(Lirik miniatürlər poeması)

Dünya, bir də yoxla məni,
Dünya, bir də sına məni!
Yazığam, möhtac eləmə
Alın yazısına məni.

Gözbağlıca vaxtı keçib,
Aldatma ovsuna məni.
Bu payız – ömrün payızı,
Vermə div yuxusuna məni.
Dünya, bir də sına məni!


Meşəyə açılır pəncərəm…
Dünənki xəzan yağışı
yuyub ağacları bir neçə kərə.
Yarpaqların yaşılı
göz qamaşdırır.
Budaqlar boylanır
pəncərəmdən içəri.
Qaçmaq istəyirlər
qapının ağzını kəsən payızdan.
Bir dəli şeytan deyir
yığ bu meşəni
otağında gizlə!


Bulud, səndən bir umacağım,
Bulud, sənə bir andım var.
Yağışından salla məni,
Göy üzünə qaldır məni.
Gəzdir meşənin üstüylə,
Quru ağac görən kimi
Qorxma, yerə tulla məni,
Yağış bilib yağdır məni,
O ağaca gərək ollam!


O dünənki yağış,
oyatdı bu xatirəni.
Əli Kərim dayanmışdı
bir ağacın dalında –
başıaçıq, plaşsız.
İnstitut illərindən
«boylanırmış» demə.
Elə beləcə qalıbmış
yağışın xəyalında.


Payız, mən səni görürəm,
ağac görmür.
Payız, mən sənin qəsdini bilirəm,
ağac bilmir.
Sən dünyanın, Allah bilir
neçənci payızısan,
Mənim payızım, yeganə payızımdır,
Dəymə mənim payızıma!
Meşədə solası ağac çoxdur,
Onların taleyini mənə yazma!


Gör,
nə gur
yağır başıma
xəzəl yağışı.
Örtür ağ saçlarımı
yarpaqların qızılı.
Sönmüş saçlarım,
solmuş yarpaqların
soyuğunda qızınır.


Qayınlardan ən çox
ağcaqayından xoşum gəlir.
Qaməti ağ şirmayıdan
yonulub elə bil.
Bir az mehr ilə baxsan,
yola düşüb yeriyəcək.

Sanki gözəl bir qızdır ağcaqayın – ağac deyil.
İllah da ki, yağışlı gündə
Meh sığallaya islanmış saçlarını.
Ağcaqayın dəli edib, vallah,
meşənin bütün ağaclarını.


Birbaşa qəlbimə yağdı
dünənki yağış.
Yuyub apardı qəmi, nisgili, qayğını.
Yuya bilmədi amma,
ürəyə daman payızı,
yaxınlaşan qocalığı.


Yamyaşıl çəməndir meşənin içi,
Ot dizəcən.
Üç gün, üç gecədir ki,
yağır payız yağışı.
Birinci gün şərbət içir,
İkinci gün doyub, yığışır.
Üçüncü gün qərq olur suda –
boğulur, ölür otlar.


Meşə yolunda
bomboş bir skamya!
Yağış altında qalmış
Sehirli bir dünya.
Sevgililərin görüş yeri, gəncliyi,
Qocaların, qarıların dincliyi.

Sevgililərin görüş sevincini,
Qocaların yalqızlıq həsrətini,
Üst-üstə gəlib ikiyə bölsən,
Payız alacaqsan.


Yağışdan sonra
orda-burda
baş qaldırdı xeyli göbələk –
boyları bir qarış.

Baş alıb göyə ucalan
Şama bax,
göbələyə bax!
Yağma yağış!
Sən allah, bu qədər yağma!
Şam hara,
Göbələk hara.


Yağışlı gündə
Meşə nəfəsini qısır.
Quşlar susur,
Dələlər qaçmır.
Ağacdələnlər ağac dəlmir,
Amma bu təyyarələrlə heç kəs bacara bilmir.
Yalnız təyyarə pozur
Yağışlı meşənin sükutunu.


Payız buludları
tək-tək gəzmir.
Sürünürlər onu bir yerdə,
yüzü bir yerdə.
Hər bulud –
bombasını hara gəldi boşaldan
təyyarə təki,
yağışını yağdırıb qaçır,
Nə deyəsən bu «namərdə»?!


Bir cam doldurub
udum-udum içdim yağışdan.
Bəzən yağış suyuna da qəribsəyirmiş insan.

Bir az Kür daddı bu yağış,
Bir az Araz, bir az Xəzər.

Öz yağışım, öz başıma,
yağıbmış demə.
Bu dünyada möcüzə
varmış, hələ də.


Soruşdum: –
Günəş, sənindəmi payız çağındır,
nədir göndərdiyin soyuq şüalar?
Dedi: –
Sənin payızından sonra qış gəlir,
Mənim payızımdan yaza körpü var.


Çoxdanışan adam kimidir,
bu nüzul yağış.
Bilmir üyütdüyünü
buğdadır, darıdır, ya düyüdür.
elə hey üyüdür.
Uzandıqca uzanır,
bu uzun yağış.
Başını tut, qaç!
Hara qaçacaqsan, ay yazıq?
Hər yerdə payız var.


Bahar – qızdır,
Yay – oğlan,
Payız – ata-anadır.

Şıltaq Baharnan
Dəliqanlı Yay bir yanadır,
Mehriban Payız bir yanadır.

Payız – qayğı çəkən,
bar yetirən,
ağlayıb-gülən fəslidir dünyanın.
Payız son zirvəsidir,
sevginin, dözümün, inamın.
Qış – qoca – qarıdır,
əli əsalı bir babadır.
Beləcə bütöv bir ömür,
dörd fəsilli, dörd tinli,
bitkin bir rübaidir.


Dünya, bunlar sənin işindir,
Dörd əlin var sənin,
Dördü də uzun, dünya!
Dörddür sənin üzün, dünya!
Yaz əlinlə gətirirsən,
Yay əlinlə nur ələyirsən,
Qış əlinlə qar.
Nədir buna sözün, dünya?!
Payızında ağlayır yazın, dünya!


İki cürdür meşədə yarpaqlar,
Solanı var,
solmayanı var.
Solanlara baxa-baxa qalıb,
solmayanlar.
Başlarını aşağı salıb,
ağlayırlar için-için,
Xəzəl olmuş yoldaşlarının dalınca.
Bu da sənin işindir, Dünya!


Meşə bütöv idi,
Meşəni böldülər.
Bu ağac mənim,
O ağac sənin.
Burda çəpər,
Orda çəpər.


Çəpəri aşa bilmədi,
Birləşmək dərdi.
Yenə bütöv olmaq ümidi,
Dilsiz-ağızsız ağac həsrəti.
Ağacları bir-birindən
ayırdı
İnsanın meşəyə olan
məhəbbəti.


Ən uzun gecənin də
sonu olur.
Yağış da yoruldu.
Hamıdan tez sevinən
bülbül oldu.
Cəh-cəh vurdu bir ağız.
Payız günəşi
bulud – ələkdən keçib
meşəyə töküldü.
Çox çəkmədi amma,
gözü götürmədi yağışın.
Yağdı yenə bülbülün səsinə,
Yağdı yenə yarpaqların üstündəki
günəş zərrələrinə.


Yağış gecə kəsdi.
Gecə heç kəs görmədi
buludun ölümünü.
Gecə bunu qəsdən
eləmişdi, qəsdən.
Qorxusu yox idi bir kəsdən.
Amma yenə istəmirdi ki,
Görsünlər ölən buludu,
Gecədən işıq gözləmə,
Gecənin işi budur.


Açıldı göy üzü,
Çəkildi ayrılıq buludları.
Ağaclar ulduzlara boylandı,
Ulduzlar ağaclara.
Hər ağacın üstündə
bir ulduz!
Başlandı gecəyarı
payızdan giley-güzar.
«Yeddi qardaş» gözünü zillədi,
Yeddi bacı – ağcaqayına.
Bir-birlərinə heç baxmadılar da
Gələcəyin bacanaqları.
Hər kəsənin öz aləmi,
öz dünyası,
öz yarı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar