Səhifə 2 / 3 · 33%

Dünya düşünürdü, düşündükcə kələf dolaşır, ilmənin ucu ələ gəlmir, fikir haçalaşıb çözələnirdi. İki saat qabaqkı şairanə təəssürat, qəlbini işıqla, fərəhlə dolduran o görüşün şirinliyi, gözəlliyi əzabqarışıq bir hissə çevrilir və onun ürəyini incidirdi. Ancaq hərdən ürəyinə gəlirdi ki, bəlkə bu görüş, bu vüsal və gizli münasibət ona görə belə şirindi, doyulmazdı, gözəldi ki, gizlidi, əzablıdı. qorxuludu? Yəqin elə belədi ki, var!

Sonra fikirləşdi ki, bəlkə hər şeyi taleyin ixtiyarına buraxmaq, qəzavü-qədər nə yazıbsa, o da olacaq, — deyə susmaq, gözləmək daha yaxşı idi. Bəlkə Əbdülün özünü lal-dinməz, bir göz qırpımında aradan götürmək, yeganə sirr dağarcığını məhv etmək və sonra da arın-arxayın, qorxusuz, ürküsüz yaşamaq? Sonra sakit yaşamaq olardımı körəsən? Axı onun, təpədən dırnağa məhəbbət olan bu zavallı Əbdülün günahı nə idi? Axı o, Dünyanın özünə də gərək idi, o da Əbdülü çox istəyirdi, dəfələrlə öz-özünə qadağan elədiyinə baxmayaraq, Dünya hisslərilə, ürəyi ilə bacara bilmədiyini yaxşı xatırlayırdı, onunla necə görüşdüyunü lap yaxşı xatırlayırdı. Əbdüldə nə isə qəribə bir sehr-əfsun var idi. Əbdül məhəbbətdə təkraredilməz idi, doyulmaz idi, bircə dəfə oxunub kənara qoyulası, doyulası kitab deyildi. Dünya onda hər dəfə nə isə daha gözəl, daha mənalı, daha şirin bir cəhət görürdü. Dünya neçə dəfə bu qərara gəlmişdi, Əbdül bəlkə də yer üzündə nadir kişidi ki, belə sevə bilir, belə qüdrətlidir, belə zərifdir və heç kəs də onu — Dünyanı belə atəşin bir məhəbbətlə, əzizləyə-əzizləyə, yalvara-yalvara, ucalda-ucalda, allahlaşdıra-allahlaşdıra sevməyə qadir ola bilməz, heç kəs heç vaxt ola bilməz!.. Onun nəfəsində nə isə bir cazibə var, sözlərində nə isə ahənrübalıq var, danışarkən həyəcanındanmı, canyanğısındanmı, gözlərinin məhzun-məhzun yaşarmasında nə isə bir ilahilik var, — bunlardan qaçmaq olmur, aman allah, heç qaçmaq olmur. Yox, Əbdülü məhv etmək olmaz, sevəni məhv etmək ən böyük günahdır, ən böyük qatil olmaq deməkdir. Onu məhv etmək Dünyanın özü üçün də ağır itki olardı, həyatının bir parçası, arzularının bir parçası çilik-çilik olub sınardı, dağılardı. Yox, Əbdül yaşamalıdı. Əbdül Dünyanın olmalıdı. Əbdül Dünyanı əzizləyə-əzizləyə, yalvara-yalvara, ucalda-ucalda, allahlaşlıra-allahlaşdıra sevmək üçün yaşamalıdır!

...O yanda, alaqaranlıq hücrədə isə Əbdül əlini başının altına qoyub duyduğu ləzzətlərinin, nəşələrinin təsirindən yarıbihuş, yarıayıq halda xumarlanırdı. Üç aya yaxın davam etmiş ayrılığın, həsrətin ağrısı, acısı iki saatlıq vüsaldan sonra canından çıxmışdı, bədəni dincəlmişdi, ruhuna səhər mehi kimi səfabəxş bir sərinlik və rahatlıq axıb dolmuşdu. Özünü görmürdü, ancaq hiss edirdi ki, bu dəqiqə çox gözəlləşib, gözləri işıqla dolub, üzünə munis və mehriban bir təbəssüm qonub. Yuxu aləmində imiş kimi sonsuz və mavi boşluqda ipək təki yumşaq qanadlarını çala-çala uçurdu. Sanki o, dörd divar arasında, hücrəsində deyildi — uçurdu, uçurdu. Ürəyini, gözlərini nəhayətsiz bir sevinc dənizi doldurmuşdu. Qulaqlarına Dünyanın isti nəfəsi gəlirdi, mehriban nəfəsi gəlirdi, səsini — pıçıltılı, həyəcanlı səsini eşidirdi: «Ömrüm boyu sənin olacağam, səni heç kəsə verməyəcəyəm, Əbi!».. Əbdülün fikrincə, əsl Dünya bu sözləri deyən Dünyaydı. O sözlər Dünyanın ürəyi idi, qəlbi idi ki, dilində çırpınırdı. Dünya ağıllı idi, tədbirli idi, boş və mənasız söz deməyi, iş görməyi xoşlamırdı. Gör Əbdülə necə məsləhətlər verirdi — «məni qısqanma!» «Mən sənin körpəyə «oğul» deməyini qadağan edirəm, Əbi». Görünür, belə lazımdı, belə məsləhətdi. Sonra, Əbdül dəfələrlə şahidi olmuşdu ki, Dünya yeri gələndə necə də ürəyinin səsini boğur, istəyini boğur, özünü saxlayır, çünki ağıl belə hökm edir, o, ağlın sözünə də baxmağı unutmur. Əbdül şəxsən belə şeyləri düşünməzdi, ehtiyat eləməzdi, təki Dünyanın vüsalına qovuşsun; sonra qoy lap öldürsünlər də, heç eybi yoxdur. Onun yolunda ölmək özü də, vüsalına qovuşmaq kimi elə səadətdi ki, hər sevənə qismət olmaz...

Şirin xəyal aləmində, sevinc, nə qədər qoynunda yarıbihuş, yarıayıq halda yaşadığı o xoş dəqiqələrdə, birdən darvazadan o tərəfdə, hasarın arxasında maşın siqnalının səsini eşitdi. Bu səs onu o gözəl aləmdən ayırıb alaqaranlıq hücrəyə qaytardı, ayıltdı və sevincinin üstünə su çilədi elə bil. Çünki səs Nəcməddinin maşınının siqnalının səsi deyildi, qonşu oğlanın — o kürənin maşınının səsi idi. Eşidəreşitməz Əbdül qalxdı, həyətə çıxdı. Və yadına bəzi xırda şeylər düşdu, qanı qaraldı. Xatırladı ki, o kürən oğlan son vaxtlar necə də onun gözəl Dünyasına maraq göstərir, gözucu ona sarı baxır; yadına saldı ki, deyəsən maşının üstünə telefon nömrəsi də yazmışdı. Ancaq Əbdül bilmədi ki, Dünya ona zəng çaldı, ya yox! Onu doğum evinə yola salanda da deyəsən Dünya gözlərini yummaqla salam vermişdimi, xudahafiz demişdimi? Əbdül neçə dəfə görmüşdü ki, o kürən, maşını darvazadan çıxaran kimi Dünya da eyvana atır özünü, küçəyə baxır!! Bütün bunları hiss eləməmiş, görməmiş Əbdül daha xoşbəxt idi. Ömründə məhəbbətin nə demək olduğunu Dünyaya qədər dadmamış Əbdül qəribə bir əzab hissi keçirməyə başlamışdı, bunları görəndən, duyandan sonra! Tanrısı qədər sevdiyi, bu az müddətdə ilahiləşdirdiyi, ayın, günəşin yanına qaldırdığı, namaz qılarkən belə Allah əvəzinə itaət etdiyi Dünya bəzən onun gözündə əvvəlki əzəmətini itirir, ucalığından enir, sirli, müəmmalı bir məxluqa dönür, ikiləşirdi. «Ömrüm boyu sənin olacağam, səni heç kəsə verməyəcəyəm!» — deyən də Dünya idi, kürənin siqnal səsinə eyvana çıxan da. Bundan Əbdül heç cür baş aça bilmirdi, çaşırdı və məhz bu zaman həmin əzablı hisslər doğulurdu. Onda Əbdül qəlbinin dərinliklərində o kürənə qan düşməni kimi, qatı düşmən kimi baxırdı, hiss edirdi ki, o hər kəsdisə, onun səadətinə göz dikib, ömrünün təsəllisini, gözəlliyini, rahatlığını əlindən almaq istəyir. Yəqin onun nəzərində Əbdül kim idi ki, adicə nökər idi. Yəqin Nəcməddin kimi heç ağlına da gətirə bilməzdi ki, Dünya ilə onun arasında nə isə yaxın bir münasibət ola bilər. Nəcməddin onu kişi hesab etməyən kimi – bu sözünü Dünya gizli görüşlərinin birində Əbdülə söyləmişdi və gülüb əlavə eləmişdi ki, o, qələt eləyir, mənim gözümdə əsl kişi sənsən—yəqin kürən də onu adam yerinə qoymur. Və Əbdül ona nifrət eləyirdi. O özü bunu hiss eləməsə də, bu qısqanclıq idi—doğulmuşdu Əbdülün ürəyində, dəhşətli, əzablı qısqanclıq idi. Bu duyğu zəhər kimi acı idi, öldürücü idi—öldürmürdü, ancaq eləcə əzab verirdi, incidirdi, zərrə-zərrə, damcı-damcı bütün vücuduna yayılıb sağalmaz bir mərəzə çevrilirdi. Qəribə idi ki, hərdən belə əzablı anlarında o, Dünyanı da məhv etmək istəyirdi, ancaq sonra səbrini basıb susur, «yox, mənim Dünyam belə ikiüzlü, xəyanətkar ola bilməz. Bu qədər nəvazişdən, əzizləmələrdən, can fəda etməkdən sonra belə alçaq fikirlərə əsla düşə bilməz, yox, düşə bilməz».—deyir, qəribə bir qısqanclıq odu ilə alışıb-yanan qəlbinə təskinlik verir, bütün qüvvəsini cəmləyib özünü inandırmağa çalışırdı. Sonra yenə düşüncəsi dolanır, sual suala calanırdı. Onda bəs axı bu mübhəm hərəkətlər, baxışlar nə idi? «Axı sənin nəyin yoxdur, Dünya? Malın, dövlətin, padşah xanımına layiq güzəranın, o yanda Nəcməddin kimi qüdrətli, qoca da olsa, zabitəli ərin, bu yanda mənim kimi qulun? Axı sənin dünya naz-nemətindən heç nəyə ehtiyacın yoxdur, əzizim. Çıxart bu iyrənc, bu qorxulu fikirləri başından, yaşa adam kimi — ləyaqətlə, namusla. Onda tanrı o biri günahlarından da keçər, vallah keçər, odla, ölümlə oynama. Özünə, gül kimi körpənə, nəhayət, adı-sanı az qala bir məmləkəti tutmuş o qocaya yazığın gəlsin, mənə yazığın gəlsin». «Bəlkə... nə olar, adam adama baxanda? Bəlkə heç o, mən düşündüyüm mənada baxmır, göz qırpmır? Bəlkə mənə elə gəlir? Bəlkə bu sadəcə maraqdı? Olmazmı? Hə, hə, elədi, vallah, elədi. Dünya — o gözəllik sahibi, o ağlın sahibi Dünya elə qadın deyil, deyil. Bax, indi o lənətə gəlmiş kürən oğlan siqnal verdi, görüm Dünya eyvana çıxacaqmı, baxacaqmı ona sarı?» — deyə düşünürdü və ürəyində Allaha yalvarırdı ki, kaş çıxmayaydı. Ürəyi şiddətlə çırpınır, hövl eləyib ağzından çıxmaq istəyirdi. Anlar keçirdi, bir-birindən uzun, küclü anlar... Xoşbəxtlikdən, Dünya eyvanda görünmədi. Əbdül titrəyə-titrəyə xeyli gözlədi, boylanıb pəncərələrə də nəzər saldı: yox idi Dünya, baxmırdı Dünya. Bu, Əbdülün ürəyini sonsuz nəşəli bir sevinclə doldurdu, onu əzablı duşüncələrin əlindən xilas elədi. Əbdülə elə gəldi ki, Dünyanı təzədən tapdı. Onun haqqında bədgüman olduğuna yaman peşman oldu, özünü o ki, var danladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü hissə, on ikinci fəsil

Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.

11 dəq
Dördüncü hissə, on üçüncü fəsil

Əfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:

5 dəq
Dördüncü hissə, on dördüncü fəsil

Yaranmış siyasi vəziyyət çox gərgin idi — hezbin Əsas və nüfuzlu rəhbərləri Poli-çərxi həbsxanasına salınmışdı və son dərəcə ciddi nəzarət altında saxlanılırdı. Xariclə əlaqə saxlamaq qətiyyən mümkün deyildi. Yoldaşlardan təkcə dikərval Əbdülqadir xan — Mir Xeybərin dəfnində iştirak edə bilmədiyinə görə — şübhə doğurmamış və həbs olunmamışdı. Əbdülqədir xan neçə gün idi ki, gecə-gündüz narahat idi, dostlarını həbsxanadan xilas etmək yolları barədə düşünürdü. O anlayırdı ki, bu həbs adi həbs deyil, yoldaşlarının həyatı, ən ümdəsi isə, inqilabi mübarizənin müqəddəratı böyük təhlükə altındadı. Bu gün isə Daxili İşlər Nazirliyində işləyən dostlarından biri başılovlu yanına gəlmiş və xəbər gətirmişdi ki, həbsxanadakı yoldaşları dörd-beş gündən sonra, daha dəqiq, may ayının ikisində güllələyəcəklər. Sərdar Məhəmmədin əmri ilə, onların dövlət, rejim əleyhinə olmalarını sübut eləyən dəlilləri toplayıb hazırlayırlar, «sənədləri» qaydaya salırlar. Bu xəbər Əbdülqədiri lap sarsıtmışdı. Nə isə etmək lazım idi! Nə? Bax, bu məsələdə o, tərəddüd edirdi. Təkbaşına, Mərkəzi Komitənin göstərişi olmadan hərəkət etmək təhlükəli idi, səhv eləyə bilərdi və bu, hezbə baha başa gələ bilərdi. Özü vəziyyəti təhlil edir, bu qənaətə-gəlirdi ki, daha məqam yetişib, susmaq mümkün deyil — qoşundan, hava qüvvələrindən, tanklardan istifadə etmək, Ərke-şahini dağıtmaq, Sərdar Məhəmmədi aradan götürmək məqamı çatıb. Bəhram hava meydanında qırıcı təyyarələrdən bir neçəsini, bir ləvayi-tankı ayağa qaldırsa, kifayətdir. Ancaq bunun üçün Mərkəzi Komitənin göstərişi, razılığı lazım idi — bu isə yox idi Əbdülqədirin əlində, ona görə... çaşıb qalmışdı. Mədəsi bərk incidirdi, daha dava-dərman da kömək eləmirdi. Ağrıdan qıvrılırdı. Buna fikir vermirdi. Dözürdü. Süddə həll olunmuş mumiya içmişdi, yenicə. Eyvanda oturub düşünürdü.Bu zaman həyətə əynində köhnə paltar, saqqallı bir kişi girdi. Əbdülqədir qeyri-iradi əlini belindəki tapançasına vurub çəkdi. İndi vəziyyət elə idi ki, hər şey ola bilərdi — gələn qəfildən onu vura bilərdi, Şəfini vuran kimi, Elməddini öldürən kimi. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım idi.

9 dəq
Dördüncü hissə, on beşinci fəsil

Elə həmin bu vaxt, şəhərdə baş verən hadisələrdən xəbərsiz olan Əbdül ortalıq otağa girəndə... qulaqlarına inanmadı. Yataq otağından tanış, doğma bir səs gəlirdi — Dünyanın səsi... Kimləsə, yad bir kişi ilə danışırdı Dünya xanım.Əbdülün qıçları titrədi, tükləri biz-biz oldu. Hövllənmiş halda qanrılıb Dünya xanımın divardan ona baxıb gülümsünən şəklinə baxdı. Şəkil susurdu. Başını silkələdi — sanki qorxulu yuxudan ayılmaq istəyirdi. Yox, səs kəsilmirdi, səs gəlirdi və buna da şübhə yox idi ki, Dünyaydı danışan. Əbdül o səsi yüz il keçəndən sonra da eşitsəydi, dərhal tanıyardı, yüz qadının səsi içindən seçərdi onun səsini. Bəlkə Heyran idi? Yox, o, həyətdəydi — toyuq-cücəyə dən verirdi. Heyran ola bilməzdi.

15 dəq

Başqa şairlərin şeirləri