Səhifə 5 / 5 · 80%

Balaca Nəcməddin təsadüfən başını tərpətdi və totuq əlini Əbdülün sifətində gəzdirdi.

– Ay mənim ciyərparam. Allah səni mənə çox görməsin, bala. Sən bilmirsən, mən necə bədbəxt atayam, bilmirsən bala. Mən sənə heç vaxt, heç kəsin yanında ucadan, şəstlə «oğul» deyə bilməyəcəyəm. Heç vaxt deyə bilməyəcəyəm, can bala. Sən özün də bədbəxt uşaqsan, oğul. Sən də mənə heç vaxt ata deməyəcəksən.

Bu dərd böyük dərddi, oğul...

Allah anana kömək olsun, onu xata-baladan hifz eləsin, oğul. Elə nigaranam ondan, elə nigaranam. Heç sən təsəvvür eləmirsən necə. Odla oynayır, od ona qənim olmasa yaxşıdı. O qonşu oğlanla qaş-göz eləyirdi, şükür ki, bir günaha batmamış onu öldürdülər. Mən də yaman qısqanırdım — öldürməsəydilər, o gədəni özüm öldürəcəkdim. Yaxşı oldu öldürdülər, xata-bala bizdən uzaq oldu. Eh, oğul, oğul, sənə bunları heç bilmirəm niyə deyirəm, onsuz da sən heç nə başa düşmürsən, can bala. Elə-belə, dərdimdən danışıram səninlə. Səndən başqa kimlə dərdimi bölüb ürəyimi boşalda bilərəm, can bala! Yəqin sən də bir az böyüyəndən sonra, ağlın söz kəsəndən sonra belə-belə şeyləri səninlə də danışa bilməyəcəm, oğul.

...Nəcməddin təkrar etdi:

– Uşaqdan qətiyyən nigaran olma.

– Məni o uşağa bağışla, Nəcmi. Sənə yalvarıram, o məsum körpəyə bağışla məni.

– Yox, Dünya. Bağışlamaq olmaz səni. Heç cürə bağışlaya bilmərəm. Sükut...

– Biz... belə görürəm, bundan sonra, bir yerdə yaşaya bilmərik. Buraxmırsan da çıxam gedəm...

– Bəli, düz deyirsən. — Daha bizim birgə yaşamağımızdan keçmiş ola. Buraxmağımdan da gözünü çək.

– Bəs... onda?!

– Sən... — Nəcməddin dəsmalını çıxarıb gözlərini sildi və köks ötürüb davam etdi, — sən elə bir iş tutdun ki, özünü də məhv etdin, məni də. Sən məni bu dünyada yaşada biləcək yeganə varlıq idin; sənin məhəbbətin, kəncliyin, gözəlliyin məni yer üzünün ən xoşbəxt kişisi eləmişdi. İndi isə... ən bədbəxt adamı elədin sən, Dünya. Mən də səndən sonra çox yaşaya bilmərəm, heç nə məni yaşada bilməz daha. Ürəyinə, mənliyinə belə xəyanət zərbəsi vurulmuş kişi, sən özün de, yaşaya bilərmi? Bəlkə də başqaları yaşar, ancaq mən yox, əsla yox. Mən indi, bütün bu qarmaqarışıq, çalpaşıq hisslərimin içində bircə şeylə təsəlli tapıram ki, mənə xəyanət eləyən, — ömrüm boyu belə olmuşam, — bəli, mənə xəyanət eləyən, hətta xəyanət eləmək istəyən adamlara borclu qalmamışam. Hər kəsə öz xəyanəti müqabilində cəzasını vermişəm. İndi də belə olub. Vəlixanın cəzasını verdim. İndi qalıbsan sən...

– Yəni... sən... — deyə Dünya udquna-udquna soruşdu,— məni də öldürərsən? Mənə də qıyarsan, Nəcmi? Nəcməddin ağır-ağır başını tərpətdi:

– Hə, öldürərəm, daha doğrusu öldürəcəyəm.

– Öldürməzdim səni, buraxardım gedərdin. Ancaq ürəyimlə bacara bilmərəm. Mən səni çox, özün bilirsən necə çox sevmişəm. Mən hətta öz əcəlimlə ölməyə də qorxurdum bir vaxt — ona görə ki, sən qalardın, kiminsə arvadı, ya məşuqəsi olardın, onda mənim sümüklərim qəbir evində də sız-sız sızıldardı, Dünya. Mən səni bax belə sevirdim. İndi isə, bu dəhşətli, iyrənc əhvalat üzə çıxandan sonra, səni heç cür sağ qoya bilmərəm, Dünya. Heç olmasa ona görə ki, sən bundan sonra da çox mənim kimi oğullara dəhşətli əzab verməyəsən, verə bilməyəsən, sənə ürəyini, həyatını, hər şeyini qurban eləyən adama xəyanət eləyib onu alçaltmayasan. Kim bilir sən ömrün boyu neçə belə, mənim kimi kişiyə əzab verməyə qadirsən. Mən onları bu əzablardan qurtarıram. Çünki özüm çəkmişəm bu əzabı, çünki özüm görmüşəm bu əzabı — cəhənnəm əzabı bundan min dəfə yaxşıdı, Dünya. Ola bilər, sağ qalsan haradasa, nə zamansa, ömrünün nə çağındasa sən də belə bir əzaba düçar olasan. Ancaq mən, ürəyimi bu qədər parçalayandan sonra da, istəmirəm sən belə bir əzaba düşəsən, dirigözlü yanıb kül olasan, Dünya. Mən bunu da istəmirəm, Dünya.

...İçəridən bərk musiqi səsi gəldi. Hansı müğənnisə uca səslə elə qışqıra-qışqıra oxuyurdu... Əbdül eyvanın dibinə gəldi balaca ilə. Qulaq asmağa başladılar. Birdən... otaqdan güllə səsi eşidildi, kimsə qışqırdı. Əbdül əvvəl başa düşmədi, elə bildi bu da lentə yazılıb... Ancaq ağasının bütün günü müşahidə elədiyi qəribə söhbətlərini, hərəkətlərini göz qabağına gətirəndə, hövlnak yuxarı qaçdı və içəri girəndə... Dünyanı xalçanın üstündə, arxası üstə hərəkətsiz uzanmış görüb dəhşətlə:

– Sən neylədin, ağa? — deyə qışqırdı...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, beşinci fəsil

Əziz xan «mənim təbibim də sənsən, dərmanım da sənsən, oğul!» — deyərkən haqlı imiş. Nazilib üzülmüş, yönü o yana olan kişi, Bəbirlə barışandan, oğlu yanında qalandan bəri dirçəlmişdi, artıq durub gəzir, yeyib-içirdi; daha oğlunun xatirinə dəymirdi, çünki başı, necə deyərlər, daşdan-daşa dəymişdi. Bəbir bura gələnə qədər yaşadığı otağı da əlində saxlamışdı — işləmək üçün, yoldaşlarla görüşüb məsləhətləşmək, dərdləşmək üçün. Yeməyi, içməyi, yatmağı atasının evində idi. Ancaq bura da gəlirdi, yazıb-pozur, düşünürdü.Əziz xan daha onun heç bir işinə qarışmır: «Yekə kişidi, maşallah, nə etdiyini özü məndən yaxşı bilir!» — deyirdi.

6 dəq
İkinci hissə, altıncı fəsil

Gözəl bahar günü Dünya xanım halında xoş bir dəyişiklik hiss eləməyə başladı; ağzı sulanır, ürəyi bulanır, məcazı cürbəcür şeylər istəyirdi. Ancaq nə — bunu tapıb deyə bilmir. Bu dəyişikliyin səbəbi birdən-birə ona aydın olanda gözlərinə elə bil işıq gəldi — yenə içərisində o qəribə işıq şölə saçıb yandı, əslində əzgin, yorğun bədənində elə yüngüllük hiss elədi ki, sanki quş olmuşdu, kəpənək olmuşdu — bu dəqiqə istədiyi yerə uçacaqdı elə bil. Çünki bütün vücudunu sarmış o müxtəlif, adsız istəklərdən ancaq biri lap qabardı, adını dedi: o, turş şey istəyirdi!!Dünya xanım gəlib yataq otağında iki çarpayının ayaq ucunda qoyulmuş iri bədənnüma güzgünün qənşərində dayandı. Əvvəlcə üz-gözünə, sonra bədəninə tamaşa elədi. Yox, nəzərə çarpacaq elə bir dəyişiklik yox idi. Ancaq, xoş, məmnun bir hissiyyatla özünün daha da qəşəngləşdiyini görüb yerə-göyə sığmadı, qayğısız qız uşağı təki aynanın qabağında fırlandı...

9 dəq
İkinci hissə, yeddinci fəsil

Bu balaca bir daxma idi. Cəmi bircə pəncərəsi vardı, ona da qalın pərdə salınmışdı. İçəridəki girdə mizin üstünə qoyulmuş fənərin solğun, zəif işığı otağı güclə işıqlandırırdı. Bəbir, Məhəmməd Şəfi taxta çarpayının kənarında oturub siqaret çəkirdi. Vaxt keçirdi, ancaq Ziyaəddingil hələ gəlib çıxmamışdılar.Xeyli keçəndən sonra həyətdə maşın səsi eşidildi. Gəzinib keşik çəkən Elməddin qapını aralayıb başını uzatdı:

9 dəq
İkinci hissə, səkkizinci fəsil

Neçə gündü ki, Məhəmməd Şəfi özündə deyildi. Yaxşı yata bilmirdi, çörək yeyə bilmirdi. Fikrini cəmləşdirib masa arxasında oturmağa da qərarı gəlmirdi. Düşüncəli-qayğılı gəzib-dolanır, yuxulu, yaxud sarsıntı keçirmiş və bunun nəticəsində də keyləşmiş adama oxşayırdı. Möhsünün, — satqın, xəfiyyə olsa belə, — ölümü onu yamanca silkələmişdi. Bir yandan istexbaratın divarları arasında olmazın işkəncələrə məruz qalan, lakin mərdanə susub heç kəsin adını çəkməyən şeyx Əhmədin dərdi, o biri yandan da bu Möhsünün öldürülməsi, onun başsız-sahibsiz qalan ailəsinin dərdi Məhəmməd Şəfinin ürəyini alt-üst eləmişdi. «Həyatın qanunları necə sərtdi, aman allah!— deyə gəzib-dolanır, hər şeyi ürəyinə salıb dərd eləyirdi. — Həyat nə qədər təzadlıdı; şirindi həyat, əzablıdı həyat eyni zamanda. Bir yanda süslü saraylar, xanimanlar, harınlar, o biri yanda isə bir tikə çörək üçün şərəfini satmağa, başını bıçaq altına qoymağa hazır olanlar, aclar, yalavaclar... Yox, mənim ürəyim bu ağrılara, əzablara dözə bilmir... Bu zəiflikdir, nədir, heç bilmirəm. Amma Bəbir möhkəm adamdır. Ziyaülhəqq sərt adamdır. Mən belə ola bilmirəm, bacarmıram. Lakin dərindən fikirləşəndə bəlkə onlar haqlıdırlar? Hamının, böyük əksəriyyətin əzabla yaşamasına son qoymaq üçün bəlkə beş-on nəfər satqını, alçağı əyan-əşrəfi aradan qaldırmaq ən doğru yoldur? Mən Bəbirə inanıram — onun ağlına, müdrikliyinə inanıram».Məleykə ərindən yaman nigaran idi. Şəfinin neçə gündü bulud kimi tutulub açılmaması, öz-özünə danışa-danışa gəzib-dolanması Məleykəni demək olar ki, lap qorxutmuşdu. Şəfi işdə, çöldə-bayırda olan söz-söhbətin hamısını evdə arvadına danışırdı, çox şeydə onunla məsləhətləşərdi; Məleykə ən ağır anlarda ərinin qılığına girir, təsəlli verir, deyib-gülür, kişinin kefinn açırdı. Ancaq bu dəfə nə illah eləyirdisə, Şəfinin qırışığı açılmırdı. Məleykə şeyx Əhmədin tutulduğunu bilirdi, Möhsün adlı xəfiyyənin də ələ keçdiyini Şəfi demişdi ona. Ancaq Möhsünün öldürüldüyünü gizləmişdi, onun dörd uşağının yetim qaldığını gizləmişdi. Məleykənin ürəyini bilirdi, desəydi, bu ona dərd olacaqdı. Məhz buna görə söyləməməyi lazım bilmişdi. İşə getmək vaxtı idi. Şəfi gecəni səhərəcən yatmasa da, tezdən durmuş, üzünü təraş etmiş, çay-çörəyini də yemişdi, ancaq getməyə tələsmirdi. Pəncərənin qabağında dayanıb payızın xına çəkdiyi ağaclara tamaşa edir, siqaretini siqaretin oduna yandırırdı.

8 dəq

Başqa şairlərin şeirləri