«15 dekabr 196...-cı il.

Güllər, həqiqətən, qəşəng güllərdi. Gözəlliyinə, cazibədarlığına söz ola bilməzdi. Pəncərənin ağzındakı xırda dibçəklərdəki bu güllər küçədən keçənlərin, evimizə gəlib-gedənlərin diqqətini cəlb eləyirdi. Təbiəti az-çox sevən, onun azad və ətirli qoynunda böyümüş hər kəs qeyri-ixtiyari olaraq dibçəklərə yaxın gəlmək, qəddini əyib o güllərin qan daman ləçəklərini qoxulamaq, onların göz oxşayan gözəlliklərindən məst olmaq istəyirdi.

Ancaq, əslində, bunlar güllər dünyasının «bədbəxt» övladları idi. Onların faciəsi böyük idi, çünki ətri yox idi. Çinara, söyüdə oxşayırdı kölgəsi var idi, barı yox. Mənim özümə oxşayırdı — hər şeyim vardı, səadətim yox. Mən də, mənim adım-sanım da, cah-calalım da o güllərin zahiri kimi gözqamaşdırıcı idi, paxıl yandıran idi. Ancaq.. ancaq ki, həyat mənə tamam ayrı gözlə baxırdı. Onun mənə verdiyindən aldığı çox idi. Verdikləri göz qabağında idi, onları hamı görürdü. İstəyən sevinirdi, istəməyən darılırdı. Lakin aldığını təkcə mən özüm bilirdim, bunu nə neçə vaxt bir yerdə yaşadığım ərim bilirdi, nə ayrı bir kəs. Ərim bunu bilə bilməzdi. Çünki o bu dünyada ancaq özünü düşünür, ancaq özünün varlığına, mühakimələrinin düzlüyünə inanırdı. Belə adamlar isə həssaslıq aləmində piyada olurlar. Duymaqdan, deyilməmiş, dilə gətirilməmiş mətləbləri anlamaqdan uzaq olurlar, çox uzaq.

Bəli, həyatın mənə verdiklərindən aldığı çox idi. Aldığı rahatlığım idi, gəncliyim idi, özümə bəs eləyəcək xoşbəxtliyim idi. Verdiyi saçlarımın ağlığı idi, gərgin əsəblərim idi. Mənə xoşbəxtlik də vermişdi, ancaq zəhər qatıb vermişdi. O zəhər birdən-birə özünü büruzə vermir: illər keçdikcə o xoşbəxtliyin bal şirinliyini yeyir, udursan, sonra, sonra yavaş-yavaş qana, ürəyə, beyinə işləyir və nəhayət, adamı bir gün diz çökdürür.

Dissertasiyamı qurtarandan sonra duyduğum nəşə və sevinci də Salman mənə çox gördü. Mənə əvvəllər elə gəlirdi ki, heç bir qüvvə mənim bu böyük və uzun illər gözlədiyim sevincimi alt-üst eləmək qüdrətinə malik ola bilməz. Amma görünür, yanılırmışam. Əsəri yazdığım illər ərzində çəkdiyim ağrı, əzab-əziyyət, yuxusuz gecələr hələ unudulmamış Salman öz qəddarlığı ilə rəhmsizcəsinə mənim fərəhimin üstünə su çilədi.

İlk oxucum o idi, öz ərim idi. Gözləyirdim ki, Salman bir elm adamı kimi mənim yazımı oxuyub öz fikrini deyəcək, evimizdə çoxdan bəri yığışdırılıb kənara qoyulmuş elmi-ədəbi mübahisə başlanacaq və biz, həmişəki kimi ər-arvad olduğumuzu belə unudaraq, fikirlərimizin doğruluğunu sübuta yetirməyə çalışacağıq. Mən həqiqətləri meydana çıxaran belə mübahisələri xoşlayıram. Çünki adamın ürəyindəki, beynindəki məhz belə canlı söhbətlər zamanı üzə çıxır. Belə dəqiqələrdə adam bəzən özündə yeni-yeni şeylər kəşf eləyir. Amma neyləyim ki, Salman belə deyil. O, sözünün qabağına söz çıxarılmağını xoşlamır, özündən savadlı, özündən güclü adamı həmişə nəyin bahasına olursa-olsun susmağa məcbur etmək istəyir. Bunu kənardan baxanlar bəlkə o qədər də aydın hiss eləmirlər, amma mən onun ömür yoldaşıyam, Salmanı hər kəsdən yaxşı tanıyıram, bəlkə Salmanın özündən də yaxşı tanıyıram. Mənə bəzən elə gəlir ki, o, elə mürəkkəb və anlaşılmaz varlıqdı ki, öz-özünü dərk etməkdən belə acizdi. Salman mənim yazımı oxuyandan sonra ağzına su alıb susdu. Ümumən, elə bil, kişi danışmaq qabiliyyətini itirmişdi. Əgər institutda adamlarla deyib-danışan görməsəydim, deyərdim, bəlkə kişinin dili tutulub. Evdə Salman kölgəyə dönürdü. İşdən gəlirdi, çörəyini yeyirdi, öz otağına keçib uzanırdı. Bu günlər isə işləyə də bilmirdi. Divana uzanıb fikirləşir, düşünürdü. Neçə dəfə yanına getdim, dərdini-sərini soruşub öyrənmək istədim, ancaq daşdan səs çıxdı, ondan yox. Mənim yazımı oxuyub-oxumadığını xəbər aldıqda o, kinli-kinli:

– Mənim hər zir-zibili oxumağa vaxtım yoxdur,— dedi,— götür, ordadı.

Bu sözlər məni dirigözlü öldürdü. Otaq, çilçıraq başıma hərləndi. Gözlərimin qabağında qığılcımlar oynadı. «Zir-zibil!» Ürəyimin qanı ilə yazıb hazırladığım əsər zir-zibil imiş. Axı, o özü görürdü mən nə əziyyətlər çəkə-çəkə bu yazını hazırlamışam. Hər kəs də bilməsə, o görürdü axı! Dilindən necə var gəlirdi ki, mənim təqribən on illik zəhmətimi yerə vurur, insafsızcasına yerə vurur, üstündən qələm çəkir? Axı o, elmi işin nə demək olduğunu bilməmiş deyil.

Salman yalan deyirdi, əlbəttə. Oxumuşdu. Məhz oxuduğuna görə də belə dəli olmuşdu. Səbəbi də mənə gün kimi aydın idi: kişi tənqidi eşidə bilmirdi, heç cür eşidə bilmirdi. Başqalarının iradlarına birtəhər dözsə də, mənim kiçicik bir iradımı qəbul eləyə bilmirdi, özünün mənliyinə, şəninə sığışdıra bilmirdi.

Mövzum elə mövzu idi ki, onu ətraflı və mükəmməl işıqlandırmaq üçün təkcə ilk mənbələri — romanları, povestləri oxumaq, təhlil etməklə kifayətlənmək olmazdı. Gərək mən bu barədə yazılmış elmi əsərləri, bu və ya digər münasibətlə nəsrimizdə realizmin yaranması və formalaşması məsələsinə toxunan tənqidi məqalə və rəyləri saf-çürük eləyəydim. Salman da vaxtilə bir neçə məqaləsində bu mövzuya toxunmuşdu, vaxtına görə öz sözünü deməşdi. Mən isə elmi obyektivlik naminə onlara da tənqidin gözü ilə baxmış, köhnəlmiş, səthi fnkirləri ilə razılaşmadığımı bildirmişdim. Onun elmi mülahizələri mənə nədənsə çox adi, kasıb və elmi dildə desək, primitiv görünürdü. Bəzi yerlərdə onun ciddi elmi və metodoloji səhvlər buraxdığını da mən qeyd etmədən keçinə bilməmişdim. O mənim ərim idi, ancaq o, eyni zamanda alim sayılırdı. Mən onun üstündən sükutla keçə bilməzdim. Əsla keçə bilməzdim! Bunları — öz nöqsanlarını mənim dilimdən eşitmək isə ona ağır gəlirdi, çox ağır!

Bu gün mənim ürəyimdə qəribə hisslər var idi. Bu gün mənim otuz doqquz yaşım tamam olurdu. Ötən illər Salman özü qabağa düşər, hazırlıq görərdi. Anadan olduğum gün yerindən duran kimi əvvəlcə gözlərimdən öpərdi — heç nə deməmiş. Sonra təbrik edərdi. Axşam da süfrəmiz açılardı, yaxud Ceyhunu da götürüb «Drujba» və ya «İnturistə» gedər, yeyib-içər, istirahət edərdik.

Bu gün isə... bu gün isə Salmandan səs çıxmırdı. O, elə bil məni ev dəftərindən silmiş, nəinki anadan olduğum günü, hətta özümü də unutmuşdu.

Xoşagəlməz, daş kimi ağır bir hiss ürəyimi əzirdi. Günortaya yaxın geyinib, heç nə demədən həyətə düşdü, maşını qarajdan çıxarıb minərək harasa getdi. Mən evdə öz dərdlərimlə tək qaldım. Evə sığışmırdım. Hövlümdən tez-tez balkona çıxır, orada da qərar tuta bilməyib otağa girirdim. Nədənsə yadıma tez-tez Gülmirə düşürdü. Görəsən, o neyləyir? Axı o da tək qalıb. Ona mən heç şeydə kömək eləyə bilmədim. Təsəlli verə bilmədim. Çünki utanacağından qorxdum. Qoy elə bilsin ki, onun başına gələni heç kəs bilmir. Yoxsa əzilər, sıxılar.

Mənə nədənsə elə gəlirdi ki, ona «yazıq» deməklə özümə də «yazıq» deyirəm. Bəli, mən özüm də yazığam.

Saat beşəcən gözlədim, Salman evə qayıtmadı. Ceyhun da sinif yoldaşları ilə dərsdən sonra harasa gedəcəkdi, o da gec gələcəkdi.

Makintojumu geyindim. Əsəbi hərəkətlə qapını bağlayıb özümü küçəyə saldım. Hava küləksiz idisə də soyuqdu.

Əvvəlcə fikrim şəhərə enmək, elə-belə, şəhərin küçələrində asta-asta gəzmək, havamı dəyişmək, ürəyimdəki ağır sıxıntıların əlindən xilas olmaq idi. Sonra yadıma atam, Sədəf və Rəhim düşdü. Dərdlərim bir az da çoxaldı. Axı, onlar məndən niyə üz döndəriblər? Mən nə günahın yiyəsiyəm, axı? Ata da, bacı da adamdan üz döndərərmi?! Gəlmirlər, getmirlər. Bəlkə ölmüşəm, bəlkə başıma bir müsibət gəlib?

Gedəcəyəm. Onlara gedəcəyəm — qərara gəldim. İyirmi dəqiqə sonra Sədəfgilin həyətində idim. Həyət-bacada səssizlik idi. Səliqəli əl gəzdiyini hər addımbaşı hiss eləmək olardı. Söyüd yarpaqlarını çoxdan töküb çılpaq qalmışdı. Divarın dibindəki hinin qabağında üç-dörd toyuq, bir qırmızıpipik xoruz eşələnirdi.

Lələmin səliqəsidir,— düşünürdüm.

Evdən işıq gəlirdi. Otaqlarının günbatan tərəfə tək pəncərəsi olduğu üçün hava azca tutulan kimi işığı yandırırdılar. Qapının böyründəki pəncərədən isə çardağın altında olduğuna görə evə işıq düşməzdi. Pəncərənin ağzında dayandım. İçəri baxdım. Yerə süfrə salınmışdı. Lələm, Sədəf və Rəhim dövrə vurub oturmuşdular. Sədəfin böyründə qəfədan qoyulmuşdu. Qapını döyməmiş içəri girdim. Üçü də əl saxlayıb mənə baxdılar.

Sədəf mənim gözlənilməz gəlişimdən necə sevindisə, özünü itirdi və tez ayağa durub anasının gəlişini uzun müddət gözləmiş uşaqsayağı qabağıma qaçdı:

– Xoş gəlmisən, ay bacı!— Məni qucaqlayıb öpdü.— Qədəmlərinə qurban olum, səndən nə əcəb, ay bacı?

Sədəf məni elə sevinc və hərarətlə qarşıladı ki, ürəyimdə olan bütün niskillər, giley-güzarlar yox olub getdi. «Bunlar elə həmin adamlardı», — deyə ürəyimdən keçirə-keçirə irəli yeriyib lələmə əl verdim əyilib üzündən öpdüm, Rəhimin mənə sarı uzanan əlini sıxdım.

– Otur, bala!— Lələm loxmasını udub mənə süfrə başında yer göstərdi.

– Necəsiniz?— dedim.

– Biz yaxşıyıq, bacı, — Sədəf dərhal cavab verdi. — Sən yaxşı ol!

Süfrəyə baxdım — pendir, çörək, şirin çay var idi.

Rəhimin qabağındakı yastı boşqabda əriştə qızartması gözümə dəydi.

– Siz çörəyinizi yeyin, — dedim, — mən bu saat yeyib gəlmişəm.

– Otur, sən allah, haçandı bir süfrədə çörək yeməmişik səninlə,

– deyə Sədəf əlimdən tutub süfrənin böyrünə çəkdi. Tavada qalmış əriştəni mənim üçün töküb qabağıma qoydu.

Mən yedim. Elə də ləzzətlə yedim ki, çoxdan belə iştahla yediyim yadıma gəlmirdi.

Mən elə bil, tamam ayrı dünyaya düşmüşdüm. O yandan-bu yandan söhbət elədik. Dolanışıqları, iş-gücləri ilə maraqlandım. Yaxşı idilər. Lələm İçərişəhərdəki ikiminarəli məscidin yanındakı mağazanın gecələr keşiyini çəkirdi. Sədəf on üç nömrəli məktəbdə xidmətçi idi, Rəhim də həm oxuyur, həm də işləyirdi.

Lələmgildə elədiyimiz söhbətlərin hamısını buraya köçürməyi, təfərrüata varmağı lüzumsuz sayıram. Ona görə də bir nöqtəni qeyd etməklə kifayətlənəcəyəm. Çünki lələmin dediyi o sözü mən heç vaxt unuda bilməyəcəyəm, unudulası sözlər də deyil!

– Səndən nə əcəb, qızım? — deyə lələm soruşanda məni evdən çıxıb qaçmağa məcbur eləyən o ağır düşüncələr və dərdlər yenidən yadıma düşdü. Əhvalım dəyişdi, əsəblərim gərildi. Ərköyün uşaq kimi:

– Gəldim ki, məni anadan olduğum gün münasibətilə təbrik eləyəsiniz, — dedim;

– A, a...! — deyə Sədəf əlini dodağına aparıb təəccübləndi və gah lələmin, gah da Rəhimin üzünə baxdı.— Görürsən bir, sən allah, necə yadımızdan çıxıb?!.

– Tək anadan olduğum gün yox, mən özüm də sizin yadınızdan çıxmışam, çoxdan çıxmışam,— dedim və dərhal hiss elədim ki, dilimdən ağır söz qaçırdım. Ortalığa ani sükut çökdü. Lələm əlini gümüşü bığına çəkib:

– Sən bizi yaddan çıxaran kimi,— dedi.

Onun bu sözləri məni qəfil şillə kimi tutdu, hətta qızardığımı da hiss elədim. Üz-gözüm od içində yanmağa başladı. Lələmin adəti idi, sözü başladımı — axıra çatdırmalı idi. O, sözləri, səni öldürəsi olsaydı da, axıra çatdırmalı, ürəyini boşaltmalı idi.

– Siz elə bilirsiniz mən xoşbəxtəm?

– Mən səni başa düşürəm, qızım. Sənin heç nə deməyin lazım deyil. Mən yaxşı bilirəm ki, sən qızıl qəfəsdə yaşayan bülbülə oxşayırsan, bala!

İndi, otuz doqquz yaşım tamam olan gecə, saat üçdə otağımda oturub bu sətirləri yazdığım dəmdə lələmin bu sözləri qulağımda cingildəyir və dönüb öz-özümdən heyrətlə xəbər alıram:

«Qızıl qəfəsdə yaşayan bülbülə?»

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, birinci fəsil

Bağışlanandan bir neçə dəqiqə sonra Yusifin gözlənilməz ölümü evdə dəhşətli, soyuq, tükürpədən bir boşluq əmələ gətirmişdi. Elə bir boşluq və mənasızlıq ki, adamın canına üşütmə salırdı. Bundan belə həyatın davam edə biləcəyinə şübhə doğururdu. Sanki bu üç nəfər dərdli insanı dünyada maraqlandıracaq heç nə, heç şey qalmamışdı. Hamısı Yusifin ağ kəfəni içərisində qara torpaqlar altında gömülmüşdü.Günlər, həftələr ötüb keçdikcə Yusifin qəbri köhnəlir, çökürdü; ancaq Elməddinin düzəltdiyi başdaşı qəbiristanlığa gələnləri hüznlə ayaq saxlamağa məcbur edirdi. Doğrudan da Yusifin dərdi adam qocaldan dərd idi: bunu ana da, qardaş da, Əfsanə də dərindəndərinə duyur, anlayırdı və anlaya-anlaya saatbasaat, günbəgün qocalırdılar.

7 dəq
İkinci hissə, ikinci fəsil

Ağ dağın başında ötən ildən qalan xarlanmış, qurdlamış qarın üstünə təzə qar yağmışdı, amma ətəklərində yerləşən kəndlərdə, obalarda qızıl payız hökmranlıq eləyirdi. Gündüz havalar mülayim keçsə də, gün əyiləndən sonra soyuyur, gecələr səkilərdə, damlarda yatan adamlar üstlərinə yorğan örtürdülər. Payızın soyuq nəfəsi ağacların saçına daraq çəkmişdi. Qış addım-addım dağların zirvəsindən sürüşüb aşağı enirdi.Sarsıntılı anlar, günlər, dəqiqələr arxada qalmışdı.

5 dəq
İkinci hissə, üçüncü fəsil

Payızın son günü idi. Duman dağlardan üzüaşağı sallanır, Ədnanın üstünü alırdı. Havadan yağış qoxusu gəlirdi, ara-sıra haralardasa göy guruldayır, uzaqlarda qızılı şimşəklər bulud laylarını yarıb göyləri titrədirdi. Amma güclü yağış əvəzinə çiskin başladı. Sanki payız ömrünün son dəqiqələrini yaşayan qoca kimi ağlayırdı; ürəkdolusu ağlamaq üçün göz yaşı qalmamış qoca kimi...Səbihə əkin yerindən, bağ-bağçadan yığdığı ələf-əncəri islanmasın deyə çardağın altına yığa-yığa Elməddinin o günkü qəti cavabı barədə düşünürdü: «Gedəcəyəm». O, oğlunun xasiyyətini hər kəsdən daha yaxşı bilirdi: ağlına bir şey düşməsin, düşdümü, onu yerinə yetirməyincə rahat olan deyildi. İnadkarlıq, sözündən dönməzlik onun uşaqlıqdan canına-qanına hopmuşdu.

5 dəq
İkinci hissə, dördüncü fəsil

Çarə tapılmışdı. İndi Elməddini buralarda saxlamaq üçün yalvarıb-yaxarmaq, əl-ayağına düşmək lazım deyildi. Sadəcə olaraq onu evləndirmək gərəkdi. Səbihə yaxşı bilirdi ki, kişilər (hər halda böyük əksəriyyəti) arvadcanlı olur. Elməddin də artıq kişilik həddinə çatmış bir cavandı. Şübhəsiz, onun da belə bir fikri olmamış deyildi. Bundan əlavə, o gün Həzrətgül gedəndən sonra dəsmalının yadından çıxıb qaldığını bəhanə edərək geri qayıdan Nazənin Səbihə arvadın qulağına pıçıldamışdı: «Sənin deyəsən əsl mətləbdən xəbərin yoxdu, xala».«Nə mətləb, qız?»—deyə Səbihə maraqla soruşanda Nazənin qayıdıb cavab vermişdi ki, «hələ Yusif rəhmətlikdəi qabaq Əfsanəni Elməddin istəyirdi. Uşaq açıb-ağartmağa imkan tapmadı, Yusif qabağa düşdü, qızı aldı. Daha bu yazıq da səsini çıxara bilmədi. Bildin, məsələ belə olub. İndi... hazır gəlindi, oturub evində. Uşağın əl-ayağını bir yerə yığ, qoy yaşasınlar... Əfsanə də onu istəyirdi. Hətta siz elçiliyə gələndə biçarə elə bilmişdi ki, onu Elməddin üçün alırsınız».

5 dəq

Başqa şairlərin şeirləri