Səhifə 4 / 5 · 60%

⎯ Acından ölürəm, qız. Günorta yediyimin üstəyəm. ⎯ Müseyib qızına altdan-yuxarı baxdı. Simuzər atasını o saat başa düşdü ⎯ yəni Nəzərin burda olduğunu Qərib bilməməlidir. Amma niyə? ⎯ Qız bunu anlayammadı.

Simuzər fikirli-fikirli stolun üstünü bəzədi.

⎯ Özün də otur, qızım. Yəqin sən də acsan…

⎯ Yox, ay dədə. Mən yemişəm.

⎯ Bir az da bizimlə əl-qap eləyərsən.

Simuzər atasının yanında oturdu. Boylanıb çəngəl-bıçağın, duzun-istiotun yerində olub-olmadığına baxdı. Qədəhin birini götürüb Qəribin qabağına qoydu.

⎯ Ay sağ ol, qızım. ⎯ Müseyib fərəh içində qızın bu diqqətcilliyini qeyd elədi. ⎯ Anan kimi hər şeyin yerini-yatağını bilənsən. Belə olmasaydı, ananı çoxdan boşamışdım. Yaxşı ki, sən də anana oxşamısan. ⎯ Simuzər Qəribə baxıb yenə həlim, isti bir baxışla onu əzizlədi, oğlan da gülümsündü.

⎯ Anam səni bu mərtəbəyə çatdırıb, ay dədə. Yoxsa elə qazandığını orda-burda yeyib-içmişdin, indi də latın-lütün biriydin.

⎯ Yalan deyirsən məgər? Vallah, düz deyirsən, qız. Mən özünə də demişəm, sizə də deyirəm, təqaüdə çıxanda, ona, yəni sənin anan Səltənət xanıma bax bu həyətdə bir heykəl qoyduracağam. ⎯ Müseyib başını irəli uzadıb Qəribin qədəhini axtardı baxışlarıyla. Araq süzdü və Simuzərə sarı döndü: qız onun bu işarəsini göydə tutaraq çəngəllə dövrədəki balıq tikəsinin ən irisini Qəribin qabağındakı yastı boşqaba qoydu, narşərab damızdırdı üstünə.

⎯ Hə, kişi qırığı, başla görək… ⎯ Belə deyib özü də, doğrudan da ac imiş kimi, tələm-tələsik iki-üç tikə atdı ağzına. Qərib də yeməyə başladı. Bəlkə heç birinci tikəsini udmamışdı ki, Müseyib qədəhi qaldırdı. Qərib də götürdü.

⎯ Bunu içirəm sizin ikinizin sağlığına, balalarım. Mən köhnə kişilərdən deyiləm. Əsas siz özünüzsüz, siz ki, bir-birinizi tapıbsız, bizim buna nə sözümüz ola bilər? Mən elə bilirəm, sizin xoşbəxt olmağınız üçün bir-birinizə olan məhəbbətiniz kifayətdi. Qalan hər şey mənim boynuma. Qərib, sağ ol, mənim qızım, sağ ol, ⎯ deyib qədəhini Qəribə tərəf uzatdı və qədəhlər bir-birinə dəyib cingildədi, içdi. Qəribin tərəddüd elədiyini görüb: ⎯ Ə, iç. Kişi araq içər, ⎯ dedi.

Qərib içdi. Tez balıqdan bir tikə ağzına atdı. Görünür, oğlan ac imiş. Xörəyə iştahla girişdi.

Az sonra Qəribin kefi duruldu. İndi çəkinmədən Müseyibin, Simuzərin üzünə baxa bilirdi. Hətta qıza söylədi:

⎯ Bir-iki tikə sən də ye də! Adamın canına sinmir. Biz yeyirik, sən baxırsan! ⎯ Onun qabağına öz çəngəlilə bir qıça balıq qoydu. Simuzər nazla gülümsündü, qabaqdakı tək qızıl dişi göründü. Tənbəl-tənbəl çəngəlini balıq tikəsinə uzatdı.

⎯ Ə, Qərib, bu incəsənətdə nə görmüsən? Nə var bu incəsənətdə?

⎯ …

⎯ Yox də, soruşuram. Bax, bu sənin özfəaliyyət dəstəndə nə var axı? Mən bu yaşa çatmışam, incəsənət işçisini həmişə ac görmüşəm. Acığına gəlməsin ha. Söhbətdi də eləyirik.

⎯ Yox, acığıma niyə gəlir, Müseyib müəllim?

⎯ Ay oğul, mənə müəllim demə. Elə Müseyib əmi de, vəssalam. ⎯ Araq süzdü. ⎯ Hə, incəsənət əhli acdı həmişə. Sən də ha əlləş, ha vuruş, lap uzağı, qocalanacan əməkdar artist olasan, ya olmayasan.

⎯ İşdi də, başımı qatıram, Müseyib əmi!

⎯ Ay sağ ol. Baş qatmaqdı, gəl o başı ayrı yerdə qat da.

⎯ Məsələn, harda?

⎯ Məsələn… ⎯ O, bir az duruxdu. ⎯ Götür bunu içək, ağlıma bir ideya gəlib. Sağ ol, ay oğul. Getdik!

Qədəhləri toqquşdurub başlarına çəkdilər. ⎯ Məsələn, gəl bizim məntəqəyə. Sənə yüngül bir iş düzəldim, məsələn qapançıdanzaddan. Başını sal aşağı, işlə. Həm zəhmətin az olsun, həm də gözün bir şey görsün. Ayda nə qədər alırsan, a bala?

⎯ Yüz iyirmi manat.

⎯ Təmiz?

⎯ Yox. Çıxırlar.

⎯ Vay dədə, vay… Sonra Şura hökuməti və bəzi-bəzi ağzıgöyçək adamlar deyir ki, bu camaat niyə oğurluq eləyir. Ə, belə olanda eliyər də! Ə, yüz manatnan da adam dolanar? O pulnan evlənmək olar, arvad-uşaq saxlamaq olar?

Müseyibin bu sözləri Qəribin ürəyindən elə bil tikan çıxartdı.

Qərib dilləndi:

⎯ Deyir canın çıxsın, yaşa da, saxla da! ⎯ O elə bu cür fikirləşirdi və neçə dəfə atasına da bu barədə eşitdirmişdi. İndi Müseyib peyğəmbər kimi onun qəlbindəkiləri üzünə oxuyanda, Qəribin eyni açılmışdı.

⎯ Ə, a sənin ağlına quzu kəsim. Deyəsən, sən elə mənim adamımsan. Mənim kitab adamlarından həmişə zəndeyi-zəhləm gedib. Ə, kitablar yalandı hamısı. Onlara inananları bədbəxt görmüşəm. Həyat ayrı şeydi, oğul.

⎯ Mən də dədəmə elə deyirəm də. Amma inanmır!

⎯ İnanmır, qoy inanmasın!.. Yoxsa sən də onun yoluynan getmək istəyirsən, hıy?

⎯ Yox. İstəmirəm, Müseyib əmi!

⎯ Ay bərəkallah!.. Danışdıq!.. Sən mənim yolumnan gedərsən. Həyatda yeganə yol budu, bada! Yüz manat. Vay, allah!.. Tfu! Bu, insanı dirigözlü məhv eləməkdi!

Yenə tökdü, yenə içdilər. Müseyib hey danışırdı, keflənmədə məzəli, şirin olurdu. Qızı bunu bilirdi, Qərib isə görüb ləzzət alırdı. Çünki indiyə qədər ona evdə, ailədə, böyük yanında belə sərbəstlik verən olmamışdı. O isə həmişə azadlığa, asudəliyə can atmışdı.

⎯ İki cür yaşamaq var. ⎯ Qəribin dili açılmışdı. ⎯ Biri ⎯ ölmədiril sürünməkdi ⎯ o pul ki, bizə verillər, onunla ancaq sürünmək olar. Bir də var yaşamaq!.. Sözün əsl mənasında yaşamaq! İstədiyini yeyirsən, istədiyini geyirsən, istədiyin yerə gedirsən. Bax, budu yaşamaq.

⎯ Afərin, Qərib bala. Bax, burda bizim fikirlərimiz min faiz üst-üstə düşür. ⎯ Müseyib araq şüşəsinə baxıb gördü ki, boşdu. ⎯ Az, dur o xaladilnikdən bir dənə arax gətir!

⎯ Bəsdi də, dədə!

⎯ Dur ayağa, aaz!.. Sənin anan belə şeylərə qarışmayıb, sən də qarışma. Nə indi, nə sabah ⎯ öz evin-eşiyin olanda! Yadında saxla, eşitdin? Mənim hər sözüm ⎯ sənə vəsiyyətdi, bala! Simuzər atasının sözünü daha çevirməyib ayağa qalxanda, Müseyib əsnəyib söylədi:

⎯ Mənim bu gün kefimə dəyməyin, kefim kökdü. Bu gün sizə ⎯ öz balalarıma bir sürpriz eliyəcəyəm. Get, gətir!

«Sürpriz» sözünü eşidən kimi, Simuzərin xatirələri oyandı, keçən, indi çox uzaqda qalan, nağıla dönən o gün ⎯ Ələmdarın Daşkənddən gətirdiyi o gözəl don, o xalat, o fransız ətri bircə anda gözlərinin qabağında canlandı. Qız özünü, qəribə idi ki, bax elə buradaca, atasının, Qəribin gözünün qabağında, o paltarda gördü. Hətta burnuna «Klima»nın ətri də gəldi. Yox, bu, ola bilməz! İnanmaq üçün baxışlarını aşağı endirib əynindəki dona baxdı ⎯ miləmil ev paltarındaydı. Burnunu çəkdi, ətir iyini də hiss eləmədi. Bəs onda qəribə deyildimi ki, səkkiz il bundan qabaq, ilk dəfə qoxuladığı ətir iyi indi açıq-aydın hiss olunsun? Qəribə deyildimi? «Görünür, xatirələrin, xəyalların gözlə görünməyən, duyulmayan ətri belə təzədən canlandırmaq, diriltmək, yaşatmaq qüdrəti varmış!»

Simuzər Qəribə mənalı-mənalı baxıb nazik, çatma qaşlarını yuxarı qaldırdı və ehmalca, oğrun bir göz vurub getdikdən sonra Müseyib kağız dəsmalla əllərini sildi, «Kent»dən bir siqaret götürüb alışdırdı. Ləzzətlə sümürüb tüstüsünü havaya buraxdıqdan sonra Qəribə sınayıcı bir nəzər yetirib:

⎯ Ağızdan nə təhərsən, ay oğul? ⎯ deyə soruşdu.

Qərib bir şey başa düşmədi:

⎯ Necə yəni?

⎯ Deyirəm, ağızdan bütövsən, ya?.. Yəni demək istəyirəm sirr saxlayansan ya yox?

Qərib güldü:

⎯ Baxır da nə sirdi!

⎯ Sirrin böyüyü-kiçiyi yoxdu. Sirr elə sirdi. Gərək kişi ağzıbütöv olsun. Kişinin yanında baş kəsəllər, gərək elə orda da qalsın. ⎯ Elədi.

Qərib hiss eləyirdi ki, Müseyib keflənib və indi nə isə çox mühüm bir şey deyəcək. Maraq onu götürmüşdü. Gözü gələcək qayınatasının ağzında idi. Simuzər qayıdanda Müseyib qalxıb səntirləyə-səntirləyə həyətin o başına getdi. Fürsətdən istifadə eləyən Qərib məst baxışlarla qıza göz yetirib pıçıltı ilə:

⎯ Sənə qurban olum, Simi! ⎯ «Simi?» Birinci dəfədi belə deyir! O, «Sim» deyirdi, bu «Simi!» ⎯ düşündü Simuzər. ⎯ «Yenə o yadına düşdü».

⎯ Sss. Eşidər.

Arağı alanda ağ, yumşaq biləyini sıxdı.

Simuzər tez çəkilib əvvəlki yerinə keçdi, oturdu:

⎯ Aç iç, Qərib!..

⎯ Baş üstə, mənim əzizim. Kişi nə «sürpriz» deyir?

Qızın cavab vermək imkanı olmadı, Müseyib qayıtdı.

⎯ Ə, ay oğul, süz də!

⎯ Süzmüşəm, Müseyib əmi.

⎯ Ay sağ ol!!! ⎯ Oturdu və qədəhi götürdü. ⎯ Səltənət mənim evimin dirəyidi. O yoxdu burda deyə, sənin bu Simuzər xanımının anadan olduğu gün də yadımdan çıxıb!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, doqquzuncu fəsil

Neçə ay bundan əvvəl Müseyib kişinin Gəncədən üzülüşüb Bakıya gəlməsi Sədəfin sakit, səssiz-küysüz hücrəsində yeni, mənalı bir canlanmaya səbəb olmuşdu. Sükut bu evdə yoxa çıxmışdı. Bunu hamıdan çox Rəhim hiss eləyirdi. O, babasının gəlişiylə sanki canlanmış, gümrahlaşmışdı. Anası ilə danışmağa söz tapmayan, fikrini-zikrini ancaq kitablara verən Rəhimin indi dili açılmışdı. Babası ilə hər barədə söhbətə girişir, daha doğrusu, çoxlu suallar verir, bu və ya digər məsələ haqqında onun fikrini soruşurdu. İlk günlər o fikirləşirdi ki, Müseyib kişi adi bir hambaldı, onunla nə barədə danışmaq olar?! Yanıldığını, mülahizəsinin yanlış olduğunu tezliklə başa düşdü. Müseyib kişi yaşının ötməsinə baxmayaraq, gümrah qalmışdı, sözündə və hərəkətlərində yük altında əyilib düzəlmiş adamdan çox, müdrik adama oxşayırdı. Söhbətləri elə şirin, elə məntiqli olurdu ki, Rəhim bəzən saatlarla qulaq assa da, yoruldum demirdi. Xasiyyətindəki tündlük Rəhimin o qədər xoşuna gəlmirdi. Məsələn, xalasına dediyi sözlər, Rəhimin fikrincə, lazım olduğundan sərt idi. Elə şeylər var ki, onları açıb-ağartmaq, üzə vurmaq lazım deyil. Bir soyuq münasibət sənin bu fikrini dediyin acı və sərt sözlərdən daha yaxşı çatdırmırmı sahibinə? Rəhim belə düşünürdü. Amma Müseyib Rəhim deyildi, o, dünya görmüşdü; o, isti-soyuq dadmışdı. Sərt və ağır günlər yaşamışdı. Bəlkə xasiyyətindəki sərtlik də elə bundandı? Ömrü boyu ürəyindəki dilində olmuşdu. Heç nədən, heç kəsdən qorxmamışdı. Bu dəfə Rəhimlə qabaq-qənşər oturub söhbət eləyəndə Müseyib kişi danışdı:– Mən sözü adamın düz gözünün içinə deməyi xoşlayıram. Kimdən, kimsədən qorxum yoxdur, balası. Stol, vəzifə, bir də arvad-uşaq adamı qorxaq eləyir. Bu üç şeyi düşünən adam qorxaqlıqdan əlavə, bəzən yaltaqlığı da boynuna götürür, sözün düzün demir, həqiqəti ört-basdır eləyir, arada isə sənin-mənim halalca haqqım tapdanır. Qorxur ki, stolu, vəzifəsi əlindən çıxar, arvad-uşağını ürəyi istəyən kimi dolandıra bilməz. Mənim belə adamlarnan salam-əleykümüm olmayıb. Bir də, — o susub əlavə eləmişdi, — mən nədən qorxacam ey! Palanımı alacaqdılar əlimdən? Amma sənə deyim ki, elə adamlar olub ki, mənim palanımı da əlimdən almaq istəyib. Elə bilirsən, özü üçün? Yox sözün düzünü dediyimə görə mənim palanımı alıb çaya, qatarın altına atmaq, mənim bir tikə çörəyimə bais olmaq istəyib. Ancaq mən yenə qorxmamışam. Mənim qorxduğum yeganə şey varsa, o da vicdan əzabıdı, bala. Mən belə qocalmazdım, mən ağır gün, ağır yük altında qocalmazdım, əgər vicdan əzabı olmasaydı.

6 dəq
Üçüncü hissə, onuncu fəsil

...Qapı astaca açıldı, astanada zahir olan Əqdəm ehmal, səssiz addımlarla içəri girdi. Əlindəki çamadanı yerə qoyub iri açılmış gözlərini paltar yuyan Gülmirəyə zilləyib neçə saniyə sükut içində dayandı.Gülmirə çiynindən üzüaşağı sallanan saçını başının hərəkəti ilə dalına atıb qəddini düzəltdi. Sabunlu əllərini bir-birinə sürtə-sürtə, gözlərinə inanmırmış kimi, Əqdəmi nəzərdən keçirdi.

7 dəq
Üçüncü hissə, on birinci fəsil

Yeddisi çıxandan sonra gəlib-gedənlərin arası seyrəldi. Gülmirə öz dərdli ürəyi və qəmli taleyi ilə tək-tənha qaldı.Bir axşam otağa çəkilib leytenantın gətirdiyi şeyləri yerbəyer eləyirdi. Bax, bu onun səliqə ilə ütülənmiş hərbi kostyumu idi. O, ütülü paltar geyməyi çox xoşlardı; həmişə özü ütülərdi. Bu, onun mavi köynəyi, bu onun qalstuku. Bu nişanlar da onundur. Pasportu, hərbi bileti... Qəzet bükülüsü arasında nəsə vardı. Açdı. Pul idi. «Özünə qismət olmadı — deyə fikirləşdi.— Yox, bu pulların bircə qəpiyinə də əl vurmaram. Qəbrini düzəltdirəcəm, Orxanın qəbri kimi, gözəl, yaraşıqlı...»

4 dəq
Üçüncü hissə, on ikinci fəsil

Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.

2 dəq

Başqa şairlərin şeirləri