Yaxşılıq eləməkçün gəlib dünyaya insan,Bu məqamda bilinir, bizim fərqimiz daşdan.Gördüyün bu gözəllik, bu naz-nemət, bu həyat,Göylərin özü belə göyərib yaxşılıqdan.

Yaxşılığın qapısı həmişə açıq ola,Yaxşılar çox olarsa, yaxşılıq da çox olar.Ölüm ilə ayrılıq haqq olsa da dünyada,Acıqca yamanlığın ayağına çıxılar.

Yaxşılıqla qurtara təki bütün gümanlar,Yaxşılıqdan su içə qəlbimizə damanlar.Mizan-tərəziyə bax, bu da yaxşılıqdır ki,Yaxşıların üzünə çörək tapır yamanlar.

Yaxşı gündüz xəyallı, yaman gecə fikirli,Yaxşı necə qılıqlı, yaman necə məkirli.Yaxşılıqla yamanlıq bir-birini qovdu ki,Təbiətdə nə varsa, dönüb oldu ikili.

Günəş də yaxşılıqdır, o boyda, o biçimdə,Özü boyda mehr var Günəşin də içində.Günəşdəndir dünyaya dünyaların gəlişi,Günəşdəndir dünyadan dünyaların köçü də.

Bakı, 1987

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri