Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər
Səhifə 3 / 6 · 33%
Bir az da telekanallardakı mahnı və rəqslərdən danışaq. Əvvəlcə bəri başdan deyim ki, bu rəqslər içində bizim dədə-baba, milli rəqslərimiz çox azdır. Hərçənd ki, telekanallar özlərini milli sayırlar, amma milli-zad deyillər. Başdan-ayağa milsizdirlər.
Dünyanın mahnı və rəqs ulduzlarını göstərsinlər. Eybi yoxdur. Biz də baxıb bir şey öyrənək.
Amma telekanallarda çox zaman bayağı (bu sözdən çox zəhləm gedir, amma işlətməyə məcburam) rəqslər göstərirlər. Qoy bir də deyim ki, bu rəqslər doğrudan da bayağıdır ki, bayağı. Hərəkətləri də, musiqisi də, mahnısı da yad, ögey, soyuq, uzaq, bayağı. Oğul-uşaq yanında adam baxmağa utanır.
Bir dəfə zəng eləyib soruşdum bu nədir göstərirsiniz, dedilər demokratiyadır, baba, baxmaq istəmirsən, efiri söndür, baxma! Gərək söndürəsən!
Afrikanın və qərbin şəhvani hisslərini təbliğ eləyən bu cür mahnı və rəqsləri bilmirəm hardan alıblar. Bu qədər dərdi olan milləti bu havalara oynatmaq kimin ağlına gəlib, görəsən? Hanı o ağır, şərqliyə yaraşan həya və abır çərçivəsində, hikmət və məna, sevgi və mehri-məhəbbətlə dolu rəqslər. Hanı «Yallı»lar, «Cəngi»- lər, «Tərəkəm»lər?.. Kim gətirdi bu şou-biznesi bura? Şou-sözünə fikir verin, oyun sözünə oxşayır. Deyəsən, mənası da oyundur elə! Oyundur ki, oyun!
Mədəniyyətdə, sənətdə, ədəbiyyatda təzə bir oyundur. Bu qəribə Qərbə baxıb, basmaqəlib kliplər çəkirlər. Bunun da əxlaqımıza, gəncliyimizə və klipçəkənlərimizə çox pis təsiri var. Əvvəllər basmaqəlib üsulu ilə kiçik baş yaylıqları – kəlağayılar istehsal edirdilər. Bu artellər – «şirpotreb» adlanırdı. Burda kəlağayı Basqalda rəngbərəng ipək saplarla toxunan kimi toxunmurdu. Burda hazır ipək parçanın üstünə gül, naxış qəlibləri vura-vura yalançı kəlağayı düzəldirdilər. İndi də bu klipçəkənlər, eynən bu üsulla rəngli filmlər çəkirlər. Rəng var, lent var. Mahnı və musiqi şikəst. Müğənni də kukla. Orda durma, burda dur! Bu minvalla bir də görürsən ki, meydana elə müğənnilər çıxıb ki, adam inana bilmir: haçansa bu millətin Seyid, Mirzə Məhəmməd Həsən, Bülbül, Xan, Şövkət və Sara xanım kimi sənətkarları olub.
Elə yazıçılar çıxıb ki, adam yazıçı olmağa utanır.
Elə jurnalistlər gəlib ki, Həsənbəy Zərdabiyə, Mİrzə Cəlilə, Üzeyir bəyə, yazıqlar olsun ki, bu cür xələfləri var.
Min təəssüf! Milyon təəssüf!
İndi də keçirəm şəxsiyyət vəsiqəsinə. Bu mövzuda mən iki dəfə məqalə dərc elətdirmişəm. «Adını de, səni tanıyım», «Ədəbiyyat» qəzeti, 5 may 1989-cu il və «Məqaləyə aydınlıq (Adını de, səni tanıyım)», «Azadlıq» qəzeti, 16 aprel 2002-ci il. Hər iki məqalədə «ov»dan necə xilas olmaq və yeni soyad şəkilçilərindən danışılır.
Daha qırmızı pasport işə keçməyəcək. Qırmızının başına daş düşsün! Qırmızı – həyasız rəngdir. (Adam utananda qızarır, bu kov deyil). El içində bəzi adamlara «bu adam qırmızı adamdı» – deyirlər. Qırmızı pasportlardan canımız qurtarır. Amma, hələ «ov»dan əl çəkə bilmirik. Qoymurlar. Pasport rus pasportu idi. «Ov» da rusun fikri idi. Bu «ov» qırmızı imperiyanın bizim kürəyimizə vurduğu damğadır. Şəxsiyyət vəsiqələri verilməzdən əvvəl «ov» və «zadə» ləğv edilməliydi. Özü də Milli Məclisin qərarı ilə. Pasport qeydiyyatı və vətəndaşlıq aktları qeydiyyatı idarələrinə gərək tapşırılaydı ki, familiya sonluğu, soyadı şəkilçisi vətəndaşların arzusu ilə dəyişdirilməlidir. Hər bir azad ölkədə bu qaydalar gözlənilir. Onda heç bir hərc-mərclik olmazdı. Millət özü başa düşüb ki, bu «ov» başımızın üstündə rus qapazıdır.
Mən xaricə gedib ölkəmizin adını və bayrağımızı ucaldan idmançıları bağrıma basıb öpürəm. Onlar hamıdan əvvəl bunu başa düşdülər. Çünki, rus İvanov sayadıyla. Azərbaycan türkü də İmanov soyadıyla qapışır, güləşir. Soruşurlar ki, sən də russan? Deyir, yox! Bəs, onda familiyandakı bu «ov» nədir? Deyir, bilmirəm.
Amma, yarışdan vətənə qayıdan kimi bir neçə idmançı dərhal soyadlarını dəqiqləşdirdilər. Biri Fərid Əhmədov idi. İndi olub – Fərid Əhməd. «Ov»u götürüb atıb. İndən belə onu xaricdə rusnan qarışıq salmayacaqlar. Tək-təklər çoxalsın, cəm olsun. İdman nazirliyi bu işdə onlara köməyini əsirgəməsin.
Elə bil, bizim qonşularımızın əsrlər boyu bizim ölkəmizdə gözəlri qalıb. Hərəsi torpağımızda bir şey gizlədib, biri «xaç», biri «ov» və «zadə». İndi də şəxsiyyət vəsiqələri şıdırğı verilir. «Amma, köhnə soyadı ilə, yenə «ov» və «zadə» ilə. Deyəndə familiyamı dəyişmək istəyirəm. Deyirlər, get, yaş kağızını yerində dəyiş gətir, sonra dəyişək. Axı, yaş kağızını da Sovet hökuməti verib. Onu təzələmirlər. Bilə-bilə adamları get-gələ salırlar. Əvvəl-axır haqq gəlib öz yerini tutacaq. Haqq gəlincə, nahaqq bizim axırımıza çıxacaq. Çox incidəcək bizi.
Bu vəsiqəni alan adamların əksəriyyəti həmin vəsiqələri bir də dəyişəcəklər. Və öz istədikləri soyadı şəkilçilərindən birini seçib, türk olacaqlar. Son zamanlar bir qism ziyalı bu qənaətə gəlib ki, elə birdəfəlik «ov»u atsınlar.
Soyadı şəkilçisiz-zadsız qalsın. Məs: Əhməd Hüseyn oğlu Cavadov istəyir olsun Əhməd Hüseyn Cavad. Burda Əhməd – öz adı, Hüseyn – atasının adı, Cavad da – soyadıdır, nəslin adıdır. Ba-basının, ulu əcdadının adıdır.
Azərbaycan türkcəsində soyadı şəkilçisinə çox yaraşan, mənim fikrimcə öz sadəliyi və mənasına görə seçilən «gil» – soyadı şəkilçisindən geniş istifadə etmək olar. Bu şəkilçi Azərbaycan türklərinin məxsusi soyadı şəkilçisi olar. Və heç bir millətin hətta, türk millətlərinin də soyadı şəkilçilərinə qarışmaz. Məs: bibimgil, babamgil, əmimgil varsa, niyə Əhmədgil, Əligil, Camalgil olmasın? Məs: Akif Əli oğlu Əhmədgil. Çox gözəl səslənir. Diləyatımlıdır. Hallanır. Sonra 4 cür yazılan li, lı, lü, lu, – şəkilçiləri gəlir ki, bunlardan da soyadı düzəltmək olar. Məs: Əli Cəfər oğlu Səmədli, Səkinə Səfər qızı Cümşüdlü.
Bir çox millətlərdə soyadı düzəltməkdə cəm şəkilçisindən istifadə edirlər. Məs: Petrovix – Petrovlar deməkdir. Elə, «ov» da cəm şəkilçisi idi.
Biz də «lar, lər» cəm şəkilçiləriylə soyad düzəldə bilərik. Məs: İskəndər Əhməd oğlu Cəlallar və ya Cəlal İskəndər oğlu Əhmədlər. Burda Cəlallar və Əhmədlər Cəlal və Əhmədə işarədir ki, nəsil onlara mənsubdur.
Amma, daha yaxşı olar ki, həmin soyadlarını ikili soyadı şəkilçiləriylə düzəldək.
Məs: İskəndər Əhməd oğlu Cəlallılar və ya Cəlal İskəndər oğlu Əhmədlilər.
Burda da adamların Cəlallılar və Əhmədlilər nəsillərinə mənsubiyyəti daha qabarıq, daha aydındır. Dilimizin soyadı düzəltmək imkanları çox genişdir. Məs: Uşaq sözünü babanın adına qoşmaqla Əliuşağı, Hüseynuşağı soyadı düzəltmək olar. «Zadə» sözü bizə yaddır, «zadə»si olan soyadı qüsurludur. «Zadə» fars dilində oğlu deməkdir. Məs: Hüseyn Əli oğlu Vəlizadə. Belə çıxır ki, Hüseyn Əli oğlu Vəli oğlu. Belə soyad olmaz ki?!
Başqa dərdlərimiz də var. Dövlət atributlarımızdan biri – gerbimiz məni çox düşündürür. Müstəqil və azad dövlətin müstəqil və azad dövlət atributları olmalıdır. Bizim üçrəngli mavi, al, yaşıl bayrağımız çox məşhurdur. Çox ölkələrdə qaldırılıb. Adımızı, dövlətimizi təmsil edib. Azərbaycan Respublikasının adına layiqdir. Rəmzləri də aydındır. Türkçülük, Mübarizə, İslam. Bütün bunlar bizim qanımızdadır. Bayrağımız – bizim qanımız, canımız – Azərbaycanımızdır.
Amma, gerbimiz haqqında bu sözləri demək olmaz. Gerbimiz bizə yaraşmır, bəsit və zövqsüzdür. Üstündə alovlanan tonqala bənzəyən Alov dilləri, köhnə – pioner döş nişanlarına oxşayır. Bir vaxt istədilər ki, gerbi dəyişsinlər. Hətta, müsabiqə də elan etdilər. Çox gözəl nümunələr də çəkilmişdi. Amma, həyata keçmədi. Bütün ölkələrin, hətta kiçik Afrika ölkələrinin də özlərinə yaraşan gerbləri var. Amma bizim gerbimiz yox kimidir. Heç müsavat parlamenti də bu gerbi bəyənməyibmiş, heç təsdiq də etməyibmiş. Qoy bizim yeni gerbimizdə torpaqlarımızdan Qarabağ və bütöv Azərbaycan görünsün. Lap məni qınamasalar deyərəm, Azərbaycan Respublikasının SSRİ-dəki gerbi heç də pis deyildi.
Gerbimizdə Ay-ulduz olmalıdır. Özü də gerbin ən görkəmli yerində. İndiki gerbdə gerb boyda səkkizguşəli ulduz var. Burda simmetriya gözlənilməyib. Ulduz bütün gerbi tutub. Halbuki, gerbə yalxı ulduz yox, Ay-ulduz çəkilməlidir. Müstəqil Azərbacanımızın gerbinə Ay-ulduz yaraşır.
Ay-ulduz – türklüyün rəmzidir. Türklərin Göyə və Tanrıya yaxınlıqlarına işarədir.
Eramızdan yüzillərlə əvvəllərdən türk dövlətlərinin bayraqlarına Aypara çəkilib. Bütöv Ayın dörddə biri. Türklər o qədər təvazö sahibi olublar ki, bütöv Ayı bayraqlarına çəkməyiblər. Çox olublar, tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para. Bundan da Aypara doğur. Nə Oğuz, nə Mete, nə Atilla, nə Osman, nə Atatürk bayraqlarına bütöv Ay çəkməyib. Bütöv Ay bütün türklərin birləşməsindən sonra çəkiləcək bayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəzi qüdrətli dövlətlərə paxıllığım tutur. Məs: Yaponiya. Onların bayrağında bütöv Günəş çəkilib. Bəlkə orda millət də, dövlət lə bütövdür. Bizim kimi dağınıq deyildir.
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-ucuncu-kere-qarsi-sozune-qarsi-ve-basqa-derdler
← → düymələri ilə keçid, R — təsadüfi şeir