İkinci hissə, on üçüncü fəsil
Səhifə 2 / 2 · 50%
– Ölmək nədir?
—…
Gülmirə qovluğun ağzını bağlayıb, stolun üstünə qoydu. O, bayaqdan danışıb Gülürdüsə də, fikri-zikri öz yazısının yanında idi. Stolun bir tərəfinə səliqə ilə yığılmış yazılı səhifələr, görəsən, nə haldadır? Deyir, işləmişəm. Gülmirə bu düşüncələrdə ikən Orxan onun əsərinin təzədən özü hazırladığı iki fəslini götürüb dedi:
– Oxudum, Gülmirə. — Susdu, sanki haradan, necə başlayacağını hələ fikirləşməmişdi. Kağızları vərəqləməyə başladı. Gözlərini Orxanın çevirdiyi səhifələrdən çəkməyən Gülmirəni dəhşət bürüdü. Səhifələr oxunmaz hala düşmüşdü.
Az qala hər sətrin üstündən xırda, səliqəli xətlə yeni cümlələr yazılmış, müxtəlif oxlar və işarələrlə sağa, sola xətlər çəkilmiş, səhifənin arxa hissəsi də yazılıb qaralanmışdı. Vərəqlər çox qarışıq bir xəritəni yada salırdı. Nəyin nədən sonra gəldiyini anlamaq üçün xeyli diqqət və səbir lazım idi. Bəlkə Orxan özü də bunu aydınlaşdırmaqda, oxumaqda çətinlik çəkərdi. Gülmirə, görünür, heyrətindən başqa şey tapa bilmədiyinə görə:
– Oy, oy!.. — deyə-deyə qaldı. — Dəniz qırağında professorun dediyi «mürəkkəbdə çimizdirmək» sözlərini xatırlayıb dedi: — Mən lap tərlədim, Orxan.
– Niyə?
– Bu qaralmış kağızlar...
—Əvvəlki yazınla bunlar arasında xeyli təfavüt var, Gülmirə. Ancaq yenə çox, lap çox çalışmaq gərəkdir. Yaxşı, sənin vaxtın haçan qurtarır?
– Gələn il, dekabrda.
– Az qalıb ki...
– Hə, professor da deyirdi, qurtar, əl-ayağını yığ bir yerə.
– Sonuncu fəslin nə haldadı?
– Materiallarım hazırdı, ancaq mənimçün bu, ən ağır fəsildi. Sənətkarlıq məsələləridi... Onu da... bir az qaralamışam...
– Hm, sənətkarlıq məsələləri... Bu, doğrudan da, ən çətin və ən məsuliyyətli fəslindir. Bilirsən, ədəbiyyatşünasın gücü, elmi səviyyəsi bu və ya digər sənətkarın ictimai, siyasi fikirlərini, dərin fəlsəfi-əxlaqi, etik görüşlərini açmaqda, təhlil eləməkdə tam şəkildə zahirə çıxa bilmir; daha doğrusu, bunları bir tarixçi də, filosof da analiz eləyə bilər — ancaq sənətkarın böyüklüyü, bunlardan başqa, bir də öz fikir və duyğularını necə deməsi ilə də ölçülür — onun söz sənəti, ifadə tərzi, dili və üslubu necədir — ondakı yenilik, gözəllik, təkrarolunmazlıq nədədir, özünəməxsusluq varmı? — Bax, bütün bunları ədəbiyyatşünas açmalıdır, görməlidir və adi oxucuya çatdırmağı bacarmalıdır.
– Elədir, Orxan.
– Bu mənada bizim Salman Qurbanzadənin Nəsimi haqqındakı kitabı çox qiymətlidir, — mən o kitabdan çox şey öyrənmişəm və başqaları da həmçinin. Misilsiz kitabdı, mən deyərdim ki, Salmanın şah əsəridir, Gülmirə. O, başqa heç bir şey yazmasaydı da, təkcə o kitabla Nəsimi kimi ölməzliyə qovuşa bilər. Yaşaya bilər ədəbi tənqidimiz tarixində. Sən onu oxumusanmı, Gülü?
– Hə, bir dəfə, belə, ötəri.
– Yox, Gülü, o sənin həmişə əlinin altında olmalıdı — orda öyrənməli şey çoxdur. Orada Salman müəllim bir cərrah kimi, Nəsimi poeziyasının ölməzliyinin sirlərini, ecazkar gözəlliyini və rəmzlərlə dolu məna xəzinəsini açıb ortaya çıxarır və şairin böyüklüyünə səndə heyrət doğurur. Mən Salman müəllimə bu əsərinə görə pərəstiş edirəm
– neyləsə də, incitsə də məni, bu pərəstiş hissi həmişə mənim ürəyimi sakitləşdirir. Oxu o kitabı, diqqətlə oxu, Gülü.
– Oxuyuram, Orxan... Sonra o fəslə bir də qayıdaram...
—Əldən çıxart, gətir, onu da oxuyum. Sonra yazdır ver müzakirəyə.
Gülmirə kağızları alıb dizinin üstünə qoyaraq vərəqləyə-vərəqləyə xəbər aldı:
– Bunları hazır hesab eləyirsənmi?
– Hə, tamamilə! Müzakirədə bəzi qeydlər ola bilər, onu sonra asanlıqla düzəldə bilərik.
Gülmirə ömründə hələ kimsəyə ürəyində bu qədər böyük minnətdarlıq duymamışdı: onu böyüdüb boya-başa yetirən ata-anasına da, Əqdəmə də. Yox, heç kimə, heç vaxt!.. Bu, elə bir minnətdarlıq idi ki, hər cür yüksək, qanadlı, mənalı söz belə bunu ifadə edə bilməzdi və sönük görünərdi. Bu duyğu sözə çevrilə bilmirdi, böyük, işıqlı, şairanə bir hiss olaraq qalırdı.
Orxan papiros yandırdı. Gülmirə siqaret qutusunun üstünü oxudu: «Arzu».
– Qəribə papirosdur: «Arzu».
– Hə, — Orxan acı tüstünü ciyərlərinə sümürdü. Külqabının ağzına qədər kötüklə dolduğunu görən Gülmirə:
– Bu qədər papiros çəkərlər?! — dedi.
– Öyrəşmişəm.
– Zərərdir, axı!
– Hm...
Bayaqdan Orxanın gözlərinin içinə baxmamağa çalışan Gülmirə hansısa bir hissin təsiri ilə Orxana fikir verməyə başladı: nazik tüstü dumanı arxasından məftun baxışlar ona zillənmişdi. Yorğunluğu aydın bilinirdi. Gözlərinin ağı qızarmışdı. Ağır yükü çiyinlərindən yenicə yerə qoymuş adama oxşayırdı.
– Bəs istirahətə getmirsən?
– Hələ yox, Gülmirə. Müzakirədən sonra. Kitabı hazırlayım, verim sonra. Yamanca yorulmuşam...
Orxan, Gülmirə qapını açıb içəri girən dəqiqədən, ürəyinin içəridə yarpaq kimi əsdiyini hiss eləyirdi. Ürək üşüyürdü. Elə həyəcanlı idi ki, əlinin titrədiyini sezdirməmək üçün gah gizləyir, gah da kağızları vərəqləyirdi. Bu vaxtacan ancaq yuxularda gördüyü səadət indi gözəl, ahəstə, ləngərlə uçan qu quşu kimi onun qapısını açıb içəri girmişdi. Səadət bu idimi? Səadət nə üçün onun əl-ayağını yerdən üzür, göylərə qaldırırdı? O, paraşütdən atılan bir adam kimi ürəyi gizildəyə-gizildəyə yerə — bu otağa enirdi. Birdən... Orxanın rəngi avazıdı, o, stulda yumağa döndü.
– Nə oldu, Orxan?
—…
– Orxan, Orxan!..
Orxanın gözləri axdı, stulun söykənəcəyinə dəydi, gözləri yumuldu. Gülmirə telefona sarı qaçdı, ancaq nə fikirləşdisə geri qayıtdı, sol əlini Orxanın boynunun ardına salıb başını qaldırdı:
– Orxan, Orxan!..
Cavab gəlmədi.
Gülmirə təlaşla bir də çağırdı:
– Orxan, Orxan!..
Orxan handan-hana göz qapaqlarını ağır-ağır qaldırdı.
– Sənə nə oldu?
– Heç...ü...rə...yim...
– Həkim çağırımmı? — Gülmirə qorxu içində soruşdu.
Orxan «yox» mənasında başını tərpətdi.
– O...valerianı...Pəncərənin qabağından...
Gülmirə pəncərə qarşısındakı göyümtül şüşəni gətirdi, nazik stəkana on damcı damızdırıb Orxana içirtdi. Gülmirə qorxmuşdu. O, Orxanı həmişə ayaq üstə, ciddi, şad görmüşdü. İndi birdən-birə bu boyda cavan az qala... Yox, Gülmirə ürəyinə ayrı şey gətirmək istəmədi. Peşman-peşman Orxana baxdı. Özünü günahkar sayırdı. Gülmirəyə elə gəlirdi ki, onun ürəyinin ağrısına səbəbkar özüdür. Orxan da özlüyündə bu qəfil ağrıdan pərt olmuşdu. Gülmirədən utanırdı. Səsinin bərk çıxacağından və bununla da təzədən Orxanı narahat edəcəyindən qorxurmuş kimi, Gülmirə astaca, lap astaca dedi:
– Dur uzan, Orxan.
Orxan ağır-ağır dikəlmək istəyəndə Gülmirə onun qolundan tutub qaldırdı. Yataq otağına keçdilər. Bu az məsafəni onlar, demək olar ki, qarış-qarış addımladılar.
Otaqdakı tək çarpayı yığılmamışdı. Güllü yorğanın bir ucu parket döşəməyə düşmüşdü. Gülmirə Orxanı çarpayının qırağında oturdub, onun qolunu buraxdı, balışı çırpdı, mələfəni sahmana salıb Orxana sarı döndü:
– Uzan...
Orxan paltarlı-paltarlı uzandı. Gülmirə yorğanı onun üstünə çəkdi. Otağa sükut çökdü. Elə bil burada adam yox idi. Elə bil heç biri nəfəs belə çəkmirdi. Gülmirə əlini qoynuna qoyub dalğın nəzərlərini Orxanın solğun üzünə dikib durmuşdu. Orxan ağrıdan üz-gözünü qırışdıranda Gülmirə əlini onun işıldayan, ağarmış alnına qoydu, Orxanın üzündəki ağrılı-əzablı ifadələr o an yoxa çıxdı. O, dünyanın, insanların, həyatın gözəlliyi, şirinliyi haqqında xoş xəyallara qapılıb gözlərini yumdu. Azmı keçdi, çoxmu, bunu Orxan bilmirdi. Gözlərini açanda Gülmirənin ona baxdığını gördü:
– Səni közləyərlər Gülmirə...
– …
– Əqdəm nigaran olar.
– Əqdəm yoxdur, gedib.
Yenə araya sükut çökdü.
– Zəhmət olmasa, dəsmalımı islat, ürəyimin üstünə...
Gülmirə stulun söykənəcəyinə keçirilmiş pencəyin cibindən dəsmalı çıxartdı, mətbəxə keçdi. Su şırıltısı gəldi. İki dəqiqə keçməmiş Gülmirə qayıtdı. Orxan köynəyinin yaxasını açdı. Gülmirə ikiqat bükdüyü yaş dəsmalı onun sol döşünün üstünə qoydu. Qadın əllərinin təmasını duyan Orxan bədənində xoş bir gizilti hiss edərək qeyri-ixtiyari Gülmirənin ağ biləyindən yapışdı və ehmal bir hərəkətlə onun əlini dodağına yapışdıraraq öpdü. Sonra öpdüyu əli iki ovcu arasına alaraq sinəsinə sıxıb saxladı. Gülmirə sehrlənmişdimi, ya nə baş verdiyini dərk eləmirdimi, qımıldanmadı. Anlar əriyib gedirdi. Birdən qulaqlarında təyyarə uğultusu səsləndi. Ayılmış kimi, əlini çəkdi, ancaq heç nə demədi.
Onun xəyalında həmişə bir təyyarə uçmuşdu. Təyyarə iki nəfər olardı. Əqdəm sükan arxasında oturardı. Gülmirə də yanında. İndi o təyyarə uçurdu. Sürücü yenə də Əqdəm idi, yanındakı isə daha bu Gülmirə deyildi. Sanki vaxtı ilə onun özü olan, indi isə uzaq, yad bir qadın idi. O Gülmirə göydə idi. Əqdəmin yanında idi, bu isə...
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ikinci-hisse-on-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ayrılıq var — sonu şirin vüsaldı.Ayrılıq var — sonu yoxmuş, ay aman.
Birinci hissə, üçüncü fəsilŞəfi, həbsxanadan çıxandan sonra, xeyli müddət özünə gələ bilməsə də, dostlarının ürək-dirək verməsi, Məleykə xanımın fədakar qulluğu sayəsində, nəhayət, dirçəlmişdi, kökəlmişdi. Dişlərini düzəltdirmiş, zarafatla hərdən dediyi kimi, daha adam içinə çıxan olmuşdu. Onu tanıyanlar görürdülər ki, Şəfi zahirən əvvəlki Şəfi idi: ancaq tək o özü bilirdi ki, batində, içərisində nə isə qırılmışdı, onu sındırmışdılar — təkcə dişlərini yox, mənliyini də, şəxsiyyətini də sındırmışdılar. Qəlbində yıxmağa, uçurtmağa, məhv etməyə çalışdığı bu mənfur dünyaya qarşı bəslədiyi nifrət, qəzəb daha da çoxalırdı — yaşamaq, mübarizə aparmaq üçün bu nifrət bütün ömrü boyu bəsi idi. İndi, o, başa düşürdü ki, dünyada təkcə məhəbbətlə yaşamaq mümkün deyil — yaşamaq və qalib gəlmək üçün nifrət etməyi də bacarmaq gərəkdir. Məhəbbət kimi, nifrət də insanı güclü və qüdrətli eləyə bilər. Qəzetini yenə nəşr edirdi. Cəmiyyətdə, həyatda gördüyü qüsurları, yaramazlıqları qorxmadan, çəkinmədən qələmə alır, sözünü deyir, hezbin məramını oxucularına çatdırırdı. Doğrudur, o, indi bu işləri, qabaqlarda olan kimi, birbaşa, açıq-saçıq yazmırdı, düşünüb-daşınıb yeni formalar tapır, böyük mətləbləri az sözlə, kiçik işarələrlə bəyan eləyirdi. Bəbir, Ziyaülhəqq, Elməddin bu işdə onun ən yaxın köməkçiləri, məsləhətçiləri idi. Onlar bütün qüvvələrini qəzetin vaxtlı-vaxtında və sanballı çıxmasına sərf edir, gecə-gündüz işləyir, yoruldum demirdilər. Bəbir gizli iclaslarda, görüşlərində dönə-dönə tapşırırdı ki, son dərəcə ehtiyatlı olmaq lazımdır, nəyin bahasına olursa-olsun, ruznaməni yaşatmaq gərəkdir, çünki hələlik bizim yeganə silahımız odur. Onu itirmək, hər şeyi itirmək deməkdir, kütlələrlə əlaqəni kəsmək deməkdir. Bu isə bizim üçün ölümə bərabərdir.Buna görə də Şəfi bütün imkanlarını, bacarığını ancaq və ancaq qəzetin yaşamasına sərf edirdi və bundan xüsusi bir zövq alırdı. Yorğunluq, yuxusuzluq, işin çoxluğu onu əsla qorxuzmurdu. O, təkcə Elməddindən nigaran idi — çünki son vaxtlar Elməddin gözünə birtəhər görünürdü—fikirli, qayğılı, qanıqara. Evdə Məleykə ilə bu barədə dəfələrlə söhbət olmuşdu. Məleykə qadın həssaslığı ilə Elməddinin qanıqaralığını evlə, ailə ilə bağlamışdı.
Birinci hissə, dördüncü fəsilOğlu ilə barışandan sonra sanki qıvraqlaşıb cavanlaşmış Əziz xan «Pərçəm» qəzetinin darmadağın edildiyi, Rəhgüzərin, Elməddinin həbs olunduğu o ağır günlərdə, həftələrdə, aylarda Bəbirin necə sarsıldığını, canını qoymağa yer tapmadığını, gecəli-gündüzlü ora-bura qaçdığını, yeməyini-içməyini, hətta şirin yuxusunu belə özünə haram etdiyini görüb bir ata kimi çox nigaran olmuşdu. Əvvəllər guşənişin olub oturan, keçmiş illərin xatirələrini qələmə almaqla, günlərini keçirən və bazneşəstə olandan sonra həyatında yaranmış boşluğu bununla doldurmağa çalışan qoca general, son aylarda özü də hiss etmədən məmləkətin siyasi hadisələrinə maraq göstərməyə, şəhərdə çıxan və bir-biri ilə ideya mübarizəsi aparan qəzetləri mütaliə etməyə, asudə vaxtlarında Bəbirlə bnr çox siyasiitcimai məsələlər barəsində fikir mübadiləsi eləməyə başlamışdı. Bu söhbətlərdə məmləkətin ümumi iqtisadi-ictimai həyatının bir çox dumanlı, pərdəli məsələləri qoca generala aydın olmuş və mövcud quruluşu saxlayan möhkəm zəncirin hansı həlqələrinin sürtülüb incəldiyini, qırılmaq üzrə olduğunu anlamışdı. Qoca general bunu da başa düşmüşdü ki, onun gözünün ağı-qarası olan tək balası necə də həssas bir təbib məharəti ilə bu xəstə bədənin dərdini düzgün müəyyən edir, onun kəsilib atılması üçün heç nəyini əsirgəmirdi. Şəhərdə nəşr olunan qəzetləri hər gün böyük diqqətlə oxuyan Əziz xan görürdü ki, «Pərçəm» məsələlərə tam başqa nəzərlə—ayıq və kəskin bir mövqedən yanaşır və camaatı düşündürən nöqtələri işıqlandırmağa çalışır. Məhz buna görə idi ki, «Pərçəm»in tərəfdarları getdikcə artırdı və məhz buna görə idi ki, hökumət, baş nazirin göstərişi ilə, ilk növbədə «Pərçəm»i yaxalamış, onun baş mühərriri Məhəmməd Şəfi Rəhgüzəri və rəssamı Elməddini həbs etmiş, neçə ay davam edən sorğu-sualdan sonra, xalqın tüğyana gəlmiş qəzəbindən çəkinərək, nəhayət, azad eləmişdi. Əziz xan oğlu Bəbirin gücünü, nüfuzunu və onun başçılıq etdiyi təşkilatın qüdrətini ancaq bu zaman layiqincə anlayıb qiymətləndirmişdi. Şəfi və Elməddin həbs olunan günlərdə, Bəbir qolu-qanadı sınmış qartala dönmüşdü elə bil. Fikirli gəzib-dolanmış, üzü gülməmişdi. Rahatlıq nə olduğunu unutmuşdu. Çox vaxt gecələr də evə dönməmiş, vaxtını iclasda, gizli yığıncaqlarda keçirmiş, dara düşmüş yoldaşlarını xilas etmək üçün, azadlıqda qalan həmkarları ilə birlikdə əlindən gələni əsirgəməmişdi. Bu fədakarlıqlarını görəndə Əziz xan həm sevinmişdi, həm də nədənsə qəlbinin dərinliklərində bir gizli qorxu hiss eləmişdi. Ona görə sevinmişdi ki, Bəbirdə öz xasiyyətlərini, ürəyinin bir parçasını görmüşdü — dost, yoldaşcanlı idi Bəbir də onun kimi. Dostunu, yoldaşını darda qoymurdu, onların dadına çatmaq üçün canından belə keçməyə hazır idi. Əziz xanın fikrincə, bu, indiki zamanda böyük kişilik idi, mərdanəlik idi və həmin sifətə malik adamlar hər cür şərəfə, təhsinə layiq idi. Ona görə qorxurdu ki, yuxarıdan üzüaşağıkükrəyib gələn bu siyasi tufan Məhəmməd Şəfi Rəhgüzər kimi şöhrətli, adı-sanı dillərdə gəzən bir şairi qabağına qatıb həbsxana güncünə ata bilmişdisə, Bəbir kimi cavan və hələ sən deyən bərkiyib bişməmiş bir adamı da öz qoynuna alıb daşa-qayaya çırparaq məhv edə bilər: burada zirək olmaq, çeviklik lazımdır ki, ələ keçməyəsən və dostlarını xilas eləmək üçün çarpışa biləsən. Bu qorxu son vaxtlar Əziz xanın qəlbində lap güclənmiş, kişinin rahatlığını pozmuşdu. Oğlu ilə görüşəndə, dərdləşməyə imkan tapanda qoca general tez-tez bu sözləri təkrar etməyi unutmurdu:
Birinci hissə, beşinci fəsilÜzdə özünü tox tutsa da, sındırmasa da, içəridə, dərində bu hadisə Elməddini çox silkələmişdi. İyirmi beş illik ömründə az sarsıntılar keçirməmişdi, qəlbinə az zərbələr dəyməmişdi, hərəsi də bir cür göynətmişdi. İlk eşqi daşa dəyib parçalanmışdı — bu, həyatında daddığı ilk acı, göz yaşardan ağrı idi. Deyirdin daha yaşamağına dəyməz. Amma ağrılı canını dişinə tutub yaşamışdı. Sonra Yusif ölmüşdü — qardaş itkisi də onu yaman yandırmışdı. Sonra, Əfsanəsini itirmişdi — o vaxtdan özü də evdən-eşikdən didərgin düşmüş, tale onu bu böyük şəhərə gətirib çıxartmışdı. Daha sonra anası ölmüşdü — o, anasının ölümünü, dəfnini. görməmişdi deyə bu dərdə nisbətən asan dözmüşdü, daha doğrusu hardasa ürəyinin dərinliklərində bu ölümə inanmaq istəmirdi, tutqun bir ümid yaşayırdı varlığında — hərdən özü də bilirdi, dərk edirdi ki, özünü aldadır, anasının ölməyi həqiqətdir.İndiyə qədər görüb-yaşadığı əzabları unutmağa çalışdığı, nisbətən rahat yaşamağa başladığı vaxtda Zərrintac xanım da ona — çəkdikləri az imiş kimi — belə bir zərbə vurmuşdu, dostlarının və tanıyıb-bilənlərin yanında da onu yamanca pərt eləmişdi. «Zərrintac xanım—ağayi Nəcməddinin qızı Zərrintac xanım atası rəhmətə gedən kimi əri Elməddini evdən qovmuşdur!» — xəbəri ildırım sürəti ilə dostlar arasında yayıldı, istəyənləri məyus, istəməyənləri şad elədi. Elməddin döyülmüş, təhqir olunmuş kimi gəzib-dolanırdı. Şəfi, Məleykə, Ziyaülhəqq, Ətiqulla, Əhədulla ona təsəlli verirdilər, bu isə onu daha da sıxıb balacalaşdırırdı. Məleykə xanım zarafata salıb aradakı gərginliyi dağıtmaq, Elməddini yumşaltmaq istəyirdi. Söhbət ciddiləşdikdə isə, Şəfi də Elməddinin tərəfinə keçmişdi:
Başqa şairlərin şeirləri
Qəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər
BacılarQulaq verin, sizə var bir-iki sözüm, bacılar!Gedin, yazın, oxuyun, ey iki gözüm, bacılar!
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın