Səhifə 3 / 4 · 50%

⎯ Bu nağılları çox eşitmişik, Abbasov. Sən mənə de görüm, nə təhər olur, bax, elə sənin qonşun Səfər Səfərov ⎯ torpağınız bərabər, adamınız, texnikanız bərabər, ⎯ nə təhər olur o, gündəlik planı artıqlamasıyla doludur, mükafat da alır, sən isə… quyruqda sürünürsən, hə?

Abbasov daz başında dəsmalı gəzdirdi, nə isə demək istədi, ancaq, aydınca hiss olundu ki, sözünü uddu. Onun susduğunu görən Süleyman elə o cərgədə əyləşən Səfərə üzünü tutdu:

⎯ Bəlkə sən deyəsən bunun illətini?

Səfər himə bənd imiş kimi yerindən dik atıldı və:

⎯ Məncə, təşkil eləməkdən asılıdı, yoldaş Həmidov, ⎯ dedi.

⎯ Tamamilə düzdü. Təşkil eləmək. Bəli, kim ki, işini yaxşı təşkil eləyir, onun planları axsamır. Görünür, sən, yoldaş Abbasov, yaxşı təşkilatçı deyilsən, ona görə, iş görmək əvəzinə, adamları səfərbər etmək əvəzinə, başlayıb bizə nağıl danışırsan.

Abbasov udqundu:

⎯ Mən həqiqəti danışıram, yoldaş Həmidov.

Səfər katibin xoşuna gəlmək üçün Abbas Abbasovu əyri-əyri süzüb,

⎯ Sənin dediyindən elə çıxır ki, biz yalan danışırıq hörmətli Süleyman müəllimin hüzurunda? ⎯ dedikdə Abbas özünü saxlaya bilmədi:

⎯ Mən elə demirəm, Səfər. Mən demək istəyirəm ki, Həmidov yoldaşın dediyi kimi, bizim torpağımız bərabər deyil.

⎯ Necə bərabər deyil? Eyni qədər əkin sahəniz var, Abbas. ⎯ Süleyman qarşısındakı ayrı bir vərəqə baxıb dedi:

Abbas cavab verdi:

⎯ O kağıza nahaq baxırsız, yoldaş Həmidov. O kağızda bizim əkin yerlərimiz bərabərdi, düzdü. Həqiqətdə isə, Səfər min hektar da artıq yer əkib. Səfər onun hesabına gur-gur guruldayır. Mən isə… olanımı əkmişəm, olanımı da verirəm.

⎯ Siz nə danışırsız, Abbasov?

⎯ Mən olanı deyirəm, yoldaş Həmidov.

⎯ Bu düzdü, Səfər? ⎯ katib soruşdu.

⎯ Abbasdı da, yoldaş katib, sözdü də deyir, ⎯ deyə Səfər alt dodağını çeynədi, ancaq katibə baxıb qımışdı. ⎯ Onun köhnə adətidi, əli ətə çatmayanda, deyir çiydi. Biz on ildi, on beş ildi elə o qədər əkirik, yoldaş Həmidov. İnanmırsız, yoldaşlardan soruşun…

Süleyman baxındı, kimisə axtardı.

⎯ A Qurban, sən bir ağıllı adamsan, bunların dediklərini mən başa düşə bilmirəm, ⎯ dedi. ⎯ Sən nə deyə bilərsən bu barədə?

Qurban orta cərgədə oturmuşdu. Əlindəki qəzeti dörd büküb üzünü yelpikləyirdi. Katibin onun adını çəkdiyini görüncə qalxıb qəzeti oturacağa qoyaraq:

⎯ Süleyman müəllim, mənə elə gəlir ki, bu, çox ciddi məsələdir, onu burada, elə-belə, hazırlıqsız müzakirə eləməyinə dəyməz, ⎯ dedi. ⎯ Mən təklif eləyirəm ki, əgər razısınızsa, bunu yığım qurtarana saxlayaraq, bir neçə yoldaşdan ibarət mötəbər bir komissiya ayıraq, torpaqlarımızın dəqiq uçotunu aparsın, büroda sözünü desin. Yoldaşlar da çıxış eləsinlər. Əgər biz bunu vaxtında eləməsək, çoxumuz Mikayılın vəziyyətinə düşə bilərik, biabırçılıq olar. Əgər yadınızdadırsa, mən sizə demişəm ki, bizdə torpaq fondundan istifadə bərbad vəziyyətdədi və bunu vaxtında nizama-sahmana salmasaq, gələcək yaxın illərdə işimiz fəna olacaq, yoldaş Həmidov.

Qurbanın sözləri Süleymanın ağlına batdı və o, razılıq hissilə başını tərpədib:

⎯ Yaxşı təklifdi, məncə, ⎯ dedi və başını döndərib yanında oturmuş katiblərə işarə ilə, ⎯ onacan bizim yoldaşlar da qış yuxusundan ayılar, ⎯ deyə əlavə elədi.

Bu zaman kimsə salonda bərkdən asqırdı, elə bərk asqırdı ki, bəziləri səksəndi, bəziləri çönüb ona baxdı. Süleyman da asqıranın kim olduğunu görmək üçün boylandı:

⎯ Hə, Murad müəllim? Sənsən?

Ortaboylu, saçları seyrək bir kişi ayağa qalxıb:

⎯ Üzr istəyirəm, yoldaş Həmidov ⎯ dedi. ⎯ Bir balaca… zökəm olmuşam.

⎯ Demək, bu gün pambığa çıxmamısan, ha?

Murad çaşdı:

⎯ Yox, hə…

⎯ Bu nə cavabdı, Muradzadə? Çıxmısan, çıxmamısan?

⎯ …

Süleyman qabağındakı ayrı bir kağıza baxıb:

⎯ Çıxmısan, ⎯ dedi. ⎯ Deyə bilərsənmi, bu gün nə qədər pambıq yığmısan?

⎯ Bir xeyli… yığmışam…

⎯ Dəqiq bilmirsən nə qədər pambıq yığmısan?

⎯ …

⎯ Bu siyahıda adına əlli kilo pambıq yazılıb.

⎯ Hə.

⎯ Amma axı sən bu gün də, dünən də, srağagün də çölə ⎯ tarlaya ayaq basmamısan? Yəni sənin əllərin o qədər uzundu ki, evində, eyvanında əyləşib tarladan pambıq yığa bilirsən?

Murad udqundu, uzun boğazının hülqumu qalxıb-endi:

⎯ Mən…

⎯ Hə, sən… maarifi səfərbər eləyib bir nəfər kimi tarlaya çıxarmaq, yığımda bizə kömək eləmək əvəzinə, özünü xəstəliyə vurursan, hələ üstəlik yerinə işləməyə adam da tutursan. Elə bilirsən, biz bilmirik?..

⎯ …

⎯ Sənin əvəzinə pambıq yığan adama nə qədər vermisən?

⎯ …

⎯ Üç günə yetmiş beş manat. Düzdü?

⎯ Mən pul verməmişəm, yoldaş Həmidov. Xahiş eləmişəm.

⎯ Hə!.. Yaxşı, sənin əvəzinə işləyən Əhmədin əvəzinə görəsən kim işləyib bu üç günü, hə? Yoxsa o da səndən aldığı puldan on beş-iyirmi manat verib bir ayrı adam tutub işlədir, hə?.. Sən müəllimsən axı, sən bilirsən ki, bizdə insanın insanı istismar etməsi qadağandır! Belə sovet qanunu yoxdur!

Murad yaman yerdə axşamlamışdı. Son vaxtlar, xüsusən Nəzər təqaüdə çıxandan sonra katibin ona münasibətinin dəyişdiyini hiss eləmişdi və bundan hardasa bərk nigaran idi. Təcrübəsindən bilirdi ki, katibin gözündən düşən adam gərək üzüsulu ərizəsini verib getsin. İllər boyu Murad belə görmüşdü. Ancaq onu toxtadan bu idi ki, Muradın yuxarıda, nazirlikdə möhkəm dayağı, qahmarı vardı, o qoymazdı Muradı Süleyman beləcə asanlıqla gözümçıxdıya salsın, çığnayıb üstündən keçsin. Qoymazdı. O biri tərəfdən də prokuror İsrafil qudasıydı. Görünür, Süleyman bunu bilmirdi.Əhməd yaxşı içən idi, günün, gecənin çox vaxtı kefli olurdu. Üç gün araq puluna Muradın əvəzinə pambıq yığmışdı həqiqətən. Katib deyən qədər də pul almışdı Muraddan. Ancaq bunu katib hardan bilirdi? Ya kefli olub Əhməd, ağzından qaçırıb, ya da… «Yox, Süleyman məni izlətdirir. Qəzəbinə gəlmişəm» ⎯ deyə düşünən Murad «nə olar» fikriylə, çoxdan etiraz eləmək istədiyi, yığılıb-yığılıb ürəyini deşən sözləri dilinə gətirdi:

⎯ Belə sovet qanunu da yoxdur ki, müəllim, maarif şöbəsinin müdiri, həkim gedib pambıq yığsın, yoldaş Həmidov. Belə sovet qanunu yoxdur! ⎯ Bu sözləri elə qətiyyətlə söylədi ki, kəskinliyindən özü də qorxdu. Ancaq daha demişdi.

Süleyman belə cavab gözləmirdi Muraddan. Bir anlığına qulaqlarına inanmaq istəmədi. Döyükdü. Sonra qəribə bir təbəssümlə ⎯ qəzəb qarışıq bir təbəssümlə qımışdı:

⎯ Düz deyirsən, Murad. Belə sovet qanunu yoxdur. Ancaq sən bilməlisən ki, bu, ümumxalq işidir. Pambıq ⎯ bizim çörəyimizdi, paltarımızdı, qızılımızdı. Onu min bir əziyyətlə yetişdirmişik, indi də yığmalıyıq, qoymamalıyıq ki, ayaqlar altında qalıb çürüsün. Buna gərək hamımız əl yetirək, el sərvətini qoruyaq. Bu, sənin vətəndaşlıq borcundur.

⎯ Mən bunu yaxşı başa düşürəm, yoldaş katib. Ancaq bunu zorla eləmək lazım deyil, qanun səviyyəsinə qaldırmaq düz deyil. Mən yığım başlanandan çöldəyəm, döşümdə önlük, belim əyri. Üç gün özümü nasaz hiss eləmişəm, çölə çıxmamışam. Amma siz elə vəziyyət yaratmısız ki, biz qorxumuzdan bilmirik neyləyək. Bir gün yığıma çıxmayanda az qala bizə xalq düşməni kimi baxırsız, az qala siyasi rəng vermək istəyirsiz… Ona görə biz məcbur oluruq ki… belə-belə yollara əl ataq. Həkimlərə tapşırmısız ki, heç kəsə bülleten verməyin, versəniz, atanızı yandıracağam. Bax, bu, düz deyil, yoldaş Həmidov. Mən açıq deyirəm… Bu, qanunsuzluqdur.

Süleyman pərt olmuşdu. Yaxşı başa düşürdü ki, Muradzadənin sözlərində həqiqət çoxdu. Belə eləməyə haqqı olmadığını özü də anlayırdı. Ancaq neyləməliydi? Bütün rayonlarda bu təcrübədən istifadə etmirdilərmi? Tək o idimi belə göstəriş verən? Yox. Plan dolmalıdı, vəssalam. Öhdəlik yerinə yetirilməlidi, vəssalam, ⎯ bu idi onu düşündürən. Hansı yolla? Bunun fərqi yoxdu. Süleymanı pərt eləyən o idi ki, Murad Muradzadə bu qədər adamın içində onun sözünün qabağına söz çıxardırdı. Onu oturtmaq, yerini tanıtmaq lazım idi. Süleyman doğrudan da bilmirdi ki, Muradın beli prokurora bağlıdı ⎯ təzə qohum olublar. Kişi Bakıda, İnturisdə hələ tələbə olan oğluna cəlallı toy eləyib, Muradın qızını alıb.

⎯ Sən çox qanun-qanun deyirsən son vaxtlar, Murad. Amma yaxşı olardı ki, bu qanunu öz məktəblərində qoruyaydın, yerinə yetirəydin.

⎯ Mən hansı qanunsuzluq eləmişəm məktəblərdə? ⎯ Murad daha geri çəkilməyin, həsləməyin mənasız olduğunu başa düşüb sinəsini qabağa verərək qabardı. ⎯ Hansı qanunsuzluqdan danışırsız siz, yoldaş Həmidov?

Katib kəsərsiz başladı:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Birinci hissə, altıncı fəsil

Bu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü

21 dəq
Birinci hissə, yeddinci fəsil

Bikə xanım günorta evə gəlmişdi.– Nə olub, ay kişi? Görürəm, çox bikefsən, pərişansan neçə gündü. Dünyada pensiyaya çıxan elə bir sənsən? İtiyi itmiş adam kimi ora-bura çovuyursan. Şakir kimdi ki, sən onun sözüynən ərizə verirdin ki? Dəvədən böyük fil var. Mənə desəydin, qoymazdım səni ərizə yazasan, kişi.

30 dəq
Birinci hissə, səkkizinci fəsil

Bikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:⎯ Uşaqlar gəlib?

19 dəq
Birinci hissə, doqquzuncu fəsil

Güldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?

17 dəq

Başqa şairlərin şeirləri