Bakı gecələri
Səhifə 3 / 10 · 20%
Qadınlar ayaqlarındakı dabansız nəleyinlərini sürükləyərək, can üzən ağır yerişlərilə yayxana-yayxana uzaqlaşırdılar, görünür toy, yaxud nişan məclisindən qayıdırdılar və başları “əndamı yanmış Gülxar xanımın” qiybətinə elə qarışmışdı ki, nə arxalarınca gələn qızın hərdən bir dönüb geri baxdığından, nə də tənha bir kölgənin o qızı izlədiyindən xəbərləri olmamışdı.
Sonra həyətdə, küçə qapısı dəhlizinin qaranlığında dayanıb gözləmişdim, qadınlar iki dəstəyə bölünüb, ah-ufla sağdakı, soldakı pilləkənlərlə yuxarı mərtəbələrə qalxıb yox olmuşdular və bu vaxt mənim üçün yol açılanda yüyürmüşdüm, ikinci mərtəbənin pilləkən meydançasına çatmışdım ki, birdən elə bil hardansa atılan gözəgörünməz bir kəməndə ilişib büdrəmişdim, geri çevrilmişdim və aynabəndin açıq qapısı arasında dayanmış onu görmüşdüm – çadrası başından yerə düşmüşdü, yalnız bir ucunu sol əlində tutub saxlamışdı və üzündə elə bir ifadə vardı ki, elə bil nə isə demək istəmişdi, yadından çıxmışdı və indi yaxından üzümə baxdığı halda heç bir şey görməyən gözləri dumanlanmışdı.
Susduğu üçün susmuşdum və bu sükutun məngənəsindən qurtulmaq üçün:
– Dənizə getmişdim – deyə bilmişdim.
– Nə vacib olmuşdu ki, dəniz qaçırdı?
– Elə çağırdı ki, dayana bilmədim.
– Kim?
– Dəniz.
– Nə deyirdi ki?
– İki dəfə köksünü ötürdü.
Birdən elə bil özünə gəlmişdi, gözlərində nə isə bir təlaş kölgəsi zahir olmuşdu.
– Bəlkə qəşş eləmisən orda, dəniz qırağında? Özündən xəbərin olmayıb?
– Gərək mənim ürəyim gedeydi orda, dəniz qırağında?
– Bu yanda Bayıl tərəfdə batmış bir şəhər var, bir kitabda yazılıb ki, Səbayeldir o şəhərin adı, o biri kitabda yazılıb ki, “şəhri yunan” imiş o şəhər... Amma haçan batıb şəhər, haçan su altında qalıb, heç qocalar da bunu bilmirlər... Hərdən gecə yarıdan sonra su altındakı o şəhərdən su pərisinin səsi gəlir, kim o səsi eşidirsə, o saat qəşş eləyir... Əgər qulağına səs gəlibsə, gərək Tutu xala səni Nardarana aparsın!
Heç bir şey başa düşməmişdim və başa düşmədiyim üçün demişdim:
– Yox, mən əvvəlcə Xırdalanı görmək istəyirəm... Günbatan çağında...
Heç bir şey başa düşməmişdi, bir an qaşların düyünləmişdi və demişdi:
– Xırdalanda pir yoxdur, məxluq Nardarandakı pirə gedir.
Və elə bu vaxt arxasındakı qaranlıqdan, otaqlardan kimsə elə çığırmışdı ki, hər ikimiz səksənmişdik:
– Ağəz, Yaqut, harda batdın, gəl gir yanıma, məni yuxu aparsın...
– Vaxsey, məmə, səksəndim ki, görmürsən ki, qapı-bacanı bağlayıram...
Və aynabəndin qapısını mənim üzümə bağlamışdı.
Artıq günçıxan tərəfdə, Qara şəhər üstündə göy əyrisi avazımışdı və şəhərli bir qızın bənövşəyi gözlərilə kiçik bir pəncərənin mənə göstərdiyi əzəmətli bir gecə mənzərəsilə, daha sonra qaranlıqda köksünü ötürən bir dənizin sirli nəfəsi ilə sehrlənmiş bir gecəm, böyük şəhərdəki bu ilk gecəm, bir röya kimi sona çatmışdı.
Havalar hələm çox isti idi və bürkülü gecələrdə bizim tərəflərdə, şəhərin yuxarı hissəsində evlərin qara asfaltlı yastı damlarının üstündə açıq havada özlərinə yer salıb yatan adamlarla dolu olurdu.
Və bir dəfə xalam mənə demişdi:
– Gecələr içəridə isti olur sənə, çox çalıq yatırsan, istəyirsən sənə də burda, pəncərə altında, dam üstündə yer salım, sərində yıxıl yat.
O gecə kiçik otağımın pəncərəsi altında bizim evə bitişik qonşu evin damında köhnə kilim üstündə salınmış yatağımda uzanıb çox oyaq qalmışdım və qollarımı başım altında çarpazlayıb göydəki o tanış ulduzlara baxmışdım ki, o ulduzlar bizim dağ kəndinin gecə göylərində daha şəfəqli və daha işıqlı idilər, bir-birinə göz vurardılar, bir-birini çağırardılar, burda isə nədənsə tutqunsifət idilər, elə bil bir-birindən küsüb, bir-birindən üz çevirmişdilər.
İmtahanları vermişdim, Əlimürsəl kişi haqlı çıxmışdı, kənddən gələnləri geri qaytarmamaq üçün müəllimlər məni çox bərkə çəkməmişdilər, digər tərəfdən ali təhsilin gələcək taleyimdə oynayacağı rola tamamilə laqeyd olduğum üçün, məhz bu laqeydliyimə görə çox asanlıqla imtahanların öhdəsindən gəlmişdim, xalam çox sevinmişdi. Əlimürsəl kişi məni təbrik eləmişdi və mən kəndə kağız yola salmışdım ki, imtahanları verib qurtarmışam.
Həmişəki kimi yuxu yenə hansı dəqiqənin hansı məchul saniyəsində ildırım sürətilə şüurumu çalıb apardığından xəbərim olmamışdısa, amma sonra gecənin hansı aləmindəsə o yuxudan hövlnak oyandığımı və dik atılıb yerimdən qalxdığımı hələ də unutmamışam.
Üstümə örtdüyüm nazik iplikli yorğan göydə uçurdu, başım yanında kətil üstündə yığdığım üst pal-paltarımdan təkcə yaxası naxışlı köynəyim gözümə dəymişdi ki, o da dam üstündəki yaxın bacaya sarınıb hələlik salamat qalmışdı, çal papağım haraya isə düşmüşdü və indi bir top kimi diyirlənə-diyirlənə üstümə gəlirdi.
Ayağa qalxarkən küləyin şiddətindən səndələmişdim ki, nəfəsim tıxanmışdı, sinəmdə qalmışdı, amma yenə də özümü irəli atmışdım ki, təkcə o çal papağımdan əlim üzülməsin və gecikmişdim, çünki küləyin növbəti burulğanı cücə üstünə şığıyan çalağan kimi o papağı bir anda caynağına alıb fır-fırladaraq göyə qaldırmışdı, sonra əynəmli bir uçuşla və elə bir sürətlə şəhər üstündən birbaş dənizə doğru aparmışdı ki, arxasınca baxa-baxa qalmışdım.
İndi hər tərəfdə bütün qonşu damlar üstündə də bərk çaxnaşma vardı, adamlar boğuq hənirtilərilə yataqlarını qamarlayıb, əllərinə keçən pal-paltarlarını büküb-bükmələyib damlar üstündən qaçırdılar, küçələrdəki çoxməftilli elektrik dirəkləri zil bir səslə vəhşicəsinə fit çalırdılar, yaxın həyətlərdə gah açılan, gah hara isə çırpılan küçə qapıları şaraqşaraq şaqqıldayırdı, yuxarı mərtəbələrdən qopan pəncərə şüşələri şarıltı ilə küçələrin daş döşənmiş qaldırımlarına tökülüb qumbara kimi partlayırdı.
Bütün şəhər tüstüləyən nəhəng bir tonqal kimi idi, axşamın ağ işıqları indi qum və toz boğanağı içində, gözünü kül örtən bir ocağın gözləri kimi tutqun qızartılarla göz qırpırdı.
Və getdikcə şiddətlənən qasırğalı külək yaxındakı döngə və dalanlar arasında tələyə düşmüş bir yırtıcı kimi qorxunc ulartılarla başını hara gəldi çırpırdı, qabağına nə çıxırdısa basmarlayırdı, eşələyirdi, qarışdırırdı, dağıdırdı, sonra sovurub göyə qaldırırdı və elə bil bütün şəhəri yerindən qopardıb dənizə atmağa gücü çatmadığı üçün qəzəbindən dəli olub müdhiş hıçqırıqlarla hönkürürdü.
Xalam isə bu vaxt təlaş dolu bir səslə pəncərəmdən elə hey məni çağırırdı.
– Bu nə məhşərdir belə, xalacan? – demişdim və pəncərəyə tərəf getmişdim.
– Dəli xəzridir, bala, elə ki, başladı, Bakının qiyaməti qopur, tez yır-yığış elə gir içəri...
Yır-yığış eləmək üçün bir şey qalmamışdı və mənim o gecə dəli xəzri ilə tanışlığım nəinki həmişə gözüm üstünə basdığım o çal papağımla, eyni zamanda papaqla birdəfəlik vidalaşdığım bir tarixçəyə çevrilib qaldı.
Səhər tezdən gecə növbəsindən qayıtmış Əlimürsəl kişi papaq əhvalatından xəbər tutarkən, çal bığları altından qımışmışdı və demişdi:
– Dur ayağa, gedək sənə bir furajka alaq, tax başuva, sonra ali məktəbi qurtaranda özün bilərsən ya fetr şlyapalı olarsan, yaxud çiyni saçlılar tayfasına qoşularsan, başaçıq, döşaçıq gəzməyi özünə adət eliyərsən.
Getmişdik, parusin bir furajka almışdıq, evə qayıdanda yazıq xalam yəqin xəyalında çal papaqla parusin furajkanı müqayisə eləyib yaşaran gözlərini silmişdi, amma “mübarəkdir” – demişdi. Yaqut isə şaqqanaq çəkmişdi, axmışdı, özündən getmişdi:
– Vaxsey Tutu xala, – demişdi, – bu parusin şapka nədir ilin bu vaxtında. Elə ki, bir çin yağışa düşdü, əskiyə dönəcək başında.
Xalam dönmüşdü məzəmmətlə Əlimürsəl kişiyə baxmışdı, yəni niyə qızırqalanmısan, tifilə iraqbətli bir papaq ala bilməzdin?
Əlimürsəl kişi də çiyinlərini çəkmişdi, yəni neynəyim, özü seçdi, özü bəyəndi.
Sonra mən bütün günü zaman-zaman aşağı mərtəbədən Yaqutun gümüşü cingiltilərlə çağlayan gülüşlərini eşitmişdim.
Və günlər keçdikcə Yaqut bənövşəyi gözlərilə, sədəf dişlərinin düzümü ilə, sınıq məxməri qaşları ilə, tez-tez saçından ayrılıb sol gözü üstünə düşən xurmayı tellərilə gözlərim qarşısına elə sehrli bir pərdə çəkməyə başlamışdı ki, gözlərimi qapayırdım bu pərdə yox olmurdu, gözlərimi açırdım, dünya bu pərdə arxasında görünməz olurdu, başımı götürüb hara isə getmək istəyirdim, amma hələ qafil idim, bilmirdim ki, sevgi kəməndinə düşmüş bir ürək üçün bu kəmənddən qurtuluş yolu yoxdur.
Kiçik otağımın dam üstünə açılan pəncərəsi yanında qoyulmuş yazı stolu arxasında oturub bir saatdan çox idi ki, iki məchullu bir cəbr məsələsinin həlli ilə əlbəyaxa olmuşdum. Yazıb pozduğum və şagird dəftərindən qopartdığım vərəqlər stol üstündə qalaqlanmışdı və o vaxt ikinci dəftərdən də bir vərəq qapqara qaralmışdı, nəhayət işıq üzü görünmüşdü, kənək tənliyin kor düyünü açılmışdı və dərhal fikrim qəfəsinin qapısı açılmış bir quş kimi uçmuşdu, harayasa getmişdi, ürəyim isə bir boşluq içində asılıb qalmışdı.
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-baki-geceleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Başqa şairlərin şeirləri
Yaşasın həm “Nicat”, həm “Sovqat”,Qoydular dər heqiqət aləmi mat.
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,