Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu.

Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi.

Bolşevizmin bu taktikası Lenin, Stalin tərəfindən yaradılıb və onlar heç vaxt bunu gizlətməyiblər. Təəssüf ki, heç olmasa, bir nəfər demokratik xadim tapılmadı ki, bu barədə bütün dünyanı açıq-aydın xəbərdar etsin. Aydındır ki, 1941-ci ildə Hitler təhlükəsi altında Stalin məcburən İngiltərə və Amerikanın “müttəfiqi” oldu. Hələ cənab Çörçil onu “yoldaş” adlandırır. İstəmədən “yoldaş” deyilsəydi, daha doğru olardı. Yer kürəsinin 1/6 hissəsində yaşayan xalqlar bolşevik nəzəriyyəçiləri tərəfindən ingilis və amerikalılara nifrət ruhunda tərbiyələndiriliblər.

Stalin cənab Çörçilə cavabında bolşevizmin ingilis dünyasına olan ümumi nifrət və kinini konsentrik şəkildə göstərirdi. Stalin kommunizmin heç vaxt uğur qazanmadığını və qazanmayacağı ingilis dünyasına ona görə nifrət etmirmi? Stalin ingilis zəhmətkeşlərinin onu “ata” adlandırmaq istəmədiklərinə görə qəzəblənmirmi? Stalin ingilis xalqının seçkilərdə Hani Polpitin zəhmətkeşlərə hər kəsin qabiliyyətinə görə işləyəcəyi və tələbatına (xüsusən, viski tələbatına) görə alacağı kommunist cəmiyyəti qurmaq vədlərinə baxmayaraq, kommunistlərə səs vermədiklərinə görə hirslənmirmi?
Stalin deyir: “Xalqlar ona görə mübarizə aparmayıblar ki, bir köləlikdən digərinə keçsinlər. Konkret olaraq Hitler köləliyindən ingilis-amerikan köləliyinə”.
Biz də deyirik ki, xalqlar məhz ona görə mübarizə aparmayıblar ki, Stalin - kommunist köləliyinə düşsünlər.... Stalin Avropanın xilası naminə 7 milyon itki verdiyini söyləyir. Əgər o, Avropanı xilas etmək istəsəydi, bunu İngiltərə və Fransa ilə ittifaqda edərdi, Hitlerlə yox. 7 milyon deməklə Stalin itkilərin sayını kəskin azaldır. Axı bizim xalqların Stalin rejiminə nifrəti o qədər böyükdür ki, onların heç biri Stalin uğrunda vuruşmaq istəmirdi. İlk növbədə ruslar, ukraynalılar, türk-müsəlmanlar. Yalnız buna görə Almaniya müharibənin ilk günlərində milyonlarla hərbi əsir tuta bilmişdi.

I Dünya müharibəsində müharibəni çar Rusiyası aparanda bir nəfər də olsun rus, ukraynalı, hətta türk-müsəlman da Almaniya tərəfə keçməmişdi. Ancaq bu müharibədə Sizə məlum olduğu kimi, Almaniya tərəfdə öz legionerlərini təşkil edən və bolşevizmə qarşı vuruşan milyonlarla rus, ukraynalı, müsəlman türk və s. vardı. Məgər bütün bunlar Stalin rejiminin vəhşilik və antixalqçılığına, onun bizim xalqların atası deyil, atalığı olmasına dəlalət etmirmi? Nə üçün bir nəfər də olsun ingilis, ya amerikalı almanlarla birgə vuruşmadı? Çünki, onların ingilis tarixinin inkişafı nəticəsində, dövlətçilik ənənələri üzərində öz xalqlarının oğulları tərəfindən idarə olunan vətənləri var. Çünki, İngiltərəni Kral, Ettli, çörçillər, bevinlər, aleksandrlar, krippsilər və başqa xalqın qanından, kökündən olmayanlar, başqa ölkələrdə leyboristlər və ya konservatorlar partiyası yaratmaq istəməyənlər idarə edirlər. Siz dünya leyboristlər inqilabı naminə nə bir pendən, nə də bir nəfər ingilisdən söz yox, keçməzsiniz. Leyborizm və həmçinin konservatizm təmiz ingilis əsillidir, ingilislər tərəfindən ingilis zəminində yaradılıb və ingilis xalqına xidmət edir.

Kommunizm və dünya proletar inqilabı haqqında nə demək olar? Kommunizm rus, ukraynalı və xüsusən türk-müsəlman gerçəkliyinə, tarix və ənənələrinə yad və yabançı ideyadır. Ümumiyyətlə isə, kommunizmin heç bir xalqm gerçəkliyi ilə ümumi nöqtəsi mövcud deyil, çünki, kommunizmin vətəni yoxdur. Kommunizm öz xalqının, vətəninin mənafeyini satmaq, dünya proletar inqilabı naminə milyonlarla həyatı qurban verməkdir. Məgər dörd illik vətəndaş müharibəsi bizim xalqların mənafeyinə, sinfi mübarizə alovlarında milyonlarla yaxşı zəhmətkeşin məhv edilməsinə və yaxud bizim xalqların başqa xalqlardan və dünya bazarından təcridinə, 1939-cu ildə Hitlerlə müqavilə bağlanmasına uyğun idimi? Bu, Yer üzünün 1/6 hissəsində yaşayan xalqların mənafeyinin tarixdə misli görünməmiş satılması deyildimi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri