Səhifə 5 / 6 · 67%

– Biz də gedək, – dedi, – Tərlanı bir az gəzdirək, bu gün çox darıxır, elə hey kişnəyir.

Sonra o cilovu atın üstünə atdı və geri döndü. Dərhal Tərlan da geri dönüb, bir az axsayaraq, ağır addımlarla dayımın dalınca getdi. Daha ağır addımlarla Tərlanın arxasınca da mən yönəldim.

Kənddən çıxdıq. Araba yolundan sola burulub cığırla yoxuşa qalxdıq, Beşbulaq dərəsinin üstündəki o sıldırıma doğru gedirdik.

Dayım qabaqda başıaşağı addımlayır, Tərlan da başı aşağı onun dalınca dikdirə qalxırdı, başımı qaldırıb daş kimi ürəyimdən asılmış bir qüssə içində ətrafa boylanan yalnız mən idim.

Nəhayət biz dərin bir yarğanın kənarında dayandıq. Göyün üzü parçalanıb sıxlaşan qara buludlarla örtülür, külək kəndə gedən araba yolundan toz qaldırır, cığır qırağındakı otlar yerə sərilib bir-birinə qısılır, xırdaca dillərində bir-birinə nə isə pıçıldaşırdılar.

Dayım dayandı. Tərlan dayandı, mən də dayandım.

Sonra dayım atın cilovundan yapışıb onu yarğan kənarilə bir az irəli apardı. Mən heyrət və təlaş içərisində dayımın hərəkətlərini təqib edirdim. Üfüqdə iki dəfə dalbadal ildırım çaxdı, sonra axşam göyləri başımız üstündə partladı.

Tərlan diksinərək başını qaldırdı, yarğandan o taya – hara isə baxdı, yalları küləkdə qarışıb qabardı və bir an mənə elə gəldi ki, o yenə əvvəlki Tərlandır – qara buludlu üfüqlər önündə o qədər məğrur dayanmışdı ki...

Çiynimdə bir əl hiss edərək, diksinib yana çevrildim – dayım lüləsindən tutduğu naqanın dəstəyini mənə tərəf uzatmışdı:

– Qurtar, – dedi – bu gün spekulyant arabaçı gəldi, sabah da kəsib dərisini soymaq, istəyən dabbaq gələcək...

Qurumuş dodaqlarımı yaladım, heç bir söz deyə bilmədim.

– Yoxsa əlin gəlmir? – dedi dayım və qəribə bir təbəssümlə gülümsəyib, naqanı özü qaldırmaq istədi. Lakin mən aman vermədim, qamarladım naqanı dayımın əlindən aldım və elə bu vaxt Tərlan kişnədi – sınıq səslərlə dolu bir hayqırışla, yanıqlı-yanıqlı, uzun-uzadı kişnədi. Sonra boynunu qanırıb – sanki dayımla vidalaşmaq istəyirmiş kimi ona baxdı. İrəli atıldım və az qala qızdırmalı bir bayqınlıq içində Tərlanın alnındakı qaşqanı yaxından nişan alıb, tətiyi çəkdim. Tərlan elə bil göyə sıçradı, sonra dal ayaqları üstü çökərək uçuruma aşdı. Naqanı aşağı salıb, yarğanın kənarına gəldim.

Uçurumun dibi böyürtkən kollarıyla örtülmüşdü. Mən ancaq əzilmiş kol-kosları, sınıq şax-budaqları gördüm, Tərlanı görə bilmədim. Geri döndüm.

Dayım görünmürdü. İrəli baxdım. Kəndə doğru uzanan araba yolu ilə bir qaraltı baş alıb gedirdi.

Yaxındakı kolların paxırlı yarpaqlarında bir-iki iri yağış damlası tappıldadı. Sonra qopan tufan içində ağır addımlarla çöl ilə kəndə qayıtdım. Kəndə yetişəndə, tufan daha artıq bir şiddətlə davam edir, kənd küçələrindən üzü aşağı enişlərə doğru sel gedirdi...

İlyas susdu.

Bir an Adilədən səs çıxmadı, sonra saatına baxdı, ayağa qalxdı:

– Sən hekayəni qurtardın, – dedi, – vaxt da gəlib çatdı.

– Gedək, nahara gecikirsən, – deyə İlyas da ayağa qalxdı.

Cığırdan araba yoluna düşüb, üzü aşağı Beşbulaq dərəsinə enməyə başladılar. Dərəni kəsib keçərək, sonra üzü yuxarı yoxuşa çıxanda Adilə göyə baxdı:

– Göy üzü tutulub, yəqin yağacaq.

İlyas da başını qaldırdı:

– Payız buludlarıdır, – dedi, – tezliklə buranın şırtaşırtı başlanacaq.

– O vaxt biz şəhərdə olacayıq. İndi yağmasın, əynimdə nə varsa zay olacaq!

– Eybi yoxdur, paltarın çoxdur.

– Sənə çox görünür, şəhərdə elə qızlar var ki, üç şifoner ancaq yay paltarları var.

– Bir yay ərzində o qədər paltarı ona-buna göstərmək üçün, gərək vaxtı ondan-bundan borc alasan!

– Qadın gündə yüz dəfə paltar dəyişməyə də vaxt tapa bilər.

İlyas dinmədi.

İndi hər ikisi susmuş bir halda, yoxuş ilə üzü yuxarı qalxırdılar.

Birdən yuxarıdan çoxlu at ayaqlarının qarışıq tappıltısı eşidildi. Bir dəstə atlı bayaqdan bəri yoxuş başında dayanmış tək atlını aralığa aldı. İlyasla Adilə yoxuş başında atlılar ilə üz-üzə gəldilər və atlılar içindən qaraşın bir oğlan İlyasa salam verib, salam alanda:

– Hara belə, Murad? – dedi İlyas və ayaq saxladı.

– Topçu meşələrinə. Qolçomaq Hətəmin quldur dəstəsi bu gecə Göytəpə yaylağına basqın eləyib, kolxoz heyvanlarını sürüb meşəyə aparıblar. Milis işçiləri aşağıda bizi gözləyirlər.

– Yoldaş, qəbul eləsəydiniz, mən də sizinlə gedərdim – dedi İlyas.

Murad bir an İlyasın gözlərinə baxıb:

– Gəl, – dedi, – Muxtar kişini geri qaytararıq.

Sonra o ortaboylu, dolğun cüssəli, çal bığlı kolxoz sədri Muxtar kişiyə tərəf döndü:

– Muxtar dayı, – dedi, – bəlkə orda yubandıq, kolxozda işlərin tökülüb qalar, qayıtsan yaxşıdır, İlyas sənin atınla gedər.

Atlılardan yalnız iki nəfərinin – Murad ilə Muxtar kişinin çiyinlərində beşaçılan vardı. Muxtar kişi alnını ovuclayıb bir an fikrə gedərkən, İlyas Adiləyə tərəf döndü:

– Hələlik Adilə, – dedi, – burdan o yana Muxtar dayı ilə gedərsən.

Adilə geniş açılmış gözlərilə İlyasa baxdı:

– Bəs papam? Papam axı bu axşam səni qonaq çağırıb.

– Deyərsən ki, üzr istədi gələ bilmədi, – İlyas bir an susdu, sonra əlavə elədi, – əgər dayım barədə soruşsa, de ki, o da artıq məsul vəzifədə işləmir. O gün şəhərdən məktub almışdım. Bir neçə gün bundan qabaq həbs olunub – nə üçün hələ məlum deyil. Əlvida!

Ortalığa dərin bir sükut çökdü. Muxtar kişi ilə Muraddan başqa bütün atlılar dönüb bir-birinin üzünə baxdılar. İlyas isə yaxın gedib Muxtar kişinin atdan düşməsini gözlədi. Üzü tutulmuş Muxtar kişi İlyası yanında görüb duruxdu. Bu zaman Murad birdən kəskin bir hərəkətlə öz tüfəngini çiynindən çıxarıb İlyasa uzatdı, eyni zamanda çəpəki Muxtar kişiyə tərəf baxıb dedi:

– Bəri ver tüfəngini Muxtar dayı və məndən də təhvil alarsan.

Muxtar kişinin üzü daha da tutuldu, yana çevrilib Muradın üzünə qabardı:

– Özündən çıxma, Murad! – dedi. – Hələlik biz də kişiyik.

Və Muxtar kişi tüfəngini çiynindən çıxarıb İlyasın üstünə atdı...

– İlyas tüfəngi havada tutdu. Sonra Muxtar kişi aşırılıb atdan düşdü. İlyas cilovu əlinə alıb atın üstünə qalxdı.

Mahmızlanan atlar irəli atıldı, atlılar təpə üstündən üzü aşağı araba yoluna tərəf baş aldılar.

Kənddən çıxandan sonra atını qabaqda İlyas ilə yanaşı sürən Murad soruşdu: – O qız yaylağa gələnlərdən deyilmi?

– Elədir, doktorun qızıdır.

– Kənddə danışıq gedir ki, bir-birinizə könül vermisiniz!

– Nə isə vardı ayrıldıq.

– Bəlkə tələsmisiniz?

– Yox, elə rast gələn gündən bir-birimizdən ayrılmağa başlamışdıq.

– Elə isə fikir eləmə, yadından çıxar.

– Heç vaxt! Bilirdim ki, ayrılacayıq, amma sevirdim.

– İndi də?

– İndi daha çox!

Murad cəld dönüb İlyasa baxdı, nə isə demək istədi, lakin İlyasın üzündə nə gördüsə susdu.


Adilə başı aşağı Muxtar kişilə bərabər kənd küçəsilə gedirdi. Hər ikisi fikirli idi. Birdən Adilə başını qaldırdı.

– Muxtar dayı, – dedi, – siz onun dayısı, Xasayoğlunu tanıyırdınız?

Muxtar kişi suala o saat cavab vermədi, beş-on addım gedəndən sonra hiss edilmədən köksünü ötürdü və dedi:

– Tanıyırdım, Dəmir yolundan bəriyə, bizim tərəfə ayrılan şose yolunu o çəkdirmişdi... Qəza mərkəzində məsul vəzifədə işləyəndə...

– Tərlan da yadınızdadır, Muxtar dayı?

– Tərlan kimdir? – deyə Muxtar kişi Adiləyə baxıb, gözlərini döydü.

– Heç... Soruşmaq istəyirəm ki, sizin atınızı ki, o minib getdi, o yaxşı atdır?

– Yox, elə bir şey deyil, qızım, qabaqlarda mənim yaxşı bir köhlənim vardı.

– Bəs indi elə atlar yoxdur? Var, amma çox az.

– Niyə ki? Necə olublar o köhlən atlar?

– Köhlən atları köhnə kişilər minib o dünyaya getdilər – dedi, Muxtar kişinin gözləri bir an yol çəkdi, sonra birdən Adiləyə tərəf döndü.

– Dayan, bayaq nə dedin? Tərlan da yadımdadırmı? Yadıma düşdü, yadıma düşdü. Onun dayısının – Xasayoğlunun Tərlan adlı bir atı vardı, at deyildi – şəkildi.

– Bilmirəm şəkilmiş, ya möcüzə imiş, amma axırda onun əlində məhv olub.

Muxtar kişi gözaltı başı aşağı gedən Adiləyə baxdı, sonra çal bığları altında qımışaraq dedi:

– Bilirsən qızım, Tərlanlar çapıb-çapıb öz dövrünü qurtardılar. Qulaq as! Eşidirsən təpənin dalından gələn o gür səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. İndi dövran o maşınındır. Kənd batırdı, o maşın əlimizdən tutub, bizi yerdən qaldırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Buz heykəl

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.

5 dəq
Ananın ölümü

Ana çoxdan ölüm yatağında idi və bu son günlər gözlərini aça bilmirdi, dili söz tutmurdu, huşu özündə deyildi.Şam çoxdan ərimişdi, çoxdan tükənmişdi və o bir tikə titrək alov ki, ilişmişdi dibində, ərinti üstündə, qalmışdı, indi o da bir ilğım kimi yayxanırdı, üzülürdü, göz qırpırdı, amma sönmürdü.

8 dəq
Ay işığında

Dönəydim qaval-daşa, qalaydım*Qobuda...*

19 dəq
Karvan dayandı

Axşamlar günbatan çağı o meşədən mahnı oxuyan bir səs ucalırdı və o meşə ki, çox qalınlıq idi, gündüzün işığı orda tez azalırdı, ağacların dibi qaranlığa batırdı və axşam günəşinin şüaları ilişirdi ağacların başında qalırdı – bu vaxt elə bil meşə özü dil açırdı və oxumağa başlayırdı.Vaxt olmuşdu ki, o səslə bərabər yaz gəlmişdi, meşədə cır alça çiçək açmışdı bədmüşkün tumurcuqları şişmişdi, novruzgülü qar altından çıxmışdı, qürbət ölkələrdən uçub gəlmiş qaranquş öz doğma yuvasına qayıtmışdı. Sonra yenə vaxt olmuşdu ki, o səslə bərabər payız düşmüşdü, xəzan yarpaqları yerə tökülmüşdü, küləklərin nəfəsi çox soyumuşdu və nəğməçi quş uçmuşdu, qürbət ölkələrə getmişdi.

27 dəq

Başqa şairlərin şeirləri