Neçə gün idi ki, Gülmirənin ürəyi gizildəyirdi: bu müddət ərzində bütün olub-keçənlər, tələsik fırlanan lent yazısı kimi gözlərinin önündən keçir, anlar, dəqiqələr ötdükcə son nöqtənin — hər şeyə xitam verən nöqtənin yaxınlaşdığını duyur və dəli olmaq dərəcəsinə gəlir, inləyirdi. Təəssüf ki, onu heç kəs eşitmirdi, hətta divarın o tayında yaşayan Maşa xala da, bir küçə o yanda olan Xatın arvad da onun ürəyindən xəbərsiz idi. Gülmirə həmişə Əqdəmin təyyarəsində uçmuşdu. İndi isə o həmin yüksəklikdən böyük sürətlə başıaşağı gəlirdi. Onu Əqdəm öz yanından, öz təyyarəsinin kabinəsindən itələmiş, rəhmsizcəsinə itələmişdi və nəhayət, onun məhvinə qərar vermişdi. Niyə? O, vəfasız idi! Əqdəmin təmiz, uçduğu göylər kimi saf olan məhəbbətinə özgə nəfəsinin toxunmasına icazə vermişdi. Əqdəmin o böhranlı dəqiqələrdə yazdığı sözlər Gülmirənin qətlinə fərman kimi səslənirdi. «Hər şey bitdi», deyə gecələr səhərəcən yerində çalıxıbçapalayan, fikir-düşüncə əlində əsir-yesir olan Gülmirə bu dəqiqə qələm-kağızdan, elmi işdən elə qorxurdu ki, bir də miz arxasında oturacağını, zəif də olsa, bir şey qaralayacağını ağlına belə gətirə bilmirdi. Yox, daha bəsdi, daha kifayətdi! Özünü də aldatdı, başqalarını da! Hələ Cəfərii halalca kəşfini vicdan ağrısı çəkmədən öz adına çap etdirdiyini yadına saldıqca tükləri ürpəşirdi: «Salman Qurbanzadə, görəsən, niyə belə etdi?»

Həmin məşum günün səhəri Gülmirə özünü əzgin hesab etdiyi üçün işə getmədi, katibəyə zəng vurub, xəstə olduğunu xəbər verdi. İndi dördüncü gün idi ki, işə çıxmırdı. Xatın arvad yamanca əl-ayağa düşmüşdü. Qızının ürəyindən, başına gələnlərdən xəbəri olmasa da, özünü oda-közə vurub ona gah dərman verir, gah da dəsmalı isladıb alnına qoyurdu. Təbib çağırmağa qızı icazə vermirdi: «heç bir şey yoxdur,— deyirdi,— yorğunam».

Xatın isə Əqdəmin dalınca alıb-verir; «Kişi olan bəndə evində-eşiyində tapılmaz yəni?»— deyib yanıb yaxıla-yaxıla gileylənirdi, xəlvətə salıb ağlayırdı. Maşa onun könlünü almağa çalışanda deyirdi: «Əqdəm xarab, oçen xarab. Gülmirə safsim xarab».

Maşa xala Xatının dilini bilməsə də, arvadın dediyindən dərdini başa düşürdü. Başını bulayıb təəssüfləndiyini bildirməkdən başqa nə eləyə bilərdi?

—Əqdəmə tel vuraq, qoy gəlsin, bala!

– Yox, ana.

– Niyə axı, qız?

– Lazım deyil,— deyib gözünün qorasını sıxan Gülmirə dilinə qıfıl vurub əsil mətləbi açmırdı.

Axşamçağı isə Nadirə onun yanına gəldi. Gülmirənin tanınmalısı qalmamışdı. Ürəyində onun halına acıdı. Onların görüşü Xatının yanında keçdiyindən artıq söz-söhbətə yol verilmədi. Yəni əslində Nadirə özünü elə apardı ki, guya heç nədən xəbəri yox idi.

– Bəlkə bir şey olub, məndən gizləyirsən?— deyə Nadirə Xatın arvadın yanında soruşdu.— Bəlkə, Əqdəmin başına...

Gülmirə utana-utana başını tərpətdi. Xatın isə hövsələsizliklə cavab verdi:

– Kaş elə olaydı, düşəydi təyyarəsiynən bir yerdə torpağa, parça-parça olaydı, tikəsi də tapılmayaydı.

– Elə demə, Xatın xala,— Nadirə etiraz elədi,— yazıqdı.

– Ay onun yazıq arxası yerə gəlsin, biz də vayına oturaq. Belə də kişi olar, belə də ailə başçısı olar?! Nə yeri var, nə yurdu var.

Nadirənin sorğu-sualları cavabsız qaldı.


İki saatdan çox iclasda oturmağına baxmayaraq, Gülmirə hansı məsələlərin müzakirə olunduğunu, kimlərin nə dediyini dəqiq söyləyə bilməzdi. Çünki fikri elə dağınıq, özü elə pəjmürdə idi ki, heç bir şeyi dərk eləməyə qadir deyildi. Beyni uğuldayır, gözləri dumanlı-dumanlı baxırdı. O, artıq özünü bu şöbənin işçisi saymırdı: «Bu gün çox güman ki, axırıncı gündü oturmuşam burada. Bax, bu dörd divar arasında mənim ömrümün neçə ili zay olub, hədər gedib. Yox, getsəm yaxşıdır. Nahaq yerə bir elmi işçi yerini niyə tutmuşam? Özümün əlimdən gəlmir, kömək eləyən də yox. Bir də haçanacan kömək eləyəcəklər, mənim cızma-qaramı düzəldib əvəzinə yeni əsər yazacaqlar?» — deyə düşünür, bir-bir çıxış eləyən yoldaşlarının üzünə baxırdı. Adama elə gəlirdi ki, o, çox diqqətlə qulaq asır.

Yuxarı başda oturan Salman Qurbanzadə də hərdən Gülmirəyə qəribə tərzdə nəzər salır, Gülmirə onun indiyəcən adət etmədiyi bu baxışları altında əzilib kiçilir, ürəyinə min bir fikir gəlir və qızarırdı. Salman bu gün onu otağına çağırıb əməli-başlı söhbət eləmiş, işdən çıxmaq haqda nahaq yerə ərizə verdiyinə görə danlamış: «Ağlını başına yığ, otur əsərini yaz. Soyub-soyub quyruğunda qoyma» — deyib məzəmmət etmiş, özünü o yerə qoymayıb səbəbini soruşmuş, ancaq Gülmirə susub dinməmiş, dediyindən dönməyib ipə-sapa yatmamışdı.

– Yaxşı, görək Aslanzadə nə deyəcək? — deyə naçar qalan Salman ərizəni stolun üstünə qoymuşdu. İclasın axırına yaxın akademik qapını açıb içəri girəndə hamı ayağa qalxdı. O, əlilə işarə eləyib:

– Oturun, — dedi. — Bura elmi idarədi, sinif zad deyil, siz də tələbə deyilsiniz.

Aslanzadənin bu sözü oturanların xoşuna gəldisə də, hamının qızarmasına da səbəb oldu. Xüsusilə Aslanzadəni görən kimi hamıdan qabaq ayağa qalxan Salman daha çox pərt oldu.

– Şöbənin illik işlərinin yoxlanmasının nəticəsini müzakirə edirdik, professor!— deyə Salman izahat verdi.

– Çox yaxşı, çox yaxşı. Davam eləyin.

– Düzü, qurtarmışıq, kimin nə sözü vardısa, deyib, ürəyini boşaldıb.

– Hə?

– Bəli.

– Mən kecikdiyim üçün üzr istəyirəm, çünki bölmənin də balaca bir yığıncağı vardı.

Gülmirə Orxanın boş stoluna baxıb fikrə getmişdi. Orda Orxan oturardı. Kitab, kağız-kuğaz əlindən stolunun üstündə yer olmazdı. Başıaşağı, kimdə-kimsədə işi yox idi. Gətirdiyi, birini Gülmirənin, birini də Nadirənin stolunun üstünə qoyduğu güllər də qızarırdı. Var idi Orxan, yoxdur Orxan. Dünyanın işi belədir.

Birdən onu Aslanzadənin səsi xəyaldan ayırdı:

– Bu nə ərizədi, qızım, yazmısan? — O, ərizəni yuxarı qaldırdı.

—Ərizədi də—deyə utana-utana ayağa qalxdı, hamının nəzəri Gülmirəyə çevrildi.

– Axı niyə sən birdən-birə elmi işdən əl götürürsən, qızım?

– Ona görə ki...— ürəyində bu suala mükəmməl cavab hazırlamışdısa da, indi heç nə deyə bilmədi. Elə bil, hamısını unutdu.

– Ona görə ki... çətindi... xəstəyəm özüm də...— dedisə də bununla heç kimi inandıra bilməyəcəyinə elə o dəqiqə əmin oldu.

– Yox, bala.— Aslanzadənin həlim səsi onun qətiyyətini heçə-puça döndərdi. — Gəl belə danışmayaq. Dünyada asan peşə yoxdur. Hansı işin qulpundan yapışsan, elə çətindi. Bir də, maşallah, sən neçə ildi burada işləmisən, təcrübən var, neçə məqalən çap olunub, hamı da elə birağızdan sənin yazılarını tərifləyir. Unutmaq da olmaz ki, dövlət sənin yetişməyin üçün ətək-ətək pul töküb. İndi sən məhsul verməyə başlayanda duraq səni işdən azad eləyək? Buna nə deyərlər?

– Düzdü, tamamilə düzdü. — Salman onun sözünə qüvvət verdi.

– Budu, mərhum Orxanın yeri hələ də boş qalıb. Onun yerinə ləyaqətli, püxtə, Orxan kimi məhsuldar bir alimi biz haradan tapa: bilərik? Onun yerinə universiteti təzəcə qurtarmış bir cavanı götürsək, əlbəttə, onun yetişməsi üçün illər lazımdı, vəsait lazımdı. Hələ onu demirəm ki, bu cavan, Orxan ola biləcək, ya yox?

– Professor, sizdən artıq dərəcədə xahiş edirəm ki, məni azad edin. Ərizənin üstünü yazın ki, mən rahat olum. Beynimə düşüb, daha işləyə bilmərəm.

– Gülmirə, inad eləmə! — Salman ərkyana dilləndi.

– Xahiş edirəm, professor.

—Əgər xəstəsən, putyovkadan-zaddan düzəldək, get dincəl, qızım, güc topla, sağal, yenə gəl işini davam elətdir.

– Yox, professor.

Bu məsələ həll olunmamış Cəfər barmağını qaldırdı:

– Olar, yoldaş Aslanzadə?

– Buyur, nə sözün var, Cəfər — deyə Aslanzadə Gülmirəyə əlilə oturmaq işarəsi verdi. Cəfər ayağa durub boğazını arıtladı.

– Madam ki burada elmi işçinin dəyərindən, onun elm üçün nə qədər qiymətli olduğundan, bir elm adamının ərsəyə gəlməsi üçün külli miqdarda vəsaitin sərf edildiyindən danışıldı, mən də iki kəlmə söz demək istəyirəm. Yoldaş Aslanzadə Gülmirənin ərizəsi ilə əlaqədar olaraq mərhum Orxanın adını çəkdi. O bizim yoldaşımız idi, şöbəmizin gözü idi, həm insanlığı, həm sadəliyi, həm qabiliyyəti onu hamımızın əzizi etmişdi. heyf ki, yazıq öldü.

Salman bu son iki sözü eşidənəcən ürəyini az qala yemişdi. Ona elə gəlirdi ki, bax, indicə Cəfər deyəcək: «Onu öldürdülər. Bax, bu Salman Qurbanzadə öldürdü!» Ancaq «yazıq öldü» sözünü eşidən kimi ürəyi yerinə gəldi. Cəfər sözünə davam etdi:

– Alimliyinə də ki, söz ola bilməzdi. Gecəni gündüzə qatıb işləyərdi rəhmətlik. Nəyin xatirinə? Bu elmi işçilərdi, yazıçılardı, şairlərdi, bunlar nəyin xatirinə həyatı, şirin yuxunu özlərinə haram edirlər? Onlar, bilirsinizmi, öləndən sonra da yaşamaq üçün hər şeydən keçirlər, bəli, öləndən sonra yaşamaq! Bir yazıçının, bir şairin, ya alimin əsəri ondan sonra da yaşayırsa, insanların karına gəlirsə, onların ürəyini, əqlini isindirirsə, onun müəllifi də, demək ki, yaşayır. Amma, budur, Orxan öldü, getdi. Onun əsərləri qaldı. Qəzetlərdə, jurnallarda, redaksiyalarda, özünün arxivində. Onları biz niyə yığıb çap etməyək?! Niyə nakam olmuş yoldaşlarımızın əsərlərini qoruyub saxlamayaq, gələcək nəsillərə çatdırmayaq?! Axı, yoldaşlar, o özünü ancaq və ancaq elmin xatirinə, öləndən sonra da yaşamağın xatirinə şəhid elədi? Bu bizim – onun yoldaşlarının borcudur. Bunu biz eləməliyik, bizim şöbəmiz eləməlidi.

– Düzdür, tamamilə düzdür, — deyə Aslanzadə minnətdarlıq hissi ilə Cəfərə baxdı. — Bu barədə heç fikirləşmisənmi, Salman?

Salman onun üçün tamamilə gözlənilməz olan bu məsələyə elə bu dəqiqə özünə xas bir çevikliklə cavab hazırlamışdı:

—Bu barədə mən yoldaşların nəzərinə çatdıra bilərəm ki, belə bir planım var. Orxanın əsərlərini toplamaq, gələn ilin nəşriyyat planına onun iki cildlik əsərlərini daxil etmək! Bir cildinə onun məqalələrini, bir cildinə də onun Mirzə Cəlil haqqında monoqrafiyasını salmağı nəzərdə tutmuşam. Bundan başqa öz şəxsi planıma Orxanın həyat və yaradıcılığı haqqında bir çap vərəqi həcmində məqalə yazmağı da daxil eləmişəm.

– Bu ayrı məsələ!— deyə kimsə yerdən söz atdı.

– Bəli, belə də lazımdı. Cəfər yenə də sual verdi:

– Bəs Orxanın Mirzə Cəlil haqqında yazdığı kitab yubileyə qədər çıxmayacaq?

– Yox,— deyə Salman qətiyyətlə bildirdi.— Çatdırmarıq.

Aslanzadə cavab verdi:

– Yubileyə hazırlıq işləri görülüb qurtarmadığına görə altı ay təxirə salınır.— Ona görə elə edərsən ki, Salman, Orxanın kitabı yubiley günlərinədək satışa çıxar, bildin?

– Bildim, yoldaş Aslanzadə.

– Qaldı ki, sənin məsələn, Gülmirə, hələ fikirləşərik.

– Professor...

– Dedim ki, fikirləşərik!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Üçüncü hissə, on ikinci fəsil

Qəribə idi — bu günlər Əfsanə Elməddinin yadına tez-tez düşürdü. Bəlkə ona görə ki, Siminin xahişi ilə onun şəklini çəkmişdi, başının üstündən asmışdı — indi Əfsanə, qucağında körpə tutmuş Siminbərlə birgə qarşı divardan hər gün öz məhzun baxışlarını ona zilləyib baxır, baxırdı. Elməddin hər ikisinin rəsmini həbsxanadan çıxandan sonra, sol əlilə çəkmişdi. Özü də hiss edirdi, baxanlar da deyirdi ki, rəsmlər pis çıxmayıb, canlıdır, səbirlə, təmkinlə işlənib. Ancaq solaxaylığı da öz işini görmüşdü. Həmin şəkillər indikindən qat-qat gözəl ola bilərdi, daha ürəyəyatımlı ola bilərdi. Sol əli qələm, fırça tutmuşdu, ancaq sağ əli də ağrımışdı; onun həbsxanadan şikəst qayıtması bütün dostları kimi, Ziyaülhəqqə də böyük dərd olmuşdu, cavan, qəşəng, qabiliyyətli oğlanın beləcə ömrü boyu şikəst qalmasına dözməmiş, Şəfi ilə məsləhətləşəndən sonra, qonşuluqlarında yaşayan qoca sınıqçını Elməddinin yanına gətirmişdi. Kişi Elməddinin çəpinə bitmiş əlinə baxandan sonra qaşlarını çatmış, kiməsə puştuca söymüş, Elməddinə demişdi: «Burda elə bir şey yoxdu, azca dözümlü olsan, düzəldərəm. Hə, necəsən, dözümlü oğlansan, ya ağciyər?» «Nə bilim, usta» — deyə sual dolu nəzərlərlə Ziyaülhəqqə baxmışdı. Onun əvəzinə Ziyaülhəqq dillənmişdi: «Əlbəttə, dözümlü oğlandı, usta. O, bizim hamımızdan dözümlüdü. Sən işində ol, usta». Usta ilə əvvəlcədən söhbət eləmişdi, usta heç baxmamış demişdi ki, «Gərək biləyini təzədən qıram, sonra düz bağlayam. Başqa əlacı yoxdur — ömürlük elə qala bilər». Ziyaülhəqq Elmdddinə təfsilatı başa salıb qorxuzmadan irəlicədən razılığını vermişdi. Ağ saqqalı sinəsinə tökülən, iri sümüklü, saqqalı bir kişi olan sınıqçı Ziyaülhəqqin bir daha baxışları ilə verdiyi icazəni görəndən sonra, elə söhbət eləyə-eləyə, böyük pəncəli əlilə Elməddinin biləyini çox münasib bir fəndlə elə qırmışdı ki, oğlan «vay!»— deyib qışqırmışdı; ağrı o qədər şiddətli olmuşdu ki, az qala ürəyi gedəcəkdi, alnına, sifətinə tər damcıları gəlmişdi. «Yox, maşallah, ürəkli oğlan imişsən, balam!» — deyə usta onu tərifləyə-tərifləyə biləyinə yumurta sarısından düzəltdiyi hansı dərmanısa sürtmüş, əlinin üstündən və altından iki gödək taxta parçası, qoyub sarımış, iyirmi bir gündən sonra gəlib açacağını söyləmişdi. Həmin o iyirmi bir gün ərzində Elməddin sümük ağrılarına dözə-dözə o şəkilləri çəkmişdi. İş başını elə qatmışdı ki, çox vaxt ağrısını da unutmuşdu. Simini, qucağındakı körpəni, itkin Əfsanəni hər gün bir az qəlbindən, gözlərindən, yaddaşından qalın, ağ kağızın üstünə köçürmüş, onlar canlandıqca Elməddin sevinmişdi, fərəhlənmişdi. Simin Elməddini körpə kimi əzizləmiş, başına dolanmış, ağrılarına da, sevinclərinə də şərik olmuşdu. Vaxt tamam olandan sonra Ziyaülhəqq ustanıgətirmiş, əlinin sarığını açdırmışdı — Elməddin əlini əvvəlki vəziyyətində görəndə çəkdiyi ağrıları, iniltiləri unudub hədsiz dərəcədə sevinmişdi. Ziyaülhəqqin üzündən öpmüş, ustaya minnətdarlığını bildirmişdi. Ziyaülhəqq ustaya lazım olduğundan çox pul verəndə usta götürməmişdi, «bu çoxdur, ağa! — söyləmişdi, bu zaman Zizaülhəqq zarafata salıb: «Götür kişi, bu əl adi əl deyil ey, çoxlarının başından çox qiymətli əldi, kişi!» Usta onlara dua-səna eləyə-eləyə çıxıb getmişdi.

15 dəq
Üçüncü hissə, on üçüncü fəsil

Axşam Elməddin evə gələndə Simin ərini pərişan, yorğun, qanıqara görüb təəccübləndi. Heç vaxt o, işdən belə qayıtmamışdı. Nə qədər əzgin, dilxor olsaydı da, həyətə girən kimi Elməddinin üzü gülərdi, hər dərd-sərini unudub deyər, danışar, qızını oynadar, Siminlə zarafat eləyərdi. Lakin indi o, fikirli, çaşqın görünürdü. Bu həssas Siminbərin nəzərindən qaçmadı:– Gözümə kefsiz dəyirsən, Elmi? Nə olub sənə?!.

6 dəq
Üçüncü hissə, on dördüncü fəsil

Ziyaülhəqq Elməddinin təkidinə baxmayaraq, maşından düşmədi. Gülə-gülə dedi:– Sabah gələrik, yorğunsunuz, rahatlanın, özünüzə gəlin. Ancaq gərək sən, Əfsanə xanımın tapılması şərəfinə yaxşı bir qonaqlıq hazırlayasan.

10 dəq
Üçüncü hissə, on beşinci fəsil

Balaca Əfsanə artıq oynayıb yorularaq anasının çarpayısında yuxuya getmişdi. Papaqlı gecə lampasını yandırmışdı Simin — otaq zəif, mavi işıq içində mürgü vururdu. Ara qapı açıqdı. Siminlə Əfsanə Elməddinin iş otağında kresloda əyləşib çay içə-içə söhbət edirdi. Təzə evin gəlini öz sadəliyi, mehribanlığı ilə köhnə evin gəlininin elə xoşuna gəlmişdi ki, elə bilirdi onu çoxdan, lap uşaqlıq vaxtından tanıyır. O, qəlbiaçıqlıqda, xeyirxahlıqda dayısı Həzrətgülün ikinci arvadı Nazənini xatırladırdı. Buna görə Əfsanə ilk dəqiqələrdə hiss elədiyi sıxıntı məngənəsindən azad olmuşdu, özünü sərbəst aparırdı. Hər kəlməbaşı ona «bacı» deyən bu cavan gəlini, həqiqətən, bacı sayırdı. Siminin danışığından aydın olmuşdu ki, Elməddin Əfsanə ilə olan macərasını yerli-yataqlı arvadına danışıb. Simin bu əhvalatları elə təfsilatı ilə bilirdi ki, sanki özü də orada — Ədnan qəryəsində imiş, hadisələr gözünün qabağında baş veribmiş. Bəli, Simin Əfsanənin həyatını, itkin düşdüyü günə qədər bilirdi. Ancaq ondan sonrası... Elməddin üçün də, Simin üçün də, elə kənd camaatı üçün də müəmma olaraq qalırdı, maraqlı bir kitabın açılmamış bir səhifəsi kimi. Simin bu müəmmanı Əfsanənin öz dilindən eşitmək istəyirdi.– Can bacı, sənin həyatın lap dəsmal götürüb ağlamalıdı. İnanırsan, Elməddin bu neçə ili itiyi itmiş adam kimi yaşayıb. Onun dərdi mənə də sirayət edib — mən də gecə-gündüz sənin fikrini çəkmişəm. Özün bu evdə olmasan da, adın, sözün, söhbətin dilimizdən əskik olmayıb. Kişiyə təsəlli olsun deyə uşağın adını «Əfsanə» qoydum, sənin şəklini mən böyütdürdüm asdım divardan. Mən, cavan da olsam, başa düşürdüm ki, sən Elməddinin ürəyinin ən müqəddəs hissi, arzususan. Onu çox istədiyim üçün hissləri də, arzuları da mənə əzizdi, bilirsənmi? Elməddini mən üç-dörd ildi tanıyıram, ancaq sən məndən də qabaq tanıyırsan, yaxşı tanıyırsan — o, gözəl insandı, Əfsanə. Qəlbi dağ qarı kimi, bulaq suyu kimi təmizdi, xeyirxahdı, mərddi, namuslu-qeyrətlidi. Onda padşah qururu var, bacı. Var-dövlətə əyilən-satılan deyil. Məndən qabaq biriynən evlənmişdi — milyoner qızı idi. Ancaq külbaş, Elməddinin qədrini, qiymətini bilmədi, burunladı. Ayrı kişi olsaydı, o var-dövlətin xatirinə əri yox a, nökəri də olmağa razı olardı. Amma o tüpürdü, çıxdı.

28 dəq

Başqa şairlərin şeirləri