Səhifə 4 / 4 · 75%

⎯ Bu nə müsibət idi ki, bizi saldın, ay Nəzər? Bizi yaman günə qoydun, ay Nəzər ⎯ deyirdi. ⎯ İndi bu camaatın üzünə necə baxacağıq, ay allah… Şakirin balaları ağlar qalsın, saldı səni dağa-daşa. Yurduna su calanmış, su caladı yurdumuza.

Tapdıq lal-dinməz oturmuşdu, açarları əlində oynadırdı. Qərib Güllünün qara donuna baxıb fikirləşirdi: «Yəqin elə bilib dədəm ölüb, qara geyinib gəlib. Kaş öləydi, bundan urvatlı olardı». Və birdən bacısından soruşdu:

⎯ Bə Sadıq niyə gəlmədi, aaz?

Güllü döyükdü, nə cavab verəcəyini bilmədi.

⎯ Deyirəm bə Sadıq hanı?

⎯ Gələmmədi. İşi çoxdu…

⎯ Hm…

Qəribin bu «hm» eləməyi Güllünün ürəyini göynətdi. «Çölüm özgəni yandırır, içim özümü… Sən Sadığı tanımırsan, ay qardaş… Mən sizə necə açıb deyim ki, gəlmədi, gəlmək istəmədi. Onda hamınız ona nifrət eləyərsiz».

Həqiqətən də, Bikə telefonla əhvalatı qızına çatdırandan, o da ərinə söyləyəndən sonra Sadıq dəli olmuşdu.

⎯ Vay, biabır oldum. İndi adamların arasına necə çıxacam? Getdi vəzifəm, karyeram. Daha mənimkindən keçmiş ola… Tfu… Yox, sən nə danışırsan, heç kəsə ağız aça bilmərəm. Qətiyyən. Gərək çalışaq buralarda heç kəs bilməsin bu işi. Yoxsa, gərək mən baş götürüb Bakıdan qaçam. Danışanda atayın ağzına çullu dovşan sığışmırdı. Ədalətdən, düzlükdən, saflıqdan dəm vururdu. Buyur, bu da sənə ədalət, düzlük, saflıq. Yox, məni bu işə qatmayın. Sən özün get, deyərsən Sadığın başı qarışıqdı, gələ bilmədi…

Güllü mat-mat ərinin üzünə baxmışdı, daha öyürübçöyürməmişdi, avtobusa minib gəlmişdi. Və indi bunların heç birini nə anasına, nə qardaşına-bacısına deyə bilmirdi.

Tapdıq dillənib sükutu pozdu:

⎯ Ağlayıb-sıtqamağın yeri deyil. Çarə fikirləşmək gərəkdi. Katibə ⎯ Süleyman müəllimə demək lazımdı ⎯ hər necə olsa müəllimi olub, kişini yaxşı tanıyır. Xilas eləsə, o eləyə bilər.

⎯ Katib boyun olmuyub, əksinə deyib ki, əgər belədisə, basın getsin…

⎯ Hə? Nə bilirsən, Qərib? ⎯ Tapdıq soruşdu.

⎯ Bilirəm də. Yanına adam göndərmişdim. Deyib yox…

⎯ Onda ta denən öyümüz yıxıldı da. ⎯ Bikə xanım gözlərini sıxdı.

⎯ Ya gərək yuxarıdan ⎯ Bakıdan çox mötəbər bir adam zəng eləyib tapşırsın, ya da gərək dədəmin özü ağırlığında pul qoyulsun… ⎯ Qərib Güllünün üzünə nəzər saldı.

⎯ Yuxarıdan Sadıq zəng elətdirsin. Mən də maşınımı sataram. ⎯ Tapdıq fikirli-fikirli söylədi.

⎯ Sadığı bu işə qatmayın. ⎯ Güllü dedi. Və ağlına gələn ilk yalanı uydurdu. ⎯ Özünün də işi nə isə… əyilib. Başı qarışıqdı yaman.

⎯ Vay, Sadıq qabağa durmasa, öyüm yıxıldı… ⎯ deyə Bikə arvad yenə sağ əlini dizinə çırpıb gözlərinin qorasını sıxdıqda Qərib qeyzlə:

⎯ Sənin öyün, ərin onun-bunun öyünü yıxmağa başlayan gündən yıxılıb arvad, ⎯ söylədi. ⎯ İndi yox.

Hamısı fikrə getdi.


… Zakirə ağlayırdı. Məhər onu sakitləşdirmək istəyirdi, ancaq o, toxtamaq bilmirdi.

⎯ Mən inanmıram, inanmıram buna. Nəzər müəllim ac qalar, ancaq kimsədən rüşvət almazdı, ⎯ deyirdi Zakirə, ⎯ onu ləkələdilər, aradan götürmək üçün ləkələdilər. Çünki o, çoxunun əl-qolunu bağlamışdı.

⎯ Düz deyirsən Zakirə. Bir dəfə, iki-üç ay bundan qabaq kişi yana-yana danışırdı ki, sən bilmirsən, Məhər, rayonda güclü mafiya var. Yeyirlər, dağıdıllar elin, dövlətin malını. Pambıqdan, sovkadan, ticarətdən milyonlar yeyillər, bala. Bu yehayeyə şura hökumətidi davam gətirir, ayrı dövlət olsaydı, çoxdan dağılmışdı.

Məhər qıyıq gözlərini geniş açıb deyirdi:

⎯ Şakir yaman sevinir Nəzərin ilişməyinə. Mən də özümü saxlaya bilmədim dedim, a Şakir, o, sənin müəllimin olub axı, nəyinə sevinirsən?

⎯ Yox, Nəzər müəllimi bu böhtandan xilas eləmək lazımdı, qardaş, ⎯ Zakirə içini çəkə-çəkə söyləyirdi.

⎯ Axı necə?..

⎯ Bilmirəm, bilmirəm, ancaq onu qurtarmaq lazımdı. Katibin yanına gedək, müəllimi olub, Bakıya, Moskvaya yazaq.

⎯ Əh, katib. ⎯ Məhər əlini yelləyirdi ⎯ Nəzərin oğlu Qərib danışırdı ki, Süleyman yaxasını çəkib qırağa, «qanun necə deyir, elə də eləyin» söyləyib.

Hüsü kənarda dayanıb siqaret çəkirdi. Axırdı:

⎯ Əşi, nə müəllim, nə şagird. İndi sağ gözün işığı sol gözə düşmür. Hər kəs öz papağını başında gücnən saxlayır ⎯ deyib o tərəfdə pambıq yığan uşaqların yanına getmişdi. Yer palçıq idi, göydən də narın-narın payız yağışı çisələyirdi.


… Söyüdün altındakı çayxanada iki kişi oturmuşdu. Biri Cura müəllim idi, o birini isə Cura tanımırdı. Rayon adamıydı amma. Qonşu stolun arxasında əyləşib çay içənlərdən kimsə Nəzərin adını çəkdi.

Cura köks ötürüb:

⎯ Hə, yazıq Nəzəri də belə dolaşdırdılar, ⎯ deyib müsahibinin üzünə baxdı. ⎯ Nəzəri tanıyırdın?

⎯ Nəzarət Nəzəri demirsən?

⎯ Hə.

⎯ Tanıyırdım. Deyillər rüşvət aldığı yerdə yaxalayıblar.

⎯ Böhtandı. Mən o kişiyə yaxşı bələdəm. İnsafən, elə eləyən adam deyildi. Ləyaqəti hər şeydən üstün tutardı.

⎯ Nə ləyaqət, ay kişi? İndi məgər adamlarda ləyaqət qoyublar qalsın? Mən heç kəsə inanmıram. Hamı deyir bu təzə katib alan deyil. İnanmıram. Bu rayona son iyirmi-iyirmi beş ildə ondan çox katib gəlib-gedib ⎯ hamısı da yeyib gedib, kişi. Köçəndə gecəynən köçüblər ki, nələr apardıqlarını görən olmasın.

Qoca, uzun demisinə tənbəki doldurub alışdırlı və birdən Curadan soruşdu: ⎯ Səni vəzifə başına qoysalar, yeməzsən?

⎯ …

Cura nə cavab verəcəyini bilməyib gözlərini döydükdə qoca qətiyyətlə dindi:

⎯ Görürsən? Fikirləşirsən. Gətirib qoyurlar meşoxnan pulu, ovuc-ovuc qızılı qabağına, gözün elə qamaşır, bir də görürsən insafı da, ləyaqəti də, partbiletini də yaddan çıxartmısan, kişi. Pul, sərvət köpəyoğlu şeydi.

⎯ Nə bilim, vallah.

⎯ Yox, yox. Mən dünya görmüşəm, sən mənim yanımda uşaqsan, bala. Heylədi. Dedilər: «Peyğəmbər gəlir». Soruşdular: «Ağzı var?» Cavab verdilər: «Bəli». Dedilər: «Hə, onda o da yeməyə gəlir».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Proloq

– Canım, belə də iş olar? Tanrının qorxusundan yalan danışmaq olmur, bəndənin qorxusundan doğru,— söylədi qoca.Nəzər müəllimin ağ, pırpız qaşları az qala alnının ortasına qalxdı; sinə dolusu köks ötürüb caçları qar kimi ağarmış başını kədərli-kədərli bulayıb:

1 dəq
Birinci hissə, birinci fəsil

Bu tut ağacını iyirmi səkkiz il qabaq, boz-bulanıq bir payız günü, iki qəşəng, totuq-potuq qızdan sonra bu balaca ailənin, səliqəli, yaraşıqlı ev-eşiyin dünyasını sevinclə dolduran sonbeşik Qərib anadan olanda, məktəbdən nigaran qayıdıb şad xəbəri eşidən, oğul həsrəti çəkmiş bir ata kimi yerə-göyə sığışmayan Nəzər müəllim özü əkmişdi. Həyətdə ondan başqa da ağaclar var idi, onları da o basdırmışdı, hamısı da meyvə ağaclarıydı, bar verirdilər. Alma, armud, gilas, gilənar, heyva, şaftalı, göyəm, qaysı. Amma o ağaclar bir yanaydı, bu tut ağacı bir yana. Nə sirr idisə, o ağacı çox istəyirdi, lap çox istəyirdi. Elə bil qəlbinin bir parçasını kəsib yerə sancmışdı; üstündə əsim-əsim əsmişdi. Xüsusi qulluq göstərmişdi ona. Tut da torpağı yaxşı, suyu bol olduğu üçün, adına əkdiyi aman-zaman oğlundan çox tez böyümüş, qol-budaq atmış, sarmaşıqlı hasar içindəki həyətin, çiy kərpicdən tikilib palçıqla suvanıb ağardılmış üç çeşməli, eyvansız evin eyvanı, kölgəliyi olmuşdu. Boz, dığır-dığır gövdəsi tüfəng lüləsi kimi düz idi, adam boyundan yuxarı budaqları haçalanıb sağa-sola meyillənmiş, irili-xırdalı beşbarmaq əllərə oxşayan yaşıl yarpaqları bir-birinə sığınıb-sıxılıb təbii, gömgöy bir çətir əmələ gətirmişdi. İsti-qızmar yay günəşi düzü-dünyanı yandırıb adamın nəfəsini tıncıxdıranda belə bu ağacın altı səpsərin olardı, yerə bir zərrə gün işığı düşməzdi. Aylı gecələrdə isə, hər yan süd kimi ağ ay nuruna bələnib mürgü vuran zaman bura çırağı sönmüş alaqaranlıq otağa-çadıra bənzəyirdi. Hava sakit olanda yarpaqlar nəfəs çəkib qımıldanmazdı; yüngül meh əsdimi, beşbarmaq əllərə oxşayan o yarpaqlar asta-asta çəpik çalardılar elə-bil, qəribə, pıçıltıya, xışıltıya bənzər bir nəğmə oxuyardılar elə bil və bütün həyətə, burada oturub çay içən, söhbət eləyən adamların ürəyinə, canına sehrli bir rahatlıq bağışlayardılar.Beş nəfərdən ibarət ailə yazın gözü açılıb istilər düşməyə, ağaclar, çöllər — bütün təbiət yaşıl donunu geyinib göz-könül oxşamağa başlayandan, payızın dumanlı-çənli gözləri dolub ağlamağa başlayana, soyuqlar, şaxtalar düşənə qədər bu tut ağacının altında «yaşayar», yeyib-içər, dincələrdi. Göylər xəlbirə dönüb torpağa şıdırğı sel-su axıdanda da onlar hələm-hələm evə yığışmazdı, çünki yarpaqların sıxlığı üzündən bura bir damcı da yağış düşməzdi, küçələr, yollar, həyətin açıq yerləri islanıb palçıq olardı, amma bura qupquru qalardı və belə günlərdə, çox vaxt arvad-uşaq qaçıb otaqlara təpilsə də, Nəzər müəllim özünün düzəltdiyi uzun taxta stol arxasında oturub həmişə cibində gəzdirdiyi qara müştüyünə «Avrora» sancıb aramla tüstülədə-tüstülədə, artıq yavaş-yavaş üstünə payızın xınayı xalları qonmağa başlayan və günbəgün seyrələn yarpaqları yeknəsəq bir tappıltı ilə döyəcləyən yağışın insan ürəyinə hardansa elə bil lap göylərin dərinliyindən bir az qəribəlik, bir az kövrəklik və niskil gətirən səsinə-mahnısına qulaq asardı, bəzən gündüz gördüklərini, eşitdiklərini, elədiklərini saf-çürük eləyərdi, bəzən ömür yolunun uzaqlarda qalmış çağlarını, xatirələrini yad edib düşünərdi, bəzən isə kitab oxuyardı. Üstü güllü müşəmbəli stoldan azca aralı, kiçik arxın yanında bir taxt vardı və bu taxtı da, miz kimi, özü mişarlayıb, mıxlayıb düzəltmişdi. Havaların şaxı sınandan Bikə xanım Nəzərin yorğan-döşəyini çölə çıxarıb o taxtın üstünə salardı, ağ cuna miçətkənini qurardı və bir də ilk qar yağanda, ilk bərk şaxta düşəndə, kişi özü dilə gəlib iri, damarları gömgöy göyərən əllərini ovxalaya-ovxalaya: «Balam, bu gecə yaman soyuq idi, canım heç qızmayıb!» deyəndə yorğan-döşəyi, miçətkəni yığışdırıb içəri aparırdı. Bu tut ağacının altı Nəzər üçün dünyanın ən gözəl, ən rahat yeriydi; bütün ömründə çox şəhərlər, məmləkətlər gəzib dolaşmışdı, axar-baxarlı mənzərələr görmüşdü, ancaq heç biri könlünü oxşamamışdı bura kimi. Bunu Nəzər kimsəyə demirdi, demək istəmirdi, qorxurdu ki, bu zərif, bu gözəl, bəlkə də dilə gətirilib izah olunmaz bu incə hissi başa düşməyələr, gülələr. Hətta az qala onunla bir damın altında bir ömür yaşamış, onun üçün yaxşı həyat yoldaşı olmuş, ürəyini gözündən oxumağa qadir Bikə xanıma da bu barədə heç nə deməmişdi; çünki o zaman da — bu ağacı əkdiyi o boz-bulanıq payız günündə də, sonralar da arvadına söyləməmişdi ki, bu tut ağacını nə niyyətlə əkib. Onda elə-belə, ürəyindəcə, öz-özünə danışa-danışa əkmişdi o ağacı və ancaq özü eşidə biləcək bir səslə pıçıldamışdı: «Bu ağacı sənin adına əkirəm, oğul. Tut ağacı uzun ömürlü olur, torpağa dərin kök atır. Sən də onun kimi qollu-budaqlı ol, kölgəli ol, oğul. Mən ata məhəbbətindən məhrum olmuşam, çünki atamın üzünü də görməmişəm. O, mənim üçün nağıl olub, əfsanə olub, dərd olub, nisgil olub, bala. Nə öldüsünü bilirəm, nə qaldısını. Sən başa düşməzsən, qorxuram heç böyüyüb yekə oğlan olanda da başa düşməyəsən ki, bu necə dəhşətli bir ağrıdır asılıb ürəyimin başından. Nə aça bilmişəm,

13 dəq
Birinci hissə, ikinci fəsil

Elə bil Nəzər müəllimin ürəyindəmi, beyninin içindəmi gözəgörünməz əllə qoyulmuş, səssiz-səmirsiz işləyən, heç vaxt kökdən düşməyən çox dəqiq bir elektron cihaz vardı, gecələr nə vaxt yatmağından asılı olmayaraq, hər səhər düz səkkizin yarısında o sehrli elektron cihaz çıqqıltısız, zəngsiz, cinkiltisiz ona xəbər verirdi ki, Nəzər müəllim, oyan, vaxtdı, dərsə kecikərsən. Və Nəzər müəllim də əmri sözsüz-sovsuz yerinə yetirməyə adət eləmiş əskərsayağı, yuxulu gözlərini ağır-ağır açardı, qışda — evdə yatanda qarşı divara vurulmuş qədimi, kəfkirli saata, yazda-yayda çöldə — tut ağacı altındakı taxtda yatanda isə qolundakı köhnə «Pobeda» saatına baxmadan da bilərdi ki, indi saat səkkizin yarısıdı — nə bir dəqiqə o yan, nə bir dəqiqə bu yan. Qəribəydi ki, bunu bilə-bilə o, ya kəfkirli saata, ya «Pobeda»ya nəzər yetirməkdən özünü saxlaya bilməzdi. Və hər gün də eyni vaxtda — düz səkkizin yarısında ayılmasına köhnəlməyən bir möcüzə kimi heyrət eləyərdi; sabahın bu vədəsində o, eşidilməz əmrlə yuxudan oyanar, yorğan-döşəyinin içində yünkülcə əl-qol atıb qulunçunu qırar — guya idman eləyərdi; sonra tələsik geyinər, əl-üzünü yuyub Bikə xanımın obaşdandan hazırladığı səhər yeməyini yeyərək sol qıçını çəkə-çəkə məktəbə — işıqlı sinif otaqlarındakı qırmızı qalstuklu, komsomol nişanlı uşaqlara dərs deməyə gedərdi. Qıçı uşaqlıqdan şikəst deyildi, cavanlıqda atdan, damdan yıxılmamışdı. Müharibə vaxtı, qırx beşinci ilin aprelin iyirmi yeddisində, Berlinin lap darvazaları ağzında gedən qızğın döyüşdə partlayan qumbaranın qəlpələri sol qıçını dağıtmış, lülə sümüyünü sındırmışdı; qumbaranı atan alman əskərini öz gözüylə görmüşdü, yanında qalxan toz-duman çəkiləndən sonra o, qıçının xıncım-xıncım olduğunu hiss edib, başında dəbilqə olan uzunsifət, sarışın düşmən əsgərinin də vurulub öldürüldüyünü yəqin edib ufuldaya-ufuldaya: «Faşist oğlu faşist!» — deyə söymüşdü. Qospitaldan müharibə qurta-randan sonra çıxıb Vətənə qayıdan Nəzər xeyli keçmiş bilmişdi ki, bir qəlpə lülə sümüyünün içində qalıb, çıxarılmağına ümid yoxdu; özü də zərərsizdi. Beləliklə, Nəzər müharibədən qıçında bir qəlpə, dilində də bir söyüş gətirmişdi. Qəlpə incidəndə dişlərini bir-birinə qısıb dözürdü, ah-uf eləməyi kişiliyinə sığışdırmırdı. Ancaq xoşuna gəlməyən, pis iş tutan, alçaqlıq eləyən adama «faşist oğlu faşist» deməkdən çəkinmirdi. Onun nəzərində faişstdən pis məxluq yox idi yer üzündə. Həyatda, işdə gördüyü pis adamlar da onun üçün elə faşist kimi bir şey idi.Bu da maraqlı idi ki, Nəzər o vaxtdan özünün əsl doğulduğu günün — mayın dördünün üstündən qələm çəkmişdi, yaralandığı günü — aprelin iyirmi yeddisini anadan olduğu gün hesab eləməyə başlamışdı. Həmin gün ölə də bilərdi. Ölməyib — demək, o gün anadan olub! Çoxdan, lap çoxdan arvadı da, uşaqları da, dostları da Nəzərin ad gününü aprelin iyirmi yeddisində keçirirdilər, əsl təvəllüd günü demək olar ki, hamının, bəlkə özünün də yadından çıxmışdı.

20 dəq
Birinci hissə, üçüncü fəsil

Hava qaralmışdı. Hardansa uçub gəlmiş sərçələr budaqların üstünə qonub yaşıl yarpaqlar arasında civildəşirdi, toyuq-cücə tara qalxırdı yavaş-yavaş.Nəzər tut ağacının budağından asdığı elektrik lampasını burub yandırmışdı, gur işıq altında kitab oxuyurdu. Birdən bir qanadı yanıb ütülmüş pərvanə vərəqin üstünə düşərək çırpınıb-çırpınıb öldü. Nəzər baxışlarını qaldırıb yuxarı baxdı: lampanın böyür-başında saysız-hesabsız pərvanə-kəpənək uçuşurdu, gah çırağa, gah bir-birinə dəyib, təzədən hərlənib-fırlanırdı.

10 dəq

Başqa şairlərin şeirləri