İkinci hissə, birinci fəsil
Səhifə 11 / 15 · 67%
– Hə, buyurub gedə bilərsən, Ərəstun, — Əsəd mülayimliklə dilləndikdə o:
– Getməyəcəyəm, müəllim! — söyləmişdi. Və bu iki söz çox sərt səslənmişdi. — Nə sözünüz var, mənim yanımda deyin.
Əsəd elə bil yuxudan ayılmışdı. Soruşacağı da, ayaq üstə dayanan Sahilə də yaddan çıxmışdı. Sonra... sanki birdən-birə hər şey əyan olmuşdu Əsədə. Və bayaqdan təəccübün, heyrətin bozartdığı sifətində işıqlı bir təbəssüm gəzib-dolaşmışdı. Ərəstun Sahiləni sevirmiş. Bəli, sevirmiş, Əsəd, yenə az keçmiş günlərini xatırlamış, dönüb Sahiləyə, oğlana xoş bir qibtə hissilə baxmışdı. «Sevir, özü də necə yaraşırlar bir-birinə».
Əsəd gülümsünmüşdü, bu təbəssüm Ərəstunun qırışığını azca açmış, gərginliyini azca azaltmışdı: oğlan qəribə bir sövq-təbii ilə başa düşmüşdü ki, müəllimin ürəyində pis niyyət yoxdu, hərəkətinin yersiz olduğunu anlamışdı; lakin gec idi, tələsmişdi Ərəstun. Deyəsən, onun belə eləməyi Sahilənin də acığına gəlmişdi, oğlana acıqlı baxırdı, həyadanmı, qəzəbdənmi heç nə deyə bilmirdi.
Əsəd müəllim sanki Sahiləni nə üçün saxladığını unudaraq:
– Yaxşı, gedin, balalarım, — demiş və ayağa qalxmışdı. Və bu «balalarım» sözünü elə həlim, elə mehriban söyləmişdi ki, elə bil qayğıkeş bir ata öz övladlarına xeyir-dua vermişdi.
Əsəd müəllim sinifdən çıxmışdı.
Bu ötən gecə Əsəd müəllim elə hey Sahilə ilə Ərəstun haqqında düşünmüşdü və xəyalının qanadlarında elə hey iyirmi il əvvələ uçub Xəzangülünü görmüş, özünü görmüşdü. Ərəstunun cəsarəti Əsədin xoşuna gəlmişdi. Bu hərəkət, heç onun ağlına gəlməzdi — amma Ərəstun, müəllimi də olsa, onun qabağına çıxmışdı: görünür, o, Əsəd müəllimin Sahiləyə xüsusi diqqət yetirməsinə, onu görən kimi, çaşmasına, sözünün əvvəlini-axırını bilməməsinə fikir vermiş, bunu, başqa yerə yozmuşdu — yəqin məhəbbət, vurğunluq hesab eləmişdi. Bax, bu, əsl məhəbbət idi və ya əsl məhəbbət ola bilərdi. Gərək sevdiyini qoruya biləsən, yad baxışdan, yad nəfəslərdən qoruya biləsən: onun yolunda hər cür fədakarlıq eləməyi bacarasan, onu səndən ayırmağa çalışan hər maneəni, səddi, sərhədi uçurub dağıtmağı bacarasan, hətta sənin gücündən, boyundan, imkanından artıq olsa belə! Bu zaman gərək sevdiyin də sənin arxanda mərd-mərdanə dayansın, dəyişkən, güclü yel hayandan əsdi, o yana əyilən olmasın, tərəddüdsüz, qorxusuz-ürküsüz sənin bu mübarizənə öz məhəbbəti, dəyanəti, səmimiyyəti ilə dayaq olsun, sadiq və dönməz olsun. Bəli, ancaq belə olduqda sən güclüsən, sənə heç kəs bata bilməz — çünki səni məğrur, qadir, qüvvətli və basılmaz eləyən bir qüvvə var — bu, məhəbbətidir, bu, sədaqətidir sevdiyinin. Yoxsa sən, misgin olarsan, cəsarətsiz olarsan, bu döyüşdə səni, səndən ləyaqətsiz bir adam da diz çökdürə bilər, qürurunu sındıra bilər, səni ömrün boyu qırıq bir qəlblə yaşamağa məhkum edə bilər...
...Günün şaxı sınmışdı. Hava yavaş-yavaş sərinləyirdi. Azca aralıda nəhəng bir tiyana tökülmüş qurğuşunu xatırladan dəniz qüruba meyllənmiş günəşin qızılı şüaları altında sakit-sakit mürgü vururdu. Sahilə çıxanların sayı çoxalmışdı. Kimi uşağının əlindən tutmuşdu, kimi sevgilisinin qoluna girmişdi. Gəzişənlərin çoxu cavanlar, oturacaqlarda əyləşənlərin əksəriyyəti qocalar, xəstələr, nasaz adamlardı.
İki-üç saatdan artıq idi ki, burada, fəvvarənin qabağında oturmuş Əsəd müəllim ağır və üzücü xatirələrdən yorğun düşmüşdü. Cismən burda olsaydı da, fikrən haralara getməmişdi? Uzaq illərdən tutmuş uzaq yerlərə qədər baş vurmuş, ötən əyyamın acılı-şirinli xatirələrini vərəqləmiş, az sevinib çox kədərlənmişdi. Xatirələr, xəyallar öz əlində, öz ixtiyarında idi, istədiyi vaxt o kitabı açar, oxuyar, istəməyəndə büküb qoynunda, dərdli ürəyinin başında gizlədərdi. Ancaq iki-üç saat əvvəl, kabinetdə Aliyə xanımın dediyi sözdərin, irəli sürdüyü ittihamların ixtiyarı onda deyildi. Və bunu təkcə direktor söyləmirdi. Məktub, uşaqların mənalı, rişxəndli baxışları da deyirdi. Bu acı həqiqət Əsədin içərisini dağlayır, gözlərini təəssüf dumanı ilə yaşardırdı: «Əgər Aliyə xanımın dedikləri doğrudan da elədirsə — yəni doğrudan da bütün məktəb mənim Sahiləyə vurulmağımdan danışırsa, hətta uşaqlar da buna görə mənə sataşıb hörmət eləmirlərsə, demək, onda mən daha o məktəbə qayıda bilmərəm, əsla qayıda bilmərəm. Mən orada kimin üzünə şax baxa bilərəm? Heç, kimin. Nə müəllimlərin, nə uşaqların. Və kimə sübut eləyə bilərəm ki, mən Sahiləyə vurulmamışam, bu heç mənim ağlıma da gəlməyib o mənim qızım yerindədi. Kimə deyə bilərəm ki, Sahilə bir zamanlar elə bu məktəbdə, bax bu sinifdə oxuyan, könlümü ovlayıb sonra da insafsızcasına daşlara çırpan o üzü dönmüş Xəzangülümə oxşadığına görə mən ona özümdən də xəbərsiz diqqətlə baxmışam, keçmiş, unudulmaz günlərimi xatırladığıma görə hər şeyi unutmuşam, özümü itirmişəm? Mən ona — Sahiləyə güldən ağır bir söz demişəmmi? Yox. İstəyirsiniz, çağırın, özündən soruşun, Demişəm? Axı indi, bu uğursuz söz-söhbətdən sonra mən kimə öz sınıq məhəbbətimin qəm-qüssə ilə dolu tarixçəsini danışa bilərəm və əgər, danışsam, inanan olarmı? Xeyr, bu, mənim ömür, könül sirrimdir — onu kimsəyə danışmağa borclu deyiləm və qoy nə olur-olsun, heç danışmaq da lazım deyil...
Eh, bu da taledir. Əlləş-vuruş, illərlə davam eləyən intizardan sonra, burnunun ucu göynədiyi doğma məktəbinə gəl, ancaq, dər-divarına belə doyunca baxmadan, heç nəyin üstündə rüsvayi-cahan ol, başıaşağı ol. Eh, Əsəd, Əsəd. Səninki burda da gətirmədi, qardaş. Sən bu lənətə gəlmiş ürəyinlə bacara bilmədin, onu, o vəfasızı yadından çıxara bilmədin. O səni çoxdan, lap çoxdan unudub yəqin, sən isə onu unuda bilmirsən. Bax, unutmuş olsaydın, onsuz da ömür boyu korun-korun yanan ocaq kimi tüstülənən sən, heç olmasa indi bu gözlənilməz zərbənin ağrı-acısını dadmazdın, Əsəd...»
Yenicə atdığı siqaretin acısını hələ udmamış təzəsini yandırdı və sərxoş adamlar kimi yerindən qalxıb valaylaya-valaylaya oturacaqların qabağı ilə addımlamağa başladı. Aclığını, səhər yediyinin üstündə olduğunu indicə xatırladı: ürəyi sıyrılırdı, başı bərk ağrıyırdı. Evə getmək, bir loğma çörək yeyib yatmaq, dünyada hər şeyi — keçmişdə olanları da, Aliyə xanımla arasında baş vermiş o ürək bulandıran söhbəti də unutmaq, tamam unutmaq istəyirdi. Ancaq, sən demə, bütün bunlar az imiş kimi, hələ Əsədin, necə deyərlər, elə bu gün özgə, daha sarsıdıcı bir müsibəti də varmış.
Dördüncü oturacağa az qalmışdı ki, Əsəd müəllim, birdən yaşıl skamyada əyləşmiş Sahiləni gördü. O, güllü çitdən saya don geymişdi. Üzü boz rəngli bir kitabı dizinin üstünə qoymuşdu. Nədənsə qəlbi qəfildən səksənmiş adamın ürəyi kimi, çırpındı, bir tərəfdən bu dəniz qırağında ona rast gəldiyinə sevindi. Sevindi ki, nə yaxşı oldu, dünən Ərəstunun soruşmağa imkan, aman vermədiyi sözü soruşar, nigarançılıqdan qurtarar; o biri tərəfdən mübhəm bir qorxu axıb ürəyinə doldu — bugünkü söz-söhbətdən sonra Əsədi Sahilə ilə ikilikdə görsələr, heç nə heç şübhə yoxdu ki, buna da başqa məna verərdilər.
Bu iki çalpaşıq hiss əlində çapalaya-çapalaya Əsəd qətiyyətsiz addımlarla Sahiləyə yaxınlaşdı. Az qalmışdı ki, çatsın, gördü ki, onun qabağında iki çarxlı, meşin oturacaqlı, söykənəcəkli bir kolyaska dayanıb. Bu, Əsədin təəccübünə səbəb olsa da, heç nə başa düşmədi. «Yəqin bacısıdı, qardaşıdı, — kimdisə şikəst adamdı. Demək, ailələrində şikəst adam var. Ona görə bu qız həmişə fikirli olur, dərslərinə yaxşı cavab verə bilmir».
Kolyaskanın arxası Əsədə tərəf idi.
Sahilə baxışlarını qaldıranda Əsəd müəllimi iki addımlığında görüb özünü itirən kimi oldu. Bu, Əsədin gözündən yayınmadı. Qız, kitabı tələsik əlinə alıb, sinifdə imiş kimi, ayağa qalxdı və yanaqları qızara-qızara ona salam verdi:
– Salam, müəllim.
– Salam, qızım! — deyə Əsəd yorğun gözlərini ondan çəkmədən yaxınlaşdı. — Deyəsən... hava qəbul eləməyə çıxmısan dəniz qırağına, eləmi? — deyib özü də bilmədi ki, haçan oturdu. Qız da təzədən əydəşdi. Lakin tezcə də belə deməyinə peşman oldu: «Görürsən ki, xəstə gətirib?» Sahilə kəkələdi:
– Hə, — dedi,—Yox, anamı çıxartmışam havaya...
– Ananı? — Əsədin içərisində elə bil, nə isə qırılıb ayaqları altına düşdü, nagahani deyilmiş bu söz sanki gözlərinin önünə qara bir pərdə çəkdi — hər şey əriyib bir-birinə qarışdı; ancaq, bu, uzun sürmədi, qara pərdə yavaş-yavaş nazilib tülləşdi, sonra tamam yox oldu. Və Əsəd, kolyaskada başını söykənəcəyə dayayıb əllərini dizlərinin üstünə uzadaraq şirin-şirin yatmış Xəzangülü görəndə... — ay aman, Xəzangül idi bu! — görəndə az qaldı qışqırsın, yerindən sıçrayıb irəli cumsun, arabanı silkələyib yuxulu Xəzangülü oyatsın, səsini eşitsin, gözlərinə baxsın, niyə, niyə bu günə düşdüyünün səbəbini soruşsun. Amma elə bil, nitqi batdı, nəinki qışqıra bilmədi, heç kəlmə belə kəsməyə iqtidarı olmadı. Heyrətin və təəccübün böyütdüyü gözlərini kolyaskada hərəkətsiz uyumuş Xəzangülün sifətində, əllərində, ayaqlarında dolandırdı. İlahi, bu, həqiqətən Xəzangül idi. İllər onun, ağ, qəşəng üzünün cizgilərini kobudlaşdırmışdısa da, tamam dəyişə bilməmişdi. O vaxt nazik, nar ləçəyi kimi qırmızı olan dodaqları indi solub göyərmişdi; sağ yanağındakı kiçik çökək eləcə qalırdı, kirpikləri eləcə qalırdı. Birdən-birə gələn tufanı, dalğanı çox böyük çətinliklə ötürən Əsəd, anlar keçdikcə toxtayırdı, ancaq gözlərinin qabağını örtən yaş pərdəsinin qəfil cırılmasının, sel-suyun axıb onu Sahilənin yanında çıxılmaz vəziyyətdə qoyması qorxusunun hələ qaldığını da duyurdu.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Birinci hissə, dördüncü fəsilYara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?
Birinci hissə, beşinci fəsilSən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.