Səhifə 2 / 2 · 50%

⎯ Müəllim, olar? ⎯ dedi.

Məmmədağa müəllim baxışlarını qaldırıb Sahiri görən kimi mehriban bir təbəssümlə gülümsündü, qələmi də vərəqin üstünə qoyaraq:

⎯ Gəl, Sahir, gəl! ⎯ dedi. ⎯ Sahir belə qarşılanacağını gözləmədiyindən özünü itirdi, çəkinə-çəkinə otağa daxil olub, ayağının birini götürüb o birini qoya-qoya, utancaq bir tərzdə:

⎯ Professor, mən gəldim sizə deyim ki… ⎯ dedi, lakin sözünün dalını gətirə bilmədi. Həyəcanını, sıxıldığını ilk andan duyan professor onu ⎯ dünənəcən tələbəsi olan, sonra ona arxa çevirən və bu gün artıq universiteti bitirib diplom alan bu cavan oğlanı vəziyyətdən çıxarmaq üçün:

⎯ Əyləş, Sahir! ⎯ dedi. ⎯ Niyə ayaq üstə durmusan?

⎯ Sağ olun, müəllim, mən ikicə dəqiqliyə gəlmişəm. Gəlmişəm ki, sizdən üzr istəyəm, müəllim. Mən cavan olmuşam, uşaq olmuşam, başa düşməmişəm, sizdən haqsız şeylər yazmışam, başqalarının ⎯ sizi istəməyənlərin sözünə inanmışam, müəllim. Dövlət imtahanında az qala infarkt olacaqdım, oxuya bilmirdim, düşünürdüm ki, onsuz da məni kəsəcəksiz. Amma siz əla verdiz.

⎯ …

⎯ Bu səhvimi neçə vaxtdı dərk eləmişəm, peşiman olmuşam, ancaq ha illah eləmişəm ki, sizin yanınıza gəlib üzr istəyəm, bacarmamışam, ayaqlarım, ayaqlarım gedib, ürəyim yox, utanmışam.

⎯ …

⎯ İndi təyinatımızı ⎯ Əsmər də, mən də ⎯ rayona almışıq, gedirik. Fikirləşdim ki, heç olmasa indi, bu gethagetdə gəlib sizdən həm üzr istəyim, həm də xudahafizləşim.

⎯ …

⎯ Heç dillənmirsiz, müəllim?! Demək, məni bağışlamırsız, eləmi?

Professor oğlanın boz sifətinə, uzun, sivri burnuna, iri, donba gözlərinə xeyli diqqətlə baxıb sonra, aram-aram, əsəbiləşmədən dilləndi:

⎯ Bağışlayıram, Sahir. Hər şeyi ⎯ mənə, öz müəlliminə elədiyin bütün namərdlikləri bağışlayıram, bala. Ora-bura, imzalıimzasız yazdığını da, üzümə durduğunu da, tələbələr arasında məni hörmətsiz eləməyə çalışdığını da… Ancaq bircə şeydən başqa…

Sahir iri gözlərini qıyıb qaşlarını çatdı, elədiyi haqsızlıqları bir-bir xatirinə gətirməyə çalışdı, ancaq dəqiq tapa bilmədi ki, müəllimi hansını nəzərdə tutur. Soruşmağa da dili gəlmədi.

Professor «köməyinə» çatdı:

⎯ Bilirsən nəyi bağışlaya bilmirəm, Sahir?

Sahir çiyinlərini çəkib cavab verə bilmədi.

⎯ Yadındadı, bir dəfə mən rektorun kabinetinə girmək üçün gələndə səni onun qapısı ağzında gördüm. Katibə harasa çıxmışdı. Mən içəri keçmək istəyəndə sən ayağa qalxıb dedin ki, Məmmədağa müəllim, rektor tapşırıb ki, heç kəsi buraxmayım, yanında adam var. Mən heç nə deməyib bir az gözlədim, sonra dəhlizə çıxıb siqaret yandırdım. Var-gəl eləməyə başladım. Xeyli sonra gördüm sənin sevdiyin, gəzdiyin Əsmər xanım rektorun kabinetindən çıxdı və siz ikiniz mənim böyrümdən üzümə də baxmadan keçib getdiz. Yadına düşdü?

⎯ Hə, ⎯ Sahir astaca dilləndi.

⎯ Sən Əsməri də öyrədib rektorun hüzuruna məndən şikayətə göndərmişdin. Rektor hamısını mənə danışdı. Bax, bircə bunu bağışlaya bilmirəm sənə, Sahir! İndi gedirsiz. Eşitdiyimə görə, Əsmər ilə də evlənmisən. Xoşbəxt olun. Ancaq sənə, bir müəllim kimi, ağsaqqal, dünya görmüş adam kimi, bir məsləhətim var, oğul. Gedirsən, hardasa bir kollektivdə işləməli olacaqsız. Konfliktə, cəncəl işlərə rast gələ bilərsən. O zaman məndən sənə əmanət, heç vaxt Əsməri qabağa verib direktorun, nə bilim, katibin kabinetinə göndərmə. Hamı bizim rektor kimi təmiz, namuslu ola bilməz. Bir də görərsən, sənin Əsmərin kabinetə tək girdi, amma cüt çıxdı. Budu sənə son tövsiyəm, Sahir.

Sahir qıpqırmızı qızardı, başını aşağı saldı».

Nəzər, professor yanındaymış kimi, əlini şappıltı ilə dizinə vurub ucadan dedi:

⎯ Ay gözünə dönüm,professor! Nə deyibsən, nə deyibsən! Lap ürəyimdən tikan çıxartdın. ⎯ Sonra, eləbil, oğlan qabağındaydı, ona üz tutub: ⎯ «Ə, faşist oğlu, faşist, kişisən, özün get, nə sözün var de, yoxsa arvadı qabağa vermək də kişilikdi? Düz deyir professor!»

Nəzər kitabı büküb stolun üstünə atdı, Sakit Aranlı ilə üzbəüz oturubmuş kimi ucadan dedi:

⎯ Gözünə dönüm, Sakit! Elə nakişilərə yaxşı dərs vermisən, sağ ol! Elələri bu hekayəti oxuyandan sonra, öz arvadlarını bir də çətin müdir, rektor, katib kabinetlərinə göndərərlər, Sakit! ⎯ söylədi.

Elə bu zaman telefon səsləndi. Nəzər tələsik dəstəyi götürdü:

⎯ Bəli, hə, hə, mənəm. Aha, aha! Xa-xa-xa!.. Nə bir olub! Aha. Hara? Hə, Hürnisəgilə… R, Mürsəlin bacısıdı də? Deməli, Raufun baldızıdı da o? Hə. Lap yaxşı. Uşaqlara denən gözdən qoymasınlar o faşist uşağı faşisti. Neçədi nömrələri? Aha… hə, yadımda saxlayaram, sonra zəng elə mənə!.. Sağ ol!

Beləliklə, Raufun tapşırığına əsasən Mürsəlin zəmi ilə xırman arasında, yoldan çıxardıb öz həyətlərinə gətirdiyi o bir maşın buğda gecə yarıdan keçəndə Hürnisənin zirzəmisinə boşaldılıb, Nəzərin zəngini eşidib təzədən maşına yükləndi, oradan da üçüncü bir həyətə ⎯ Hüsünün həyətinə aparıldı və kimsə ora da zəng vurub təhlükə olduğunu söyləyərək dəstəyi asandan sonra, əldən-dildən düşmüş Mürsəl, hava işıqlananda, yollar ağarışanda Raufu da, Uzunu da, Gödəyi də, əlbəttə, ən çox bu gecə üç dəfə adını eşitdiyi Nəzəri də yeddi mərtəbə söyüşlə yağlayıb:

⎯ Ə, sür xırmana, mənə belə çörək lazım deyil, ⎯ demişdi. ⎯ Zəhərə qalsın belə çörəyi, istəmirəm. İstəmirəm.

… Səhərə yaxın idi, Nəzər yenicə yerinə girmişdi ki, böyrünə, kətilin üstünə qoyduğu telefon yenə haray-həşir qoparmışdı. Nəzər əsnəyə-əsnəyə:

⎯ Eşidirəm! ⎯ dedi. ⎯ Hə, Cura, sənsən? Yox, elə indicə uzanmışdım. Kitab oxuyurdum. Əşi,elə şey olmaz! Düz xırmana apardı? Hə. Əla. Sən də əldən düşdün. Birinci növbə dərsin var? Yox? Hə, lap yaxşı. Get yat, halal olsun sənə. Sağ ol. Ta neyniyək, ay Cura. Bu faşist uşağı faşistin hamısını tutub basmaq olmur. Bu da onlarla mübarizənin bir üsuludur. Bu zalım uşağını öz başına buraxsan, təkcə kolxozu yox ey, bütün cəmiyyəti söküb-soyub öz həyətbacalarına daşıyarlar. Hə, inan, daşıyarlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, on beşinci fəsil

Qərib kabinetə girəndə, səsə başını qaldıran Nəzər, gözlərinə inanmadı; çünki oğlu, o, bu idarədə işləməyə başlayandan nəinki bura ayaq basmamışdı, heç onun həndəvərinə belə dolanmamışdı. Ona görə Nəzər qorxdu ki, yəqin nə isə olub. Qorxu içində, stoluna doğru inamsız addımlarla yaxınlaşan oğlunun salamını da almamış, tələsik dilləndi:⎯ Səndən nə əcəb, ay oğul? Yoxsa bir hadisə-zad olub?

10 dəq
İkinci hissə, on yeddinci fəsil

Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.

16 dəq
İkinci hissə, on səkkizinci fəsil

Rayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.

6 dəq
Üçüncü hissə, birinci fəsil

Kaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:

13 dəq

Başqa şairlərin şeirləri