Makinaçılar otağının qapısı açıldı, Gülalı arıq, uzun gövdəsilə makinaçının qarşısında zahir olub dişlərini ağartdı:

—Əssəlamün-ələyküm, Elvira xanım — deyə o, sağ çiynini aşağı dartan iri qovluğunu boş stolun üstünə qoyub əllərini övkələdi.— Hə, necəsən?

– Yaxşıyam, Gülalı müəllim.— Elvira fikirdən ayrılıb çayını götürdü.

– Yenə pürrəngi çay içirsən?

– İstəyirsiniz sizin üçün də töküm?

– Yox, sağ ol.

Gülalı yorğun idi. Seyrək kirpikli gözləri qızarmışdı. Bu, Elviranın nəzərindən qaçmadı:

– Gülalı müəllim, gözünüz ağrıyır, nədi?

– Yox, əşi!— dedi,— qızarıb, hə?

– Bəli.

—Əşi, bu qara-quraya baxmaqdandı də.— Özünə ciddi, işgüzar bir görkəm vermək istədi:— Biz də peşə-sənət tapdıq də! Bu sənəti seçməkdə, öz aramızdı, indi başa düşürəm ki, bir balaca səhv eləmişəm. Eh, nə isə. Bikarsan?— deyə o nəsə fikirləşib sözü dəyişdi.

– Bəli, necə məgər, yazınız var?

– Hə, bir balaca... işləmişəm. Deyirdim, onu yazasan.

– Nə olar ki? Elə indi?

– Hə, mümkün olsa. Mürsəl Bəbirzadənin yeni romanı haqqında yazmışam.

– Mürsəl Bəbirzadənin? «Qanlı yaylıq» haqqında?

– Hə, elədir ki, var.

Elvira daxili bir sevinc hissilə Gülalıya baxıb gülümsədi. Nə isə demək istəyirdi ki, Gülalı diktə eləməyə başladı:

– Yaz. «M.Bəbirzadənin yeni romanı haqqında bəzi mülahizələr». Yeni sözünü dırnaq içində yaz.

– Dırnaq içində?— deyə Elvira əl saxlayıb Gülalının üzünə baxdı.— Dırnaq içində niyə?

– Elə lazımdı. Sən oxumusan əsəri?

– Bəli, əvvəldən axıra kimi.

—Əvvəldən axıra kimi? — Gülalı heyrətlə soruşdu.

– Axı, hələ əsər çap olunub qurtarmayıb?

– Mən əlyazmasından oxumuşam.

– Həəə?..

– Yazıçılar İttifaqının makinaçısının vaxtı olmadığına görə əsəri mənim üstümə göndərmişdi. Müəllif özü gətirmişdi. Bir dəfə çap elədim. Apardı. İşlədi. Sonra jurnal nəşr eləməyə başlayanda yenə mənə göndərdi ki, təzədən çap eləyim. İndi üçüncü nömrə üçün nəzərdə tutulan hissə məndədi. Sabah gəlib aparacaq.

– Həəə?..

– Bəli.

– Necə romandı. Xoşuna gəldi bir oxucu kimi?

– Çox gözəl romandır. Gülalı müəllim. Elə gözəl romandı ki, bu saat əgər istəsəniz, fəsillərinin çoxunu sizin üçün əzbər deyərəm. Necə şairanə yazıb, necə gözəl yazıb,— deyə Elvira hər şeyi unudub axır vaxtlar oxuduğu kitablar içində ən çox yadda qalan «Qanlı yaylığı» ağızdolusu tərifləməyə başladı.— Siz təsəvvür eləyin ki, makinada yaza-yaza oxumağa səbrim çatmadı. Makinanı bir kənara atıb əvvəl oxudum, axıra çıxdım, ürəyim sakit olandan sonra oturub yazdım. Belə əsərdi.

Gülalı hiss eləyirdi ki, Elvira əsərdən danışdıqca hər şeyi unudub o aləmdə yaşamağa başlayır. Və bu arıq qızda bədii zövq və məntiq olduğunu ağlına gətirmədiyi üçün özünü danlamağa başladı.

Elvira danışdıqca heç özü də hiss etmədən onun təsiri altına düşür, doğrudan da, əsərin məqalədə qələmə vermək istədiyi kimi pis olmadığını özlüyündə etiraf eləyirdi.

– Bəs sizcə, əsər yaxşı əsər deyil?— Gülalıdan xəbər aldı.

– Yaxşı olmağına yaxşıdı, ancaq müəllifi yaxşı deyil.

– Müəllifi? Məgər müəllifinə görə əsərə qiymət verirsiniz?

Gülalı özünü adi bir oxucu qarşısında itirdiyinə görə qızardı.

– Yox, — dedi,— burada bir balaca səhv elədim. Bilirsən, Elvira, sən hələ cavansan. Sən əsərə adi bir oxucu nöqteyi-nəzərindən yanaşırsan. Amma biz ədəbi tənqid mövqeyindən qiymətləndiririk. Ədəbi tənqidin isə özünün ölçüləri, meyarları var. Biz bu ölçülərdən çıxış eləyirik. Həm də biz oxucu fikrinin səviyyəsinə enməli deyilik. Bəlkə əksinə, oxucuları öz ardımızca aparıb bu və ya digər müsbət, mənfi məziyyətlərini açıb göstərməliyik.

Elvira bir sual da verdi:

– Bəs, axı, əsər hələ tamam çap olunub qurtarmayıb, hələ jurnal yazıb ki, ardı var.

Gülalı lap qızardı. Bilsəydi ki, əsəri makinada o yazıb, məqaləsini yanına gətirməzdi. Nə çoxdu makinaçı. Gözlənilmədən yaranmış bu vəziyyət onu çox nigaran qoydu. Görəsən, bu söhbətin tam mənasını Elvira özü başa düşürmü, ya elə-belə, söz-sözü çəkib gətirdi?

– Bilirsiniz, məsələ burada bir qədər ayrı cürdü. Biz tənqidçilər yazıçıların, şairlərin əsl yaradıcılıq qabiliyyəti ilə yaxşı tanışıq. Bilirik kimin yaradıcılıq imkanı necədir. Bir də sizə belə bir şey deyim. Məsələn, mənim qabağıma bir qab xörək qoyubsan. Mən bir qaşıq götürüb deyirəm ki, duzludur, heç yeməli deyil. Səncə, bunu mən bütün xörəyi yeyəndən sonra deməliyəm, ya əvvəlcə deməliyəm.

—Əlbəttə, əvvəlcə!

– Bəli, əvvəlcə hiss eləməliyəm ki, bu xörək necə xörəkdir. Əsər də belə. Başa düşdün, əzizim? — deyə Gülalı ağlına gələn bu bənzətmədən sevindi. — Bizim bu elmin belə-belə sirləri var, Elvira xanım.

Elvira bir söz deməyib çiynini çəkdi: «Sizin işlərinizdən məi baş aça bilmirəm».

Elvira zəng səsini eşidən kimi cəld ayağa qalxdı. Bu, Aslanzadənin zəngi idi, Elviranı çağırırdı. O, dəhlizdən keçib direktorun otağının meşin qapısını açaraq içəri girdi.

– Buyurun, professor.

Aslanzadə qəzetlərə baxırdı. Armudu stəkan boş idi.

– Qızım, Gülmirə işə gəlib?

– Yox, professor.

– Onu tap, zəhmət olmasa, denən Aslanzadə səni görmək istəyir.

– Baş üstə, professor. Evlərinə zəng çalaram.— Sonra Elvira boş stəkana işarə ilə: — Çay gətirimmi, professor, — deyə xəbər alanda o:

– Yox, qızım, çox sağ ol, bəsimdi!— deyə cavab verdi.

Elvira kabinetdən çıxdı. Əzbər bildiyi nömrəni yığdı. Birinci dəfə cavab verən olmadı. İkinci dəfə Gülmirənin yuxulu səsi eşidildi. Elvira salam-kalamdan sonra Aslanzadənin onu görmək istədiyini Gülmirəyə xəbər verdi. Gülmirə:

– Yaxşı!— deyib dəstəyi asdı. O, əslində yuxulu deyildi. Çaşqın və pəjmürdə idi. Ərizə verib elmi işçilikdən azad olunmağını xahiş etdiyi bir zamanda Gülmirənin özünün heç gözləmədiyi bir hadisə baş vermişdi. Bu hadisə onsuz da Gülmirəni idarədən buraxmaq istəməyən Aslanzadənin fikrini daha da qətiləşdirəcəkdi və beləliklə, Gülmirə elmi işçilikdən azad ola bilməyəcəkdi. Məsələ burasında idi ki, dünən gənclər qəzetində Gülmirəgilin üç-dörd ay bundan qabaq çapdan çıxmış kitabı haqqında adlı-sanlı tənqidçi-akademik məqalə çap etdirmiş və orada kitabdakı əsərləri yerli-yataqlı təhlil etmiş, ən çox isə mərhum Orxanla Gülmirənin məqalələri üzərində dayanmış, onların hər ikisini tərifləmişdi.

Axşam məqaləni oxuyanda Gülmirə özündə qeyri-adi bir həyəcan duymuş, ürəyini çalpaşıq hisslər çulğamışdı. Sevinmişdi də, utanmışdı da. Mənəvi cəhətdən tamamilə tərk-silah olduğu dövrdə mərkəzi mətbuatda görkəmli tənqidçinin onun əsərini yüksək və qanadlı ifadələrlə tərifləməsi, əlbəttə, onun üçün balaca məsələ deyildi. Ona dayaq idi, qüvvət idi, güc idi, ən başlıcası isə inam idi.

Ancaq adam heç vaxt özü özündən qaça bilmir. Gülmirə bu dəqiqələrdə özündən qaçmaq uzaqlaşmaq, «o mən deyiləm!» — demək qüdrətinə malik olmaq istəyirdi. «Yox, o, mən deyiləm. O mən deyiləm!» Bu isə onun imkanından xaric idi. Ona elə gəlirdi ki, bu təriflənən məqalənin Orxan tərəfindən yazıldığını təkcə o özü yox, bütün aləm bilir, hətta, deyəsən, qəzetdə məqalə ilə çıxış eləyən tənqidçi də bilir. Çünki o, hər iki əsərin «eyni dərəcədə yüksək mədəni səviyyədə» yazıldığını qətiyyətlə qeyd edir, Gülmirənin yazısının «poetik bir ilhamın məhsulu olduğunu» söyləyirdi.

– Gör necə səhv eləyir?! Aman Allah, onun səhv eləməyinə mən bais oldum. O neyləsin? O, yazıya baxıb qiymət verir. Hardan bilsin ki, onu mən yox, Orxan... Yox, gedib deyəcəyəm, hamısını açıb deyəcəyəm. Deyəcəyəm ki, əziz və hörmətli müəllimim, onu mən yazmamışam. O sözlər ki, mənim ünvanıma deyirsiniz, Orxanın ayağına yazılmalıdı, Orxanın. Yox. Belə demək olmaz, özüm özümü ifşa eləmiş olaram. Bəli, özüm özümü!

Dünəndən fikrində dolanan bu çalpaşıq duyğular, düşüncələr onu əzgin etmişdi.

Elvira Aslanzadənin xahişini ona yetirəndə ürəyinə damdı ki, söhbət ancaq və ancaq onun institutda qalması barədə olacaq. Belə də oldu.

Aslanzadə onu gülərüzlə, mehribancasına qarşıladı. O, həmişə belə idi. Ancaq Gülmirə başa düşürdü ki, bu dəfə Aslanzadənin mehribanlığı bir az da artıqdır. Gülmirə Aslanzadənin bu xasiyyətini yaxşı bilirdi: o, şöhrətpərəst idi. Ancaq özünün şöhrətpərəstliyini yox, institutun şöhrətpərəstliyini eləyirdi. Qoy hər yerdə institutun adı yüksək tutulsun. Aslanzadə o adamları xoşlayır və bacardıqca hörmət eləyirdi ki, onlar öz ağıllı, kamil əsərlərilə institutun adını yüksəklərə qaldırır. Belələri onun iki gözü idilər.

– Hə, necəsən, qızım!— deyə o, gümrahlıqla Gülmirəyə əl verib oturmağa yer göstərdi.

– Yaxşıyam, professor, sağ olun.

– Yox, gözümə yorğun dəyirsən. Sənə dincəlmək lazımdı.

– Hə, əsəblərim bir az...

– Səndən qabaq yerli komitənin sədrini çağırmışdım. Cəfəri. Danışdım ki, sənə bir putyovka verək, get dincəl.

– Çox sağ olun, professor. Mən xəstə zad deyiləm. — o, əsl məsələni açmaq istədi — mən ümumiyyətlə, elmi işdən uzaqlaşmaq istəyirəm.

– Niyə?

– Ona görə ki, ağırdı mənim üçün. Aslanzadə gülümsündü.

– Bəs dünənki qəzeti oxumamısan, qızım?

– Oxumuşam, ancaq...

– Əvvələn, səni bu münasibətlə təbrik eləyirəm. Halal olsun. Sən o kişini — Qardaşzadəni yaxşı tanıyırsan. Hələm-hələm adamı tərifləyən deyil. Sözünün qədrini-qiymətini biləndi.

– Orası elədi... Ancaq...

– Bu «ancaq»ları qoyduq bir kənara bu gündən, qızım. Səni bizim idarədən heç yana buraxa bilmərəm. Bu, ən azı cinayət olar,— deyə o, qətiyyətlə bildirdi.

– Deyirsiniz məni idarədən buraxmağınız cinayət olar?

– Bəli.

– Bəlkə əksinə, professor, buraxmamağınız cinayət olmazmı?

– Yox, qızım. Mən buna əminəm. Get, başını sal aşağı, işini gör. Hazırlaş, üç gündən sonra istirahətə gedəcəksən.

Gülmirə Aslanzadənin bu qəti sözləri müqabilində susub, ancaq köksünü ötürməklə kifayətləndi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 dəq
Birinci hissə, on səkkizinci fəsil

Ziyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!

9 dəq
Birinci hissə, on doqquzuncu fəsil

Qapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!

6 dəq
İkinci hissə, birinci fəsil

Topu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.

10 dəq

Başqa şairlərin şeirləri