İkinci hissə, doqquzuncu fəsil
Səhifə 1 / 2
İlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.
Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».
Professor çox şad-xürrəm, özündən razı idi. Hamı ilə zarafat eləməyə çalışır, məqaləsini üzünə ağızdolusu tərifləyənlərə gülümsünə-gülümsünə cavab verirdi. Hiss edirdi ki, indi hər yerdə bu məqalədən söhbət gedir: «Belə eləmək lazımdır, ədəbi mühitimizdəki bu durğunluğu ancaq belə silkələmək, parçalamaq olar, ayrı cür yox...»
Təəssüf ki, professor söhbətin o biri başını eşitmirdi və duymaqdan da çox uzaq idi.
Orxan məqaləni oxuyandan sonra uzun müddət özünə gələ bilmədi. Elə bil döymüşdülər, sümükləri də sızıldayırdı.
Süst və yorğun-yorğun qəzeti qatlayıb stolun üstünə atdı, durub dəhlizə çıxdı. Gülalı ilə Cəfər dayanıb nə barədə isə danışırdılar. Orxan Cəfərdən kibrit istəyib papirosunu yandırdı. Bu zaman professor ləngərli yerişlə onlara sarı gəldi. Uzaqdan salam verdi:
– Elm mücahidlərinə eşq olsun!
Gülalının dişləri ağardı:
– Çox sağ olun, profeosor. Məqalənizi də oxuduq, professor, əla məqalədi. Elə bayaqdan onun barəsində danışırdıq, lap əladı. Qayğıdı bu bütün cavanlara!..
Professor gülə-gülə başını tərpətdi.
Ancaq Orxan dinmədi. Papirosunu sümürərək acı tüstüsünü ciyərlərinə doldurub kənara üfürdü. Gözünü Gülalının ağaran dişlərindən, Cəfərin qımışan çöhrəsindən çəkmədi.
Cəfərlə Orxan oğrun-oğrun baxışdılar. Salman onların da nəsə deyəcəklərini gözləyirmiş kimi, ötəri halda nəzərlərini Cəfərə və Orxana zillədi.
Cəfər irəlicədən Orxanla başladığı söhbəti Salmanın yanında davam etdirməyi lazım bilib dedi:
– Düzü, professor, mənim xoşuma gəlmədi. Açığını deyirəm. Özünüz bilirsiniz ki, mən sözün kəsəsini deyənəm.
– Onu bilirəm,— deyə Salman Cəfəri təpədən-dırnağa süzdü.
– Sənin nədən xoşun gəlir ki, mənim məqaləmdən də xoşun gəlsin?
– Yaxşı şeyə həmişə yaxşı demişəm, professor.
Salman dözmədi, çərtdi:
– Yaşda məndən böyük olsan da, sənin mənim yazdığımı qiymətləndirməyin hələ tezdi. Sən hələ elm üçün nə eləmisən ki?
Cəfərin ürəyinin yaralı yerinə toxunan sözlər yeddi qatından keçdi. O dodağı əsə-əsə:
– Mərdimazarlar qoymayıb, Salman,— dedi. — Qarnı qurdlular, paxıllar qoymayıb.
Orxan söhbətin elmi sahədən ayrı səmtə baş alıb getdiyini gördükdə sözə qarışdı:
– Tərifi çox idi, professor.
– Hə? Tərifi çox idi?
– Bəli. Tərif də, özünüz bilirsiniz ki, tiryək kimi bir şeydi, öldürür.
Salman ona da kəskin bir nəzər saldı:
– Düz deyirsən, — dedi, — necə ki, bəzilərini öldürüb. — Bu sözlərdəki kinayəni duymamaq mümkün deyildi. Onların arasında son vaxtlar belə söhbətlər tez-tez olduğuna görə buna Salman da adət eləmişdi, Orxan da, Cəfər də. Onlar bir-birini sancırdılar, kimin əlinə harda fürsət düşsəydi, orda. Bəzən elə hallar olurdu ki, bir-birini görməyə gözü olmayan iki nəfər iclasda nəyinsə xatirinə—«obyektiv adamdır, kişiynən düşmən də olsa, yaxşı cəhətini inkar eləmir»,— desinlər deyə, rəqibini ağızdolusu tərifləyirdi. Onların silahları, bıçaqları yox idi, onların yeganə silahı söz idi; tikanlı söz, acı söz, qılıncdan da kəsərli, zəhərdən də zəhərli söz. Burda səbir eləmək lazımdı, məqam gözləmək gərəkdi. Üçlük çıxaranın qabağına beşlik çıxarmaq vacib idi, ancaq vaxtında.
Professor onlarla «ağız-ağıza verməyin» mənasız olduğunu hiss eləyib əlini yelləyərək şöbəyə tərəf addımladı.
Professor gedəndən sonra Orxan Cəfərin üzünə mənalı bir nəzər saldı. Cəfər dünyagörmüş adamdı; hər sözü, işarəni o dəqiqə başa düşür, baxışdan söz anlayırdı. Cəfər ciddi və sınayıcı nəzərlərlə Gülalıya diqqət yetirən Orxanın fikrini onun gözlərindən oxudu. Onlar bir-birini təqdir edərək gülümsündülər. Orxan Gülalıdan soruşdu:
– Gülalı, professorun məqaləsi yaxşıdır? Gülalı gülümsünərək:
– Sən də çox dərinə getmə də!— dedi.— Bunları mən səndən yaxşı tanıyıram. Tərifdən yaman xoşları gəlir. Nə işinə var? Denən, yaxşıdı, qurtarsın getsin, səndən nə gedir?
– Yaxşı olmayan bir şeyə necə dilin var gəlir ki, yaxşı deyirsən?!
Gülalı gözünü yerə dikdi.
Axşam, əl-ayaq yenicə yığışanda kimsə professorun evinə zəng çalıb onu təbrik elədi. Salman dəstəyi yerinə qoyandan sonra Nadirəyə üz tutdu:
– Məni üç gündür az qala bütün şəhər təbrik eləyib, sən isə susursan.
Salman məqalə çıxandan gözləmişdi, ancaq Nadirə nə idarədə, nə də evdə ona yanaşıb bir söz deməmişdi, öz ərini təbrik eləməmişdi. Quru təbrikə nə var? Nadirə məqalənin bu qədər «tərifli» olduğunu əvvəllər təsəvvürünə belə gətirə bilmirdi. Ancaq oxuyandan sonra onun əl-ayağı yerə yapışdı və o, dərin fikrə getdi: «Deməli, Salman mənim sözümü saymadı, məqaləni çap elətdirdi. Tənqiddən də nəticə çıxarmadı, Orxanın tənqidindən. İnadkarlıq eləyir, ancaq bu, yersiz, axmaq inadkarlıqdır».
– Belə şey üçün mən səni təbrik etmək istəməzdim, Salman!
– Niyə?
– Ona görə ki, bu məqalə deyil, mədhiyyədir.
– Amma hamı tərifləyir.
– Söyənlər, dodaq büzənlər tərifləyənlərdən çoxdur, Salman!
– Sənə elə gəlir, Nadirə! Burda söyüləsi heç nə yoxdur. Cavan şairdir, qoy həvəslənsin, daha yaxşı şerlər yazsın. Qəlbiqaralıq niyə eləyirsən, mən başa düşmürəm?
– Yox, Salman, yanılırsan.— Nadirə ah çəkdi.
– Bəli, mən axır vaxtlar başa düşmüşəm ki, sən paxıl adamsan. Bəli, paxıl, özü də özgə adamın paxıllığını eləsən, yenə dərd yarıdır, sən öz ömür-gün yoldaşının paxıllığını eləyirsən. Bax, bu qəribədir, çox qəribədir. Kimə desən inanmaz.
– Düz deyirsən,— deyə Nadirə incimiş halda cavab verdi,— buna heç kəs inanmaz.
– Fəxr eləməkdənsə, sevinməkdənsə, dodaq büzürsən. Axı, sən mənim həyat yoldaşımsan, gərək sevinəsən, öyünəsən!— O, səsini qaldırdı.
Nadirə həvəssiz dedi:
—Əgər mən savadsız bir ev qadını olsaydım, bəlkə də fəxr elərdim. Ancaq indi... yox, fəxr eləməli bir şey görmürəm, Salman, əksinə, utanıram. Bu məqalən məni lap utandırdı, Salman.
– Eh, Nadirə, Nadirə!..
Nadirə də köksünü ötürüb eyni ahənglə dedi:
– Eh, Salman, Salman!..
Düz bir həftə sonra isə Nadirənin məqaləsi çap olundu. Düzdür, çox çətinliklə dərc elədilər, çünki, indiyə qədər redaktor belə şey körməmişdi. Bir-birini rədd və inkar edən məqalələrə rast gəlmişdi, ancaq beləsinə yox. Onun təəccübünə və heyrətinə səbəb olan cəhət bu idi ki, Nadirə öz ərinin — professorun yazdığını, demək olar ki, alt-üst edir, daşını daş üstə qoymurdu. Redaktor əvvəlcə qorxdu. Professorun əleyhinə, tutduğu mövqeyə qarşı yazılmış bu yazını dərc etməkdən çəkindi. Redaktor iki adamdan ehtiyat edirdi: əvvəla, professordan. Onun bir sözünü hələ iki eləyən olmamışdı. O, redaktordan möhkəm inciyəcəkdi; haqq-salamları vardı, bircə dəfə zəng eləyib: «Ayıb deyilmi?»— desəydi, bəs idi. İkincisi, İlhamın atasından ayıb idi. Redaktor onun da yanında pis olmaq istəmirdi.
– Bəlkə bir az da yumşaldaq, belə çox sərtdir.
– Yox, yox yoldaş redaktor, heç cür olmaz.
– Axı yaxşı deyil, əriniz inciyəcək. Bir evdə...
– Bu, elmi-ədəbi mübahisədir, burada qorxulu heç nə yoxdur.
– Yaxşı, — deyə redaktor böyük bir çətinliklə razılıq verdi. Ertəsi gün məqalə çap olundu.
Politexnik institutunun qabağındakı köşkdən səhər tezdən qəzet alanda Nadirənin ürəyini sevinc qarışıq bir kədər bürüdü. Ona görə sevinc qarışıq kədər ki, bu məqalə ər-arvadın ədəbi mühitdəki mövqelərinin müxtəlifliyini aydın göstərməklə bərabər, evdə də böyük söz-söhbətə səbəb olacaqdı. Bir də bu sözləri o, ərinə evdə çox demişdi, ancaq Salman eşitmək istəməmiş, qulaqardına vurmuşdu. Qoy indi hamı bilsin, hamı eşitsin. Bu gün sakit dənizdə tufan başlayacaq, qoy başlasın, Nadirə heç nədən qorxmur.
«Mən heç nədən qorxmuram, qorxmuram!» Əsəbləri gərilə-gərilə belə deyən Nadirə az keçməmiş bu işin çox da asan başa gəlməyəcəyini düşünüb üşüyən kimi oldu. Məqaləsinin çap olunduğunu görəndə ürəyini çulğayan sevinci iki-üç dəqiqə sonra üzücü bir kədər üstələməyə, onun işıqlı gözlərinə kölgə salmağa, əl-ayağını soyudub ümidsizləşdirməyə başladı. Məqalənin evdə qoparacağı tufanı nədənsə indiyə qədər tam aydınlığı ilə təsəvvürünə gətirə bilməyən Nadirə qəzeti əlinə alıb evə sarı gələndə vahimələndi. Ünvanına deyilmiş kiçicik bir tənqidə dözümü olmayan Salman bu kəskin məqaləyə, onun ağır və sarsıdıcı ittihamlarına dözə biləcəkdimi? Canı-başı da möhkəm deyil, birdən kişiyə bir şey olar, sonra gəl bunun biabırçılığının altından çıx görüm, necə çıxırsan. «Arvad qəsdən kişisinin bağrını çatlatdı!» — deyənlərin tənələrini o, indidən eşitməyə başladıqda qorxusu, peşmançılığı qat-qat artdı. O, bir alim kimi, mühakimələrinin, fikirlərinin düzgünlüyünə, obyektivliyinə əmin idi. Dürüst, sağlam əqidəli alim, — əgər elmin inkişafını hər şeydən, hətta şəxsi ad-sanından da üstün tutursa, — Nadirənin mülahizələrinin həqiqi olduğunu etiraf edib razılaşmalı, onun əlini sıxıb nöqsanlarını göstərdiyi üçün minnətdarlığını bildirməli idi. Amma nə edəsən ki, Salman belə adam deyildi, o, kinli adam olduğu, öz mənliyini və qürurunu hamıya qarşı qoyduğu üçün ondan belə şeyi gözləmək olmazdı. Əgər Salman özgə adam olsaydı, Nadirə bunlara ehtiyac da duymazdı. Acığına gəlib qoy gəlsin. Nadirə ilə danışmayacaq, qoy danışmasın. Onun əsərlərini qurdalayıb tənqid eləyəcək? Buyursun. Bəli,belə olsaydı, dərd yarı idi. İşi çətinləşdirib dolaşdıran bu idi ki, o yad deyildi, onun öz əri — yarıcanı idi. Bir damın altında yaşayırdılar, əlləri bir süfrəyə uzanırdı, bir yastığa baş qoyurdular.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:
Dördüncü hissə, birinci fəsilGecəyarıdan keçmişdi, günortadan sonra lapar-lapar yağmağa başlayan qar hələ də kəsməmişdi, həyət-bacalara, küçələrə, damların üstünə bir qarışdan çox yumşaq qar örtüyü çəkilmişdi, şəhəri hündür hasar kimi dövrəyə almış dağlar göydə uçuşan qar ləçəklərinin arxasında görünməz olmuş, bəyaz göylərə qarışmışdı. Külək yox idi, sakit, mülayim, qarlı qış gecəsi idi, şəhər axşamdan ölü sükutuna qərq olmuşdu və bu sükut getdikcə dərinləşir, vahiməli olurdu.Məhəmməd Şəfinin, pəncərəsi gündoğana baxan iş otağından işıq gəlirdi. Bu evin təmtərağını görən, Şəfili günlərinin şahidi olan adamlar ilk baxışda belə güman edə bilərdi ki, şair yenə arvad-uşağı, yatandan sonra öz otğına çəkilib yazıb-yaradır. Ancaq təəssüf ki, bu belə deyildi, Şəfi evdə yox idi, Şəfi o gedən getmişdi, haçan qayıdacaqdı və ümumiyyətlə qayıdacaqdımı — kimsəyə məlum deyildə. İndi qar naxışlı pəncərədən içəri boylanan olsaydı, Şəfinin stolunu Şəfisiz görərdi, ancaq bunu da görərdi ki, onun vəfalı ömür-gün yoldaşı Məleykə xanım əllərini qoynuna qoyaraq məlul-məlul oturub divanın üstündə, kədər dolu gözlərini Şəfinin sahibsiz stoluna zilləyərək qəm dəryasına qərq olub. Otağı Şəfi necə qoyub getmişdisə, eləcə idi. Polisin murdar nəfəsi dəyəndən sonra Məleykə otağı ağlaya-ağlaya yenə əvvəlki səliqə-sahmana salmış, silib təmizləmiş, onların eşib alt-üst elədiyi kağız-kuğuzu, kitabları yerbəyer eləmişdi. Neçə gün özünə gələ bilməyən Məleykə bu otağa ayaq basmağa cürət eləməmişdi, uşaqları da ora girməyə qoymamışdı. Ancaq özü neçə dəfə çaşmış, qeyri-iradi olaraq Şəfinin içməyə adət etdiyi kəkotu çayı dəmləmiş, çayniki, piyaləni, şəkəri güllü siniyə qoyaraq ərinin otağına gətirmiş, yalnız qapı ağzında onun yoxluğunu xatırlayıb ah çəkərək geri qayıtmışdı. Və bu hadisədən sonra saatlarla özünə gəlməmişdi, ürəyi hövl eləmiş, ancaq uşaqların yanında ağlayıb onların ürəyini qana döndərməkdən özünü saxlamış, içində sızlamışdı.
Dördüncü hissə, ikinci fəsilYaxşılıq itmirmiş — düz imiş. Elməddinin öz sürücüsü Əhədulla ilə xoş, mehriban münasibəti səkkiz-doqquz uşaq atası olan, kasıb güzəran keçirən, balalarını pendir-çörəklə güclə dolandıran Əhədullanın ürəyində, taleyində silinməz iz buraxmışdı və ona elə gəlmişdi ki, heç bir qohum-əqrəbası, yaxını-simsarı olmayan bu qatmaqarışıq şəhərdə özünə bir qardaş tapıb, arxa tapıb. Həyatda o qədər çətinliklər və pis adamlar görmüşdü ki, Elməddinə rast gələndə, onun insani rəftarını görəndə əvvəl inanmaq istəməmişdi, «yəqin bu da bir kələkdi» — deyə düşünmüşdü, çünki iyirmi il yaşadığı, dolaşdığı bir mühitdə böyükdən-kiçiyə hamının bir-birini aldatmaq, pulunu, son tikəsini əlindən almaq istədiyinin dəfələrlə şahidi olmuşdu. Varlı da, yoxsul da gözdən tük qapmağa, yumurtadan yun qırxmağa çalışırdı — varlı daha dövlətli olmaq üçün, yoxsul azca da olsa güzəranını yaxşılaşdırmaq üçün... Ancaq Elməddin belə deyildi: Əhədulla onun rəftarına, işinə, ürəyinə baxanda sanırdı ki, o bu şəhərə ya göydən gəlib, ya tamam başqa bir aləmdən. O, Əhədulla ilə bir insan kimi davranır, dərdləşir, məsləhətləşirdi, yeri gələndə öz sürücüsünün həyatı ilə maraqlanır, lazım olanda ona əl də tuturdu. Bu, Əhədullanın o qədər xoşuna gəlmişdi ki, indi özünü bu böyük şəhərdə tək, kimsəsiz hesab eləmirdi, arxalı sayırdı. Evdə arvadının, uşaqlarının yanında o qədər Elməddindən danışmışdı ki, hamısı onu əziz adamları sayırdı. Üzünü görmədikləri adamın adını «əmi» deyə yad edirdilər. Arvadı isə Elməddinin adını çəkəndə yanına bir «qardaş» kəlməsi də əlavə eləyirdi. O, demək olar ki, qiyabi surətdə hələ bircə dəfə də ayaq basmadığı bu evin, bu ailənin hörmətli bir üzvü olmuşdu. Qızlar Elməddinin alıb göndərdiyi parçadan paltar tikdirib geyəndə «Bunu mənə Elməddin əmi alıb!» — deyə öyünürdülər və Əhədulla uşaqlarının — indiyə qədər təzə parçadan paltar geyməmiş qızlarının sevincini görüb qəlbində ona dua eləyir, «dünyada yaxşı adamlar da varmış, —deyirdi. — Mən ömrüm boyu, son nəfəsimə qədər sənin bu yaxşılığını yadımdan çıxartmaram, ağa!».Ancaq Əhədullanın xoş günləri uzun sürmədi: Elməddini həbs elədilər. Bu xəbəri eişdəndə o, yamanca sarsıldı. Qulaqlarına inanmaq istəmədi, «ola bilməz!» — dedi. Həmin sözü Elməddinin arvadı — Zərrintac da söyləyəndə onun inanmaqdan özgə çarəsi qalmadı. Uşaqları, arvadı isə bu xəbəri lap matəm kimi qarşıladılar. Üstlərinə su çilənmiş kimi boyda-boyda bir-birinin yanına düzülüb məyus halda başlarını aşağı saldılar.
Dördüncü hissə, üçüncü fəsilBuxarı gurhagur yanırdı. Üst-üstə qalanmış daş kömür parçaları nazik, şəffaf alov dilləri altında qızıl külçəsi kimi par-par parıldayıb qızarırdı. Buxarının yanları da qızarmışdı. Əziz xan sol tərəfdə, Bəbir sağ tərəfdə yumşaq kresloda əyləşmişdi. Bayaqdan heç biri danışmırdı. Əziz xanın sur təsbehinin aramsız şıqqıltısından başqa otağın sakitliyini heç nə xələldar eləmirdi. Bəbir əlində tutduğu güllü piyalədən qurtum-qurtum çay içir, iri gözlərini qızarmış buxarıya zilləyib düşünürdü. Aradakı darıxdırıcı sükutu Əziz xan pozdu:– Nə yaman fikirlisən, oğul? Nə olub belə? Bəbir boş piyaləni böyründəki kətilin üstündə olan siniyə qoyub:
Başqa şairlərin şeirləri
Çərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Sirri-eşqi demək olseydi, nihan etməz idimSirri-eşqi demək olseydi, nihan etməz idim,Dəxi gizlin bu qədər ahu fəğan etməz idim.
QələmimQələmim seyr edib qəzali-qəzəl,Qurmamış bir fəzadə bir sənə dam.