Xırdaca gəlin
Səhifə 2 / 2 · 50%
Gəlin ürəyimdə dolandırdığım bu uzun-uzadı sözləri eşidirdi elə bil. Birdən şirin bir səslə fikrimi dağıtdı. O, ürəyindən keçənləri kəlmə-kəlmə danışdı mənə:
– Mən yenidən doğuldum. Yenidən dünyaya gəldim. Bəlkə yenə də sevə bilərəm. Yeniyetmə bir qızam. Dünənki gəlin deyiləm. Yenə sevib-sevilmək istəyirəm. Əhdim vardı, axı!
Sən cavan deyilsən. Görürəm dümağdır saçların. Qoy olsun, nə eybi var?! Yepyeni kövrək məhəbbətimin ovsunları ilə qaytararam gəncliyini. Əvvəl dəyişmək istədim yerimi. Nə çoxdur qadınlı kupe. Baxdım dönə-dönə, baxdım sənə. Gözlərində yalnız və yalnız iki şəffaf nur çeşməsi qyanayıb-qarışıb, aşıb-daşırdı. Mənə bu uzun yolda həmdərd, həmsöhbət gərəkdi. Dözümlü, həssas, qayğıkeş bir adama möhtac idim. O adam elə sən idin. Qadın dözməzdi bu nazıma. Qadın duymazdı bu sevincimi. Dedim, qoy kişi olsun qonşum. Onda adam qorxmur. Odur ki, qaldım sənin yanında. Əllərinə baxdım. Barmaqlarının bükümlərində, cizgilərində, düzümündə çox şey oxudum sənin! Əllər – ürəyin fəhlələridir. İnsanın tərcümeyi-halıdır əllər. Sən də fəhlə olmusan haçaqsa. Amanda olduğumu bildim. Əmin oldum. Qılıq qatdın, yorğunluğumu qovdun. Doğmalaşdın bir anda.
Qınayan olmasaydı əhdimə əməl edərdim – sarılardım sənin boynuna.
Niyə tək qayıdıram? Heç nə gəlməsin ürəyinə. Evə tələsirdim. Gözlənilmədən qayıtmağı xoşlayıram: leysan yağış kimi, ilkin yağan qar kimi. Başqa bir səbəb yoxdur. İki-üç gün qalıb evdən adam gözləməyə ümman səbr gərək. Mənim səbrim bir damladı. Sən səbrli adamsan. Mənim də səbrimə bir cüt qanad tax. Mənim ölməyəcəyimə məndən çox sən sevindin. Çox adam görmüşəm ömrümdə, amma sənin kimisinə rast gəlməmişəm. Kim bilir, bəlkə bu bəxtimdi mənim?!
Mən susub qulaq asırdım. Donub qalmışdım yerimdəcə.
Yol boyunca meşə zolaqları uzanırdı, müharibədən sonra salınmışdı bu meşələr. Ucaboy, qamətli sidr ağacları şəhidlərin yerinə bitmişdilər elə bil. Ağac olublar vətən uğrunda qurban gedən əsgərlər. İndi də yolları acı küləklərdən qoruyurlar.
Xırdaca gəlinin əli-ayağı çox sifayi idi. Barmaqlarına şirmayı çəkilmişdi, nurla minalanmışdı. İşıqlı barmaqları çörəyi necə də zərif kəsirdi. Fikir verirdim, gəlin dünənkindən daha möhkəm tutmuşdu bıçağı. Bu gün dünənkindən daha iştaha ilə yedim xırdaca gəlinin düzəltdiyi yaxmacaları.
Kiçik kupemiz laləzara çevrilmişdi. Kobud fəhlə əllərimin qarışdırdığı qəzetlər, səliqəsini pozduğu kitablar bir göz qırpımında sahmana düşürdü. Kupemiz bəzək otağını xatırladırdı.
Qatar gedirdi. Bəzən qatarda olduğumu hiss eləmirdim. Elə bilirdim dünyada heç kəs yoxdur. Elə ikimizik. Heç hara getmirik. Heç bu qatar da yoxdur. Vaxt da dayanıb. Elə iki nəfərin güclə sığacağı bu kiçik hücrədə, bu iki çarpayılıq və siyirməqılınclıq dünyada yapyalnızıq. Lal olmuşuq fərəhdən. Amma gözlərimiz danışır. Mən baxanda, o gözlərini dikir yerə, o baxanda mən. Sevgi axır gözlərimizdən. Amma sevinc göz açmağa qoymur bu sevgini. Gözümüzdə gözü yumulu yatır sevgimiz. Sonu ayrılıqla bitən bir nağıldır bu. Körpəni yatıra bilməyən bir layladır bu. Qafiyəsi cinas olmayan bir bayatıdır bu. Bizim bu təsadüfü görüşümüz!
Birdən qatarda olduğumu apaydın görürəm. Divarlara toxunub, bilirəm ki, gördüyüm yuxu deyil. Doğrudan da mən varam. Xırdaca gəlin də qarşımda əyləşib mənə baxır.
Qatar ağır-ağır gedirdi. Bilsə idi ürəyi quş kimi irəli uçan xırdaca gəlin var kupelərin birində – qanad açardı yəqin, kəsərdi yolun damarını.
Uzaqdan Beştau göründü. Beştau – Beş dağ! Şimali Qafqazdan keçirik. Qafqaz! Dahiləri öz gözəlliyinə dönə-dönə diz çökdürən əbədi, məğrur, sıra dağlar! İlham məskəni, şeir səltənəti!
– Şeiri sevirsənmi? – soruşdum xırdaca gəlindən.
– Gözlərimi yumub, əbədi şeir dinləyərəm, – dedi.
Əlimin altında Bella Axmadulinanın «Şam» kitabı vardı. İndi də bu şamın işığında yol gedirik, bir şeir oxudum. Aman Allah, bizim deyə bilmədiklərimizi birər-birər dedi bu şeir! O da gözü yumulu, mütəəssir qulaq asdı, dediyi kimi. Kitabı örtdüm. «Şam»ı söndürdüm. Bələdçi də işıqları azaltdı.
İkinci gecə birincidən uzun çəkdi. Dünyanın ən uzun gecəsi oldu bu gecə.
Yenə də yuxum ərşə çəkilmişdi. Xırdaca gəlin yuxuda gülümsəyirdi. Bilmirəm niyə gülümsəyirdi. Yol yoldaşlığımız ürəyincə idimi, yoxsa yox? Bircə bunu bilirəm ki, onun qara gözlərində ağ razılıq parıltıları vardı. Bu da mənim bəsimdir. Onu yenidən həyata qaytaran tale iki daşın arasında ona yol yoldaşı da tapmışdı.
Beləcə ağlı-qaralı xəyallarla axır ki, yuxuya getdim…
Səhər yuxudan duran kimi lalələrdən söz açdı. Çox sevirdi çiçəkləri. Haçaqça Şamaxıya gedibmiş, mayın axırında. Başdan-başa lalə döşənmiş bir yamac görüb uzaqda, uşaq kimi qışqırıb: «Baxın, baxın, lalələr dağa çıxır!».
Sonra bir az yağışlardan danışdıq. Bu ilin yazı-yayı yağmurlu keçir. Çox yerdə yaz gecikib, çox yerdə yay gecikib. Qatar da bunlara baxıb gecikib, yoxsa?! Çox yerdə leysan yağışları körpüləri uçurub aparıb.
Xırdaca gəlinin də sevinc seli aşdı-daşdı, məni boğacaqdı az qala. Nə yaxşı ki, çox tufana düşmüşəm. Özümü qorudum, sel də sovuşdu.
– Uçan boşqablardan nə bilirsən, danış mənə.
– Əgər uçan boşqabdırsa, inanmıram, – dedim, – onun uçmağına. Boş qab uça bilməz, axı! Qonşuluğumuzda insanlı bir planet yoxdur. Günəşin ən ərköyün, ən mavi, ən yaşıl övladı elə bizim Yerdir. Bu da bir xoşbəxt təsadüfdür ki, yalnız Yerdə həyat var. Uzaq qalaktikalardan gəlsələr, mütləq bizimlə dil taparlar. Biz dil tapıb danışdığımız kimi.
Amma nə yerinə düşdü bu bənzətmə. Doğrudan da, sabah ayrılacağıq. Hərə öz qalaktikasına, öz orbitinə çəkiləcək, öz dünyasına qayıdacaq. Bu kəsdiyimiz çörək də unudulacaq, isnişdiyimiz, öyrəşdiyimiz mehr-ülfət də.
Mahaçqala! Pəncərədən dəniz boylandı. Xırdaca gəlin quş kimi pəncərəyə sıçradı. «Dəniz!» – deyib, qiyyə çəkdi. Bu qiyyə fəlakətə uğramış gəmidən sağ qalmış yeganə dənizçinin sahili görəndə çəkdiyi «Torpaq!» fəryadı boyda idi.
«Sən dənizi belə sevirsənmiş?! Dəniz də əvəzində səni həyata qaytardı. On dörd gün nədir ki, amma dənizi əbədi görməmək dərdi ağırdır».
– Di, gəl, qulaq as dənizin uğultusuna! İndi bilirəm ki, xırdaca gəlin bayaq niyə balıq yemədi.
Çox olub səfərlərim, bu heç birinə bənzəməz! Çox olub səfərlərim, çoxdan unudulub çoxu. Bu unudulmaz!
Qatar Bakıya yaxınlaşırdı. Kupedən çıxdım ki, xırdaca gəlin geyinsin. Çox çəkdimi geyinməyi, bilmirəm, ya mənə elə gəldi. Dəli bir darıxma sardı qəlbimi. Qapını çəkdim açılmadı. Nigarançılıq ilə pərtlik arasında utanıb qaldım. Gözləməli oldum.
Qapı açıldı. Bayaqkı xırdaca gəlin hanı bəs? Qarşımda ucaboylu dağ laləsi bitmişdi. Gözlərimə inanmadım.
– Yaşa, – dedim, – həyat eşqi!
Saxlaya bilmədim özümü. Düz gözlərinin içinə baxdım. Çınqı qopdu elə bil, şimşək çaxdı baxışımdan, qara gözlərin kömürü cızıldadı. Saxlaya bilmədim özümü. Gözəlliyə baş əydim. Əyilib əlindən öpdüm. Dodağım alışdı-yandı.
– Nə yaxşı ki, üçüncü gecə olmadı.
Qatar perronda dayandı.
Biz ayrıldıq. Relslərin üzərində qurulu bir otaq qaldı. Bizim kupemiz. Divarlarına indiyədək görülməmiş bir sevginin işığı hopmuş, gəzəri bir dünya. Bizim üçün düyünlü qalmış xatirə boxçası. Kimlərinsə üzünə güləcək sevda ocağı.
Görən o günlərə bizim odumuzdan heç olmasa bir qığılcım qalacaqmı?..
Bakı, 1978
Kitabxana.az · https://kitabxana.az/works/fikret-sadiq-xirdaca-gelin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
DustağınÇərxi-fələk, sənə qıllam ziyarət,Dönübdür çilləyə, yayı dustağın.
QaldımÜrəyim nəzilib, qəlbim əzilib,Atadan - anadan aralı qaldım.