Üçüncü hissə, üçüncü fəsil
Nadirə yataq otağında, taxta çarpayıların arasında qoyulmuş bədənnüma güzgüdə özünə baxanda onsuz da qüssəli olan ürəyində həlim, yumşaq bir nisgil baş qaldırdı. Gödək vurulmuş saçlarına daraq çəkəndə gözünə dəyən təkəm-seyrək ağ tüklər qübar olub sinəsini yandırdı. Sınıxdığını, həmişə qızartılı, təravətli olan yanaqlarının solğunlaşdığını, qara, işıqlı gözlərinin yanında qırışlar əmələ gəldiyini elə bil, birinci dəfə görürdü — bunlar yəni əvvəldən belə idi, ya bu axır vaxtlar bu cür olmuşdu? Bu suala indi o, cavab verə bilməzdi. Çünki insan birdən-birə qocalmır, hiss edilmədən qocalır. «Adam birdən-birə qocalsaydı, bu dərdin ağırlığına ürək tab edə bilməzdi», deyə ürəyindən keçirən Nadirə üzündə, gözlərində, ağ pambıq kimi yumşaq buxağında, qədd-qamətində, saçlarında yaşayan cavanlıq nişanələrini görüb ürəyində alışan ümid, təsəlli qığılcımlarının oduna isinən kimi oldu. Amma bu hiss o qədər yüngül və ötəri idi ki, tez keçib getdi. Yox, bunu Nadirə bəlkə də özü tam aydınlığı və dərinliyi ilə hiss eləmirdi, amma, həqiqətən, o, son vaxtlar qocalmışdı, daxilən, mənən qocalmış, daha doğrusu, qocalığın ilk zərbələrini dadmışdı. Son aylar ərzində baş vermiş hadisələr məgər əsər-əlamətsiz keçən, özündən sonra bir iz qoyub getməyən hadisələr idi? Sevimlisi, gözünün ağı-qarası Ceyhun qəzaya düşmüşdü,— şəkilli-şəmayilli oğlanın üzündəki çapıq ox olub Nadirənin gözünə girir, ürəyini deşib keçirdi. Elə bil, ağ, təmiz bir kağızın üstünə ləkə düşmüşdü — silinməz, pozulmaz ləkə. Nadirə canını verərdi, ömrünün illərini verərdi, təki o çapıq, o ləkə silinə biləydi, izi-tozu belə qalmayaydı. Ancaq bu mümkün idimi? Afa — Ceyhunla birlikdə qəzaya uğramış o yeniyetmə, gözəl qız da şikəst olmuşdu, yeriyəndə qıçını çəkirdi. Bu yaxınlarda Nadirə onu atasının yanında qıçını çəkə-çəkə yeridiyini görəndə heç də az əzab çəkməmişdi.
Sonra Salmanla aralarında olan elmi ixtilaf, fikir ayrılığı! Kaş, Salman başa düşə biləydi ki, bu fikir ayrılığının onların ailə həyatına heç dəxli yoxdur, o öz ərini sevir, hörmət eləyir, ancaq səhvlərini də göstərməyi unutmur. Burda nə qəbahət iş var? Bəlkə də Salmanın yerinə ayrı bir alim olsaydı, bununla fəxr edər, arvadının tənqidindən, məsləhətlərindən qaralıb darılmazdı. Ya, məsələn, Salman onun, Nadirənin nöqsanlarını üzünə desəydi, mətbuatda tənqid eləsəydi, nə olardı? Nadirənin acığınamı gələrdi? O bu sualla ürəyinin dərinliklərinə baş vurur: «Yox, inciməzdim!» cavabını alıb rahatlanırdı. Amma Salman... Kaş Salman başa düşəydi. Salmanın Sədəfgildən ayaq kəsməsi, Müseyibin çəkilib yad adam kimi bir qıraqda durması da onu az incitmirdi. «Bizi bir-birimizdən ayırıb uzaqlaşdıran nədir, görəsən? Niyə yad olub gedirik?— deyə öz-özünə soruşur, qəti, aydın bir qənaətə gələ bilmirdi.— Şöhrətmi? Var-dövlətmi?» Kitablar yazıb dərin elmi məsələlər qaldıran, çətin, dolaşıq suallara cavab verən Nadirə həyatın bu sadə sualı qarşısında aciz qalmışdı.
Nadirənin ürəyi Orxanın ölümünə şam kimi yanıb ərimişdi. Onun fikrincə, Orxan ölməli oğlan deyildi, o, yaşamalı, yaratmalı idi. İstedadı, qabiliyyəti, ağır-səngin tərpənişi, mehribanlığı, təvazökarlığı Orxanı Nadirənin gözündə elə qaldırmışdı ki, o, bir qardaş, bir qələm yoldaşı kimi onun xatirini istəməyə başlamışdı. O, Orxanın simasında ədəbiyyatşünaslıq elmimizin ən yaxşı, layiqli bir nümayəndəsinin yetişdiyini görüb fərəhlənir, iclaslarda, yaradıcılıq məsələlərinə həsr olunmuş yığıncaqlarda onun haqqında ürəklə, ağızdolusu danışırdı. Bu da onun üçün müəmma idi ki, Salman onunla niyə düz gəlmirdi? O, Salmanın Orxana olan ikibaşlı münasibətini görür, yeri düşdükcə onu bu yoldan — adamı xırdalaşdıran, cılızlaşdıran bu yoldan döndərməyə çalışırdı. Salman həmişə olduğu kimi, belə hallarda da «sıpıxıb» işin içindən çıxır, «hər şeyi elmin xatirinə, Orxanın öz gələcəyinin xatirinə» elədiyini söyləyib onu sakitləşdirirdi. Orxanın qəflətən öldüyünü eşidəndə isə rəngi ağappaq idi. «Görəsən, bayaq mənim kabinetimdə etdiyimiz söhbəti eşidən olmayıb ki? Eşitsələr, heç, mən batdım. Ya özü çıxandan sonra bir kəsə deyibsə, yenə batdım. Cəfər bilsə, başlayacaq...» — deyə vaysına-vaysına dəhlizdə göstəriş verən Salman adamlara qorxa-qorxa baxırdı. Ona elə gəlirdi ki, bax, indicə kimsə ucadan deyəcək: «Onu sən öldürdün, sən öldürdün! Onun ürəyini sən partlatdın! Sən qatilsən, qatilsən!» Yaxasından yapışıb ədalət məhkəməsinə çəkəcək. Amma Cəfər susurdu. Nadirə, Gülmirə hönkürməsələr də için-için ağlayırdılar. Gülalı çaşıb qalmışdı. Aslanzadə isə məhəccərə söykənib fikrə getmişdi.
Yox, heç kəsdən səs gəlmirdi.
Az sonra o özünə təskinlik verməyə başlamışdı: «Mən də qəribə adamam, ona neyləmişəm ki, qorxuram da. Tüfəngim yox, tapançam yox. Düşmənim də deyildi, sevimli tələbəm idi. Vəssallam!».
Dəfndən sonra keçən neçə günü idarədə də, evdə də səksəkəli gəzib dolanır, hər oturub-durduğu adama ürək ağrısı ilə: «Bizə, həqiqətən, böyük itki üz verib!— deyirdi.— Bunu hələ hiss eləmirik, onun yeri çox yerdə görünəcək».
Onun belə ah-vay elədiyini görəndə Nadirə istər-istəməz düşünmüşdü: «Ətini yesəydi də, sümüyünü çölə atmazdı. Çox istəyirmiş Orxanı».
Neçə aydı ki, Orxanın şöbədəki stolu boş idi. Heç kəs oturmurdu. O, öləndən sonra bu şöbəyə gül də gətirən olmamışdı. Nadirə Orxanın stoluna baxa bilmirdi. Gözü sataşan kimi, ona elə gəlirdi ki, Orxan indi hardansa gəlib yerində oturacaq. Amma gəlmirdi, gələ bilməzdi.
Axşam xəzri başladı. Şəhərin yağışdan islanmış, yuyulub aynalanmış küçələrində, dalanlarında, səkilərində bir şey tapmayan xəzri sanki getdikcə hirslənir, itiyi itmiş kimi vurnuxur, hiddətlənib qapı-pəncərələri silkələyir, cingildədirdi. Gecə keçdikcə yorulub əldən düşür, şəhərdən çıxır və sanki haradasa ağzı üstə torpağa düşüb səssiz-səmirsiz mürgüləyirdi.
Salmanla Ceyhun kino-teatrdan çıxıb özlərini yenicə evə salmışdılar. Adəti üzrə, onlar evə gələndə durub qabaqlarına çay-çörək qoyan Nadirə bu dəfə nədənsə yerindən tərpənmədi, divanın üstündə çevrilib asta, yorğun səslə mətbəxə keçib, oğluna və ərinə dedi:
– Salman, xörək istidi. Çayı da təzə dəmləmişəm, tökün, yeyin, için.
Yeyib-içəndən sonra Salman böyük zala keçdi. Ceyhuna tapşırdı ki, əgər dərslərindən hazırlamadığı varsa, götürüb hazırlasın. Ceyhun atasının dediyinə əməl elədi.
Salman yalnız indi Nadirəyə diqqətlə baxmağa, nə olub olmadığını aydınlaşdırmağa çalışdı. Doğrudan da, Nadirənin halı özündə deyildi, elə bil, onu kimsə təhqir etmiş və ya köhnə dərdlərini təzələmişdi.
– Sənə nə olub, Nadirə? — Salman xəbər aldı.
– Heç...
– Elə bil, ağlamısan.
—…
Salman səsini azca qaldırdı:
– Nə dərdin var ey sənin, bilmirəm?
– Məgər adam təkcə öz dərdi üçün ağlayar?
– Yox, durub bütün dünya üçün ağlamalıdır adam? Nadirə ona mənalı-mənalı baxdı:
– Eh, Salman, Salman!..
– Qoymur ha, sən öləsən, bu beş günlük dünyada sakit yaşayaq özümüzçün.
– Yaşa, nə deyirəm ki, Salman. Özü üçün yaşayanlar az deyil dünyamızda, biri də sən ol.
Susdu. Salman da cavab vermədi. Və indi elədikləri bu söhbətdən də xoşları gəlmədi. Çünki Ceyhunun yanında bir-biri ilə sərt danışmamağa hər ikisi söz vermişdi. Dəfələrlə. Amma nə edəsən ki, bu vəd tez yaddan çıxırdı.
Salman Ceyhuna dedi:
– Dur keç öz otağına, bala.
Ceyhun ayağa qalxıb ata-anasına baxdı, baxdı, sonra öz otağına keçib qapını örtdü. İşığı yandırdı. Ancaq qapıdan uzaqlaşmadı, başa düşdü ki, onlar indi, nəsə maraqlı bir şey danışacaqlar. Elə belə də oldu.
Salmanın ahəstə səsi eşidildi:
– Axı nə olub ey?
– Müsibət üz verib, Salman! — deyə Nadirə hüznlə dillənəndə Ceyhun qulağını qapıya yaxınlaşdırıb nəfəsini uddu.
Nədi?
– Gülmirə…
Nadirə bu gün içib sərxoş olmuş, özünü-sözünü bilməyən Əqdəmə təsadüfən rast gəldiyini, onun evdən acıq eləyib getdiyini, Gülmirəni Orxanın qəbri üstündə gördüyünü dəli bir adam kimi danışdığını nağıl eləməyə başladı.
Ceyhun anasının dediklərinin bircəciyini də buraxmır, ürək çırpıntısı ilə dinləyirdi. Yaşının elə vaxtı idi ki, belə söhbətlər onun üçün şirin nağıl idi, əfsanə idi. Düzdür, anası da, atası da onu ana uşağı hesab eləmişdi. Nadirə Ceyhunun Afa ilə tanış olduğunu, yaxınlıq elədiyini eşidəndə əli-ayağı yerə yapışmışdı: «Onun nə vaxtıdır ki, indidən belə şeylərə baş qoşur» — demişdi. Ancaq Salman bundan daxili bir qürur duymuş, «Fərli oğul elə... bilinər!»— söyləmişdi.
Ceyhun qapının arxasında dayanıb deyilənləri eşitdikcə düşünürdü: «Demək, belə... Gülmirə Orxanla sevişirmiş, Əqdəm ola-ola... Onların arasında nə isə varmış... Axı, o Əqdəm evdə qalmırdı, göylərdə uçurdu, göylərdə yaşayırdı, Gülmirə isə burda tək-tənha yaşayırdı. Görəsən, Orxanla Gülmirənin arasında nə olub axı? Bu «nə isə» nə imiş, görəsən?» Məsələn, o, Afa ilə gəzirdi; bir-birilərini görməyəndə darıxırdılar.
Nadirəmi, Salmanmı şübhəsini bildirdi: bəlkə onun, Gülmirənin əsərini Orxan yazırmış?
Bu da qəribədi. Bunu kim dedi?
«Kim kimin işini havayı yerə görər?»
Onlar söhbət elədikcə Ceyhun Gülmirəni gözlərinin qabağına gətirirdi: o bu evə çox gəlib-gedib. Gözəl sifəti, yaraşıqlı gözləri, mütənasib bədəni olan Gülmirəyə Ceyhun çox adi və soyuq bir nəzərlə baxıb. O bura professor Salman Qurbanzadənin şöbəsində işləyən elmi işçi kimi gəlib. Ceyhunla da bir uşaq kimi rəftar eləyib. Neçə dəfə əlini başına çəkib, qıvrım tellərini qarışdırıb. Bir kərə Gülmirə onların evində,— indi atası-anası oturub söhbət eləyən otaqda,— Nadirə ilə üzbəüz əyləşmişdi. Nazik, güllü donu dolu, tökmə dizlərindən azca yuxarı dartılmışdı, ağ dizləri görünürdü. Divanda, böyür tərəfdə oturmuş Ceyhun onun açıq dizlərinə baxırdı. Bunu Gülmirə, deyəsən özü də hiss eləyirdi, ancaq dizinin üstünü örtmürdü. Yaraşıqlı, yeniyetmə qız əlinə oxşayan əlini hərdən bir dizinin üstündə gəzdirir, sığallayır və sanki bundan da ləzzət alırdı. Bəli, o, Ceyhunu uşaq hesab eləyirdi, uşaq! Ceyhun isə onu ancaq quruca bir elmi işçi sanırdı, hətta onun qadın olduğunu da ağlına gətirmirdi. İndi isə məlum olur ki, o, Orxanla — qəflətən ölən Orxanla yaxın imiş, onların arasında nə isə gizli və şirin bir əlaqə varmış; Gülmirə Orxan öləndən sonra da onu unuda bilmir, qəbiristanlığa, onun məzarının üstünə gedir.
Nadirə nə dedisə, Salman əsəbiləşdi. Nə dedi? Hə, dedi ki, guya Əqdəm deyirmiş, Salman öz şöbəsindn işçilərindən muğayat olsun, onlar... elmdən başqa...
Ceyhun yenə sözün-söhbətin dönüb elmi işlər üzərinə gəldiyini duyunca gedib çarpayısına uzandı. Kitabını oxumaq istədi, ancaq bacarmadı, gözlərini tavana zillədi. Gülmirə gəlib onun gözləri önündə cilvələnir, onu rahat buraxmırdı, elə bil, Ceyhun onunla təzə tanış olmuşdu xəyalında onun açıq dizlərinə təzədən baxmaq, doyunca tamaşa eləmək, o vaxt duyub-anlamadığı «nə isə»ni hiss etmək istəyirdi.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-teyyare-kolgesi-ucuncu-hisse-ucuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ziyaülhəqq maşının içində, sükan arxasında oturmuşdu, «Şorbazar» qarışqa yuvası kimi qaynaşırdı: müxtəlif geyimli, müxtəlif biçimli adamlar ora-bura vurnuxur, kimsə nəsə alır, kimsə nəsə satırdı. Ziyaülhəqq qoltuqlarında qəzet bağlaması saxlayıb müştəri haylayan uşaqlara fikir verirdi. Onlar qışqıra-qışqıra özlərini adamın gur yerinə verir, əllərində tutduqları qəzetləri havada yelləyə-yelləyə bir-birinin səsini batırmağa çalışırdılar:– «Sülh» ruznaməsi alın. Əli Tüğyan bu gün tüğyan eləyib!
Birinci hissə, on doqquzuncu fəsilQapı astaca döyüldü. Elməddin yazı masasının arxasından çıxdı və mil-mil xalatının yaxasını düymələyə-düymələyə irəli yeriyib cəftəni çəkdi. Qapının ağzında Siminbəri görəndə gözlərinə inanmadı. Xəyalın, düşüncənin belə həqiqət olacağını heç vaxt ağlına gətirməzdi. Qəribə idi, çünki elə həmin anlarda o, Siminbər haqqında düşünürdü. Onu neçə vaxtdı görmürdü. Elə bil, həyatında nə isə çatışmırdı. Əhədullagilə getməyə utanırdı. Onunla rastlaşanda tez-tez «uşaqlar necədir» — deyə ümumi halda soruşurdu və bu «uşaqlar» sözü altında da ən çox Siminbəri nəzərdə tutduğunu anlayıb öz aləmində gülümsünürdü. Əhədulla da «əlini öpürlər, ömrünə dua eləyirlər!» deyə ümumi cavab verirdi. Ancaq Elməddin hiss eləyirdi ki, Simin heç cür yadından çıxmır, getdikcə onu daha çox məşğul eləyir, düşüncələrinin ən şirin, ən ləzzətli parçasına çevrilir. Və tez-tez qızın divardan öz əlilə asdığı şəklinə baxırdı. Elə indi də onun haqqında fikirləşirdi — özü öz ayağı ilə gəlib çıxdı.– Salam, Simin, xoş gəlibsən!
İkinci hissə, birinci fəsilTopu yerə nə qədər bərk vursan, göyə o qədər çox qalxar» — bu həqiqət, ağıllı və müdrik adamların haçansa, haradasa söylədiyi bu hikmət, qolları qandallı halda dar, rütubətli, qaranlıq həbsxanaya düşəndən, dişləri vurulub sındırılandan, dırnaqları çıxarılandan sonra Məhəmməd Şəfi Rəhgüzər üçün inkaredilməz bir həqiqətə çevrilmişdi. Üstündə gəzdiyi, yaşadığı, hər qarışını müqəddəs sandığı şirin vətən torpağına, onun əsrlər boyu haqqı tapdanan, gecə-gündüz rahatlıq bilmədən çalışsa da, qarnı ac, əyni çılpaq, ayağı yalın övladlarına qəlbində doğulub pərvəriş tapmış məhəbbət nə qədər böyük və sonsuz idisə, bu torpağın, bu xalqın qədrini bilməyənlərə, adil adı ilə zalimlik eləyənlərə, vətənin taleyi ilə oynayanlara, əlinə düşən vəzifədən, məqamdan ancaq öz xeyri üçün istifadə edənlərə nifrəti bir o qədər artıq və nəhayətsiz idi. Bu qəzəb, nifrət günlər, aylar keçdikcə çoxalırdı. Şəfi həbsxanadan çıxandan sonra, elə bil qəflət yuxusundan ayılmışdı, keçən ömrünə heyfsilənirdi. Düzdür, o, qabaqlar da bu hisslərlə yaşamışdı. Qəlbində vətən eşqi yaşamışdı, onun düşmənlərinə nifrəti yaşamışdı — ancaq bu, necə də az imiş. O, əvvəllər də xalqının, doğma torpağının dərdlərindən yazmışdı — ancaq bu da az imiş, sən demə. Sən demə, məmləkətdə zülm ərşə dirənibmiş ədalətsizlikdən yer-göy qan ağlayırmış, haqq deyən ağızlar tikilirmiş, qapılar bağlanırmış!!!. Elin-obanın sevimlisi olan, məmləkətin hər guşəsində uşaqdan tutmuş böyüyə qədər hamının sevdiyi, pərəstiş etdiyi, adı gələndə fərəhdən göz yaşaran bir sənətkara hörmət edilməyəndə, adi, bəlkə də heç adını belə yaza bilməyən polis tərəfindən qoluna qandal vurulanda, çiyni çinli məmur tərəfindən dişləri vurulub salınanda daha hansı ədalətdən, haqdan danışmaq olardı? Şəfinin özünün içində elə bil nə isə sınmışdı: Zahirən süst, yorğun və küskün görünürdü: ancaq əvəzində qəlbində bir nifrət məşəli yanmışdı ki, daha onu heç nəylə söndürmək olmazdı. Hətta onu öldürsəydilər də, o məşəlin göylərə zəbanə çəkən qırmızı dilləri torpağın altında belə sönməzdi, yanardı, yandırardı. Və bu nifrət onu son dərəcə qorxusuz, cəsur bir adama çevirmişdi. Qəlbində sanki bulağın gözü daşdan, çınqıldan təmizlənmişdi. Şer qarşısıalınmaz sel kimi, ağ vərəqlar üstünə axırdı. Bu şerlərdən qan iyi gəlirdi — çünki şairin qəlbini qanatmışdılar. Həzinlikdən, kövrəklikdən əsər qalmamışdı o misralarda. Sevən aşiqin vüsal həsrəti, hicran əlindən şikayəti yox idi daha o misralarda. İnsan azad olmasa, məhəbbət də azad ola bilməz. «İnsan azad olmasa, məhəbbətin qisməti ayrılıqdı, göz yaşıdı, həsrətdi» — deyirdi şair. Siyasi-ictimai mövzular Şəfinin başını elə qatmışdı ki, son vaxtlar bircə dənə də lirik şer yazmamışdı. Qələmindən çıxanları aşkarda-xəlvətdə oxuyan Məleykə xanım da ərinin yazılarının büsbütün kəskin xarakter aldığını görür, bir tərəfdən sevinirdisə, bir yandan da kədərlənirdi. Sevinirdi ona görə ki, ərinin böyüklüyünün, əzəmətinin, sevilməyinin sirrinin bu cür əsərlərdə olduğunu yaxşı bilirdi: bu şerlərdə söylənilən həqiqətlər xalqın, elobanın dərdləri, qayğıları, faciəsi idi, bugünün həqiqətləri idi; o, həbsxanaya düşəndə məhz belə şerlər üstündə düşmüşdü, xalq, camaat onu azad etdirmək üçün əldə qırmızı bayraq küçələrə nümayişə çıxanda da onun məhz bu cür siyasi, kəskin şerlərini deyirdi. Ancaq Məleykə bu sevinclə bərabər gizli bir qorxu hissi də keçirirdi: — onu belə şerlər üstündə yenə apara bilərdilər.Məleykə kədərlənirdi, ona görə ki, bu qədər şerin içində bir misra da olsa, məhəbbət şeri yox idi. Heç olmasa Məleykəsinə də bircə şer yazmamışdı. Halbuki, qabaqlar həmişə ona şer həsr edərdi, onu şerin sehrli dili ilə əzizlər, öpüb oxşar, nəvaziş göstərərdi. Bu, Məleykədə gizli, daxili bir qürur doğurardı və o, bu qürurla özünü dünyanın ən xoşbəxt qadını sayardı. İndi isə... belə misralar tapmayanda... Məleykə yüngülcə köks ötürər, qüssəli gözlərini ərinin ağarmış saçlarında gəzdirər, «qocalır mənim əzizim!»—deyə xiffət eləyər, ancaq heç nə deməzdi.
İkinci hissə, ikinci fəsilGeneral Əziz xan öz otağında, üstündə kitablar, qovluqlar olan iri, dördkünc stolunun arxasında əyləşmişdi. Otaq çıraqban idi, qapının ağzında qoyulmuş dəmir buxarı asta-asta yanırdı. Bayırda dəli bir külək əsir, qapı-pəncərəni titrədirdi. Qış dörd gündü girmişdi. Ancaq hələ qar yağmamışdı.Qar hardasa yaxında idi, qar hardasa yavaş-yavaş yol gəlirdi — bunu havanın şaxtalı nəfəsindən, səhərlər damların, ağacların, kolların üstündə görünən qırovdan bilmək olurdu.
Başqa şairlərin şeirləri
Səni gördükdə dedim: – Xosrovi-xubandır bu,Bu vəcahətlə, həqiqət, məhi-Kənandır bu.
Sənə söyləyimGəl sənə söyləyim Şikəstə qardaş,Borcumuzdur zəmanəyə söz demək.
پسر، رو قدر مادر دان که دایمکشد رنج پسر بیچاره مادر
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.