Meşədə durmaqdan yoruldu vələs,Bir ayaq üstündə çox durmaq olmaz.«Odunçu, amandır, gəl məni də kəs!Uzanım torpağa, dincəlim bir az».

Meşəni yuxudan oyatdı balta,Vələsi kəsdilər, doğradılar da.«Nə qədər ağactək yaşamaq olar?Odun olmağın da öz aləmi var».

Odunçu odundan bir-bir hər axşam,Sobada yandırdı, ocağa atdı.Vələsi yenə də yaşatdı inam –«Yanmağın özü də başqa həyatdı».

İndi yazıq vələs odun da deyil,Bir topa tüstüdür, bir ovuc da kül.

Meşənin üstüylə süründü tüstü,Yaşıl vələsləri görəndə küsdü.Küsdü taleyindən, küsdü bəxtindən:«Bir zaman nə idim, indi nəyəm mən».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar