Kremlin əmri və hüdudsuz maddi yardımı ilə (Kominternin-Kominformun uşağı) olan Dünya Sülh Şurası adından, 12 dekabr 1952-ci ildə Vyanada "Xalqların Sülhü Müdafiə konfransı" açılmışdır.

"Sülh hərəkatı" vaxtilə Politbüronun (Siyasi Büronun - N.Y.) gizli dərinliklərində başlamış və güclü pul sayəsində sürətlə genişlənmiş, 1949-cu ildə isə "Sülh tərəfdarları dünya konfransı" çağırılmışdır.

Bu konfransdan sonra hür (azad) məmləkətlərdə "sülh tərəfdarları" milli təşkilatları qurulmuş və yuxarıda adı çəkilən mənfur "Dünya Sülh Şurası" meydana gətirilmişdir.

"Dünya Sülh Şurası" Kremlin tükənməz yardımı və rəhbərliyi altında qaynar bir fəaliyyətdə olmuş, "millətlərarası gərginliyi yumşaltmaq" uğrunda çox çalışmışdır. Türlü məmləkətlərdə mitinqlər, toplantılar, görüşmələr tərtib edilmişdir. "Sülhçülər" xalqların ən geniş təbəqələrinə, müxtəlif dini, siyasi və sosial gorüşləri olan ən müxtəlif təşkilatlara, hərəkatlara, cərəyanlara soxulmağa müvəffəq olmuşlar.

Tükürpədici yalanlar nəticəsində hür məmləkətlərin bir çox təşkilatlarını da Vyanaya qədər sürükləmişlər.

Dünyanın ən müxtəlif sosial və ictimai təbəqələrinə soxulub onları sovet imperializminin xidmətinə qoymalı-Kremlin bu əmrini "Dünya Sülh Şurası" qısa zamanda artıqlaması ilə ifa etmişdir.

Konfransa başqanlıq edən Fridrix Jolio-Kuri bu haqda qürurla məlumat vermişdir.

O, kommunistlərə münasib paxıllıqla dünya kültürünün böyük adamlarının müqəddəs xatirələrinin çözülməsindən uzun bəhs etmişdir.

Konfrans Sovetlər İttifaqı Kommunist Partiyasının 19-cu qurultayı qərarları üzrə cərəyan etmişdir: "Dünya sülhü uğrunda", "Koreyada hərbin durdulması uğrunda", "Xalqların hürriyyət və bağımsızlığı sarsılmaz sülhün zəruri şərtidir", "Millətlərin bağımsızlığı və təhlükəsizliyi uğrunda", "İki sistem paralel yaşaya bilər" və s.

Köhnəlmiş və çürümüş "dünya kommunist inqilabı" şüarları ilə deyil, Kreml yuxarıda qeyd edilmiş yeni taktiki şüarları ilə müxtəlif cərəyanları, müxtəlif görüşlü adamları Vyanaya gətirməyə də müvəffəq olmuşdur.

Bu konfransda Qərbin müharibəni önləmək yolunda bütün təşəbbüsləri "təcavüzkar" deyə damğalandı və "millətlərüstü təşkilatlar" məfhumu uyduruldu: Atlantik, Paris və Bonn müqavilələrini "millətlərüstü təşkilatlar" kateqoriyasına aid etdilər və millətlərin bağımsızlığına bir təcavüz deyə vəsfləndirdilər.

İlya Erenburq İngiltərənin və Latın Amerikasının bağımsızlığının "yox olmasına" fəna halda "acıyaraq" bunları söylədi: "Keçmişdə insanlara öz dövlətinizin istiqlalını müdafiə etmək üçün həyatınızı fəda etməlisiniz deyirdilər. İndi isə onlara deyirlər: irəlidə həyatınızı fəda etmək üçün əvvəl öz dövlətinizin istiqlalını qeyb etməlisiniz".

Bəli, Kreml daima bu tərzdə hərəkət etmiş və etməkdədir: əvvəl dövlətlərin bağımsızlığını çeynəyir, sonra isə onların haqlarını öz ehtiraslarına qurban edir.

Əcəba, Sovet diktatorları hökm etdikləri millətlərin qeydsiz-şərtsiz istiqlallarını tanımağa heç yaxınlaşarmı?

İlya Erenburq konfransda iştirak edənlərə milyonlarla neytralistlərin (tərəfsizlərin) hisslərini istismar etmək üçün göstərişlər vermiş və demişdir: "Neytralizm Qərb xalqlarının öz bağımsızlığı uğrunda yürütdükləri savaşın bir simptomudur".

Qərbi Almaniya neytralistlərin hərəkətlərini və fəaliyyətlərini öyrəndikdən sonra bütün neytralistlərə Kremlin bu əmrini açıqladı: "Qərbə qarşı qışqırın - onda "bizimləsiniz", amma Moskvaya söyləyin: "biz sizinləyik". Əslində "neytrallıq" belə olmalıdır.

"Xalqların Sülhü Müdafiə konfransında" hər şey Kremlin istədiyi kimi olmadı. İtaliyalı Alessandra Piaycionun ifşası bomba kimi partladı. Britaniya nümayəndəsi Harmonun söylədikləri: Sovetlər Hind layihəsini rədd etməklə, hərb əsirlərini Sovetlər İttifaqında saxlamaqla dünyada əndişəli vəziyyət yaratmışlar.

Vışinskinin Hindistan sülh layihəsi əleyhinə kəskin çıxışı sülhə olan son ümidləri suya batırdı. İsveç yazarı Erik Axel Blomberq sovetlərin kiçik dövlətlərə qarşı təcavüzkar olduğunu söylədi. Fransız papası Rene Ronyon göstərdi ki, sovet siyasətçiləri başqa xalqların psixolojisi ilə heç hesablaşmaq istəmirlər. Hər kəsə məlumdur ki, "xalq demokrasiləri" Sovetlərin zoru ilə yaranmışlar. İsveçrəli Hüqo Kramer öz çıxışında İlya Erenburqa müraciət edərək soruşmuşdu: "Elə düşünmürsünüz ki, Amerika əleyhinə etdiyiniz ittihamlar sırf Sovetlərə qarşı edilməlidir".

Bu şəxsiyyətlərin çıxışları haqda sovet mətbuatı bir kəlmə belə yazmır. Amerika əleyhinə çıxışlar isə təfsilatı ilə bütün sovet mətbuatında nəşr edilmişdir.

12 yanvar 1953-cü il tarixli "Pravda" "Xalqlar konfransının qərarlarını kütlələrə yetirməli" başlıqlı baş məqaləsində yazırdı: "Konfrans yeni hərb təhlükəsinin qarşısını almaq üçün xalqların beynəlxalq hərəkatı tarixində mühüm mərhələ oldu... Konfransın qərarlarını müzakirə etmək üçün indi hər yerdə böyük ruh yüksəkliyi şəraitində kütləvi mitinqlər və iclaslar keçirilir. Milanda, Romada, Turində və İtaliyanın başqa şəhərlərində bu cür mitinq və toplantılarda minlərcə insan iştirak etmişdir. Çinin şəhərlərində, Varşava və Budapeştdə, Paris və Brüsseldə də zəhmətkeşlərin kütləvi mitinqləri olmuşdur. Mitinq və toplantılarda xalqlar konfransının nümayəndələri çıxış edirlər".

Əslində "Pravda"da Sovetlərin Hür Dünya xalqlarını hürriyyət əleyhinə səfərbər etmələrindən açıqca və həyasızca yazır.

"Xalqlar Konqresi"nin "sülh", "istiqlal", Koreyada hərbin qurtarması" və s. haqda çıxardığı qərarların mahiyyətini Avstriya Daxili İşlər Nazirliyindən öyrənirik: "Xalqların Sülhü Müdafiə Konfransının" gizli komissiyasında bu qərar verilmişdir: bütün dövlətlərdə sülh tərəfdarları təşkilatları nəzdində xüsusi bürolar qurulmalı ki, məmləkətlərin silahlanmaq işlərinə nəzarət etsinlər və hər böyük hərb istehsalatı fabriklərində bu büroların nümayəndələri olmalıdır. Bunlar silahların miqdarı, növü və xüsusiyyəti haqqında məlumat toplamalıdır".

Qısası, "sülh", "bağımsızlıq" yolu ilə sovet casusluğu hür məmləkətlərdə qanunlaĢdırılmaqdadır.

Əcəba, Komintern Moskvada oturarkən və "dünya kommunist inqilabı" bayrağı altına xalqları çağırarkən bu qədər təşkilatları, cərəyanları, hərəkatları Kremlin xidmətinə çıxa bilərdimi?..

Halbuki, "Dünya Sülh Şurası" Hür Dünyada yerləşərək "sülh", "bağımsızlıq" və s. uğrunda savaşaraq kommunizmlə heç bir əlaqəsi olmayan türlü təşkilatları, cərəyanları və geniş xalq təbəqələrini sovet imperializminin xidmətinə qoymuşdur.

Beləcə, həqiqi hürriyyət savaşçıları olan antikommunist qüvvələrinin laqeydliyindən Kreml hür insanların qüvvəsi ilə hürriyyətə hücum edir. Saysız, hesabsız antikommunist cəmiyyətləri, təşkilatları satıcılar kimi təkbaşına çalışırlar.

Dağınıq halda olan antikommunist ictimai təşkilatlarının birləşərək tək və hür bir Dünya uğrunda böyük bir hərəkat yaratmalarının zamanı artıq gəlmişdir. Bu hərəkat bütün dünya hürriyyəti uğrunda sovet imperializminə qarşı amansız mücahidəyə keçməlidir.

Daima olduğu kimi, yenə də Azərbaycanın səhifələrindən bütün antikommunist təşkilatlara müraciət edərək tək və hür bir Dünya hərəkatı yaratmalarını rica edirik.

«Azərbaycan» jurnalı, Münhen, 1953-cü il yanvar, № 8

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubu

Əzizim Ziyad bəy!Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər.

19471 dəq
Diamat

Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşeviklərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializmin metoduna istinad edərək kainatı, bütün hadisələri öyrənmək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər inkişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey, Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializmdən xəbərləri belə olmadan, heç güman etmədən onun metodları ilə faydalanırmış.Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş. Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa, Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriyyəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzəriyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində boğuldu.

4 dəq
Koreyada Sovet təcavüzünün məğlub olması

(Koreya hadisələrinin 2 illiyinə)**Sovet imperialistlərinin bəşəriyyətə qarşı törətdikləri sonsuz qanlı cinayətlər içərisində Koreyadakı təcavüzkarlıq ən ağırıdır.

5 dəq
Kommunizm-Utopiyadır

Məlumdur ki, bolşeviklər özlərini ortodoks marksist sayırlar. Başqa sözlə, bolşeviklər üçün Marksdan başqa Allah yoxdur, Stalin də onun peyğəmbəridir. Marksizmdə əsas məsələ nədir?Bolşeviklərin öz etiraflarına görə, Marksizmdə baş və əsas məsələ proletar diktatorluğu məsələsidir. Bütün başqa məsələlər buna tabedir və bundan irəli gəlir. Proletar diktatorluğuna gətirən başlıca yollar sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksın təyin etdiyinə görə, proletar diktatorluğunun başlanğıc dövrü bütün köhnə dövlət mexanizmini, bütün milli ənənələri, adətləri, mənəviyyatı və mədəniyyəti yıxmaq, dağıtmaq, parçalamaq, məhv etməkdən ibarətdir. "İnternasional"ın sözləri ilə ifadə etsək, "Yıxaq bu köhnə cahanı..." Proletar diktatorluğunun ikinci dövrü qurulmuş dövrdür”.

3 dəq

Başqa şairlərin şeirləri