Səhifə 1 / 2

Yol yoldaşım məndən əvvəl kupeyə gəlmişdi. Şoğu azalmış, kömürü qaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi. Gözünün ucu ilə də olsun pəncərəyə baxmırdı.

Sonra bildim ki, əhd eləyibmiş, qatarda ilk gördüyü adamı bağrına basıb, qucaqlasın. Amma iki həftənin intizarı, on dörd günün iztirabı qollarının taqətini alıbmış. Üstəlik qatar gecikdiyindən bir az da ürəyi sancıb, gözləmə zalından tibb məntəqəsinə, ordan da şəfqət bacısının qolunda kupeyə gəlibmiş.

Bu zərif çiçəklə iki adamlıq kupedə, iki gün, iki gecə yol gedəcəyimi xəyalıma belə gətirə bilmədim.

Məni ötürməyə gələn tələbəlik dostum perronda dayanmışdı. Qatar yola düşəndə başı ilə qonşuma işarə eləyib, mənə göz vurdu, uğur arzuladı.

Gəlin əvvəlcə bir az darıxdı. Bələdçini çağırdı. Nəsə demək istədi. Demədi. Bələdçi çiynini çəkib getdi.

Mən tutuldum. Saçımı yığmaq bəhanəsilə gözümün altından gəlinə baxdım. Gördüm sınayıcı-qayçı baxışlarla başdan-ayağa məni süzür. Əllərimə çatanda gözlərini dikdi barmaqlarıma. Baxışları yumşaldı, məxmər oldu. Duydum bu parıltını. Ürəkdən su içən baxışların gizlənpaç oyununu izlədim. Bu sınağın ən işıqlı çağında fürsət tapıb ona «sən» dedim. O da mənə «sən» dedi. Bu nə qəribə doğmalıq idi? Ərk eləyib ona «sən» demişdim. Məndən 7-8 yaş kiçik olardı. Bəlkə buna görə? Amma, yox! Bu təsadüfün hökmü imiş. Sən demə, bu gün ona «səndə xərçəng yoxdur» – demişdilər.

Bu gün onun xəyalında, gözündə yad, uzaq heç nə yox idi. Dünya da, kainat da, ən uzaq ulduzlar belə onun üçün «sən» idi bu saat. Hər şey ona doğma idi, yaxın idi. Bu qatar da, bu kupe də, mən də. Bütün bunları qabaqca duymuşdu elə bil, ürəyinə dammışdı.

Heç kimə, heç nə deməyib. Bu gün xəstəxanadan çıxıb, bu gün də evə qayıdır. Xəbərsiz-zadsız. Oğlu var doqquz yaşında. Ona qlobus almışdı. «Kim bilir, bəlkə dünyadan köçəsi idim. Köçmədim. Oğluma indi dünya aparıram. Tapança istəmişdi, tapmadım. Ürəyimcə deyildi gördüklərim. Bu on dörd gündə ölümə elə nifrət eləmişəm ki, uşaqların yalançı davalarından da qorxuram».

Bakıda həkimlər şübhələniblərmiş. İndi aydan, sudan arıdır, tərtəmizdi onun ciyəri. Ümidsiz gedib, ümidlə qayıdırdı. Amma ürəyi hələ səksəkədə idi, hərdən diksinirdi.

Çay gətirməyə getdim. Gəlib gördüm ki, kupedəki kiçik yemək stolunda əsl çay dəstgahı qurulub. Lumu elə kəsilib ki, elə bil çıgara kağızdır. Üzüağ nəməkdan süfrənin tən ortasında üzümə baxıb gülür. Kəsilmiş çörəkdən sünbül ətri yayılıb kupeyə.

Çaydanı məndən aldı. Əli əsə-əsə əvvəl mənə, sonra özünə çay süzdü. Əlləri dümağ idi. Şəffaf barmaqlarının qanı qaçmışdı. Qorxdum çaydanı yerə sala.

Qatar Kurskdan keçirdi. Tankların şahə qalxdığı Kursk qövsü! Qələbəmizin ümid işığı bu qövsdən alışdı. Düşmənin inadı qırıldı bu yerdə.

Soruşdum:

– Bu saat ürəyindən nə keçir?

Dedi:

– Dənizin uğultusunu eşitmək. Qızıl lalələri görmək. Bir də oğlumu bağrıma basmaq!

İndi bu üç arzunun heç birinə qovuşdura bilməzdim onu. Acizliyimdən utandım. Gəlin bunu duydu. Baxışlarımız qarşılaşdı. Yanaqlarına qızartı çökdü. Aman allah. Necə yaraşarmış ağ yanağa al qızartı. Ağ çiçək qana doldu, cana gəldi.

Yavaş-yavaş kupedə işıq azaldı. Bir azdan gur işığı söndürəcəkdilər. Soruşdum:

– İşığı söndürümmü?

Dedi:

– Qoy bircəciyi yansın, qaranlıqdan qorxuram. Ürəyimdə izi qalıb hələ o şübhənin. Şübhə işıqdan qorxur bilirəm.

Durub kupedən çıxdım ki, gəlin yerinə uzansın. Heç üç dəqiqə keçməmişdi ki, məni çağırdı: «Tək qala bilmirəm», – dedi.

Uzanmışdı yan çarpayıda, lapar-lapar gül naxışlı ədyal sinəsi üstə səliqə ilə çirmələnmişdi. Boynu-boğazı açıq idi. Bu halında lapar-lapar gül naxışlı selafana bükülmüş qızılgül dəstəsinə bənzəyirdi.

Kupedəki kiçik yemək stolunun üstündə cib bıçağım bayaqdan bəri unudulub açıq qalıbmış. Bir də baxıb gördüm cib bıçağım siyirmə qılınca dönüb, düşüb aramıza. Ortada çay kimi işıldayır.

Bir nağıl düşdü yadıma. Layla olsun dedim, bu nağılım, uyusun xırdaca gəlinim xumarlana-xumarlana.

«Biri vardı, biri yoxdu… Dirilik suyu dalınca göndərilmiş bir igid vardı… Nağıl dili yüyrək olur. Bu igid az gedir, üz gedir, dərə-təpə düz gedir, yorulur. Bir cəzirədə gecələməli olur. Uzaqda bir qalaca görür. Özünü yetirir o qalacaya. Görür bunun darvazası, qapısı yoxdur. Asma körpüləri də çoxdan qaldırılıb. Kəmənd atır qalacanın bir bürcünə. Bacadan düşür bəzəkli bir otağa. Nə görsə yaxşıdır? Burda bir pəri uzanıb yataqda. Yemə-içmə, bunun xətti-xalına, gül camalına tamaşa elə.

Qız səsə oyanır:

– Oğlan, kimsən, nəkarəsən? Hardan gəlib, hara gedirsən? Şah babam bilsə səni öldürər, keşikçilər gəlsə səni doğrayar.

İgid deyir:

– Qəribəm, yuxum qurğuşun olub, asılıb gözlərimdən. Bir gecəliyə mənə sığınacaq ver. Sübhgözü, obaşdan gəldiyim yolla da geri qayıdaram.

Qız deyir:

– Kişi olmayan evdə qonaq özü qalmasın gərək. Amma indi ki, ürək eləyib gəlmisən, budur, mənim çarpayımdaca uzan, yat! Gözlərinin çimirini al, allah sənə yar olsun!

İgid vəziyyəti belə görəndə qılıncını sıyırıb, çarpayının tən ortasına qoyub: – Əgər sənə baxsam, qılıncıma sancılım, – dedi».

Qatar dayanmışdı. Xırdaca gəlin su istədi. «Ürəyim yenə qövr eləyir, bir az su çiləyim üstünə. Bəlkə bu sonuncu ağrıdır, son göynəmdir, son qordur qopur közün üstündən?!»

Sağ qolu üstə dirsəklənib suyu udum-udum içirdi. Özüm də bilmədən gördüm ki, susamış adam kimi həsrətlə baxıram gəlinin su içməyinə. Aramıza düşən siyirmə qılınc baxışlarımı kəsdi. Xırdaca gəlinin təşnə dodaqları soyuduqca, mən od tutub yandım, daha da susadım.

Qatar yola düşdü. Vaqon nənni kimi yırgalandı, xırdaca gəlinə layla çaldı. On dörd gündən sonra ilk dəfə idi ki, o, belə məsum, mışıl-mışıl yatırdı. Yəqin ki, yuxuda dənizin uğultusunu eşidirdi, qızıl lalələri görürdü, oğlunu bağrına basırdı.

Bu intizar dolu, sevinc və kədər qarışıq, işıq və kölgə yüklü ilkin gecəni belə başa vurduq.

Mən oyaq qaldım. Siyirmə qılınc ayıq-sayıq keşik çəkdi, bərq vurdu, aramızda ay işığı kimi.

Bu qəribə səfərin ikinci günü başladı. Günəş də sıyrıldı buluddan. Xırdaca gəlin də oyandı:

– Bir bax, – dedi, – Nəbzim düz vurur bu gün.

Əlini uzatdı mənə. Mən də siyirmə qılıncın üstündən tutdum nəbzini. Heç nə saya bilmədim. Heç nə başa düşmədim. Onun qanından mənim qanıma sevinc hopdu.

– Əllərin elə kobuddur ki!..

Amma «kobud» sözünü elə dedi ki, yer üzündə heç kəs, heç bir zaman, indiyədək bu sözü belə incə deməmişdi.

Dedim:

– Əllərimin əvəzindən üzr istəyirəm, bəlkə incidib biləyini.

Bələdçi qadın çay gətirdi. Bizi tamam oyatdı. Bu təsadüfün ikinci günü idi. Onun ikinci ömrünün ikinci aydın səhəri! Gözlərindəki nigarançılığı inamı silmişdi. Ürəyindəki şübhə gecəyə qarışıb ərimişdi. Üzündə qızartı artmışdı. Solğun yanaqlarında indi dan sökülürdü. Avazımış dodaqları nar içmişdi.

Qalxıb güzgüdə bir az özünə tamaşa elədi, saçlarına sığal çəkdi. Sonra bir az minnətdar, bir az da məğrur qız baxışları ilə mənə baxdı. Bilmədim, niyə belə baxırdı? Nə deyirdi?

Yol yoldaşıyıq biz. Səhraya düşsəydik belə, qızmar qumlar üstündə gecələməli olsaydıq, yenə siyirmə qılınc aramızda keşikçi olacaqdı. Yol yoldaşlığının yazılmamış sərt qanunları var.

Harda idim onun kədəri tüğyan edəndə, xəstəliyinin qara buludları onu bürüyəndə?! Mən onda yad idim. Elə indi də yadam. Sevinci yadla bölmək olur, kədəri yox!..

Dərdi, qüssəni yaxın adama ust olarlar. Keşkə, bu xırdaca gəlinin kədərini də bölüşməyə ərkim çataydı…

Əcəl doğrudurmu görəsən? Əgər doğrudursa əcəli necə aldatmaq olar? Bir nəfər öləsidi deynən, bir təyyarə qəzaya uğrasınmı? Bəlkə qəzaya uğrayacaq adamları, əcəl əvvəlcədən yığıb bir yerə? Bəs ölümə məhkum olmuşların arasından necə qayıtdı xırdaca gəlin? Əcələ inanmıram!

Hər şey hesablanıb təbiətdə. Bəzən təbiət hissə qapılır, adamların sayı düz olsun deynən törədib, artırır, sonra saf-çürük eləyir. Yaxşını-pisi seçir. Amma bu, əcəl deyil – həyatdır.

Soruşdu:

– Tez-tezmi gedirsən ezamiyyətə?

Dedim:

– Bunlar əbədi ayrılığın sınaq məşqləridir. Olsun ki, səfərlərin birindən evə qayıtmadım. Qoy evdəkilər indidən öyrəşsinlər.

Xırdaca gəlinin gözləri doldu. Peşman oldum. Söhbəti dəyişdim.

Dedim: – Bilirsənmi təlqin nədir? Ömründə heç özünütəlqin eşitmisənmi?

Bildiyinə inandırmaq üçün dedi:

– Təlqin – «Vnuşeniye». Özünütəlqin – «Samovnuşeniye» deməkdir.

Ürəyimdə dolandı onun təlqinli günləri: «Mən biləni həkimlərdən əvvəl sən özün-özünə təlqin etmisən ki, səndə xərçəng yoxdur. On dörd gün, on dörd gecə Oraq-Ay bədr olanadək özünütəlqinlə yaşamısan. Böyük şəhərin işıqlı xəstəxanasında on dörd qaranlıq günü təlqin ümidləri gödəldib, on dörd başlı əjdaha-xərçəngi özünütəlqin Məlikmmədləri xıncım-xıncım doğrayıb, yerlə-yeksan eləyib. On dörd gün dənizin uğultusunu eşitmək, qızıl lalələri görmək, oğlunu bağrına basmaq istəmisən. Təki yalan olsun o xəbər demisən. Dağılsın şübhələr, dəyişsin rentgen işığı, dəyişdirsin bütün yazıları, pozsun bu qəzavü-qədəri».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri