Xoş gəlmisən, Nərgizim
Səhifə 17 / 20 · 80%
Mən könülsüz halda:
⎯ Şey tapşırmışdım, deyir, yoxdur. – dedim. Daha heç nə soruşmadı. Ayağa qalxdım, Əfsanəni anamın yanında qoyub şəhərə çıxdım. Bayırda gözəl payız havası vardı. Yüngül külək əsirdi. «Nahaq elə danışdım Toğrulla. Yazıqdı.Kursunu yarımçıq qoyub gələcək, biabırçılıq olacaq, yenə Nəriman qılıncını götürüb düşəcək üstünə, danla ki, danlayasan, yox, gəlməz. Sözdü deyirdi. Eybi yoxdur, bu da sınaqdır. Gəlsə, demək həqiqətən sevir. Məktub yazıb. Görəsən nə yazıb?»
Düşünə-düşünə nə zaman poçtun qabağına gəldiyimi xatırlamıram. Qorxa-qorxa, ətrafıma boylana-boylana içəri girdim, pasportumu pırpızbaş,sarışın qıza təqdim edib məktubunu aldım. Uçunurdum, əsməcə tutmuşdu məni. Oğurluq eləyən adama oxşayırdım. Məktubu çox mühüm və məxfi bir sənəd kimi rediküldə gizlədib evə gəldim. Bünyad neçə gündü dənizdə idi, hələ qayıtmamışdı. İlk sevgi məktubu alan qız kimi – doğrudan da bu, mənə gəlmiş ilk sevgi məktubu idi – əllərim əsə-əsə konverti açdım. İçinə iki dənə qızıl gül ləçəyi qoymuşdun. Solmuşdular, amma hələ ətri vardı. İncə ruhlum mənim, şair qəlblim mənim. O ləçəkləri öpdüm: bu payız günü soyuq şimaldan mənə bahar göndərmişdin. Pallı-paltarlı divana uzanıb məktubunu oxumağa başladım.
O məktub necə gözəl məktub idi, Toğrul. Sən ürəyini çıxarıb qoymuşdun sanki o məktubun içinə, varlığını sözə çevirib ağ kağıza tökmüşdün elə bil, hissiyyatla, həsrətlə dolu idi o varaıqlar, Toğrul. Onu gərək ancaq oxuyasan. Onun gözəlliyini, məna və şeriyyətini danışmaqla başqasına çatdırmaq olmaz. Sözlə hissin, duyğunun bu qədər qaynayıb qarışa biləcəyini mən heç ağlıma da gətirə bilməzdim. Nə görmüşdüm, nə də oxumuşdum. O məktubla sən mənə o qədər yaxın və doğma oldun ki, səninlə bayaq telefonda elə sərt, kobud danışdığımı yadıma salıb xəcalət çəkdim və inanırsan, ağladım. Mən o gün səni bir daha Bünyad ilə müqayisə etdim: o, mənə heç vaxt nə belə məktublar yazmışdı, nə də belə sözlər demişdi. Bu dəfə müqayisə eləyəndə aman allah, dəhşətə gəldim: o, sənin yanında nə qədər quru imiş, Toğrul.
Məktubunu bir də oxudum, bir də, bir də… hər dəfə oxuyanda elə bilirdim, birinci dəfə oxuyuram: sözləri elə gözəl, elə təravətli və şairanə idi ki… Şer də yazmışdın ⎯ «Ayrılıq» şeri… Yadımdadır, yazmışdın:
Dünyada nə qədər dərd var, ay aman,
Onların içində təkdi ayrılıq..
Sıxıldı ürəyim, yaşardı gözüm,
Sinəmə neçə dağ çəkdi ayrılıq.
Adını deməkdən yorulmur dilim,
Neynim ki, əlinə çatmayır əlim.
Qəmli gözlərimdən inan, gözəlim,
Bahar yağışları tökdü ayrılıq.
Sənmişsən ömrümün şəkəri, qəndi:
Sənsiz üzüm gülməz, gülüm, nədəndi?
Qocaldım, başıma qar da ələndi,
Belimi gör necə bükdü ayrılıq.
Sənsiz bom-boş imiş ürəyim, beynim:
Sənsiz açılmadı bir dəfə eynim.
Ürək dözə bilmir, axı mən neynim?
Dünyada ən ağır yükdü ayrılıq.
Bu məktubun sənsizliyimi qismən azaltdı. Elə bil, özün gəlmişdin yanıma, yanımda oturub həzin, titrək səslə mənə öz məhəbbətindən, həsrətindən danışırdın. Mən bir əfsanəvi nağıl kimi söhbətini dinləyir, sənə daha çox valeh olurdum. Bəzən isti nəfəsini üzümdə duyurdum, məst olurdum. Çünki sən indiyə qədər heç vaxt mənə öz ürəyini beləcə mükəmməl açmamışdın. O gün mənim ən bəxtiyar günüm idi, Toğrul. Mən sanki təzədən dönüb yeniyetmə qız olmuşdum, mənə sənin kimi həssas, şair qəlbli bir oğlan məktub, özü də məhəbbət məktubu yazmışdı və mən o məktubu oxumaqdan doymurdum, doya bilmirdim, Toğrul. Ərli olduğum, uşaq anası olduğum yadımdan çıxmışdı elə bil, xəyalpərvər bir qız uşağı idim sanki, gah burda keçirdiyin günləri xatırlayırdım, gah orda, Moskvada mənsiz ötən günlərini xəyalımda canlandırmağa çalışırdım, quş olub yanına uçurdum, quş olub yanıma gəlirdin.
Anam zəng vuraraq uşağı gəlib aparmalı olacağımı deyəndə xəyallarım dağıldı: mən təzədən öz adi dünyamıza qayıtdım. Bütün bunlara ixtiyarım olmadığını düşünüb məyus oldum, Toğrul. Bilsən necə məyus oldum? Mən uşaq anasıyam, mən Bünyadın arvadıyam. – Bu fikirdən üşüyən kimi oldum. Ürəyimdə məktubunun ələ keçmək qorxusu baş qaldırdı, bizim bu gizli, sehirli dünyamızın kəşf olunmaq qorxusu məni sarsıtdı.
Son dəfə də oxudum məktubunu. Sonra bilirsən neylədim, Toğrul? Yandırdım o məktubu. Onu saxlamağa mənim haqqım yox idi. Başqasının arvadı kimi, bir ana kimi. Ələ keçə bilərdi. Od vurdum ona. Alovun dilləri sətirləri bir-bir udur, öldürürdü. Elə bilirdim yanan adi kağız deyil, sənin ürəyindir yanır, Toğrul. Baxırdım, qeyri-ixtiyari gözlərimdən yaş axırdı. O anlarda ürəyinin səsini boğmağa çalışan bir qəddar adama bənzəyirdim və sənin qarşında bu vəziyyətimdən utanırdım. «Bağışla məni, deyirdim, Toğrul, bağışla». Sən sonralar məni bağışlasan da mən özümü bağışlaya bilmirəm, əzizim. İnanırsan, illər keçsə də bağışlaya bilmirəm. Ürəyimdən bir daş olub asılıb o peşimançılıq, Toğrul. Bütün gecəni düşünüb-daşınandan sonra səhərisi Bünyadı işə yola salıb sənə bacardığım qədər səmimi, şirin və hərarətli bir məktub yazdım, ancaq göndərməyə fürsət tapmadım: sən mənimlə telefonda danışandan bir gün sonra dediyin kimi, qayıdıb gəldin.
… Səni şöbənin qapısı ağzında görəndə əvvəl gözlərimə inanmadım, Toğrul. Dedim, yəqin yuxu görürəm. Çünki otaqdan çıxarkən sənin haqqında düşünürdüm - ondan ikicə dəqiqə qabaq sənin boş stoluna baxıb köks ötürmüşdüm. Sənin üçün o anlarda olduğu kimi heç vaxt darıxmamışdım. Otaqda oturanlara ⎯ Musaya və qızlara baxıb fikirləşmişdim ki, onlar nə qədər də maraqsız adamlardılar, ilahi? Sən burda olanda iş də gözəl idi, idarə də. Yanımdakı adamlar da nəsə belə cılız və quru deyildilər. İndi isə… Darıxdım, çölə çıxmaq, bir az fırlanıb fikrimi dağıtmaq istədim və elə bu zaman səninlə üz-üzə gəldim. Bircə o yadımda qalıb ki, bu gözlənilməz görüşdən gözlərin böyüdü: bircə o yadımda qalıb ki, əsim-əsim əsdin.
⎯ Gəldin?
⎯ Gəldim, Nərgiz. ⎯ Bir də bu iki kəlmə yadımda qalıb, Toğrul, o həyəcanlı görüşümüzdən. Özümü itirdim. Nədənsə mənə elə gəldi ki, ürəyim sinəmdən qopub ayaqlarımın altına düşdü. Dolaşıq, çalpaşıq hisslər vücudumu sardı. Sevindim ki, gəlmisən, sevindim ki, həyatımda yaranmış boşluğu dolduracaqsan. Sevindim ki, məni sevirsən, bizim bu gizli məhəbbətimizdə necə də gözəl, ülvi və təkrarolunmaz bir şeriyyət və şirinlik var, Toğrul. Elə bil, ani olaraq gözlərim işıqlandı.
Sonra nədənsə sənə acığım tutdu. Niyə işini, gücünü yarımçıq qoyub qaçıb gəlmisən? Axı bunun üstündə səni danlayacaqlar. Və burda da özümü tutdum ki, bu da sənə olan məhəbbətdən irəli gəlirmiş. Mən istəmirmişəm səni danlasınlar, ağır söz desinlər. İstəmirmişəm.
Ona görə səni qapının ağzında qoyub getdim. On dəqiqədən sonra içəri qayıdanda səni otaqda görməyib yenə çaş-baş qaldım. İstədim qızlardan soruşam ki, Toğrul gəlmişdi? Susmağı məsləhət bildim: yəqin məni qara basıbmış? Yox, axı onu özüm gördüm, danışdım. Otaq sənsiz yenə mənə boş göründü. Bir yerdə qərar tuta bilməyib ayağa qalxdım və pəncərənin qabağına gəldim və səni trolleybus dayanacağında görüb bütün bunların yuxu deyil, həqiqət olduğuna inandım.
Sən mənə baxırdın, mən sənə… Sən sınıxmışdın. Rəngin azca ağarmışdı. Boyun da elə bil, bir az uzanmışdı. Nədənsə o an sənin yandırdığım məktubunun odun, alovun udduğu sətirləri qulaqlarımda səsləndi: «Mən sənə qurban olum» sözlərini eşidirdim o anlarda. Sənə baxa-baxa yanan səhifələr, kül olan sətirlər gözümün qabağında canlanırdı o anlarda.
Bu ara sən mənə «Bura gəl» işarəsi verdin. Sehirlənmiş kimi heç nə düşünmədən, kimsəyə bir söz demədən redikulumu götürüb otaqdan çıxdım. Çünki sənə yaxşı-yaxşı baxmaq, səsini eşitmək, kədərli gözlərini görmək istəyi ürəyimi sarımışdı.
Ağır addımlarla dayanacağa gəldim. İkimiz də bir-birimizi sözsüz başa düşdük: yenicə dayanacağa çatmış avtobusa mən qabaqdan mindim, sən arxadan. Sanki məndən qorxurdun, yaxın gəlmək istəmirdin. Ətrafa boylandım, tanış-filan yox idi. Sən sonra ehtiyatla mənə sarı gəldin. Mən göy şüşəli eynəyimi çıxardıb sənə yaxından, təbəssüm dolu bir nəzər salandan sonra sən də günah işlətmiş uşaq kimi kədərlə gülümsündün.
⎯ Xoş gəlmisən, Toğrul. – dedim.
⎯ Sağ ol, Nərgiz. – titrək səslə cavab verdin. – Necəsən?
⎯ Yaxşıyam. Sən necəsən?
⎯ Gördüyün kimi.
⎯ Pis deyilsən.
Araya sükut çökdü: sanki danışmağa sözüm yox idi. Avtobus demək olar ki, boş idi: qabaq tərəfdə bazardan gələn üç-dörd qoca arvad oturmuşdu. Sən boş oturacağı mənə göstərib:
⎯ Otur, Nərgiz. – dedin. Mən keçib əyləşdim, sən də çəkinə-çəkinə yanımda oturdun.
Kitabxana.az · https://kitabxana.az/works/elibala-hacizade-xos-gelmisen-nergizim
Müəllifin digər əsərləri
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.