Səhifə 2 / 3 · 33%

– Çox sağ ol, Regina xanım—deyə Ceyhun gözlərini bayaq, qar içində öpdüyü o qəşəng dodaqlardan çəkməyərək cavab verdi və Regina onun baxışlarını tutub:

– Amma yaman cəsarətlisən ha! — dedi. — Tanınmazabilməzə, icazəsiz-filansız məni öpdün. Mənim cəsarətli oğlanlardan xoşum gəlir. Cəsarət kişinin yaraşığıdır, zəiflik və zəriflik qadının, — o susub nəsə fikirləşdikdən sonra: — O! Centlmenlər, görürəm siz qonaqpərvər adamlara oxşamırsınız. Bu saat mən sizin üçün bir şey təşkil eləyim, — dedi və ayağa durub bufetə sarı getdi. Alt gözündən bir şüşə konyak, üstdən isə üç piyalə çıxarıb stolun üstünə düzdü. Oğlanlar mat-mat bir-birinə baxıb gülümsündülər. Regina özünü ev sahibəsi kimi aparırdı.

– Siz təəccüb eləməyin. Mən burada hər şeyin yerini bilirəm, yəqin yaxşı suvenirlər gətirəcək... Hə, di nə durmusunuz?

– Hə, — dedi Samir — hər şey onundu burda hələ tamam köçməyib.

– Doğrudan? Birdən gəlsə? — təşvişlə soruşdu.

– Gəlməz! — dedi Ceyhun, — Hindistandadı.

– Oho! Haçan gələcək?

– Beş aydan sonra...

– Hm... — Regina qımışdı — Onda Suleymançikə baş çəkərəm, yəqin yaxşı suvenirlər gətirəcək... Hə, di nə durmusunuz? Yaxın gəlin. Bir az canımızı qızdıraq, hayıf, zakuskamız yoxdur... «Zakuska» sözünu eşidən kimi Samir elə bil ayıldı.

– Mən... bu saat bir şey təşkil edərəm. Siz oturun, mən gəlirəm — deyib tələsik çıxdı. Evləri beşinci mərtəbədə idi. Anası Əhmədlidə ərdə olan bacısının yanına getmişdi — Nərgiz təzə ana olmuşdu. Kömək eləmək lazım idi. Samir üçün kotlet, dolma bişirib soyuducuya qoymuşdu.

Samir çıxan kimi Regina konyakı Ceyhunun qabağına qoydu:

– Malış, aç bunu – dedi. — O gəlincə boğazımızı yaşlayaq. Səndən yaman xoşum gəlir mənim, Cek. Neçə yaşın var? Ceyhun piyalələrə konyak süzə-süzə:

– On doqquzun içindəyəm,—dedi.

– Hə, yaxşı vaxtındı... Mən səndən düz on yaş böyüyəm.

– Demək, sənin iyirmi doqquz yaşın var?

– Hə. Götür içək. Sənin sağlığına, Cek.

Ceyhun piyaləni götürdü:

– Sənin sağlığına, Regina xanım!..

Piyalələr bir dəfə «cirink» elədi və boşaldı. Ceyhun ağzına bir şey atmaq üçün stolun üstünə baxdı, heç nə tapmayıb dodaqlarını büzüşdürdü. Regina isə ona nəzər salıb gülə-gülə:

– Zakuska axtarırsan? — deyə soruşdu.

– Heç nə yoxdu.

– Gəl bura, mən sənə zakuska verim — dedi. Ceyhun heç nə başa düşməyərək onun lap yanına gəldi. Regina piyaləni stolun üstünə qoyub:

– Konyakın ən yaxşı zakuskası gözəl qadın dodağından alınmış busədir, Malış. Bunu yadında saxla, gəl məni öp!

Ceyhun çaşdı, mütiləşdi, bu zaman Regina qolunu onun boynuna salıb dodaqlarını Ceyhunun dodaqlarına yapışdırdı və Ceyhun, bədənini gəzib dolaşan giziltini hiss edə-edə onu ehtirasla öpdü... öpdü... Əllərini incə belinə dolamışdı, xırda döşləri sinəsinə dirənmişdi.

– Yavaş, ay görməmiş! — deyə Regina onu özündən kənara itələmək istədi, ancaq Ceyhun onun belini buraxmır, üzünü, boğazını öpüşlərə qərq edirdi. Nə isə xoş söz demək istəyirdi, amma söz tapa bilmirdi. Həyatında ilk dəfəydi bu. Tanış qızları olmuşdu — lap səkkizinci sinifdə oxuyandan. Xüsusilə bəstəkar Baharlının qızı ilə xeyli — qəzaya uğrayanacan gəzib-dolaşmışdı. Onu öpmüşdü də. Ancaq o öpüşlərdən belə şirin həzz almamışdı. Uşaq idimi, ya nəydi, bilmirdi. Bu qadın isə onun bütün varlığını oynatmışdı — sırtıq idi, açıq-saçıq danışırdı, hərəkətlərində sərbəst idi, utanmırdı - bütün bunları Ceyhun başa düşürdü. Amma indi bunların heç birinin ona dəxli yox idi. Ceyhunun sifəti qızarmışdı. Gözləri ehtiras oduyla yanırdı. Qadın onun sifətini iki xırda əlləri arasına alıb xumarlanmış gözlərinin içinə baxır, təzədən sinəsinə sıxırdı.

Ceyhunun bir gözü qapıdaydı. Qorxurdu ki, indicə Samir gələcək. Nə düşündüsə Reginanın qolları arasından çıxdı, qapı ağzında, kətilin üstəki telefona sarı cumdu, tələsik kiminsə nömrəsini yığdı və ikicə kəlmə söz dedi:

– Hələ gəlmə!.. — Sonra piyalələrə konyak süzdü, birini Reginaya verdi, o birini özü götürdü.

– İçək! — dedi.

Regina güldü:

– Deyəsən zakuska xoşuna gəldi, hə?

– Hə.

İçdilər, yenə qucaqlaşdılar. Reginanın gözləri axırdı. Ayaq üstə dayanmağa bədənində taqəti qalmadığından divana tərəf getdi və oturdu. Ceyhun yanında əyləşdi. Regina titrək əlilə Ceyhunun cod saçlarını sığallaya-sığallaya:

– Mən birinciyəm? — deyə soruşanda Ceyhun gözlərini döydü, sualın mənasını başa düşmədi. Regina ərklə acıqlandı:

– Nə gözlərini döyürsən? Deyirəm yəni mən sənin həyatında ilk qadınam?

Ceyhun başını tərpətdi. Onda Regina onu təzədən köksünə sıxıb:

– Sən mənimsən, Malış! — dedi. — Sən mənimsən...

Və başını xal-xal pələng dərisinin üstünə qoyub gözünü yumdu...

...Divanda yanaşı uzanmışdılar. Regina xırda əlini Ceyhunun təzə-təzə tük gəlməyə başlayan sinəsində ehmal-ehmal gəzdirir, Ceyhun isə, yeni, indiyə qədər görmədiyi, hiss eləmədiyi sehrli bir aləmə düşmüş kimi, xumarlanırdı. Elə bil yarım saatın içində onu dəyişdirmişdilər — o, artıq özünü kişi sayırdı və bu bircə «kişi» sözündən sinəsi qürur hissilə qabarırdı: uşaqlıq dünyasından ayrılmağı, kişilik aləminə qədəm qoymağı qəlbində qəribə kövrək duyğular doğururdu. Bu hadisə beş gün qabaq da ola bilərdi. Beş il sonra da. Çox güman ki, onda da bu hisslər ürəyində baş qaldıra bilərdi.

– Yaxşıyam? — deyə Regina bic-bic gülümsündü.

– Hə, — dedi Ceyhun. — Çox yaxşısan...

– Bu gün sənin ömrün boyu yadından çıxmayacaq, Malış. Qocalacaqsan, saçın-saqqalın ağaracaq, ancaq bu xatirə heç vaxt yadından çıxmayacaq.

Ceyhun onun nə qədər doğru-yalan dediyini dərk edəsi halda deyildi. Lakin təkcə bunu bilirdi ki, bu gün o yeni bir dünyanın qapısını açıb içəri girib və daha geriyə yol yoxdur. Aldığı ləzzəti isə on doqquz illik ömründə heç bir şeylə müqayisə eləyə bilmirdi — yox idi elə bir şey. Ceyhunun ürəyini ayrı bir duyğu sıxırdı indi — Regina bir azdan çıxıb gedəcək, hara— bilmir. Yaxud indi Samir gələcək və yəqin ki, o da Regina ilə yatmaq istəyəcək. Yox, yox, Ceyhun qoymaz. Qoymayacaq. Amma axı Regina əvvəl də bura gəlib-gedib — Süleymanın yanına. Görəsən Süleyman da Regina ilə bir yastığa baş qoyub, ya elə sadəcə soyundurub qarşısında oturdub, şəklini çəkib, sonra pulunu verib yola salıb? Nə bilmək olar... Soruşmağa isə utanırdı. Tamam başqa sual verdi:

– Sənin ərin var?

Regina gülümsündü:

– İstəyirsən olsun, ya olmasın?

– Nə bilim...

—Yoxdur, Malış. Var idi, getdi. Sara ilə — qızımla məni tək qoyub getdi. İndi heç bilmirəm hardadı.

– Niyə getdi o?

– Onda bilmirdim səbəbini. Amma indi bilirəm. Gündə dava eləyirdim mənim üçün sırğa al, mirvari al, dublyonka al, nə bilim nə al, nə al. Onun isə pulu çatmırdı, yeməyimizi ancaq görürdü maaşı. Axırı başa götürüb getdi.

– Bəs bu sırğanı, bu mirvarini, o dublyonkanı sənə kim alıb? — deyə Ceyhun Reginanın ağ boynuna dolanmış mirvari boyunbağının dənələrini oynatdı. — Bunları sənə kim alıb?

Regina fikrə getdi, elə bil Ceyhun sayan şeylərin kim tərəfindən adındığını xatırlamağa çalışırdı.

Az sonra qısaca cavab verdi:

– Özüm...

– Özün?

– Hə, — sonra yenə nə fikirləşdisə, qayğılı-qayğılı dedi: — Əslində çox adam alıb, Malış. Hamısının adını saymaq mümkün deyil. Məsələn, dublyonkanın bir qolunun pulunu deyək, bax o divardan bizə baxan rəssam Süleymançik verib, o biri - qolunun pulunu isə... sənin və mənim tanımadığım beş-altı kişi verib... Belə-belə yığılıb olub dublyonka. Amma bu dəhşətli deyil. Cek. Ən dəhşətli iş bilirsən nədi? Yox? O pulları üst-üstə yığıb saxlamaqdı, Malış. İndi pul saxlamaqdan dəhşətli şey yoxdur, Malış!

Ceyhun Süleymanın adını eişdəndə dönüb divara baxdı. Süleymanın öz əliylə çəkdiyi və «Avtoportret» adlandırdığı şəkil idi: zərli çərçivənin içindən xoşsimalı, ağsaçlı, iti, mehriban baxışlı, üzündə xoş təbəssüm olan bir kişi onlara tamaşa edirdi. Ceyhun Süleyman kişini çox görmüşdü. O, oğlanın nəzərində əsərləri dünyanı gəzən sərgi salonlarından səsi-sorağı gələn böyük bir şəxsiyyət idi. Sadəydi, geyiminə, üst-başına fikir verən deyildi. Emalatxanasında işləyəndə böyük rəssamdan çox, adi bir fəhləyə oxşayırdı. Süleymanın arvadı, Samirin anası Ceyhunun indiyə qədər gördüyü bütün qadınlardan gözəl idi. Ağappaq sifəti, işıqlı gözləri vardı, boyu-buxununa söz ola bilməzdi; Samirlə yanaşı duranda heç kimin ağlına belə gəlməzdi ki, onlar ana-baladı. Süleymanla qoşa gəzəndə, toya-məclisə gedəndə isə elə bilirdilər ki, Mələk onun arvadı yox, qızıdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, birinci fəsil

Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»

16 dəq
İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 dəq
İkinci hissə, üçüncü fəsil

Gün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:

15 dəq
İkinci hissə, dördüncü fəsil

İclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.

28 dəq

Başqa şairlərin şeirləri