İkinci hissə, beşinci fəsil
Nəzər müəllim o oktyabr gecəsi, taxta çarpayısının üstündə, ağ miçətkənin içində səhərəcən çimir belə eləməmişdi. Gec yatmışdılar; ər-arvad üzbəüz oturub xeyli dərdləşmişdilər, götür-qoy eləmişdilər, saat bir tamamda Bikə əsnəməkdən açılan ağzını əlilə örtüb:
⎯ Dur ta yat, ay kişi. Səhər tezdən qalxassan, ⎯ deyəndə, çəkilib hərəsi öz yerinə girmişdi. Nəzər tək qalandan sonra ilk dəqiqələrdə lap xoflanmışdı, ürəyinə yeni vəzifənin naməlum, dumanlı qorxusu axıb dolmuşdu. Muradın sözlərini xatırlamışdı. Ancaq, Muradın qəlbinə bələd olduğundan, bu qorxu tez keçib getmişdi, yerini bir qətiyyət, bir həvəs tutmuşdu. Nəzər fikrində, müəllimlik illərində vərdiş elədiyi kimi, planlar qurmuşdu, nədən, necə başlayacağını ölçüb-biçmişdi. Rayonu, onun adamlarını, təxminən beş barmağı kimi tanıyırdı. Kəndlərin, kolxozların, idarələrin vəziyyətini bilirdi. Kimin nə yuvanın quşu olduğundan da xəbərdar idi ⎯ özü şəxsən tanımadığı adamlar barədə də orda-burda, məclislərdə, toylarda, yaslarda danışılanları eşitmişdi. Bunlar ona kömək edəcəkdi, şübhəsiz. Fikir-xəyal qoynunda çırpındı, çırpındı, çimir elədimi, eləmədimi ⎯ düz-ağıllı bilmədi, ancaq səhər tezdən qızarmış gözlərini açıb sol qolundakı saata baxaraq düz səkkizin yarısı olduğunu görəndə uşaq kimi sevindi. Sevindi ki, beynindəmi, ürəyindəmi qurulmuş, az qala ömür boyu bir dəqiqə o yan-bu yan eləmədən ona sədaqətlə qulluq göstərmiş, ancaq son vaxtlar kökdən düşməyə başlamış o qəribə, gözəgörünməz elektron cihaz yenidən köklənib, yenidən öz işinə başlayıb. Yenə onu hər səhər düz səkkizin yarısında yuxudan oyadacaq, o, yenə qalxıb azacıq idman edəcək, yuyunub üzünü təraş edəcək, geyinib-keçinib evdən çıxacaq... Onda məktəbə gedirdi, indi rayon mərkəzinə gedəcək...
Quş kimi yerindən qalxdı. Bikə xanım adəti üzrə yenə ondan qabaq oyanmışdı, stolun üstə yemək-içmək gətirmişdi, ancaq özü işə getməmişdi. Yığım səngimişdi deyə daha adamlar lap gecə yarısı çölə çıxmırdılar, uşaqları bağçaya gətirənlərin də sayı azalmışdı. Ona görə Bikə də gec gedirdi işə. Həm də bu gün Bikə istəyirdi ki, ərini özü yola salsın. Nə isə bir fərəh doldurmuşdu içini. Çay-çörəklərini təzəcə yeyib qurtarmışdılar ki, darvazanın ağzında bir QAZ-69 dayandı. Səsə ikisi də boylandı. Bikə xanım ərinə üz tutub:
⎯ Xeyir ola? Maşının səsindən bilirəm ki, Tapdıq döyül, ⎯ dedi və qalxıb boylananda Nəzər sakitcə:
⎯ Mənim dalımca gəlib, ⎯ söylədi. ⎯ İdarənin maşınıdı.
⎯ Hə? ⎯ Bikə xanım sevindi. ⎯ Arifin maşınını sənə veriblər?
⎯ Hə.
⎯ Bə niyə səsini çıxartmırsan, ay kişi? Yoxsa… ⎯ o, zarafat eləmək istədi. ⎯ Yoxsa fors eləyirsən, hə?
⎯ Eh. Maşındı da. Dünən Arif minirdi, bu gün mən.
⎯ Yəqin sabah da başqası minəcək, eləmi?
⎯ Əlbəttə. Maşındı, vəzifədi ⎯ bunlar belə yaranıb, arvad.
Nəzər daha nə isə demək istəyirdi ki, darvaza cırıltı ilə açıldı və əsgər paltarı geymiş, arıq, şüvərək bir oğlan, çəkinə-çəkinə ayağının birini həyətə qoyub yoğun səslə dilləndi:
⎯ Salam. Nəzər müəllimin evi buradı? ⎯ Oğlanın səsi o qədər qalın idi ki, ikisi də təəccüb elədi: elə bil boğazı kafayınla deşilmişdi.
Nəzər qalxdı:
⎯ Hə, buradı. Düz gəlmisən, gəl.
Oğlan irəli gələ-gələ:
⎯ Soraqlaşa-soraqlaşa tapmışam, ⎯ dedi. Yaxınlaşandan sonra Nəzər də, Bikə xanım da oğlanın qarayanız sifətinə, nazik bığına, qonur gözlərinə diqqətlə baxdı, amma heç biri tanıya bilmədi. Bikənin yadına o uzaq axşam ⎯ Nəzərin əsgər paltarında qayıtdığı o axşam düşdü. Nəzərin də yaxasında neçə dənə hələ o vaxt Bikənin adını bilmədiyi orden-medal var idi, bu oğlanın da. Nəzər, ayağa qalxanda axsadığını hiss eləmişdi Bikə o vaxt. Bu oğlan isə şax, şəstlə yeriyirdi. Oğlanın sol yanağında çapıq var idi. Çapıq uzun idi ⎯ almacıq sümüyündən çənəsinə qədər şırım idi: yara yeri bitişmişdi, tikiş yerləri isə aydın görünürdü. Oğlan üzünü təmiz qırxmışdı, ancaq tük bitmədiyindən çapıq yeri qızarırdı.
⎯ Nəzər müəllim, gəlin tanış olaq. Mənim adım Teyyubdur. Sizin sürücünüzəm, ⎯ deyə oğlan çatan kimi, nədənsə çaşıb qalmış ər-arvada baxıb gülümsünə-gülümsünə əl verdi. Teyyubun bu sərbəstliyi, ərkyanalığı, əzilib-büzülməməsi Nəzərin də, Bikə xanımın da çox xoşuna gəldi. Qırışları açıldı.
⎯ Xoş gəlmisən, oğul, ⎯ dedi Nəzər. ⎯ Tanış ol, bu, bizim uşaqların anasıdı.
⎯ Mənim üçün isə müdir arvadı, ⎯ dedi Teyyub və güldü. «Müdir arvadı» sözünü Bikə eşidən kimi dodaqları qaçdı və yadına düşdü ki, o vaxt da, Nəzər məktəb direktoru olanda da arada-bərədə ona, kimi zarafatla, kimi kin-küdurətlə «direktor arvadı» deyərdi. Sonralar, Nəzər çıxarılandan, bu sözü ona deyən olmamışdı. ⎯ Maşallah, ay oğul, nə dilli-dilavər oğlansan! ⎯ dedi.
⎯ Kişi gərək elə belə də olsun, arvad. Qız təki utancaq oğlanlardan mənim zəhləm gedir, ⎯ Nəzər söylədi.
⎯ …
⎯ Kimlərdənsən, ay oğul? Hansı kənddənsən? ⎯ Bikə xəbər aldı.
Oğlan əlində maşının açarını fırlaya-fırlaya:
⎯ Elə rayonun özündənəm, xala, ⎯ dedi. ⎯ Hamamçı İbişin oğluyam.
⎯ Hamamçı İbiş? ⎯ Bikə gözlərini dolandırıb ərinə sual dolu bir baxış saldı, Nəzər də çiyinlərini çəkdi.
⎯ Tanımazsız, ⎯ dedi Teyyub. ⎯ Atam balaca adamdı.
Bikə xanım geri çəkilib Teyyub üçün bir stəkan çay süzdü.
⎯ Eşitmişəm, ⎯ Nəzər müəllim dilləndi. ⎯ Ancaq onun hamamında hələ çimməmişəm.
⎯ Çimərsiz inşallah, ⎯ Teyyub qımışdı. ⎯ Bir dəfə tapşıraram, yaxşı bir nömrə ayırar. Gedib çimərsiz.
⎯ Gəl, bir stəkan çay iç, ay oğul. ⎯ Bikə xanım stəkanı ona sarı sürüşürdü.
O:
⎯ Yox, sağ olun, mən çayımı bu vaxta qoymuram, ⎯ dedi. ⎯ Əşi, bir stəkan iç də. ⎯ Nəzər təkid etdi.
⎯ Yox, yox, içmişəm.
Nəzər onun geyim-keçiminə diqqətlə fikir verib:
⎯ Əzvayışından belə görürəm ki, əsgərlikdən lap təzə gəlibsən, Teyyub bala, hə? ⎯ xəbər aldı.
⎯ Elədi. On gündü gəlmişəm.
⎯ Belə de.
⎯ Siz hazırsız?
⎯ Çoxdan.
Teyyub dabanı üstə fırlanıb Bikə xanıma baş əydi və gülə-gülə:
⎯ Kişinizdən nigaran olmayın, ⎯ söylədi. ⎯ Etibarlı əllərdədi.
⎯ Sağ ol, ay oğul. Allah ömrünü uzun eləsin.
Onlar qapıdan çıxanda Bikə xanım stəkana dağ su töküb dallarınca çilədi və ürəyində: «Allah, sən özün peşimançılıq vermə, pis-pis gözlərdən uzaq elə bizi» ⎯ deyə pıçıldadı. Maşın darvaza qabağında toz qaldırıb uzaqlaşınca o, arxalarınca baxdı, baxdı…
Bikə geri dönəndə, elə darvazanın ağzında, çəpər dibində dayanmış qonşu arvadların xısın-xısın danışdığını qulağı aldı:
⎯ Bıy, kişini milis maşınında apardılar, ağız.
⎯ Milis maşını döyül, ay Xoşdan nənə.
⎯ Bə o uzun oğlanın paltarı niyə heylədi?
⎯ Əsgərdi o. Milis paltarı ayrı cür olur, ay arvad.
⎯ Nə bilim. Gözüm yaxşı seçmir ta. Bə hara apardılar Nəzəri?
⎯ Heç yerə. İşə gedir. Bə xəbərin yoxdu? Nəzəri nəzarətə sədr qoyuflar.
⎯ Hə? Belə de dayna. Olsun, olsun. Yaxçı adamdı Nəzər.
Bikə xanım kənddə kimsəyə bu barədə bir söz deməmişdi. Amma Süsənin dediyindən anladı ki, xəbər kəndə gəlib çatıb. «Xoş xəbər də, bəd xəbər də iti ayaqlı olur, xüsusən bu rayonda. Ən ucqar bir kənddə baş verən hadisə simsiz, teleqrafsız bir də görürsən hər yana yayılır» ⎯ deyə düşünən Bikə əri barədə Xoşdan nənədən şirin sözlər eşitdiyinə görə xoşhal oldu, içəri keçib işə getməyə hazırlaşdı. Bikə xanım bilmədi və bilə də bilməzdi ki, bu xəbəri elə gecə ikən kəndə Murad çatdırıb ⎯ bürodan sonra qanıqara halda evə dönən Murad, içəri girən kimi, arvad-uşağı dindirməmişdən qabaq Şakirə zəng çalıb, əhvalatı qardaşı oğluna söyləyib; Şakirin də qanı qaralıb. «Hə, indi Nəzər bizə göz verəcək, işıq verməyəcək. Nahaq onu yerindən tərpətdik, düşmən elədik, nahaq münasibətləri pozduq» ⎯ deyərək Şakir də öz növbəsində, elə həmən gecə Əsgərabad camaatının çoxu Nəzərin təzə vəzifəyə qoyulduğundan xəbərdar olub. Bikə bunları hardan biləydi. Təbii ki, Nəzər də xəbərsizdi və maşın taxta körpüyə çatanda Şakirin qırmızı «Jiquli»si ilə üz-üzə gələnəcən də xəbərsiz idi. Şakir maşını düz körpünün üstündə əylədi, qapını açıb irəli gəldi. Teyyub da keçə bilməyəcəyini başa düşüb əyləci basdı:
⎯ Bu kimdi, nə axmaq yerdə saxladı maşını? ⎯ deyə bu tanımadığı adama, bir də Nəzər müəllimə sarı döndü.
⎯ Məktəbin direktorudu, ⎯ Nəzər quruca söylədi və Şakirə diqqətlə baxdı. O, körpünün sağ tərəfiylə dişlərini ağarda-ağarda ona sarı gəlirdi. Nəzər hiss elədi ki, Şakirin nə isə deməli vacib bir sözü var ki, belə eləyir.
⎯ Sabahın xeyir, ay Nəzər müəllim, ⎯ deyə Şakir gümrah bir səslə lap maşının sağ qapısının yanına gəldi.
⎯ Salam… ⎯ Nəzərin səsində zərrəcə həlimlik, məhəbbət yox idi, söz taxta kimi, dəmir kimi quruydu, cansız idi, hissiz idi. Bunu Şakir də duydu, ancaq ötürdü.
⎯ Sizi təbrik eləyirəm, ay Nəzər müəllim. Eşitdim yeni vəzifəyə qoyublar sizi. O qədər sevinmişəm ki, fərəhimdən səhərəcən yata bilməmişəm, inanın. Dedim elə səhər-səhər sizi tutub təbrik…
⎯ Göz-başından görünür, yatmayıbsan səhərəcən, ⎯ Nəzər kinayə ilə cavab verdi. Şakir yenə özünü o yerə qoymadı:
⎯ Çox yaxşı vəzifədi, Nəzər müəllim.
⎯ Mən ömrüm boyu yaxşı vəzifədə olmuşam, Şakir.
Şakir döyükdü, nəsə xəbər almaq istədi, ancaq Nəzər macal vermədi:
⎯ Bilirəm, soruşmaq istəyirdin ki, hansı vəzifədə, hə?
Şakir yaltaqcasına irişdi:
⎯ Siz lap adamın ürəyini oxuyursuz ey, Nəzər müəllim… Hə, uşaqlarımın canına, elə onu demək istəyirdim.
⎯ Məni az qala qırx ildi tanıyırsan, Şakir. Amma hayıf ki, ürək oxumağımı indi başa düşübsən. Mən elə o vaxt, sən… ⎯ Nəzər istədi desin ki, «sən pambıq kisəsinə qarpız dolduranda…», ⎯ ürəkləri oxumağı bacarırdım, Şakir. O ki, qaldı vəzifə… hə, mən həmişə, şüurlu ömrüm boyu yaxşı vəzifədə olmuşam və o vəzifənin adı ⎯ müəllimlikdir, Şakir.
⎯ Hə, o mənada…
⎯ Hə, o mənada, Şakir. Gecə səhərəcən yatmadığına, ⎯ o, sözünə ara verib tələsik bir «Prima» yandırdı, ⎯ məni təbrik eləmək üçün əziyyət çəkib bura gəldiyinə görə sağ ol ⎯ dedi və bayaqdan bu söhbəti maraqla dinləyən Teyyuba sarı döndü:
⎯ Sür gedək, bala.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-besinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:⎯ Uşaqlar gəlib?
Birinci hissə, doqquzuncu fəsilGüldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?
Birinci hissə, onuncu fəsil…Güldanə axşama yaxşı toyuqplov bişirmişdi. Bostandan payızlıq pomidor yığmışdı, ləkdən göy-göyərti biçmişdi, talvardan iri, dolu qara üzüm salxımları kəsmişdi. Ətri uzaqdan adamı vuran Qızıl Əhmədi almalarını yuyub vazaya yığmışdı.Uşaqları ilə çöldən – kolxoz həyətindən bir yerdə gələn Tapdıq aynabənddə açılmış dəm-dəsgahlı stolu görəndə gülə-gülə soruşmuşdu:
Birinci hissə, on birinci fəsilBalacalaşmış, əriyib yumağa dönmüş, başında qırağı ağ haşiyəli araqçın, kətildə oturub çubuq çəkən İmran həyətdə hənirti eşidib çevrildi, sol əlini gözünün üstünə qaldırıb, fəhmlə gələn adama baxdı, tanıya bilməyib soruşdu:⎯ Süleyman, sənsən?