Səhifə 1 / 4

İclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.

Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.

Nədənsə ona elə gəlirdi ki, oturanların hamısı maraqlı bir tamaşanın iştirakçılarıdı, hərəsi, səhnəyə çıxmazdan qabaq əzbərlədiyi sözləri yenidən təkrar eləyir ürəyində və nə üçünsə orda, yuxarıda, tribunada çaşacaqlarından qorxur.

Nəzər özünü yeganə tamaşaçı sayırdı və bunu da düşünürdü ki, o da bircə bu günlükdür, əgər Süleymanın niyyəti baş tutsa, sabahdan, birisi gündən o da bu tamaşanın bir iştirakçısına dönəcək.

Bu rabitəsiz, qatmaqarışıq sualları beynində dolandıra-dolandıra o, gözlərini Süleymandan çəkmirdi. Süleyman qırmızı örtüklü mizin arxasında ayaq üstə dayanmışdı, adamların yerbəyer olub rahatlanmağını gözləyirdi, baxışlarını salonda dolandırırdı, elə bil, kimisə axtarırdı. Nəzər üçün çox maraqlı idi; onu indi nə burada müzakirə olunacaq məsələlər, nə özünün necə təqdim olunacağı, nə də büro üzvlərinin bu işə necə baxacağı düşündürürdü. Cismən burdaydı, amma fikrən iki saat əvvəl köşkdə üzbəüz oturduğu, söhbət elədiyi Süleymanın yanında idi. Qırmızı örtüklü mizin arxasında ayaq üstə dayanmış Süleymanın özünü görürdü, səsini eşidirdi, ancaq dediklərindən heç nə başa düşmürdü, hələ də bayaqkı söhbəti-görüşü götür-qoy eləyirdi. Süleymanla olan danışığı, maqnitofon lentinə yazılmış kimi, geri hərləyib təzədən qulaq asırdı.

Nəzərin aləmində vacib bir cəhət var idi ⎯ o, insanlıq idi. Kişi heç cür başa düşə bilmirdi ki, bayaq, ikisi qabaq-qənşər oturanda, Nəzər İmranın vəfatından yana-yana danışmaq istəyəndə o, niyə soyuqluq göstərmişdi, heç kövrəlməmişdi də. Kənar ⎯ yad bir adamdan danışırlarmış kimi, tezcənə sözü dəyişməyi nə demək idi? Halbuki, Nəzər gözləmişdi ki, dəfn mərasimində, camaatın yanında bəlkə də özünü ağlamaqdan zorla saxlayan, bunu şəninə, vəzifəsinə sığışdırmayan oğul, başqa kimsənin olmadığı o köşkdə, İmranı çox yaxşı tanıyan Nəzərin yanında açılmalıydı, kövrəlməliydi, lap ağlamalıydı da. Ancaq Süleyman belə eləməmişdi. O, üstəlik, məktəb illərinin xoş, unudulmaz çağlarını da yada salmamışdı. Yox, bunu Nəzər heç cür anlaya, sinirə bilmirdi. Nəzər bunu da heç yerə yoza bilmirdi ki, Süleyman, öz müəlliminin ailəsi, uşaqları barədə heç nə xəbər almamışdı. Axı o, yaxşı bilməliydi ki, Nəzər ona dərs deyəndə evliydi, uşaqları var idi. Bəs niyə ağzına su alıb susmuşdu Süleyman?

Sonra… Süleymanın büro üzvləri barədə dediyi, «mən deyəndən sonra ağızları nədi, etiraz eləsinlər?» sözləri Nəzərin qulaqlarında səslənirdi. Bunu deyən həqiqətən Süleyman idi? Bu sözlərdə böyük bir hökmranlıq, mənəmlik, xudpəsəndlik gizlənmirdimi? Nəzər bayaqdan buna cavab axtarırdı və indi büronun lap başlanğıcında gözü Süleymana sataşanda başa düşdü ki, bu sualın cavabı burdadı, bu iclasdadı. «Yaxşı-yaxşı bax, qulaq as, gör kim nə deyir, kim necədi?»

Nəzər diqqətini cəmləyib yenicə qulaq asmağa başlamışdı ki, salonun qapısı açıldı, ucaboylu, mütənasib bədənli, cücə-gözü parçadan tikilmiş don geymiş, otuz beş-otuz altı yaşlı qəşəng bir qadın yel kimi içəri təpildi və ucadan:

⎯ Hanı yoldaş Həmidov? Hanı? ⎯ deyə-deyə oturacaqların arasıyla irəli, rəyasət heyətinə sarı addımladı və stol arxasındakı adamlara göz gəzdirib: ⎯ Hansınızdı yoldaş Həmidov? ⎯ deyə xəbər aldı. Qadın çox həyəcanlıydı, oturanların çoxusu üzünü, gözlərini görməsə də, səsindən bilinirdi ki, ağlayır. Süleyman da salondakılar kimi, bu gözlənilməz gəlişdən çaşmışdı, heyrətlənmişdi. Katib, qarşısında dayanan qadının iri, qara gözlərindən axan yaşı gördükdə nəsə bədbəxt bir hadisənin baş verdiyini yəqin edib təşvişlə:

⎯ Sən kimsən, qız? ⎯ dedi. ⎯ Nə olub?

Qadın axtardığını tapmış adam kimi toxtadı, özünü ələ almağa çalışdı və geri dönüb əyləşmiş adamların içində kimisə baxışlarıyla aradı. Bu zaman Süleymanın böyründə oturmuş Hilal Hüseynov katibə o qadın haqda nəsə pıçıldadı, ancaq Süleyman eşidə bilmədi, təkrar soruşmağa isə qadın imkan vermədi: o, ağlar səslə söylədi:

⎯ Məni bax o canavarın əlindən alın, yoldaş Həmidov, ⎯ deyə barmağı ilə milis idarəsinin rəisi Ağayevi göstərdi, ⎯ alın onun əlindən məni. Yoxsa, bax, bu irəykomun binasının içində üstümə benzin töküb özümü yandıracağam, qanımı tökəcəyəm üstünüzə!

Ağayevin rəngi ağappaq ağarmışdı ⎯ o boyda azman bədən büzüşüb sudan çıxarılmış cücəyə dönmüşdü. Qadının işarəsindən sonra hamının nəzəri ona dikilmişdi, baxışlar onu daha çox sıxıb əzirdi. Süleyman Ağayevi təəccübdən böyümüş gözlərilə ötəri süzüb qadına sarı döndü:

⎯ Sakit ol, qız. De görək nə olub?

Qadın duruxdu:

⎯ Elə burda?

⎯ Hə, elə burda. Bax, bu adamların arasında. Danış görək nə olubdur?

Qadın yenə tərəddüdlə:

⎯ İki dəfə yanınıza gəlmişəm, yoldaş Həmidov. Ancaq sizi tapa bilməmişəm, ⎯ dedi. ⎯ İndi məcbur oldum, bura ⎯ sizin iclasa gəldim. Üzr istəyirəm…

⎯ Eybi yoxdu. Mən əvvəldən demişəm. Kim məni harda tutdu, orda da dərdini, şikayətini deyə bilər!

Süleyman bunları deyəndə Nəzər müəllimə baxdı. Yaxşı ki, o, Ağayevə zilləmişdi baxışlarını. Ancaq əslində Nəzər Süleymanın indi dediklərini eşidən kimi, bayaq köşkdəki söhbəti xatırlamışdı: «Mən burda heç kəsi qəbul eləmirəm!» Amma indi ayrı şey deyirdi Süleyman. «Demək, söz hədəfə dəyib, demək, Süleyman nəticə çıxardıb; yaxşıdı, çox yaxşıdı. Bəs şikayətini deyə bilər» sözləri? Burda oturanlar düşünməzdilərmi ki, haçan, kimin yanında demisən bu sözləri, ay yoldaş Həmidov? Yox, heç kəs deməz, deyə bilməz. Süleyman da içində, ürəyində elə buna arxayın idi.

⎯ Mənim adım Gülbadamdı, yoldaş Həmidov, deyə, nəhayət, əlindəki balaca yaylıqla gözlərinin yaşını silən qadın danışdı. ⎯ Tək, ərsiz bir qadınam, bir körpə qızım var. Ərim vəfat eləyib. Özüm də körpünün qırağındakı balaca mağazada işləyirəm. ⎯ Dayandı, fikirləşdi.

⎯ Hə, sonra? ⎯ Süleyman onu cürətləndirmək üçün söylədi. ⎯ Sonra?

⎯ Sonra da ki… Sonra da ki, bu Ağayev mənə göz verir, işıq vermir, yoldaş Həmidov. Mənə… üzr istəyirəm… pis-pis şeylər təklif eləyir… «Haçan gəlim, haçan gəlirsən?» Belə-belə sözlər. Axırı o gün oboxeses göndərib. Bir uşağa guya on qəpik «sdaç» əskik vermişəm. Onu da, inandığımız haqqı, xırdam olmuyub, oğlanın özünə də demişəm ki, on qəpik mənə sənə borclu, oğlum, gələn dəfə verərəm. Deyib, xala, eybi yoxdu. İnanmırsız, çağırın uşağı, soruşun. Əgər yalan deyirəmsə, qoy məni damlasınlar elə buradaca. İnanmırsız, bax, bu camaatdan bir-bir soruşun, görün mən indiyəcən kimin bir qara qəpiyini kəsmişəm, kimə beş-on qəpik əskik vermişəm. Bir kişi barmağını qaldırıb «mənə!» deyə bilməz. İndi, yoldaş Həmidov, bax bu Ağayev akt yazdırıb məndən, prokurora, nə bilim məhkəməyə verməklə hədələyir, on qəpiyin üstündə!.. Nədi, nədi, mən onun istəyinə əməl eləmirəm. Nə maaş alıram ki. Özümü, uşağımı güclə dolandırıram, mən indiyəcən oğurluq-əyrilik eləməmişəm. Amma pul aparsam gərək oğurluq eləyəm. Eləmək istəmirəm. Axır sözü bu olub ki, ya… yanıma gəlməlisən, ya da beş yüz gətirməlisən. Məni tək görüb, başsız görüb. ⎯ Bu son sözləri deyəndə Gülbadam təzədən kövrəldi, özünü saxlaya bilməyib hönkürdü. Süleyman tez qabağındakı qrafindən stəkana su tökdü, kimsə birinci cərgədən qalxıb ona suyu verdi və katibin işarəsiylə qolundan tutub çölə çıxardı. Araya dərin bir sükut çökdü. Adamlar az sonra bir-biriylə pıçıldaşmağa başladıqda, Süleyman hökmlü və qəzəb dolu səslə Ağayevə üzünü tutub:

⎯ Dur ayağa görüm! ⎯ dedi. Ağayev, adəti üzrə, pencəyinin aşağıdan yuxarı par-par parıldayan ikinci düyməsini koppuş barmaqları ilə sığallayırdı, duranda da əlini düymədən çəkmədi. İri qarnı qənşərində oturan prokurorun az qala peysərinə toxunacaqdı. İttihamını gözləyən cinayətkar kimi lal-dinməz katibin üzünə baxırdı. Əslində, dilli-dilavər adam olan Ağayev indi matı-qutu qurumuş kimi susurdu. Gülbadamın qəfildən içəri girib burda vay-şivən qoparacağını heç ağlına da gətirmədiyindən özünü yamanca itirmişdi, dinib-danışmağa söz də tapmırdı. Digər tərəfdən də indiyədək iki-üç katiblə işləsə də, hələ heç kəsin zəhmi onu belə basmamışdı; nədəndisə, elə ilk çağlardan Süleymandan çəkinmişdi, ehtiyat eləmişdi. Hətta bir dəfə bu barədə düşünəndə də ürəyindən keçirmişdi: «Allah özü məni bu Süleymanın qılıncından saxlasın!..» Və qəribə idi ki, iki ay bundan irəli o, katibi yuxusunda görmüşdü. Əli qılınclıydı yuxuda Süleyman. Özü də düz üstünə gəlirdi. «Vicdansız! Sənin paqonlarını açacağam, sənin piyli peysərini bax bu qılıncla vuracağam!» ⎯ deyirdi. Ağayev, tösmərək, ağır bədənli olmasına baxmayaraq elə sürətlə qaçırdı ki, elə bil yüz on kilo deyil – ürəyindən keçirmişdi: «Allah özü məni bu Süleymanın qılıncından saxlasın!..» Bütün bədəni tər içindəydi. Qışqırtısına ayılmışdı, handan-hana yuxu gördüyünü başa düşüb sevinmişdi. Və sonra heç kəsə, hətta qonşu çarpayıda yatan arvadına da bu yuxunu danışmamışdı. İndi katib «Dur ayağa görüm!» ⎯ deyəndə, taqətsiz halda qalxanda, ilk növbədə qorxu içində onun əlinə baxdı. Yox, katibin əlində qılınc yox idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, altıncı fəsil

Bu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü

21 dəq
Birinci hissə, yeddinci fəsil

Bikə xanım günorta evə gəlmişdi.– Nə olub, ay kişi? Görürəm, çox bikefsən, pərişansan neçə gündü. Dünyada pensiyaya çıxan elə bir sənsən? İtiyi itmiş adam kimi ora-bura çovuyursan. Şakir kimdi ki, sən onun sözüynən ərizə verirdin ki? Dəvədən böyük fil var. Mənə desəydin, qoymazdım səni ərizə yazasan, kişi.

30 dəq
Birinci hissə, səkkizinci fəsil

Bikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:⎯ Uşaqlar gəlib?

19 dəq
Birinci hissə, doqquzuncu fəsil

Güldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?

17 dəq

Başqa şairlərin şeirləri