İkinci hissə, birinci fəsil
Səhifə 4 / 15 · 20%
«Salam, köhnə dost».
«—…»
– Məni tanımadın? Mən Əsədəm. Yadındadı, səkkizinci sinifdə oxuyanda səni mən burada əkmişəm. Yadına gəlmir?»
«—…»
«— İki il su vermişəm, dibinin torpağını boşaltmışam... Sonra sənə kim baxıb — bilmirəm. Ancaq, maşallah, daha böyümüsən; torpağa dərin kök salmısan...»
Sükut içində dayanıb susmuş ağaca artıq çoxdan uzaqlarda qalmış ilk gənclik dünyasından qalmış əziz bir yadigar kimi həsrətlə baxıb uzaqlaşmış, müəllimlər otağına qayıtmışdı.. Məktəbin direktoru Aliyə xanım onu, məktəbin müəllim kollektivinə təqdim etmişdi, müəllimlər ona xoş təsir bağışlamışdı — çoxu cavan olsa da, sadə və səmimi idi. Aliyə xanım bir az ciddi, quru və tələbkar adama oxşayırdı — qoy olsun, belə olmağı yaxşıdı — direktor elə belə də olmalıdı, yoxsa iş getməz...
İlk zəng yenicə vurulmuşdu. Müəllimlər şkaflardan jurnallarını götürüb cədvəl üzrə, siniflərinə gedirdi. Təkcə Əsəd müəllim qoltuğunda jurnal tərəddüd içində nəzərləri ilə Aliyə xanımı axtarırdı ki, o, qapı ağzında göründü:
– Hə, Əsəd müəllim, birinci saat gərək ki, sizin dərsiniz olsun, eləmi?
a
– Bəli, Aliyə xanım. X -dadır.
Aliyə xanım əlindəki açarları cingildədə-cingildədə işgüzar bir əda ilə:
– Gedək sizi təqdim edim... — dedi — Bu sinif çox yaxşı sinifdi — hamısı ciddi uşaqlardı, oxuyan uşaqlardı. Həm də buraxılış sinfidir. Gərək siz də çalışasınız, o tempi aşağı düşməyə qoymayasınız.
– Çalışarıq, Aliyə xanım.
Aliyə xanım hündür dabanlı çəkmələrini taxta döşəmə üzərində tıqqıldada-tıqqıldada qabaqda, Əsəd müəllim azca geridə dəhliz boyu söhbət edə-edə gedirdilər. Onlar dəhlizin sonundakı sinfin qarşısına çatanda, Əsədin ürəyi, quş ürəyi kimi çırpındı. Bu, həmin sinif idi — o da onuncu sinfi bax bu küncdəki iri, işıqlı otaqda oxumuşdu — şagird kimi çıxmışdı, indi müəllim kimi qayıtmışdı.
Aliyə xanım artıq içəridə idi. Əsəd özünü ona yetirib böyründə dayandı. Uşaqlar ayaq üstə idi — hamısı baxışını təzə müəllimə zilləmişdi, maraqla baxırdı. Aliyə xanım şagirdlərə oturmaq icazəsi verəndən sonra, adəti üzrə əlindəki açarlardan birinin ucunu stola iki-üç dəfə üsulluca döyəcləyib sözə başladı:
– Əziz uşaqlar, əvvələn, sizi yeni dərs ilinin başlanması münasibətilə bir daha təbrik edirəm və sizə təhsildə, həyatda gözəl-gözəl uğurlar diləyirəm. İkincisi, sizə bizim təzə müəllim yoldaşımızı — Əsad Əsədzadə yoldaşı təqdim edirəm: onu sevin, hörmət edin. Əsəd müəllim sizə ədəbiyyatdan dərs deyəcək. Bunu da əlavə edim ki, o da vaxtilə sizin kimi bu məktəbdə oxuyub, sonra universiteti bitirib, rayonda uzun müddət işləyib, öz xahişinə görə, nazirlik onu, nəhayət bizim məktəbə göndərib. — Aliyə xanım ani olaraq duruxub. — «Daha nə demək mümkündür? — deyə fikirləşdi və sözünü belə bitirdi: — Bu qədər.— Sonra üzünü Əsəd müəllimə tutub: — Hə, başlaya bilərsiniz, Əsəd müəllim, — dedi, — Qalan şeylərdə, işin gedişində, məncə, özünüz ümumi dil tapa bilərsiniz...
– Çox sağ olun, Aliyə xanım...
Aliyə xanım yenə ayaqqabılarını tıqqıldada-tıqqıldada çıxıb getdi və Əsəd müəllim sinifdə, qırxa qədər uşağın qənşərində tək qaldı. Araya dərin bir sükut çökdü. Uşaqlar müəllimə, müəllim uşaqlara baxırdı.
Bu anlar adi anlar deyilmiş, sən demə. Əsədin bu gün başına gələn müsibətin — Aliyə xanımın kabinetində eşitdiyi ittihamın bünövrəsi o anlarda qoyulurmuş, sən demə!..
Aliyə xanım gedəndən sonra dörd cərkə düzülmüş partalara bir-bir göz gəzdirən Əsəd, nəhayət, özünün vaxtilə oturduğu partanı tapanda... heyrətindən donub qaldı — inanmadı — gözlərini onun partasında oturan alagözlü, xurmayısaçlı o Xəzangül öz yerində oturmuşdu. Bəli, heç şübhə ola bilməzdi — o, Xəzangül idi, eynən onun, onun Xəzangülü idi, aman allah. «Yox, bu, yuxudur, o, Xəzangül ola bilməz. O vaxtdan iyirmi ildən çox keçib. İndi o da mənim kimi qocalığa üz qoymuş olar: o məndən deyəsən cəmi iki yaş kiçik idi. Hə, iki yaş. Məni xəstəlik qoymamışdı vaxtında məktəbə gedim...» — Gözlərini onun partasında oturan alagözlü, xurmayısaçlı o qızdan çəkmədən çaşqın-çaşqın baxdı, baxdı, xatirələri cilovlaya bilmədi: «Yox, o deyil, əlbəttə, o deyil, ola bilməz. Yəqin sadəcə oxşayır». Ancaq bütün bunlara baxmayaraq, bu qəribə «görüş», bu ağılabatmaz bənzəyiş onun vücudunu əməlli-başlı sarsıtdı və o, bir anlığına harada olduğunu unudaraq az qala «Xəzangül» deyə qışqıracaqdı ki, uşaqlardan kimsə, görünür, müəllimi huş apardığını anlayıb qəsdən öskürdü və bu səs Əsədi xəyal aləmindən ayırıb qopardı. Əsəd müəllim eynən Xəzangülə bənzəyən o xurmayısaçlı qıza həddən artıq uyduğunu dumanlı şəkildə olsa da, başa düşüb uşaqlara baxaraq günahkar təki gülümsündü və titrək səslə:
– Məni bağışlayın, uşaqlar, - dedi — Vaxtilə, Aliyə xanım deyən kimi, mən də bu sinifdə oxumuşam, o çağlar yadıma düşdü, bir az həyəcanlandım.
Uşaqlardan səs-səmir çıxmadı. Çünki Əsədin nə isə düzgün danışmadığını qəribə bir sövq-təbii ilə duymuşdular deyəsən. Çünki Əsədin baxışları ayrı baxış idi; o, bütün sinfə yox, təkcə Sahiləyə baxırdı, sehrlənmişdi elə bil, nəzərlərini ondan çəkə bilmirdi. Bu isə, sinifdəkilərin acığına gəlmişdi deyəsən. Əgər belə olmasaydı, yəqin ki, başqa təzə müəllim gələn zaman olduğu kimi, indi də Əsədi sorğu-suala tutardılar; Bu məktəbi nə vaxt qurtardığını, müəllimlərinin kimlər olduğunu soruşardılar. Ancaq susurdular.
Aradakı gərginliyi hiss eləyən Əsəd daha uşaqların üzünə baxmamağa çalışaraq oturdu, üzünə ağ kağız çəkilmiş jurnalı açdı, siyahı üzrə uşaqlarla bir-bir tanış olmağa başladı. Adlarını oxuyur, duran şagirdə baxır, ismini, şəkil-şəmayilini yadda saxlamağa çalışırdı. Lənət şeytana, o, yenə özündə deyildi, fikrində hey dolanırdı ki, bəs bu xurmayı saçlı qız — Xəzangülə oxşayan o qəşəng qız nə zaman ayağa qalxacaq və «mən» — deyə cavab verəcək? Nəhayət Əsəd, siyahıdakı iyirmi beşinci adı oxudu:
– Həsənzadə Sahilə...
– Mən — deyə, o, incə məlahətli bir səslə dillənib ayağa durdu. Əsəd müəllim yenə özündən asılı olmayaraq həyəcan dolu baxışlarını ona zilləyib ani fikrə getdi; Sahilə bu baxışların qeyri-adi, sirli olduğunu bayaqdan duymuşdu, ona görə qəribə bir təşviş içində, tələsik yerində əyləşdi və başını qarşısında oturan oğlanın kürəkləri arxasında gizlədi.
Əsədin dili avtomat kimi adları bir-bir təkrar edirdi, ancaq beynində təkcə Sahilənin adı dolanırdı. Gülməli idi ki, qırx uşağın adını oxuyub qurtarandan sonra başa düşdü ki, onların içində təkcə birinin — Sahilənin adı yadında qalıb. O saatı Əsəd müəllim xatirələr, sehrlər, möcüzələr dolu o sinifdə necə keçirdiyini heç indi də xatırlamırdı. Ancaq bircə bu yadında qalıb ki, həmin gün o, təzədən ömrünün bəxtəvər günlərinə — Xəzangüllü günlərinə qayıtmışdı. Əslində onun Xəzangülsüz günləri heç olmamışdı. Ürəyində, xəyalında yaşatmışdı onu həmişə, hər an, Xəzangülün xəyalı gözü kimi, ürəyi kimi vücudunun, ömrünün bir əzasına çevrilmişdi, yanında idi həmişə, qanadda idi həmişə. Xəzangül olan yerdə daima bu sual da olmuşdu: Əsəd o vaxt da onun özündən soruşmuşdu bu müəmmalı sualı; «Nə oldu sənə, niyə birdən-birə belə döndün? Heç olmasa səbəbini başa sal, sonra...» Ancaq nə özü, nə də sonrakı illər xəyalı, Əsədin beynini gəmirən, varlığını didən bu suala cavab vermişdi... Bu sual neçə illər cavabsız qalmışdı, açarı itmiş qıfıl kimi açılmaz qalmışdı. Və Əsədi ömrü boyu yandırmışdı, düşündürmüşdü.
«Səbəbini desəydin, bəlkə də mənim üçün bu qədər ağır olmazdı, Xəzangül. Mən səni başa düşərdim, ya bağışlardım, haqq qazandırardım, ya da küsüb gedərdim, unudardım səni, Xəzangül... Amma indi... Sənin o hərəkətin, birdən-birə məndən üz döndərməyin... eh, nə deyim sənə, Xəzangül, Xəzangül»...
...Onların məhəbbəti o ilin sentyabrında başlamışdı. Əslində belə demək də düzgün deyildi, çünki doqquz il bir parta arxasında oturan, bir-birinin nəfəsini udan, ikinci-üçüncü sinifdə oxuyanda qapaz-qapaz oynayan, dördüncü-beşinci sinifdə tez-tez küsübbarışan, sonra isə «ağıllanıb-ciddiləşən» bu iki yeniyetmə axırda o qədər mehriban, o qədər yaxın olmuşdu ki, hörmətin, ehtiramın harda qurtarıb harda məhəbbətə çevrildiyini heç kəs, hətta özləri belə dəqiq deyə bilməzdi. O yay, tətil günlərində Əsəd birdən-birə bərk darıxmağa başlamışdı; evə-eşiyə sığışmırdı, günləri sayırdı dərslər haçan başlayacaq. Anası o, üçüncü sinifdə oxuyanda dünyadan köçmüşdü. Yadına yaxşı gəlirdi ki, həmin vaxtlar Əsədi görən kimi Xəzangülü ağlamaq tutmuşdu, o an nə isə təsəlliverici sözlər demək istəmişdi, ancaq ağlına heç nə gəlməmişdi. Beləcə, qız göz yaşları ilə Əsədin böyük dərdinə şərik olduğunu bildirmişdi. Nədənsə o gündən — yəni Xəzangülün ağladığını görən gündən sonra o, Əsədin yadına həmişə elə beləcə — gözüyaşlı düşürdü və haradasa yaddaşında həkk olunub-qalmışdı ki, Xəzangülün al yanaqlarına ağappaq mirvarini xatırladan göz yaşları çox yaraşırdı o zaman.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Birinci hissə, dördüncü fəsilYara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?
Birinci hissə, beşinci fəsilSən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.