Bakı gecələri
Səhifə 4 / 10 · 30%
İçəri qaranlıqla dolmuşdu, amma ayağa qalxıb işığı yandırmaq üçün yerimdən tərpənməmişdim, çənəmi qollarım üstünə qoymuşdum, axşam şəhərinin topa-topa alışan işıqlarına baxmışdım, hardasa veyillənən fikrimi hardansa geri qaytarmaq istəmişdim və bu vaxt birdən onu pəncərəm altındakı dam üstündə görmüşdüm.
Bəlkə çoxdan üzünü görmədiyimin, səsini eşitmədiyimin xəyalı idi bu? Yox, özü idi, ağ quşum, ağ səadətim idi.
Ayağı altındakı tasdan götürdüyü kətan ağlarını, nazbalış və yastıq üzlərini, qırmızı naxışlı əl-üz dəsmallarını damın bacalarına sarınmış dirəklər arasındakı iplərə sıxaclarla bənd eləyirdi və o, iki cərgəli ağlar arasında qalaraq asfalt cığırla uzaqlaşıb gedirdi.
Dənizdən həzin bir külək əsirdi, şəhərdə alışan işıqların sayı anbaan çoxalırdı, o isə əyilirdi, qalxırdı, hərdən dizlərini qucaqlayırdı, küləyin qabardıb yuxarı qaldırdığı donunun ətəyini aşağı salırdı, sonra yorğun halda bir an donurdu, hərəkətsiz qalırdı və bu vaxt doğulduğu şəhərin çıraqban axşamı elə bil dönüb yalnız ona baxırdı və qız şəhərin o qızıl işıqları önündə sirli bir rəqsə başlayırdı. Ağ bir xəyal kimi sərdiyi ağlar arasında batıb-çıxırdı, dönüb əllərini iplər üstündə gəzdirə-gəzdirə yaxınlaşır və hərdən yanakı və ani bir baxışla qaranlıq pəncərəmə baxarkən, qaşları çatılırdı. Küləyin üzünə dağıtdığı saçlarını sol əlinin əsəbi hərəkətilə yuxarı atıb və işıqlanmayan pəncərəmin qaranlığından vəhmələnmiş kimi geri dönüb uzaqlaşmışdı. Mən də ayağa qalxıb əlimi elektrik düyməsinə uzatmışdım – birdən elə bil bütün şəhər səksənmişdi, boğuq və heybətli bir nərilti şəhər üstündən göyə ucalmışdı, hava çalxalanmışdı, pəncərə şüşələr cingildəmişdi və damın o biri başında qızın sinəsindən qopan kəsik bir çığırtıdan ürəyim qopmuşdu və bütün bunlar bir saniyənin başlanğıcından o saniyənin sonuna qədər sürən bir zaman müddətində bir-birini izləmişdi.
Özümü pəncərədən dam üstünə atmışdım, qızın dalınca yüyürmüşdüm və indi onun da geri dönüb qaça-qaça üstümə gəldiyini görmüşdüm, sonra o vaxt ki, bir-birimizə çatmışdıq, qorxmuş, rəngi qaçmış ağ səadətimi ilk dəfə bağrıma basmışdım.
Nə olmuşdu, nə baş vermişdi, göydən yerə yanar kometa düşmüşdü, yoxsa hardasa qayalar uçub dənizə tökülmüşdü, hələ heç bir şey başa düşməyərək yalnız qollarım arasında titrəyəni sakit eləmək istəmişdim:
– Qorxma, – demişdim, – qorxma, nə idisə oldu, qurtardı.
– Qurtardı nədir, – demişdi, – ora bax, Bayıl tərəfə... Gör nə boyda alov göyə qalxıb...
Başımı çevirib baxmışdım və heç vaxt görmədiyim dəhşətli bir mənzərə qarşısında donub qalmışdım, günbatanda Bayıl təpələri arxasından fışqıran nəhəng bir alov sütunu qara-qırmızı dili ilə az qala göydəki buludları yalayırdı, gah burum-burum burulan qapqara tüstü layları içində boğulurdu, gah qaynayırdı, daşırdı, tüstü layları üstündən aşdı və yenidən göyə sıçradıqca nəriltisindən qulaq batırdı. Qız isə sinəmə sığınıb dayanmışdı və yanakı bir baxışla hərdən alovu qaralan, tüstüsü qızaran o məşum məşələ baxırdı və məni başa salırdı ki:
– Orda dənizdə bir yer var – Şıxlar kəndinin o biri böyründə... gecələr qayıq ilə ordan keçənlər kibrit yandırıb dənizə atanda suyun üzü o saat od tutub yanır... İndi yəqin orda dəniz partlayıb, su yarılıb, bu əjdaha da başını ordan, yerin altından, dənizin dibindən çölə çıxardıb...
Gecə doğrudan da qorxunc bir nağıla oxşayırdı və qız qorxmuş bir uşaq kimi xəyalında dənizi partladırdısa, suyun altından, dənizin dibindən bu odlu əjdahanı çölə çıxardırdısa, bəlkə də haqlı idi.
İndi artıq hər tərəfdə bütün evlərin küçə balkonları və yastı damlarının üstü izdihamla dolmuşdu, topa-topa dayanmış o adamların arxasındakı qara çadralı qadınlar başlarını yuxarı qaldırıb əllərini göyə uzatmışdılar.
Bu zaman iki partlayışını qırmızı alovlu yenə bir-birini izləmişdi və başını göyə dirəmiş o heybətli əjdaha hər tərəfi, aşağıda çox uzaqlara kimi dəniz sularını, yuxarıda göy tağbəndinə kimi ulduzlu fəzanı, yuvalarına qayıdan bir cüt ağ göyərçini də titrək parıltılı qızartdaq bir rəngə boyamışdı.
Handan-hana xalamın pəncərədən gələn səsini güclə eşitmişdim.
– Yunis, hardasan?
Yaqut diksinmişdi, qollarım arasından sıyrılmaq istəmişdi, amma qollarımın çəmbərini qıra bilməmişdi və mən başını sinəm üstə qoymuş ağ səadətimin ürəyimi döyündürən həyəcanından dəyişilmiş bir səslə xalama cavab vermişdim:
– Burdayam xalacan, – sən bilən bu nədir belə?
– Bibiheybətdir, ora, yəqin buruq fantan vuranda daş-daşa dəyib, od çıxıb, nöyüt alışıb... Kişi də hələ ordadır... səsinə nə olub, vallah o çit şapkada timov olacaqsan axırda sən...
Gecə qara vaqiəli bir yuxuya oxşayırdı, amma xalam qorxub gözü dörd olmuş bir qız uşağı deyildi, qocaman bir buruq ustasının həyat yoldaşı idi və baş verən qorxunc hadisəni görünür o daha düzgün fəhm eləmişdi.
– Əlimürsəl dayıdan nigaran qalma, xala, – demişdim, – gedərəm bir xəbər gətirrəm!
Bu dəfə qollarım arasındakı sağ əlilə sinəmi çəngələmişdi və hiddətli bir pıçıltı ilə demişdi:
– Hara gedəcəksən? Bu saat ora yəqin qoşun gedir ki, avara adamları yaxına buraxmasın, uşaq-muşaq əl-ayağa dolaşmasın... burax məni, xalan bura baxır.
Xalam bizə tərəf baxmırdı, baxsaydı belə bu ağlar arasındakı mənim ağ göyərçinimi gözü seçə bilməzdi, amma elə bu vaxt xalamın yanında peyda olan Yaqutun anasının çığırtılı səsi qulağımızda cingildəmişdi:
– Ağəz, Yaqut hardasan, yığışdır ağları düş aşağı, gecə göydən hiss yağar, pal-paltar zay olub gedər.
– Bu saat, anacan – demişdi və döşümdən məni elə bir şiddətlə geri itələmişdi ki, qollarındakı qüvvətə heyrət eləmişdim.
Sonra pəncərədən yenə anasının səsi gəlmişdi:
– Səsinə nə olub, ağəz, yoxsa qorxmusan?
– Həri səksəndim, məmə, lap ürəyim qopdu bayaq...
– Yaxçı, yığış gəl evə, ağanənəyə deyərəm, çildağa aparar səni...
Və xalam ilə qızın anası pəncərədən çəkilib getmişdilər.
Abşerona məxsus xalq təbabəti növləri haqqında təsəvvürüm yoxdu, ona görə elə bilmişdim ki, Çildağ, yaxud Cehildağ yer adıdır və qızı nənəsi haraya isə aparacağından təşvişə düşərək yavaşdan demişdim:
– Nə üçün ağanənən səni Çildağa aparmalıdır nə işin var sənin o kənddə, yaxud o dağda?
Pıqqıldamışdı, amma tez əlilə ağzını tutmuşdu və demişdi:
– Tək məni yox, səni də aparmaq lazımdır.
– Məni niyə?
– Əsirdin bayaq... Çildağ ocağında əsməcəli adamların əndamına elə qəşəngcə dağ çəkirlər ki, sabahı gün əsməcəsindən əsər-əlamət belə qalmır.
Aha, demişdim öz-özümə, ağ səadətimin yaxşıca cırmaqlayan caynaqları da varmış!
Sonra kömək eləmişdim, iplərdən asılmış ağları yığışdırmışdı və getmişdi, mən isə dam üstündə tək qalmışdım, göy üzü indi tutqun mis rəngində idi: dan yerindəki ulduzlar zərrin duman içində əriyib yox olmuşdu, günbatan tərəfdəkilər də elə bil pərən-pərən düşüb seyrəlmişdi. O aramsız və heybətli nəriltinin səsi hələ də eşidilməkdəydi.
Çit şapkamı başıma keçirib küçəyə çıxanda xalama demişdim ki, gəlib-gedəndən bir xəbər bilib qayıdıram və burdan, şəhərin yuxarı məhəlləsindən birbaşa Bayıl təpələri arxasına gedən araba yolu ilə baş alıb getmişdim...
Bir saat yol gedəndən sonra gəlib Bayıl təpələrinin günbatan tərəfindəki yamaclarını izdihamla dolu görmüşdüm. Bu izdiham içində çoxlu oğlan uşaqları vardı, sal daşların üstündə əyləşib dizlərini qucaqlamış qocalar vardı, körpələri qucaqlarında yatmış çadralı-çadrasız gənc qadınlar da gəlmişdilər. Onlar bu gecə vaxtı bura, bu dəhşətli mənzərəyə yaxından tamaşaya gəlmişdilər, bəlkə hər birinin orda, o odlu əjdaha ilə əlbəyaxa çarpışan bir yaxını, bir əzizi üçün duyduğu nigaranlıq hissi çəkib bura gətirmişdi.
İzdiham içindən keçmişdim, yamac ilə üzüaşağı enmişdim, burda, dəniz ilə dağ ətəyi arasındakı sahədə salınmış yeni neft mədəninin buruqları arasıyla uzanan yola düşmüşdüm ki, qoluna qırmızı şilədən sarğı bağlamış bir oğlan qabağımı kəsmişdi.
– Dayan, a yoldaş, hara belə?
Başımla yanan buruğa tərəf işarə eləmişdim:
– Ora, dayım ordadır, evdə nigarandılar.
– Qayıt geri və evdəkiləri sakit elə ki, insan tələfatı yoxdur.
– Yox, kişinin özünü görmək istəyirəm.
– Kimdir axı o kişi və nəçidir?
– Buruq ustasıdır, adı Əlimürsəldir, əsli Əmirhacıyanlıdır.
Əlimürsəl kişinin adı o saat öz təsirini göstərmişdi, çünki qocaman buruq ustası Abşeronda qazdığı ən dərin neft quyuları ilə məşhur idi və iri, çalbığlı şəkilləri tez-tez qəzetlərin birinci səhifələrində çap olunurdu.
Oğlan məni dalınca salıb bir az irəli apardı, yolun yanında telefon aparatı olan otaqda başqa yoldaşla görüşüb nəsə danışmışdı.
Burada o cəhənnəm məşəlinə hələ bir neçə yüz metr qaldığı halda dənizin yanğına yaxın suları elə bil qaynayırdı, hardansa havaya ağ buxar layları qalxırdı və qızmar hava dalğası adamın üz-gözünü qarsır, ciyərlərini pörşələyirdi və aramsız heybətli nəriltidən adamlar hamısı lal olmuşdular, ağızların açırdılar, amma səsləri eşidilmirdi, buna görə idi ki, ikinci oğlan nə demişdisə mənə bağıra-bağıra demişdi:
Kitabxana.az · https://kitabxana.az/works/enver-memmedxanli-baki-geceleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu xəlifə Məmunun Cahan şəhəri*Bağdad ilə əlbəyaxa olduğudur.*
İkinci hissəAzərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.
Başqa şairlərin şeirləri
Yaşasın həm “Nicat”, həm “Sovqat”,Qoydular dər heqiqət aləmi mat.
Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyilKönlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Gözlərin mayil olubdur yenə xünxarlığaGözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Bilmən kimindirTuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,