-çarpaz dağlar sağalmayacaq. Bilirəm ki, hər kənddə, hər şəhərdə sənin kimi çoxlu cavan qızlar var ki, sevdikləri, könül verdikləri oğlanlar gediblər və qayıtmayıblar. Bu qızların ürəyi bombardmandan sonra dağılıb yerlə-yeksan olmuş şəhərə bənzər ⎯ sınıqdı, sızıltılıdı; o qızların ömrü boyu bir gözü gülsə də, bir gözü ağlayacaq, Bikə. Onların heç vaxt gözləri yollardan yığılmayacaq. Ola bilsin və bu yəqin belə də olacaq ⎯ onlar ərə getsin, ailə qursun, oğul-uşaq sahibi olsun. Ancaq o ağrı-acı unudulmayacaq. Onlar çətin ki, sözün tam mənasında xoşbəxt hiss eləsinlər özlərini. Və mən o cür qəlbiqırıq, ilk ovu, ilk məhəbbəti daha dəymiş qızlarla evlənən oğlanların halına indidən acıyıram. Öz səadətlərinin viran olmuş ürəklərdə axtarmaq istəyən oğlanların, kişilərin də xoşbəxtliyi yarımçıq olacaq, Bikəm. Mən səadəti bütöv istəyirəm, yarımçıq yox, şikəst yox!

⎯ Düzdü. Nəzər, sən düz fikirləşirsən…

⎯ Bax, belə bir şey təsəvvür elə, ⎯ deyə Bikənin onu başa düşməsindən vəcdə gələn Nəzər boğazını arıdıb sözünə davam elədi, ⎯ tutaq ki, sən… ⎯ məsəl üçün deyirəm, birini sevmiş olaydın, o da gedib qayıtmayaydı… Sən məni necə sevə bilərdin? Sən mənimlə necə xoşbəxt ola bilərdin? Ürək, məhəbbət parçalandımı, o ürək deyil, o məhəbbət deyil.

⎯ Elədir. Əgər mən birini sevmiş olsaydım, itirmiş olsaydım, onda… ömrüm boyu onun yolunu gözlərdim. Yəqin bilsəydim də ki, heç vaxt gəlməyəcək, yenə gözlərdim onu. Onda sən yox, heç allahın özü də… mənə özünü sevdirə bilməzdi. Nəzər!.. Çünki gözün, könlün ilk ovu unudulmur, ölüncə unudulmur, deyirlər.

… Bir ay sonra… Nəzərə Səlminaz arvad səssiz-səmirsiz bir «toy» eləmişdi. Çalğısız-xanəndəsiz… Çünki kənddən əsgər gedib qayıtmayanlar, qara kağızı gələnlər çox idi və və qəlbi sınıq, gözü yaşlı, hələ yollara intizarla baxan ataların, anaların, nişanlı qızların, gəlinlərin, yetim uşaqların gözünün qabağında toy eləməyi Nəzər vicdanına sığışdırmamışdı. Səlminaz arvad da oğluyla razılaşmışdı.

Bikə, indicə Nəzərin əlində kiçik çamadan çıxdığı bu həyətə o vaxt, dava qurtaran ili beləcə gəlin gəlmişdi.

… Nəzər çınqıl tökülmüş, ancaq hələ qır basılmamış narahat kənd yolunda xışıltı-tıqqıltı qopara-qopara ağır-ağır irəliləyən avtobusda, pəncərənin qabağında əyləşib, çöllərə baxa-baxa fikirləşirdi ki, yaxşı oldu, kənddən çıxanda onu heç kəs görmədi. Amma səhv eləyirdi. Bəndin böyründə, pambıq tarlasında bir dəstə məktəblini başına yığıb, nəsə danışan Hüsü müəllim qırğı gözlərilə onu uzaqdan görüb tanımışdı və Nəzər Cürəliyə ⎯ qızıgilə çatmamış bu xəbəri Şakirə çatdırmışdı:

⎯ Nəzər getdi!

Şakir maşının açarını burub motoru söndürmüşdü:

⎯ Hara?

⎯ Hara olacaq? Bakıya! Əlində də bir yekə qara çamadan vardı. ⎯ Yox əşi?

⎯ Hm. Yəqin şikayətə gedir də.

Şakir dodaqlarını ayırıb çırt atmışdı:

⎯ Pay atonnan! Bu kişinin saçı-saqqalı ağardı, ancaq ağlı ağarmadı da. Demaqoqluğundan əl çəkmədi ki, çəkmədi.

⎯ Südnən gələn sümükdən çıxmaz, Şakir. Onun rəhmətlik Səlminaz anası da heyləydi. Haqq deyib dururdu arvad. Sənin yadına gəlməz…

⎯ Necə gəlməz, ay kişi? Gəlir. Bu yaxınlarda ölmədimi? O iclas olmazdı ki, orda danışmasın, kolxoz quranlardanam deyirdi həmişə…

⎯ Hə… Zirəng arvad idi.

Şakir yollara baxmışdı.

⎯ Yəni deyirsən toçnu Bakıya getdi?

⎯ Bu nədi?.. O ta rayon-zad saymır. Birbaş Bakıya yazır, Bakıya gedir!

Şakir əlini yellətmişdi:

⎯ Əh, getsin də. Lap istəyir Moskvaya getsin. Zornan çıxartmamışam ha. Pensiya vaxtı çatıb. Özü də ərizə verib. Könüllü surətdə…

⎯ Əlbəttə. Deyir, milçək bir şey döyül, amma ürək bulandırır da. Şakir maşını işə salmışdı:

⎯ Əsas plandı. Uşaqları gözdən qoyma. Qoy yığsınlar. Katib birinci plana baxır… Qalan şeylər düzələr.

⎯ Arxayın ol, əşi.

Maşın toz qaldıra-qaldıra uzaqlaşmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, altıncı fəsil

Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...

14 dəq
Birinci hissə, yeddinci fəsil

– Ceyhun.– Nədi?

12 dəq
Birinci hissə, səkkizinci fəsil

Orxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:

7 dəq
Birinci hissə, doqquzuncu fəsil

Şöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə. Orxanın qoyduğu güllər eləcə dururdu.Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:

10 dəq

Başqa şairlərin şeirləri