Bəsdir, göz yaşardıb zarıma zar-zar,Səndən, dünyandan da böyükdür dərdim.Bilsəydim göz yaşı yara sağaldar,Dünyanı sularda qərq eləyərdim.

Bəzən yaşamaqdan adam yorulur,Kişi yorğunluğu kişini yıxmaz.Adamın qeyrəti gözündə olur,Kişinin qeyrəti əriyib axmaz.

Əriyib yox olur ağlayanda qar,Şam da ağladıqca dünyadan köçür.Alçalır, kiçilir ağlayan xalqlar,Torpağı əllərdən əllərə keçir.

Göz ağı-qaradan seçmək üçündü.Uşaq ağlayar dil açana kimi.Can vətən yolunda keçmək üçündü,Adam uşaq olar haçana kimi.

Səsin adamları qoy bezdirməsin,Oxuyursan oxu, yazırsansa yaz.Qoy şeir gözündə nəm gəzdirməsin,Göz üstə damlanı saxlamaq olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət