Qırmızı qapı aralı idi. Bunu görən kimi Gülmirənin beynində soyuq bir fikir dolaşıb tüklərini ürpəşdirdi: «Əqdəm evdədir!» Əzgin, yorğun, taqətsiz addımlarla içəri girdi. Onun bu dəqiqə yeganə bir istəyi vardı: özünü çarpayısına yetirsin, paltarlı uzanıb azca rahatlansın, toxtasın, əsəblərinii gərginliyi azalsın. Bu vəziyyətdə onun ayaq üstə dayanmağa da taqəti yoxdu.

Gülmirə ürkək nəzərlərlə otağa göz gəzdirdi; Əqdəm yox idi. Rahat nəfəs alan kimi oldu. Bu ara mizin üstündəki külqabıdan burula-burula yuxarı qalxan tüstü diqtətini cəlb elədi: Qapı açıq idi. Papiros tüstülənirdi. — Bütün bunlar göstərirdi ki, Əqdəm evə gəlib. Bəs hanı? Gülmirə ağzını doldurub Əqdəmi səsləmək istədi, ancaq səsi çıxmadı.

İrəli; yeriyib mizə söykəndi. Kibrit qutusunun altına qoyulmuş yazılı kağız gözünə sataşdı. Neçə saniyə sükut içində dayanıb iri, əsəbi xətlə yazılmış kağıza fikir verdi. Əlini atıb götürməyə, oxumağa ürək eləmədi. Elə bil, orada onun üçün ölüm hökmü yazılmışdı. Sonra bu məktub Gülmirəni qarşısıalınmaz bir qüdrətlə özünə çəkdi. Onu evdə Əqdəm yox, sorğu-suallar yox, tələsik yazılmış bir məktub közləyirmiş. Bəlkə də son məktub, bəlkə də vida məktubu.

«Mən sənin əzizinin qəbrinin üstündən qayıtmağını gözləmək, səninlə qabaq-qənşər oturub, necə deyərlər, hər şeyi düzüb-üzmək istəyirdim. Amma bacara bilmədim. Ürəyimlə, vicdanımla bacara bilmədim. Bundan sonra fikirləşirəm ki, səninlə üz-üzə gəlməkdən, göz-gözə baxmaqdan dəhşətli əzab olmaz mənim üçün. Biz nə qədər üzbəüz oturmuşuq, göz-gözə dayanmışıq, bir yastığa baş qoymuşuq — bilmədən, şübhələnmədən. İndi məni dəhşət götürür və bütün ömrüm boyu düşünəcəyəm ki, sən mənim gözlərimin içinə necə baxırmışsan, necə? Sevgiyə, inama xəyanət etmək nə qədər böyük cinayətdisə, onu gizləmək, üzdə birilə, ürəkdə başqası ilə olmaq da elə bir cinayətdir. Bu günə qədər mənim ürəyim, ruhum nə qədər rahat idi. Mən nə qədər xoşbəxt idim. Mənim ürəyim də, namusum da öz aləmimdə uçduğum göylər kimi saf və təmiz idi. Amma indi... ürəyimə xal düşdü, namusuma ləkə. Ömrümün göylərini qara bulud layları çulğadı, başıma qar yağdı, dolu yağdı.

Sən alim olmaq istəyirdin. Bu sənin də arzun idi, nə danım, mənim də arzum idi. Salman əmin də səni alim görmək istəyirdi; amma heyf!.. Sən alim olmadın, ola bilmədin.

Mən sənin xatirinə hər şeyə, hər çətinliyə dözdüm — budur, dünən uzun-uzadı söz-söhbətdən sonra axır ki, iş yerimdən çıxdım, sənin xatirin üçün. Sevimli təyyarəmdən ayrıldım. İndi öz Bakımın göylərində uçacaqdım. Sən isə... Sən isə qırdın qanadlarımı, insafsızcasına qırdın... Sənin cəzan nədi?! Ölüm? Qoy səni öz vicdanın öldürsün! Orxanın barəsində nə deyim? Heyf ki, ölüb...

Sənə bu ayrılıq günündə nə deyə bilərəm? Əlvida, deyirəm sənə! Həmişəlik əlvida! Məni axtarma. Mən də səni axtarmayacam. Çünki... qəlb dediyin şüşədir, sən sındırdın, kim yamar? Bu ev, bu da sən...»

Gülmirənin göz yaşı dodaqlarına süzüləndə səssiz-səmirsiz ağladığını başa düşüb əlinin arxası ilə gözlərini sildi. Lakin elə bil, buna bənd imiş, çiyinləri atlana-atlana hönkürüb ağlamağa başladı. Özünü çarpayının üstünə atıb titrəyə-titrəyə hıçqırdı.

O, həyatında hələ belə sarsılıb sınmamışdı. Ağır dəmləri, ağır günləri olmuşdu, amma belə yox. Sanki Əqdəmin səsi indi də eşidilir, onu ittiham edir, ağladır, tədricən öldürürdü:

«Qoy səni, öz vicdanın öldürsün!».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, ikinci fəsil

Qurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.

20 dəq
İkinci hissə, üçüncü fəsil

Başı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.

10 dəq
İkinci hissə, dördüncü fəsil

Mürşüd axşamçağı işdən qanıqara və pərt gəlmişdi. Onun ağ və girdə sifəti — eynən anasının üzünə oxşayan sifəti qaralıb boğulmuşdu. Bərk ac olsa da, yeməyə həvəsi və iştahası yox idi. Samirə xanım, əynində güllü xalat, əlini ağ dəsmalla silə-silə yemək otağının qapısına gəldi və oğluna yemək təklif etmək istədi. Ancaq onun divanda əyləşib gözlərini bir nöqtəyə zilləyərək fikrə getdiyini görərək sözünü uddu. Yaxın gəlib qonur saçlarını tumarladı. Samirə xanım Mürşüdü çox istəyirdi, ərindən də, böyük oğlundan da. Ərinin xasiyyətindən zəhləsi gedirdi — yaşadıqları otuz il ərzində bircə dəfə də olsa üzbəüz oturub adam kimi söhbət eləmək mümkün olmamışdı. Ya dava-dalaş, ya da tam sükut... adi danışıq, dərd-sər eləmək bu evin bünövrəsi qurulandan buradan qaçaq düşmüşdü. Nurəddin öz kabinetində, pəncərəsi dənizə baxan otağında, yazı masası arxasında oturub kitablarla, əlyazmaları ilə danışanda yaxşı olurdu. Vəssalam. Böyük oğlu da özünə çəkmişdi. Eynən atası kimiydi. Gözəl-göyçək arvadı neçə dəfə ağlaya-ağlaya qaynanasının üstünə gəlmiş, «daha mən dözə bilmirəm, bu adam deyil. Meşədən tutulub gətirilmiş meymun bundan qabiliyyətli olar, ya da tez uyğunlaşar. Yox, mən çıxıb gedəcəyəm atamın xarabasına!» — demişdi. Qabiliyyəti, hər şeyin yolunuyolağını yaxşı bilən, ev, ailəcanlı, bir çox xasiyyətlərində Samirə xanıma oxşayan Solmazın halına arvad acısa da, balasının evinin dağılmasından qorxub təşviş içində ona öyüd-nəsihət vermiş, «döz də, qızım. Daha neyləmək olar? Elədiyinə baxma, ürəyi təmizdi uşağımın. Neyniyəsən ki, xasiyyəti it xasiyyətidi — atasına çəkib. Eh, qızım, sən bilmirsən ki, mən bizim bu kişinin əlindən nələr çəkmişəm. Mənim saçlarımın ağaran vaxtıdı? Amma ağarıb! O ağardıb. Adamın qismətinə nə çıxdı, gərək qane olub otursun!» — Söylədikdə gəlin təəccüblə; «Lap səni çürütsə də?» — deyə soruşmuşdu. «Hə, lap çürütsə də, iki uşaqnan hara gedəcəksən? Kim sənə yiyə duracaq? Heç kim!.. Mən də danlayaram, başa salaram, qızım. Sən mənim ağıllı balamsan, razı olma uşaqların arada-bərədə qalsın».Ancaq Mürşüd... Mürşüd Samirə xanımın ürəyi idi. Başıaşağı, qız kimi utancaq oğlan idi. Ana-balanı atanın kobudluğu daha da mehriban eləmişdi, həmsir, həmdərd eləmişdi. Beş otaqdan ibarət bu balaca, cah-calallı dünyada Nurəddin bir despot idi, Samirə və Mürşüd əli-qolu bağlı bir kölə. Sanki onların heç birinin ağız açıb ürəklərindən keçəni Nurəddinə demək ixtiyarı yox idi. Buna bir həvəs də qalmamışdı...

9 dəq
İkinci hissə, beşinci fəsil

Qoca Cəfər hər dəfə Gülmirə ilə üzbəüz gələndə onun sıxıldığını, yaraşıqlı, son illər kədərin daha da gözəlləşdirdiyi gözlərini baxışlarından qaçırdığını, danışanda başını aşağı saldığını çoxdan hiss eləmişdi. Lap o, «tarixi iclasdan» — şöbə iclasında Gülmirənin ağzından od saça-saça, boğazını qəhər boğa-boğa çıxış edərək professor Salman Qurbanzadəni «yıxıb sürüdüyü» gündən, Cəfərin Füzuli avtoqrafının taleyini açıb-ağartdığı vaxtdan sezmişdi. Ömründə çox adamlar görmüşdü, çox çətin sınaqlardan çıxmışdı. Cəfər haqsız, vicdansız insanlarla qarşılaşmışdı, Kominin, Maqadanın adamın iliyinə belə işləyən, hərəkətsiz dayanarsa qulağını, burnunu şüşəyə döndərən şaxtasının qılıncı altından sağ-salamat çıxıb gəlmişdi qoca Cəfər. Ancaq həyatın min bir sərt sınağı, heç nə və heç kim onun polad əqidəsini qıra bilməmişdi, xeyirxahlığa, təmizliyə, gözəlliyə olan inamını öldürə bilməmişdi. İlk gənclik illərində, təkatlı faytonla səfalı Mərdəkandan qaynar şəhər həyatına qədəm basdığı çağlarda necə saf, təmiz, mehriban və qürurlu idisə, başı üzərindən qırx ildən çox tufanlı, kəşməkəşli vaxt qanad açıb sürətlə uçaraq keçsə də, yenə eləcə idi. Anası onu şəhərə nə cür göndərmişdisə, indi də, qocalıb saçlarını ağartsa da, eləcə idi — ana uşağı idi sanki. Əlli il bundan qabaqkı kimi, indi də ağlabatmaz, onun təsəvvür dairəsini vurub dağıdan, yaxud ağlına sığışmayan şeylərə uşaq heyrətiylə baxar, qəribə bir şey eşidən kimi «Yox əşşi!» deyib təəccüblənər, əhvalatı təfərrüatı ilə öyrənəndən sonra «Vay sənin!» deyib duruxardı. Əvvəllər yoldaşlarına, düşdüyü məclislərdəki adamlara tez-tez məzəli lətifələr danışıb hamını ürəkdən güldürərdi, xarici yumor nümunələrini toplayıb tərcümə edərək müxtəlif qəzet və jurnallarda çap etdirərdi. İndiyə qədər əl-əl gəzən, vərəqləri oxunmaqdan, çevrilməkdən tökülən, insanlara gülüş və təbəssüm bəxş edən iki-üç kitab da nəşr etdirmişdi. Onun həyatına, güzəranına yaxından bələd olan adamlar təəccüb içində qalmışdılar: həyatı uğursuzluqlarla dolu, ağlı-qaralı günlər görmüş, şəxsi ömrünün kitabına çox az sevincli-gülüşlü anlar yazılmış Cəfər, bədbinliyə qapılmadan, ruhdan düşmədən insanlara gülüş bəxş etməkdən əvəzsiz zövq alırdı. Və bu ləzzət onun öz qəlbini də cavanlaşdırır, çiçəkləndirirdi.Lakin son illər belə şeylərə vaxt sərf eləməyə ürəyi gəlmirdi, bunları «xırda-xuruş» iş sayırdı. Bəlkə bu ondan irəli gəlirdi ki, ömrün qürub çağının yaxınlaşdığını hiss eləyirdi? Hər gün yox, hər saat, hər dəqiqə ona əvəzsiz bir xəzinə kimi görünürdü. «Ömür-gün keçib gedib, ay aman, mən dünyanın çoxunu zarafatla yola salmışam. Görməli, vacib, yadda qalan, yaşada bilən o qədər işlər var ki. Onları qabağa salmaq lazımdı, kişi!» — deyə öz-özünə, kənar bir adama öyüd-nəsihət verirmiş kimi, müraciət edirdi. Odur ki, gecəni gündüzə qatıb çalışırdı, dincliyi tutmayan, bir yerdə qərar tutub üç-dörd saat otura bilməyən bəzi cavanlar onun səbrinə heyran qalıb həsəd aparırdı. Yazıb pozurdu, özündən sonra xoş bir yadigar qoymaq istəyirdi. Əlyazmaları fondunda, Dövlət arxivində qədim cüngləri, bəyazları, topluları, arxiv materiallarını yorulmadan, bezib-usanmadan mütaliə edir, bununla da doymaq bilmir, iştirak etdiyi toylarda, yas məclislərində xanəndələri, mollaları, ağsaqqalları dindirir, şair, şer soraqlayırdı. Bu işi o hələ cavanlıq illərində — Darülmüəllimində oxuduğu zaman başlamışdı. Bakıda və onun ətrafında yaşayıb-yaradan şairlərin, el sənətkarlarının əsərlərini toplayırdı. Arada iyirmi iki il fasilə olmuşdu, ancaq o, bu niyyətindən dönməmişdi. Yığdığı əsərlər üç cild idi. Birinci cild — səksən səkkiz şairin əsərinin toplandığı bu cildi «Deyilən söz yadigardır» adı ilə çap etdirmişdi. Bu, onun həyatında duyduğu ən böyük sevinc idi. O tərəfdə — Maqadanda qırx yaşı tamam olan gün evlənəndə də, ilk övladı — Venera qızı dünyaya gələndə də belə sevinməmişdi. Bu sevincin böyüklüyü onda idi ki, az qala yaddan çıxıb gedən, ürək sözləri, şerləri az qala itib batmaq üzrə olan səksən səkkiz sənətkarı «diriltmişdi» «yaşatmışdı». Hərəsinin iki-üç, ən uzağı beş-on şeri qalmış bu şairləri çətin ki, axtarıb nəşr edən olacaqdı. Cəfərin özünün fikrincə, bu sevincin böyüklüyü bir də onunla bağlı idi ki, şerimizi tarixində ana dilimizdə yazılmış və bizə gəlib çatan yeganə şer təklikdən qurtarırdı. O, şeri Həsənoğlu Xorasan yaxınlığındakı Əsfəraində söyləmişdi. Cəfərin tapdığı şer isə Bakıda yazılmışdı

11 dəq

Başqa şairlərin şeirləri